Cəfakeş alim,
istedadlı Zərdabişünas
Və ya Zərdabi ilə yenidən tanış olmaq istəyənlər
üçün yol göstəricisi
Doğrudur, mən uzun illərdir böyük mütəfəkkir
Həsən bəy Zərdabinin elmi irsinin tədqiqi ilə məşğulam. Lakin bununla belə, etiraf
edirəm ki, H.Zərdabinin çox zəngin və koloritli
etnoqrafik görüşlərinin istedadlı tədqiqatçısı
olan Esmira xanım barədə söz söyləmək zərurəti
yaranarkən, Həsən bəy Zərdabinin ideyalar aləminə,
«söz sarayı»na yenidən baş vurmalı oldum.
Hazırda
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar
İnstitutunda elmi əməkdaş qismində
çalışan Esmira Cavadovanı lap çoxdan
tanıyıram, yəni Bakı Dövlət Universitetində
tələbə olduğu vaxtlardan. Qısası,
mən Esmira xanıma fəlsəfədən dərs demişəm.
Lakin sonradan Esmira xanımla elmi ünsiyyətimizdə
yeni maraqlı məqamlar ortaya çıxdı. Təklif gəldi ki, Esmira xanımın "Həsən
bəy Zərdabinin əsərlərində Azərbaycan
xalqının məişəti və mədəniyyəti”
mövzusunun elmi araşdırmasına həsr olunmuş namizədlik
dissertasiyası üzrə rəsmi opponent kimi
çıxış etməyə razılıq verim. Əlbəttə, təklifə müsbət cavab
verdim. İş bunda idi ki, Esmira
Cavadovanın müdafiəsi Belorusun paytaxtında - Minsk şəhərində
Sənətşünaslıq, etnoqrafiya və folklor
İnstitutunda olmalı idi, çünki iddiaçı
oranın dissertantı olmuşdu. Bir xeyli vaxt keçdikdən
sonra heç də kiçik olmayan bir qrupla - görkəmli
dilçi alim, professor Musa Adilov, professor Vaqif Arzumanlı,
Esmira xanımın həyat yoldaşı, tarix üzrə fəlsəfə
doktoru Qəmərşah müəllim və daha bir neçə
nəfərlər Minsk şəhərinə getdik. Bizi çox mehriban və səmimi
qarşıladılar. Opponentlərdən
biri də Moskvadan gəlmiş adlı-sanlı rus alimi idi.
Müdafiə çox gözəl təşkil
olunmuşdu. Esmira xanım uğurla
müdafiə etdi. Müdafiə
Şurasının üzvləri yekdilliklə ona səs verdilər.
Beləliklə, Esmira xanım elmlər namizədi
olaraq, tam əminlik hissi ilə doğma Bakıya
qayıtdı. İndi ailədə iki alim
vardı. Esmira xanım və həyat
yoldaşı Qəmərşah müəllim. Amma necə
deyərlər, görünür ki, bu, az
imiş! Çox keçmədən ailənin
böyük oğlu G.Cavadov Azərbaycanda xeyriyyəçilik
hərəkatının elmi tədqiqinə həsr olunmuş
çox maraqlı dissertasiya yazıb, ortaya qoydu. Müdafiə Azərbaycan Respublikasının
Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasında baş tutdu. O vaxtlar mən Bakı
Dövlət Universitetində beynəlxalq əlaqələr
üzrə prorektor işləyirdim. G.Cavadovun
avtoreferatına mən də müsbət rəy yazaraq,
İdarəçilik Akademiyasının Müdafiə
Şurasına göndərmişdim.
İndi isə Esmira xanımı istedadlı alim, zərdabişünas
kimi təqdim etmək istəyirəm. Hər şeydən əvvəl,
onun «Həsən bəy Zərdabinin etnoqrafik görüşləri»
kitabı («Elm və təhsil», Bakı-2012) diqqəti cəlb
edir. Esmira xanım, əvvəldə
dediyimiz kimi, namizədlik dissertasiyası yazıb, fəlsəfə
doktoru elmi dərəcəsinə layiq görülüb.
Maraqlı budur ki, Esmira Cavadova bəhs etdiyimiz
problemlə bağlı elmi araşdırmalarını davam
etdirərək, dəyərli bir monoqrafiya yazıb.
Monoqrafiyanı fərqləndirən ümdə cəhət
bundan ibarətdir ki, müəllif H.Zərdabinin əsərlərinə,
konkret kitab və məqalələrinə, böyük
mütəfəkkirin Azərbaycan EA Əlyazmalar
İnstitutunda saxlanılan materiallarına əsaslanaraq, Azərbaycanda
etnoqrafik fikrin inkişaf tarixinə, əlbəttə, H.Zərdabinin
görüşləri kontekstində, çox qiymətli bir
elmi-tədqiqat əsərini oxucularına ərməğan
etmişdir. Hesab edirəm ki, haqqında bəhs etdiyimiz tədqiqat
ali məktəb tələbələri
üçün dəyərli tədris vəsaiti rolunu oynaya
bilər. Esmira Cavadovanın tədqiqində H.Zərdabinin
etnoqrafik görüşlərinin bir sıra konkret məqamları,
məsələləri üzərində dayanaq. Müəllifin qeyd etdiyi kimi, H.Zərdabi xalq məişətini,
adət və ənənələrini, toy
büsatlarını həm müsbət planda, həm də tənqidi
səpgidə incəliklərinə qədər, «bəzəksiz-düzəksiz»
təsvir etmişdir. Yaşayış evləri, xalq
geyimləri, yeməkləri, əkinçilik,
bağçılıq, növbəli əkin,
baramaçılıq, ipəkçilik, maldarlığın
inkişafı və yaxşılaşdırılması, ətlik
və südlük mal-qara cinslərinin
yaxşılaşdırılması və s. barədə H.Zərdabinin
baxışları çox dəqiq, mütəfəkkirin
konkret məqalələri əsasında şərh olunur. Düşünürəm ki, etnoqrafik fikirlə
bağlı bu qədər bəs eləyər.
Esmira
Cavadovanın elmi yaradıcılıq nümunəsi ola biləcək digər bir əsərinə
də müraciət etməyi məqsədəuyğun
sayırıq. Söhbət Esmira xanımın
«Həsən bəy Zərdabi (Məlikov) Elmi-köməkçi
biblioqrafik göstərici» adlı çox dəyərli
kitabından («Elm və təhsil», Bakı-2016) gedir. 410 səhifəlik bu maraqlı kitabın elmi məsləhətçisi
akademik Teymur Kərimli, elmi redaktoru filologiya üzrə elmlər
doktoru Aybəniz Əliyeva-Kəngərlidir. Əlbəttə,
kitabın bu cür nəfis, çox səliqəli bir tərtibatda
oxuculara təqdim edilməsində «Elm və təhsil» nəşriyyatının
direktoru, professor Nadir Məmmədlinin nəcib əməyini də
müsbət qiymətləndirmək istərdik. Səmimi
etiraf edirəm ki, mən uzun illərin Zərdabişünası
kimi E.Cavadovanın H.Zərdabinin həyatına, elmi
yaradıcılığına həsr olunmuş bu
«Elmi-köməkçi biblioqrafik göstərici» kitabını
çox dəyərli hesab edirəm. Hətta, özüm də
bu bu kitabla tanış olduqdan sonra yenidən
Zərdabinin elmi araşdırıcısına çevrilmək
istəyirəm. Əlbəttə, bu, böyük mütəfəkkirin
titanik fəaliyyətinin, elmi
yaradıcılığının müxtəlif aspektlərinin
tədqiqi ilə məşğul olanlar, həmçinin belə
bir tədqiqata girişmək istəyən cavanlarımız
üçün çox qiymətli mənbə ola bilər. Esmira xanımın
bu kitabı bəzən rastlaşdığımız
boş, «ünvansız» romantikadan uzaqdır. Bu kitab H.Zərdabi
ilə yenidən tanış olmaq istəyənlər
üçün yol göstəricisi ola bilər.
Kitabda
çox zəngin informatik material, H.Zərdabinin zəngin
dünyagörüşünü aydın təsəvvür
etməyə yardımçı ola biləcək
məlumatlar yer almışdır. Kitabın ilk səhifələrində
H.Zərdabinin 170 illik yubileyinin keçirilməsi haqqında
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4
iyun 2012-ci il tarixli sərəncamı, H.Zərdabinin muzeyində
əsaslı təmir aparılması haqqında Prezidentin 19
iyul 2012-ci il tarixli sərəncamı, Azərbaycan Milli Mətbuatının
yaranmasının 140 illiyi haqqında Prezidentin 2 iyun 2015-ci il
tarixli sərəncamı yer alıb. Əlbəttə,
bunu məntiqi hesab edirəm. Vaxtilə Ulu öndər
Heydər Əliyev, hazırda da hörmətli Prezidentimiz
İlham Əliyev Azərbaycan mədəniyyətinin «dan
ulduzu» olan Həsən bəy Zərdabinin elmi irsində yer
almış bilik, idrak, zəka incilərinin layiqincə
araşdırılmasına, Milli Mətbuatımızın
tarixinin öyrənilməsinə, onun milli-mənəvi mədəniyyətimizdə
oynadığı böyük rola ciddi əhəmiyyət
vermişlər.
Esmira
Cavadovanın oxuculara təqdim etdiyi «Elmi-köməkçi
biblioqrafik göstərici»nin idraki əhəmiyyəti
olduqca böyükdür. Milli mədəniyyətimizin,
ictimai-siyasi, ədəbi-fəlsəfi fikir tariximizlə
maraqlanan, o cümlədən H.Zərdabinin fikir dünyası
ilə tanış olmaq istəyən hər
bir kəs - gənc tədqiqatçılarımız
üçün dəyərli bələdçi, yol göstəricisidir.
Kitabda H.Zərdabinin əsərlərinin mənbələri
müəllif şərhi ilə birlikdə, «Əkinçi»
qəzetində dərc olunmuş materialların ixtisas bölmələri
ilə nizamlanması, H.Zərdabi haqqında
yazılmış dissertasiyaların, elmi məqalələrin
çox anlaşıqlı biblioqrafiyası verilmişdir.
Kitabda həmçinin rus dilindəki əsərlərin
elmi-köməkçi göstəriciləri öz əksini
tapmışdır.
Həvəslə deməyə tam haqqım vardır ki, Esmira Cavadova hamının (elmi araşdırıcıların) həsrətlə gözlədiyi, lakin üzrlü səbəblərdən edə bilmədiyi bir işi çox uğurla yerinə yetirə bilmişdir. Söhbət Həsən bəy Zərdabinin 10 il müddətində Bakı şəhər Dumasında göstərdiyi nəhəng fəaliyyətindən gedir. Doğrudur, mən namizədlik (1961), doktorluq (1972) dissertasiyalarımda, kitablarımda, elmi məqalələrimdə H.Zərdabinin ictimai-siyasi görüşlərindən, mədəniyyət quruculuğunda göstərdiyi xidmətlərindən, Bakı şəhər Dumasındakı fəaliyyətindən bəhs etmişəm, yığcam şərhlər vermişəm. Lakin Esmira xanımın bu sahədə gördüyü iş xüsusi qiymət tələb edir. Belə hesab edirəm ki, onun tərtibatında və ön sözün də müəllifi olaraq çap etdirdiyi «Deyatelnost Qasan Beka Melikova (Zardabi) v Bakinskoy Qorodskoy Dume (1897-1907)» kitabı (555 səh.) olduqca qiymətlidir. Bu monumental, sanballı toplunun redaktoru filologiya üzrə elmlər doktoru Paşa Kərimov, resenzenti isə tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının dövlət mükafatı laureatı Hacı Həsənovdur. Kitab 2015-ci ildə «Elm və təhsil nəşriyyatı» tərəfindən çap edilmişdir, özü də Azərbaycanın ilk milli mətbu orqanı olan «Əkinçi» qəzetinin 140 illik yubileyinə həsr edilmişdir. Nəşriyyatın direktoru professor Nadir Məmmədlinin nəcib əməyini də dəyərləndirirəm. Kitabın çapı, bədii tərtibatı yüksək təəssürat doğurur. Ən qiymətlisi budur ki, «Deyatelnost Qasan Beka Melikova (Zardabi) v Bakinskoy Qorodskoy Dume (1897-1907)» kitabından göstərilən illərdə Azərbaycanda ilk parlament strukturu – Bakı Şəhər Duması haqqında aydın təsəvvür və konkret bilik əldə etmək olar. Bu kitab Bakının inkişafı, o dövrün sosial reallıqları, Bakı camaatının yaşayış səviyyəsi və həyat tərzi haqqında lazımi məlumatlar, Bakı şəhərinin taleyini həll etməyə cavabdeh olan hakim dairələrlə xalqını sevən, onun səadəti, maariflənməsi, şəhərimizin abadlaşdırılması, sivilizasiya məkanına daxil olması problemlərini önə çəkən mütərəqqi qüvvələr arasında gedən mübarizə barədə məlumat əldə etmək üçün çox dəyərli, faydalı məlumatlar toplusudur, vəsaitdir. Əlbəttə, haqqında söhbət gedən kitabla bağlı indiki yazımda geniş şərhlər vermək fikrində deyiləm. Ən başlıcası budur ki, kitab Həsən bəy Zərdabinin öz xalqının, Bakı şəhərinin, onun zəhmətkeş əhalisinin həyatının başlıca problemlərinin həlli uğrunda çox nəhəng fəaliyyəti haqqında dolğun, əhatəli təsəvvür formalaşdırmaq üçün olduqca qiymətli, üstəlik də zəngin məlumatların toplusudur. Yerinə düşər deyim ki, Həsən bəy Zərdabinin kürəkəni, «Kaspi» qəzetinin redaktoru Əlimərdan bəy Topçubaşov da Şəhər Dumasının üzvü idi. Dumada baxılan məsələlərin müzakirəsində fəal iştirak edirdi.
Arzum budur ki, bu kitab Azərbaycan dilinə tərcümə edilib, oxucuların sərəncamına verilsin. Hesab edirik ki, Esmira Cavadovanın gələcək üçün əlavə yaradıcılıq planları var. Arzu edək ki, yeni-yeni yazıları, elmi şərhləri ilə oxucularını bir daha sevindirəcək. Bu günlərdə Esmira xanımın 75 illik yubileyi də təntənə ilə qeyd edilir. Fürsətdən istifadə edib, ona möhkəm can sağlığı, ailə səadəti arzulayıram. Xoş günlər sizi heç bir zaman tərk etməsin, Esmira xanım!
İzzət
Rüstəmov
Fəlsəfə
elmləri doktoru, Həsən bəy Zərdabi diplomçusu,
professor
19 dekabr 2017-ci il
Kaspi.-2017.-26 dekabr.-S.15.