Səbuhi Əhmədov: “Ağdamlı
tamaşaçıların qarşısına Aydın kimi çıxmaq mənim arzumdu”
Artıq iyirmi altı ildir düşmən tapdağı altında olan torpaqlarımızdan uzaq düşsək də, mədəniyyətimizə, tariximizə sahib çıxmaq bir vətəndaş kimi borcumuzdu. Mədəniyyətimizin bir parçası da, canlı sənət olan teatrımızdır. İşğal altında olan torpaqlarımızdan qaçqın düşmüş bir sıra teatrlarımız nə qədər ağır, acınacaqlı olsa da, özlərində güc-qüvvə toplayaraq bu sənətin adın yaşaması üçün əllərindən gələni əsirgəmirlər. Bəzilərinin öz binaları olmasa da, müvəqqəti sığınacaq kimi məskunlaşdığı binalarda fəaliyyətlərini davam etdirirlər. Bu gün Ağdam Dövlət Dram Teatrı Ağdamın Quzanlı qəsəbəsində məskunlaşmasına, doğma şəhərindən uzaq düşməsinə baxmayaraq əzmlə ayaq üstə dayanmağı özünə borc bilir.
Yaxın günlərdə teatrda Elçin Hüseynbəylinin eyni adlı pyesi əsasında hazırlanan "İmperator” tamaşasının premyerası oldu. Biz də fürsətdən istifadə edib tamaşanın quruluşçu rejissoru, gənc olmasına baxmayaraq yaratmaq eşqi ilə alışıb-yanan Səbuhi Əhmədovla söhbət etdik. Söhbətimizə başlamazdan öncə müsahibim haqda qısa da olsa məlumat vermək istərdim. Əhmədov Səbuhi (yaxud Səbuhi Əsədsoy) 26 sentyabr 1981-ci ildə Laçın rayonunun Ərdəşəvi kəndində ziyalı ailəsində anadan olub, 1998-ci ildə Ərdəşəvi kənd tam orta məktəbini bitirib. 1999- 2001-ci illərdə hərbi xidmətdə olub. 2002-ci ildə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin "Dram-kino aktyorluğu" fakültəsinə daxil olan Səbuhi 2006-cı ildə təhsilini başa vurub. Elə həmin il öz yaradıcılığını Rusiya Federasiyasının Dağıstan Respublikasında fəaliyyət göstərən Dərbənd Azərbaycan Dövlət Dram Teatrında davam etdirməyə başlayıb. Hələ universitetin 4-cü kursunda oxuyarkən yenicə yaranan Azərbaycan Dərbənd Dövlət Dram Teatrından Mədəniyyət və İncəsənət universitetinə göndərilən məktuba əsasən, teatrın ixtisaslı kadr çağrışına 30 məzundan yalnız Səbuhi Əhmədov səs verib. Dərbənd Teatrında ilk rolu T.Vəliyevanın "Bankir adaxlı" musiqili komediyasında Zaur, ardınca M.Şamxalovun "Qayınana" musiqili komediyasında İlqar obrazları olub. Azərbaycan Respublikasının Xalq artisti hamının "Moşu" kimi tanıdığı Valeh Kərimov bu teatra rejissor kimi gələrək Ə.Haqverdiyevin "Dağılan tifaq" faciəsinə quruluş verərkən Səbuhi Əhmədova bu tamaşada baş rolu - Nəcəf bəy obrazını həvalə edib. 28 yaşında olan Səbuhi Əhmədov 55-60 yaşında olan bu bəy obrazını çox böyük uğurla oynayıb. R.Rəhimlinin "Sevgi nağılı" dramasında yeni baş rolu-Gündüzü, C.Cabbarlının "Aydın" faciəsində Aydını, O.Kamalın "Yad qızı" faciəsində Məzhər bəyi, Anarın "Təhminə və Zaur" dramasında Zauru, A.Saqarellinin "Xanuma" komediyasında Knyaz Vano Pantiaşvili rollarını canlandırıb. Səbuhi Əhmədov hazırda Ağdam Dövlət Dram Teatrının rejissorudur.
-Səbuhi bəy,
necə oldu ki, aktyorluqdan rejissorluğa gəldiniz?
-Əslində, heç vaxt rejissorluq iddiam olmayıb və bunu heç arzulamamışam da.
Özümü tanıyandan aktyorluq sənətinin vurğunu
olmuşam və arzum da çatmışam. Bəxtim onda gətirib ki, aktyorluqda təhsil alanda
ustadlarım rejissorlar olub.
Bu çox önəmli
bir şeydir, aktyorun bacarıqlı yetişməsində
müəlliminin rejissor olması önəmlidir.
Belə olanda tələbə həm aktyor, həm də rejissor
kimi yetişir. Onu da qeyd edim ki,
hər aktyor da rejissor ola bilməz. Amma aktyor savadlı, bacarıqlı aktyordusa nə vaxtsa rejissor kimi istedadını
üzə çıxarmağa
nail olacaq. Yəqin
mənim də içimdə, dərinlikdə
bu varmış ki, özünü büruzə verdi.
Ağdam
Dövlət Dram Teatrında
üç ilə yaxındır işləyirəm.
Mənə göstərilən etimada görə rejissor vəzifəsini icra etməyə başlamışam. Bu işdə əsas teatrın direktoru Məhəmməd Hüseynov
və teatrımızın
keçmiş baş
rejissoru Sərvər Əliyevin böyük təşəbbüsü oldu.
Sərvər Əliyev mənə
bir tamaşa hazırlamağı təklif
etdi. İlk sınağım olaraq Rəhman Əlizadənin ikihissəli kilimarası məzhəkəsi olan
"Keçəlin toyu”
uşaq tamaşasını
hazırladım. Tamaşa böyük
uğur qazandı, hətta, qastrollara belə getdik, bununla da bu
etimadı doğrultdum.
-Bu günlərdə
"İmperator” tamaşasının
premyerası baş tutdu. Necə qarşılandı?
-Elçin Hüseynbəylinin
bu əsəri üzərində çox
gərgin və uzun məşqlərimiz oldu. Tamaşada üç iştirakçı
vardı - əməkdar
artist Aida Qasımova, Nizami
Ələkbərov və
mən özüm.
Tamaşanın ərsəyə gəlməsində texniki
və yaradıcı heyətin çox köməyi oldu. Ağır bir tamaşa idi, mizanlar, hadisələr ancaq bu üç nəfərə yüklənmişdi,
onlar üzərində
qurulmuşdu. Lakin buna
baxmayaraq zəhmətimiz
yerdə qalmadı və çox gözəl bir tamaşa alındı.
Premyera anşlaqla keçdi, qarşımızdakı günlərdə
də repertuarımızda
var və tez-tez oynayacağıq.
-Səbuhi bəy, bu əsərə
müraciət etməkdə
məqsədiniz nə
idi, tamaşaçılara
nəyi demək istədiniz?
-Əslində bu
əsəri Sərvər
Əliyev gətirmişdi,
rolları bölmüşdü
və tamaşa dördüncü rüb üçün nəzərdə
tutulmuşdu. Lakin gözlənilmədən Sərvər müəllimin
bizim teatrdan İrəvan Dövlət
Dram Teatrına baş
rejissor getdi və direktorumuz Məhəmməd Hüseynov
tamaşanı mənə
etimad göstərdi və mən də böyük məmnuniyyətlə təklifi
qəbul etdim. Bu pyes müasir
ədəbiyyat məhsuludur,
yəni sırf müasir olan həyatımızla bağlıdır.
Mənə elə gəlir
ki "İmperator” pyesi Azərbaycan dramaturgiyasının standartından
kənarda olan bir pyesdir. Çünki burada hadisələr
tam fərqli bir üslubda cərəyan edir. Bu, sanki
film üçün yazılmış
əsərdi. Onu teatrda
işləyib, hazırlamaq
çox çətindir.
Tamaşaçılara çox şeyi
göstərmək olar.
Müasir həyatımızın çatışmayan tərəflərini,
müəyyən eybəcərliklərini.
Günümüzün reallığı ilə səsləşən
bir əsərdir.
Tamaşaya baxan hər
bir seyrçi sanki bütün hadisələrin içində
olur, bir növ bu, hadisələr
içindəymiş kimi
gəlir ona.
-Teatrda hansı çətinliklərlə
qarşılaşırsınız?
-Bilirsiniz ki, bu gün Azərbaycanda
bir neçə teatr var ki,
onlar məcburi köçkün statusundadırlar.
Bunlardan biri də Ağdam
Dövlət Dram Teatrıdır.
Zamanında Ağdam Teatrı böyük aktyorları ilə Azərbaycan teatrında tarix yazan bir
teatr olub. Bu gün isə
teatrın öz binası düşmənlərimiz
tərəfindən dağıdılıb.
Hazırda Quzanlıda fəaliyyət
göstəririk. Şükürlər olsun hər bir şəraitimiz var, tamaşalar qururuq, məşqlər edirik, aktyorlarımız həvəslə çalışırlar,
bərabərik və
teatrın gələcək
uğurları naminə
səy göstəririk.
Bunu deməyi özümə borc bilirəm ki, teatrımız ön cəbhə xəttindədir, hətta,
"döyüşən teatr”
da demək olar. Ancaq məcburi köçkün
statusu, düşmənlə
təmas xətti bizim teatra olan
əzmimizi, sevgimizi üstələyə bilməz.
Bacardığımızı edirik, qürurverici
haldır teatrımızda
elə tamaşalar hazırlanır ki, son on ildə deyərdim əyalət teatrlarımızda
belə tamaşa hazırlanmayıb.
-Başqa teatrlardan təklif gələrsə, istər
aktyor, istərsə də rejissor kimi gedərsinizmi?
-Belə bir təklif
gəlsə əvvəla
düşünməm lazımdır.
Həmçinin bu gün Ağdam Teatrının qaynayıb-coşan vaxtında
buranı tərk etməyim çətin olar. O zaman mənə elə gələr ki, nəyisə tamamlamamış
gedirəm.
-Bir tamaşanı hazırlayarkən
əsas nəyə fikir verirsiniz?
-Tamaşa hazırlayarkən
diqqət yetirməli çox şey var, bunlardan əsası aktyor seçimidir. Əgər tamaşadakı obrazlara
uyğun olaraq aktyorları düzgün seçirsənsə bu tamaşanın birbaşa uğurudur. Amma əvvəlcə aktyorun potensialına bələd olmaq lazımdır, gərək
rol ona yük
olmasın. Aktyor təkcə
aktyorluğu bilməməlidir,
savadlı, hər sənətdən hali olmalı, xarakterləri bilməlidir. Lakin sintetik
sənət olan teatrda tək aktyordan söhbət gedə bilməz, ümumilikdə hər şey tam və cəm olmalıdır.
-Sizin üçün rejissorluq
yoxsa aktyorluq daha çətindir?
-Mənimçün bütün
sahələr çətindir.
Asan əldə edilən hər bir şey,
asan da əldən
gedər. Aktyorluq çətindir
söz yox, lakin fikrimcə rejissorluq daha çətindir. Aktyor tək
bir şeyi-özünü
daha çox düşünürsə, rejissor
bir tamaşanın bütövlükdə taleyini
düşünür.
-Qarşıda hansı yeniliklər gözlənilir?
-Ağdam Dövlət Dram Teatrı qarşıdakı
aylarda teatrsevərlərin
qarşısına möhtəşəm
bir dramla, Cəfər Cabbarlının
"Aydın” faciəsi
ilə gələcək.
Hal-hazırda rol bölgüsü başa çatıb, oxunuşlar gedir. Tamaşanı baş rejissorumuz
əməkdar artist Novruz
Cəfərov hazırlayır.
Mən də bu tamaşada
Aydını oynayacam.
Vaxtilə Dərbənd Dram Teatrında bu tamaşa qurulmuşdu və Aydın obrazını canlandırmışdım.
Sağ olsunlar Məhəmməd Hüseynov
və Novruz Cəfərov istəyimə
qarşı gəlmədilər.
Ağdamlı tamaşaçıların qarşısına Aydın
kimi çıxmaq mənim arzumdu.
-Maraqlı söhbətimizə
görə təşəkkür
edir, gələcək
işlərinizdə uğurlar
arzulayırıq.
-Çox sağ
olun.
Nigar Pirimova
teatrşünas
Kaspi.-2017.-21 dekabr.-S.12.