“Hazırlıqlı
olmasam, səhnəyə çıxmaram”
Taleh Yahyayev: “Yüngül
mahnıların pərəstişkarları məni
tanımasa, yaxşıdır”
Bu yaxınlarda Opera və Balet Teatrında "Şah
İsmayıl” operasını izlədik. Operada diqqətimizi çəkən
əsas obrazlardan birini canlandıran istedadlı ifaçı
Taleh Yahyayevlə tanış olduq. Onu daha yaxından tanıdıqdan sonra söhbət
etmək qərarına gəldik. Müsahibimiz
olduqca istedadlı və daim yenilik axtarışındadır.
Taleh Yahyayev Gəncə şəhərində
anadan olub. 2008-ci ildə Bülbül adına
musiqi məktəbini bitirib. 2012-ci ildə Gəncə Dövlət
Universitetinin "Musiqi təhsili”, 2015-ci ildə isə
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının
"Solo oxuma və opera hazırlığı” ixtisası
üzrə SSRİ və Azərbaycan
Respublikasının Xalq artistləri, professorlar Fidan və
Xuraman Qasımovalar, dosent Sevda Məmmədovanın sinfini
bitirib. Vittoria Lucia (İtaliya), Tom Kraus (Finlandiya), Yelena
Obratsova (Rusiya), Teymuraz Ququşvili (Gürcüstan) və s.
ustadların dərslərinin iştirakçısı olub. Bir çox xarici ölkələrdə (Almaniya,
Macarıstan, Türkiyə, İtaliya, Yunanıstan,
Çexiya, Qazaxıstan) keçirilən festivallarda,
müsabiqələrdə 4 qızıl medal və xüsusi
mükafatlar qazanıb, 2015-ci ildə Afinada keçirilmiş
"Carlos Almaran” beynəlxalq müsabiqəsinin Qran pri
mükafatçısı olub. Bir çox
beynəlxalq müsabiqələrin laureatıdır.
2013-cü ildən A.Zeynallı adına
Musiqi kollecində və Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyətə
başlayıb. 2015-ci ildən isə Azərbaycan
Dövlət Opera və Balet Teatrının ən gənc
solisti kimi fəaliyyət göstərir. Azərbaycan
vokal sənətini ölkə hüdudlarından kənarda
uğurla təmsil edib. Teatrda "Leyli və Məcnun”,
"Sevil”, "Şah İsmayıl”, "Koroğlu”,
"Vaqif”, "Manon Lesko”, "İl Tabarro”, "Trubadur”,
"Bal Maskarad”, "Kənd namusu” kimi operalarda müxtəlif
rolları ifa edib. Heydər Əliyev Fondu tərəfindən
Gənclər mükafatına layiq görülüb.
- Taleh bəy, nə zamandan hiss etdiniz
ki, sizin vokal səs imkanlarınız var?
- Bilirsiniz
ki, beynəlxalq müsabiqələr
iştirakçısıyam. 2002-ci ildə, 11 yaşımda
uşaqlar və yeniyetmələr arasında keçirilən
Respublika muğam müsabiqəsində münsiflər heyətinin
bir üzvü mənə dedi ki, sənin çox
yaxşı vokal səs imkanların var. Vokal musiqisi ilə
daha dərindən tanış olduqdan sonra gördüm ki, sən
demə, mənim istiqamətim, yolum bu imiş. Özümü
vokalda tapdım.
- Adətən
gənclər estrada janrına daha çox
üstünlük verirlər. Belə olan halda,
siz nə üçün bu yolu seçdiniz?
- Estrada
janrında da ifa etmişəm. Səs
imkanlarım buna icazə verir. Hətta sizə
deyim ki, 2004-cü ildə "Dan ulduzu” müsabiqəsinin
iştirakçısı olmuşam. Həmin
müsabiqədə üçüncü yerə layiq
görülmüşəm. Mənim repertuarıma nəzər
salsanız, görərsiniz ki, orada estrada
mahnıları da var. Adətən bayram günlərində
dövlət tədbirlərində bu mahnılardan istifadə
edirəm.
- İstərdik ki, sizi teatra aparan yoldan
danışasınız.
- Bakı
Musiqi Akademiyasında Şövkət Məmmədova adına opera studiyasında dövlət
imtahanı verərkən oradan məni bəyənib teatra dəvət
etmişdilər. Tamara xanım Eyvazova mənə
çox dəstək oldu. Buradan ona təşəkkürümü
bildirirəm. Teatrda ilk dəfə
"Leyli və Məcnun” operasında Leylinin atası
obrazını canlandırdım. Çox
uğurlu tamaşa alındı. Ondan sonra
teatrımızın direktoru, əməkdar incəsənət
xadimi Akif Məlikova öz təşəkkürümü
bildirirəm. Gənc ifaçıya
böyük sənətkarlarla bir səhnəyə
çıxmaq şansı yaratdı. Onda
mənim 25 yaşım var idi. İl
yarımdır ki, teatrda çalışıram. Xalq artistlərimiz Nəzakət Teymurovla, Mənsum
İbrahimovla bir səhnədə çıxış etdim.
Təbii ki, bu mənim üçün bir şərəf
oldu.
- Teatrın repertuarına nəzər
yetirdikdə, daha çox qəhrəmanların atası
obrazlarını canlandırdığınızın
şahidi oluruq. 26 yaşınız var və siz
80 yaşlı obrazları canlandırırsınız. Bu sizə qəribə gəlmir ki?
- Burda qəribə
heç nə yoxdur. Bu, mənim səs tembrimdən
asılıdır. Bariton səs tembrim var. Avropa
operalarına da nəzər salsanız, görərsiniz ki,
bariton səs daha dolğun kişi səsini
xatırladır. Mən vokal partiyaları ifa
edirəm. Bundan əvvəl muğam təhsili
almışam. Belə məqamlarda öz səs
çalarlarımdan istifadə edə bilirəm. Vokal bir başqadır, o, notla ifa olunur. Vokal çox çətindir. Bütün
muğamları əzbər bilirəm. Buna
baxmayaraq, özümü operaya daha yaxın hiss edirəm.
- Nəinki səs, teatrda
görünüş də böyük rol oynayır. Qrimlə qoca obrazı təqdim etmək
mümkündürmü?
- Siz
özünüz dəfələrlə bizim teatrda iştirak
etmisiniz. Sizcə, məni o obrazlara bənzədə
biliblərmi?
- "Şah İsmayıl” operasından söhbət
gedirsə, mənə görə, Gülzar obrazını
canlandıran xanım bir qədər operadakı xanımdan
yaşlı idi. Operada Gülzarın təxminən 18-20
yaşı olmalıdır.
- Ola bilər.
Elə gənclər var ki, onların üzü
yaşlı insan xarakteri bağışlayır. Bizim teatrda gənclərə çox
üstünlük verirlər. Opera
Teatrında gənclərə böyük meydan verilib. Rəhbərliyimiz də gənclərə tam şərait
yaradır. Siz deyə bilməzsiniz ki, bizim
teatrda gənclər azlıq təşkil edir. Elə deyil. Yaş məsələsinə
gəlincə isə, Gülzar obrazını canlandıran
xanıma bu obrazı veriblərsə, demək ki, belə məsləhətdir.
Onların da bir bildiyi vardır.
- Xalq
artisti Mənsum İbrahimova tez-tez sual verilir ki, bu yaşda Məcnunu
oynayırsınız...
- Burda nə
var ki? Mənsum müəllim çox gözəl
ifaçıdır. O, səhnədə heç də
gənclərdən geri qalmır. İndiki gənclərdən
də gənc görünür. Onunla
işləmək bizim üçün çox rahatdır.
O, ifa edəndə mən zövq alıram. Görün,
Məsum İbrahimov çıxış edəndə, zalda nə
qədər tamaşaçı olur. O, sözün əsil
mənasında əsil Məcnundur.
- Gəlin,
başqa mövzuya keçək. Özünüzü
şou-biznesin bir parçası hesab edirsinizmi?
- Şou-biznes deyilən bir şey yoxdur. Mən
dövlət televiziyasından, yəni AzTV və Mədəniyyət
kanalından başqa heç bir televiziyanı izləmirəm.
- Səbəb?
- Efirdən
şou əhlini izləyə bilmirəm. Elə
müğənnilər var ki, fonoqram oxuyur, özü də nə
gündə. Hərdən utanıram bəzi
verilişlərə çıxanda. Bir
neçə dəfə efirə çıxmaqdan imtina
etmişəm. Dövlət
televiziyalarında nümayiş olunan verilişlərdə
daha çox iştirak edirəm. Gedib
"üç badam bir qoz” oxuyan müğənnilərlə
bir səhnə paylaşan deyiləm ki.
- Olubmu ki, səhnədə hansısa
sözlər yaddan çıxsın?
- Şükürlər olsun ki, məndə belə
şeylər olmayıb. Əgər hazırlıqlı olmasam, səhnəyə
çıxmaram.
-
Çox tamaşalarda çıxışlar edirsiniz. Ancaq teatra gedən insanlar tərəfindən
tanınırsınız. Simanız
şou ulduzları kimi o qədər də məşhur deyil.
- Qoy məni
elə teatra gələn tamaşaçı tanısın. Musiqi zövqü yüksək olan insanlar mənim
üçün daha dəyərlidir. Yüngül
mahnıların pərəstişkarları məni
tanımasa, daha yaxşıdır. O tip insanlar gəlib mənim
ifamı dinləsələr də, heç nə
anlamayacaqlar. Siz görürsünüz ki, Opera
və Balet Teatrının tamaşaçıları
ziyalılardan ibarətdir. Tamaşaçılarımızın
əksəriyyəti elit təbəqənin nümayəndələridir.
Onlar bizə bəs edir.
- Hər
bir ifaçının arzusu tanınmaqdır.
- Əslində çox tanınmağı da sevmirəm. Gərək
onda insan hər şeydən ehtiyat edə.
- Gələcəyə doğru hədəfləriniz
nələrdir?
- Gələcəyimi
teatrda görürəm. Teatrı
çox sevirəm. Səhnəyə
çıxmadığım həftəni özüm
üçün ən uğursuz həftə hesab edirəm.
Tamaşaların olacağı günü həyəcanla
gözləyirəm. Hər dəfə səhnəyə
çıxanda, deyirlər, fərqli ifa edirəm. Çünki hər dəfə daha çox təcrübə
qazanıram.
- Hansı obrazı canlandırmaq istəyərdiniz?
- "Riqoletta” operasında Riqolettanı oynamağı
çox istəyərdim. Mən hələ
cavanam. Bu qədər təhsil alsam da, yenə
də müəllimlərimdən məsləhətlər
alıram. Bu obrazı ifa etmək hələ
mənə tezdir. Mənə deyirlər
ki, 40 yaşından sonra ifa edərsən. Qarşıma məqsəd qoymuşam. Bilirəm ki, bunu məndən əsirgəməyəcəklər.
Sadəcə hələ zamanı deyil.
- İl yarımdır ki,
teatrda çalışırsınız. Bu müddət ərzində teatrda
çox söz demisiniz. Bunun fərqindəsinizmi?
- Elə
bilirəm ki, hələ heç nə etməmişəm. Kənardan mənə "afərin” desələr də,
bunun fərqində deyiləm.
- Opera və
Balet Teatrı bu sənətə yeni gələn, hətta
sözünü demiş xanəndələr
üçün əlçatmaz bir yerdir. Amma
siz 26 yaşınızda bu teatrın tamaşalarının
çoxunda iştirak edirsiniz.
- Teatr mənim
üçün çox əzizdir. Bizim teatrda
bizi dəyərləndirirlər. Əgər
mənə dəyər verilməsəydi, bu obrazlar həvalə
edilməzdi.
- Gələk "Şah
İsmayıl” operasına. Bu sizin Aslan obrazında ilk
çıxışınız idi?
- Bəli.
Birinci dəfə "Şah İsmayıl”
tamaşasında Gülzarın atası rolunu oynadım, daha sonra
bu obrazı mənə həvalə etdilər. Tarixdə bu obrazı ifa edən ən gənc mənəm.
Bu günə qədər Aslan obrazını
yaşlı və orta nəslin solistləri oxuyub. Tamaşanın ərsəyə gəlməsi
üçün teatrın dirijoru Cavanşir Cəfərova,
Sevil Hacıyevaya və rejissorumuz Hafiz Quliyevə dərin təşəkkürümü
bildirirəm.
- Sizi beynəlxalq
musiqi festivallarında da tez-tez görürük.
- Bir
çox beynəlxalq festivallarda mütəmadi şəkildə
iştirak edirəm.
- Onlardan bir neçəsinin
adlarını çəkə bilərsinizmi?
- İpək yolu beynəlxalq musiqi festivalı, Üzeyir Hacıbəyov adına festival, Rastrapoviç adına festival, Beynəlxalq Qəbələ festivalında 4 ildir ki, iştirak edirəm. TÜRKSOY-un keçirdiyi festivalların daimi iştirakçısıyam. Belə ki, Çexiyada, Almaniyada keçirilən festivallarda iştirak etmişəm. Gürcüstanda, Macarıstanda, Almaniyada, Rusiyada konsert proqramları ilə çıxış etmişəm.
- Sizə toylarda
tələbat varmı?
- Dövlət tədbirlərindən ödənilən qonorar məni təmin edir. Bizə çox yaxşı şərait yaradılıb. Teatrdan aldığım maaş da məni qane edir. Eyni zamanda, çox az halda el şənliklərində iştirak edirəm. Mənim də öz dinləyicilərim var. Bizim klassik estrada musiqilərimizi, xalq mahnılarını ifa edirəm.
Xəyalə Rəis
Teatrşünas
Kaspi.-2017.-26 dekabr.-S.7.