Ömrün yüzündə
görüşmək arzusu
Və ya köhnə tanış
haqda ilk yazı
Ötən əsrin 70-ci illərindən tanıdığım, yaradıcılığına, pedaqoji fəaliyyətinə bələd olduğum, tez-tez ədəbi söhbətlərini dinlədiyim, təqdir etdiyim, araşdırmalarından bəhrələndiyim, böyük hörmət bəslədiyim pedaqoji elmlər doktoru, professor Əjdər Ağayevin 80 illik yubileyidir. Rəqəmin dolğunluğu, yaşın fərəhi elə bil ki, məni ayıltdı. İllər boyu yaradıcılığını diqqətlə izlədiyim, hansısa bir klassikdən yazanda, ondan ürəklə məsləhət aldığım, kitablarını mütəmadi nəzərdən keçirdiyim bu nəcib insan barəsində indiyəcən bir kiçicik məqalə belə yazmamışam. Açığı, çox pərt oldum və o andaca bir atalar sözü yadıma düşdü: "Çıraq dibinə işiq salmaz”. Başqa bir müdrik deyim isə təsəllim oldu - "Gec olsun, güc olsun”.
Əjdər Ağayev günəşi ilk dəfə 1937-ci ilin payızında Salyan rayonunun Qırmızıkənd yaşayış məkanında qarşılayıb. Yadımdadır ki, zarafatla deyərdi, repressiyaların tüğyan etdiyi bir zamanda doğulmağım dövrün təzadlarını qanıma-iliyimə elə doldurdu ki, əlimə qələm aldığım gündən gələcəkdən çox, ötənlər barəsində düşünürdüm. Əslində elə kiçik yaşlarından insan və onun formalaşmasına təsir edən amillər barəsində çox fikirləşərdi. Tarixçi kimi maraqlanardı, müəllim kimi müzakirə edərdi, yazıçı kimi bədii, şirəli danışardı. Elə yaşının bu çağında da belədir. Hərtərəfli bir insandır, tanımasan, çətin müəyyən etmək olar ki, hansı sənətin yiyəsidir. Qələm dostlarımdan birinin dediyi kimi, ilk ağıla gələn ifadə belə olar: filosofdur.
İndiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix-filologiya fakültəsini bitirdikdən sonra ilk əmək fəaliyyətinə müəllimliklə başlayıb. Elmi araşdırmalarını fədakarlıqla davam etdirib, dissertasiyalar yazıb... İndi daşıdığı elmi dərəcələri almaq üçün əsil zəhmət çəkib. Nəticədə araşdırdığı tədqiqatları məharətlə başa çatdıraraq, elmi işlərini uğurla müdafiə edərək adını pedaqoq alimlər sırasına yazıb. Əməkdar müəllim Əjdər Ağayev Sosial və Pedaqoji Elmlər Akademiyasının həqiqi üzvüdür (Moskva, 2006). Rəfimdəki kitablarının sayını belə dəqiq bilmirəm. Publisistdir, pedaqoqdur, tədqiqatçıdır, natiqdir, nasirdir, şairdir... Hekayələri, şeirləri həm oxucular, həm də ədəbi tənqid tərəfindən rəğbətlə qarşılanıb. Hələ uşaqlar üçün də gözəl şeirlər yazıb, sözlərinə bəstəkarlarımız mahnılar bəstələyib. Bəzən nəvələrimi onun şeirləri ilə danışdırıram. Çox vaxt da şeirdəki adları dəyişdirirəm:
Günel gün kimi çiçək,
Açılıb çiçək-çiçək,
Yanaqları almadır,
Günel bala bal dadır.
O, neçə-neçə
monoqrafiyanın, proqramın, metodik vəsaitlərin, 500-dən
artıq elmi əsərin, publisistik məqalənin müəllifidir.
Uzun illər "Azərbaycan məktəbi”
jurnalının və ona metodik əlavələrin baş
redaktoru olub. Əsərləri müxtəlif
dillərə tərcümə edilib. İctimai
vəzifələri də çoxdur. Hazırda
ölkə Prezidentinin fərdi təqaüdçüsü
olan Əjdər Ağayev pedaqoji və yaradıcılıq fəaliyyətini
fədakarlıqla davam etdirir. Bu
yazdıqlarım onun ömür kitabının solmayan səhifələridir.
İlk olaraq mən onun bir səmimi etiraf və
dürüst fikrindən başlamaq istəyirəm. Ümummilli liderimiz Heydər Əliyevlə
bağlı bir neçə yazısını oxudum.
Müəllif, ulu öndərin
təhsilə göstərdiyi diqqəti, qayğını
yüksək dəyərləndirərək gəldiyi nəticəni
oxuculara belə çatdırır: "Liderimiz Azərbaycana
rəhbərlik edərək, tam bir qərinəlik dövrdə
onun inkişafını yeniliklərlə, quruculuqla, sürətli
tərəqqi ilə səciyyələnən Heydər
Əliyev mərhələsini yaratmışdır...Heydər
Əliyevin çoxşaxəli fəaliyyətinin əsas
istiqamətlərdən birini onun təhsil, elm, milli kadr
hazırlığı məsələlərinin həlli təşkil
edirdi.”
Heç unutmuram ki, Şuşa
ilə bağlı kitab hazırlayanda bu gözəl şəhərin
şöhrətli övladları haqqında məqalələr
yazırdım. Təcrübəli bir qələm sahibi kimi
ondan bəzi məsləhətlər alanda ilk sözü belə
oldu: "Pedaqoji fikir tariximizin ilk tədqiqatçılarından
olan Fərhad Ağazadəni unutma!”
Əjdər müəllim özü Fərhad Ağazadə
ilə əlaqədar arxivlərdə uzun müddət
axtarışlar apararaq, qətiyyətlə bildirirdi
ki, bu fədakar, millətsevər insan zəmanəsinin ən
gözəl tədqiqatçısı və mədəniyyət
tariximizi öyrənməyin təşəbbüskarlarından
biri olub. Mən məhz bu işığın
nurunda ana dilimizin aşiqi olan Fərhad Ağazadə irsini nəzərdən
keçirdikcə, heyrətə gəlirdim.
Yazımın ilk cümləsi belə idi: "Azərbaycan mədəniyyət,
ədəbiyyat, xüsusi ilə də dilçilik tarixinin
görkəmli nümayəndəsi Fərhad Ağazadə XIX
əsrin sonu, XX əsrin əvvəllərində
yaşayıb yaratmış maarif xadimi, pedaqoq və jurnalist
olmuşdur”. Əjdər
müəllim həm də diqqətli oxucudur. Telefonda mənə dediyi xoş sözləri
heç unutmuram. Bilmirəm onun fikrini necə
ifadə edim. Elə həssaslıqla
yazımı bəyəndi ki, özüm heyrətdə
qaldım. Halbuki Əjdər Ağayev
ötən əsrin 70-ci illərində Fərhad Ağazadə
haqqında mükəmməl elmi əsərini ortaya qoyub.
Amma görün məni necə ürəklə təbrik
edirdi: Çox sağ
ol, yeni faktlar və münasibət var...” Bu,
böyüklükdür, insanı ruhlandırmaqdır.
Şuşa haqqında söz düşmüşkən,
mütləq bu faktları da deməliyik ki, Əjdər
Ağayev hələ sovet dövründə bu qədim şəhərimizlə,
onun məşhur övladları, sənət adamları barəsində
maraqlı araşdırmalar aparıb. Xüsusi ilə də
Şuşada fəaliyyət göstərən məktəblər
barəsində yazdığı məqalələr çox
qiymətlidir. Əjdər müəllimin 1982-ci ildə
mətbuatda dərc etdirdiyi,
indi isə
"Seçilmiş əsərləri”nə
saldığı "Şuşada ilk dövlət məktəbi”
adlı tədqiqatından bəlli olur ki, Azərbaycanda birinci
dünyəvi məktəb 1830-cu ildə Şuşada təsis
edilib. Müəllif bunun səbəbini belə izah edir:
"İlk qəza məktəbinin Şuşada
yaradılması təsadüfi deyildi. Özünün
füsunkar gözəlliyi ilə diqqəti cəlb edən Şuşa şəhəri həmin dövrdə
bütün Qafqazda və Yaxın Şərqdə ticarət
mərkəzi kimi məşhur idi. Təbii gözəlliyi, təmiz
iqlimi ilə Qafqazın yaraşığı olan
Şuşada 1698 ev olduğu qeyd olunur.
Bunlardan başqa şəhərdə 56 bəy malikanəsi,
64 molla və seyid evi və 10 hökumət binası
vardı... Şuşa
qəza məktəbi digər qəza məktəbləri
açıldıqdan sonra da öz birinciliyini saxladı. Belə ki, 1831-ci ildə Naxçıvanda, 1832-ci ildə
Bakıda və 1833-cü ildə isə Gəncədə qəza
məktəbi təsis edildi. Lakin
bütün bu məktəblərin sırasında ən
şərəfli yeri Şuşa qəza məktəbi
tuturdu”. Qeyd edək ki, o
dövrdə Şuşada cəmi 21 erməni dindarının evi olub. Nə
yazıqlar ki, bu qədim türk şəhəri indi erməni
işğalındadır...
Əjdər Ağayev digər bölgələrimizdə
açılan ilk qəza məktəbləri barəsində
də maraqlı məlumatlarla zəngin məqalələrin
müəllifidir. Pedaqoji tariximizin keçmişini
araşdırmaq təkcə alim fədakarlığı
deyil, həm də mili təəssübkeşliyin rəmzidir.
Əlbəttə, indi demokratiyadır, söz
azadlığı var, yəni qaranlıqlara güzgü tutmaq
elə də çətin deyil. Amma rejimin
ağır tələblərinin, təzyiqlərinin diqqətini
ustalıqla yayındırmağı bacarırdı Əjdər
müəllim. Bəzən də eyhamla
deyirdi ki, hər kəs payın götürsün. Məsələn,
"Tarixi faktlara münasibət haqqında” adlı məqaləsində
oxuyuruq: " ...Çar
hökumətinin diplomatiyasında meşəni salıb, həmin
meşədəki ağacdan olan balta ilə qırmaq siyasəti
vardır” (1984-cü il). Bax, elə bu siyasət
sovetlər zamanında da həyata keçirilmədimi? Repressiyalardan üzü bəri bütün qətllərin,
faciələrin, həbslərin, münaqişələrin
mayasında məhz bu siyasət dayanmadımı? Ona görə də Əjdər
Ağayev öz həmkarlarına üz tutaraq yazırdı:
"Pedaqoji tədqiqatlarda tarixi faktlara yalnız
maarifçilik mövqeyindən deyil, siyasi, ictimai məqsədlərdən
yanaşılması
hadisələrin meydana çıxması səbəblərini
aşkarlamağa, onun dialektikasını görməyə
imkan verir; belə bir yanaşma hadisələrin əsl mahiyyətini
görə bilməyə və ona düzgün qiymət verməyə
kömək edir”.
Əjdər
Ağayev illərlə müəmmalı ömrə, fəaliyyətə
malik olan insanların gizlədilmiş taleləri haqqında fədakarlıqla
araşdırmalar aparan, onların
arxivlərdə saralmış məlumatlarını
üzə çıxaran yorulmaz tədqiqatçıdır.
Çalışdığım İctimai Televiziyada
"Yadigarlar” verilişinin bir sayını ilk azərbaycanlı
qadın müəllim,
publisist, nasir Şəfiqə Əfəndizadəyə
həsr etdik. Təbii ki, müsahiblərimizdən
ilkini Əjdər Ağayev oldu. Hələ
sovet dövründə mən bu alimin Şəfiqə
xanım barəsində mükəmməl bir məqaləsini
oxumuşdum. Əjdər Ağayev
böyük məhəbbət və sevgi ilə millət
sevdalısı olan, Azərbaycan qızlarının təhsilə
cəlb edilməsində ağır, məşəqqətli
zəhmətlərə qatlaşan Şəfiqə xanım
Əfəndizadənin pedaqoji fəaliyyəti və pedaqoji
fikirlərinə dair ilk dəfə maraqlı
açıqlamalar verirdi. İndi o yazının tarixindən 50 ilə
yaxın bir vaxt keçir. Bu rəqəmləri ona görə
tez-tez işlədirəm ki, Əjdər müəllim məhz
sovet rejiminin müqavimətlərini yararaq, bəzən də
qəsdən arxivlərdə pərdələnmiş taleləri
araşdırırdı və cəsarətlə həqiqətləri
yazırdı: "1918-ci ildə ADR yarandıqdan
sonra məktəblər milliləşdi, təlim ana dilində
aparılmağa başlandı. Şəfiqə
xanım geniş və zəngin biliyini gənclərə həvəslə,
ilhamla öyrətməyə başladı (yazı 1982-ci ildə
qələmə alınıb –F.X.). Elə
verilişimizdə də Əjdər müəllim ehtiramla yad
etdiyi xanım ziyalımız barəsində məhəbbətlə
danışdı: "Dərin biliyə və
dünyagörüşünə malik olan bu maarif fədaisi
bir ana - valideyn kimi də xüsusi nümunə göstərmişdir.
Onun tərbiyə edib, boya-başa
çatdırdığı övladları Adil və Fuad
Əfəndiyevlər fəal ictimai xadim, görkəmli
mütəxəssis, ensiklopedik biliyə malik insanlar kimi
tanınmışlar. Öz valideynlərinin
alışıb-yanan ömür çırağını
həyat qayəsi kimi alıb, davam etdirmiş övladları
yeni şəraitdə yüzlərin, minlərin gərəyinə
çevrilmişlər”.
Həmişə müqəddəs amallarla yaşayan elə bu istiqamətdə də çalışan qəhrəmanımızın, sevimli Əjdər müəllimin öz sözüdür ki, xalqını, vətənini sevmək, bütün ömrü boyu belə bir məhəbbətlə yaşamaq əsil xoşbəxtlikdir. Təbii ki, o, bu sözləri yorulmaq bilmədən fədakarlıqla araşdırdığı unudulmaz şəxsiyyətlər barəsində deyib. Yenə bir fikrinə söykənirəm ki, öz amalını, öz istəyini özündən sonra gələnlərin ürəyinə, beyninə həkk edə bilmək də böyük səadətdir. Və siz bunu bacardınız, Əjdər Ağayev! Bu, çox az insana məxsus olan məziyyətdir ki, sağlığında klassikləşsin, ona ensiklopedik biliyə, yaddaşa malik müdrik, eləcə də canlı arxiv kimi yanaşılsın! Şair Osman Sarıvəllidən gələn bir fikirdir ki, hər kim 100 il yaşamasa, günah onun özündədir. Amma mən bu sözləri başqa cür ifadə etmək istərdim. Kim istəməz ki, uzun və mənalı yaşasın?! Mən dualarımı ancaq Tanrıya edərək, ondan bu möhləti istəyirəm. Yaxşını da, pisi də görən Allahım, o mübarək günü bizə qismət elə! Ömrün yüzündə görüşək, Əjdər müəllim!
Flora Xəlilzadə,
Əməkdar
jurnalist
Kaspi.-2017.-27 dekabr.-S.15.