QOBELEN PSİXOLOJİ
YAŞANTILARIN DAŞIYICISI KİMİ
Çox-çox qədimlərdən Misirdə, Yunanıstan və Romada, Amerikada və Uzaq Şərqdə, o cümlədən də, Avropada geniş yayılmış qobelenin-şpalerin
Azərbaycanda yalnız
XX əsrdə peyda olması daha çox yerli əhalinin ona o qədər də mənəvi-bədii ehtiyacı
olmamağından irəli
gəlmişdi. Başqa sözlə
desək, dünyanı,
o cümlədən də,
adları çəkilən
uzaq-yaxın məmləkətlərin
bazarlarını fəth
edən xalça-palazlar
hazırlamağa qadir
olan xalq daha çox məşhur rəssamların
tablolarının toxuculuq
nümunəsi variantını
ərsəyə gətirməklə
məşğul olan qobelen estetikasını özünə yaxın buraxmamışdı. İyirmi
yüzilliyin ikinci yarısında ölkəmizdəki
orta və ali təhsil
ocaqlarında toxuculuğun
bizlərə qeyri-ənənəvi
görünən növlərinin
tədrisindən sonra
bədii məkanda qobelenlər görünməyə
başladı. Ötən əsrin
yetmişinci illərində
Azərbaycan sərgilərində
görünməyə başlayan
qobelenə maraq göstərən və bu sahədə fərdi yaradıcılıq
potensialını sınaqdan
keçirən gənclərdən
biri də Adil Şıxəliyev idi.
Məşhur "Əzimzadə məktəbi”ndə
təhsilini başa vuran gənc rəssamın göz açıb gördüyü
Quba xalçalarına
məhəbbətinin yerini
qobelenin tutmasının
sirri nə qədər gizli qalsa da, bu
gün duyulası zaman distansiyasından bunun Adil Şıxəliyevin
bu sahədə nələrisə etməyə
qadir olmasına inamı ilə bağlılığı ilə
izah etmək mümkündür. Qənaətimizcə, onun qobelen sevgisinin kökündə
klassik xalça estetikasında hifz olunan "müdrik”liyə
və düşündürü”cülüyə
cəlbedici emosionallıq
qatmaq, onun ənəniviləşən hamar
səthini hiss-duyğuların
ifadəçisinə çevirmək
istəyi də vardı.
Sənətkarın yarım əsrə çatan yaradıcılıq
yolunu bütünlükdə
dəyərləndirməli olsaq, onda ərsəyə
gətirdiyi qobelenlərin
özündə həm
şərqli emosionallığını,
həm də tamaşaçısının duyğularını pərvazlandırmaq,
çox vaxt da düşündürmək
gücünü görmək
olar. Bu qobelenlərin zənginliyi ilk baxışdan
duyulan "bədii-texniki
estetik xəritəsi”ndə
şaşırdıcı bədii şərhlərə
rast gəlmək mümkündür. Başqa sözlə
desək, görünənlərdə
ənənəvi qobelen-şpaler
fakturası yox, "enişli-yoxuşlu”, çox
vaxt təzadı bədiiliyin əldə olunmasına yönəli toxunma improvizələri mövcud idi. Ən başlıcası isə
bu forma-biçim dəyişikliklərinin məna-məzmunun
bədii və təsirli tutumda tamaşaçıya çatdırılmasına
xidmət etməsi idi. Odur ki, Adil Şıxəliyev üçün
qobelendə hansısa
mövzunu bədiiləşdirə
bilməmək qorxusu yox idi. Bunu onun həyatımızın
ən müxtəlif sahələrinə, ən
incə və ən ağrılı mövzulara həsr olunmuş əsərləri
də təsdiqləyir...
Adil Şıxəliyevin
xalqımızın tuş
gəldiyi faciələrə
göstərdiyi yaddaqalan
bədii münasibət
həm də onun sənətkar-vətəndaş
mövqeyinin necəliyini
sərgiləyir. Rəssamın zamanında – hadisələrdən
çox az
sonra yaratdığı
"20 Yanvar” və
"Xocalı” qobelenlərdə
yaşanan dəhşətli
hadisələrin bədii
şərhi kifayət
qədər rəmzi-şərti
tutumda ifadə olunmuşdur. Bununla belə, kompozisiyaların
detal-atribut düzülüşündə,
onların rənglə
qabardılmasında həmin
faciələrin ifadə
edə biləcəyi
ağrılar duyulmaqdadır.
Müxtəlif miqyaslı sərgilərdə
uğurla nümayiş
olunan bu əsərlərdə təcavüzkarlara
göstərilən bədii
etirazda həm də xalqımızın
arzu-istəyi hifz olunduğundan onların zamansızlığa qovuşmuş
kimi qəbul olunurlar.
Rəssamın bir müddət sonra yaratdığı
"Ruhların fəryadı”
əsəri isə zaman-zaman yaşanan faciələrimizə "bədii
ağı” kimi qəbul olunur. Bəyaz
rənglə ifadə
olunmuş "ruh”ları
çoxsaylı insan kəllələri ilə
qoşalaşdıran müəllif,
bütünlükdə görüntünün
alov şəklinə
düşməsini əldə
etməklə, faciələrin
insanları yandırıb-yaxan
hadisə kimi heç vaxt unudulmayacağını hamıya
xatırladır...
Yuxarıda qeyd etdiyimiz kimi Adil Şıxəliyevin
yaradıcılığı mövzu baxımından kifayət qədər müxtəlifdir. Rəssamın bədii saxlancında yer alan "Öndər”, "Yeni Azərbaycan”, "Din xadimi”,
"Məhsul bayramı”,
"Duz gölü”,
"Qoç”, "Səhər”,
"Yağış”, Şahmat”,
"Pəncərə”, "Qubalı Fətəli xan”, "İstirahət”,
"Lalələr”, "Nənəmin
nağılı”, "Qırmızı
öküz” və digər qobelenlər vurğuladığımız rəngarəngliyi
təsdiqləyir.
Bu saxlancda həm
müxtəlif tutumlu süjetli kompozisiyalara, həm də çox vaxt gözümüzdə adiləşən
motivlərə özünəməxsus
münasibət duyulmaqdadır. Həmin əsərlərin
diqqətçəkən xüsusiyyəti
müəllifin ən
ciddi mövzulara belə lirik-poetik bədii şərh verə bilməsi, onları tamaşaçını
duyğulandıra biləcək
estetik qaynağa çevirə bilməsidir.
Bu mənada, müəllifin
"Yeni Azərbaycan”
qobeleni diqqət çəkir. Ölkəmizin
xəritəsini, "Yeni
Azərbaycan” partiyasının
emblemini və Ulu öndərin portretini süjetin əsas dominantına çevirən rəssam, bölgələrimizi səciyyələndirən
sərvətləri ümumiləşdirilmiş
şəkildə görüntüyə
gətirməklə, ən
başlıcası isə
görüntünü bəyaz-mavi
koloritdə təqdim etməklə, kompozisiyanın
cəlbedici və duyğulandırıcı tutum
almasına nail olmuşdur...
Onun zaman-zaman
müraciət etdiyi portretlərdə də təsvirin ikonoqrafik dəqiqliyinin əldə olunması ilə yanaşı, obrazların
səciyyəvi cizgilərinin
təsirli bədii-texniki
vasitələrlə təqdimatı
duyulası önəm
kəsb edir. Onun müxtəlif illərdə
yaratdığı "Ulu
öndər”, "Din xadimi”
və "Qubalı Fətəli xan” portretləri bu məziyyətlərinə görə
diqqət çəkir...
Adil Şıxəliyevin
"Duz gölü” əsərində isə onun çox incə müşahidə
qabiliyyətinə malik
olduğuna şahidlik
etmək mümkündür. Gölətrafı
mənzərəyə qalalanmış
duz təpələrinin
arasından göz qoyan müəllif, bununla həm təbii sərvətin toplandığı məkanın
bozumtul-bənövşəyi rəng çalarlarından
"boylanan” və ilk
baxışda cəlbedici
görünməyən özünəməxsus
gözəlliyini və
gölü əhatələyən
mənzərənin gözoxşayanlığını
tamaşaçıya çatdıra
bilmişdir...
Üfüqi kompozisiyalı "Nənəmin
nağılı”nda görünənlərin
fraqmentsayağı təqdimatında
çox uzaqlarda qalan xatirələrin hissə-hissə xatırlanması
və göz önünə gəlməsi
ilə assosiyasiya-anım
yaradacaq məqamlar kifayət qədərdir. Odur ki, işıqlı xatirələrin fonunda canlandırılanlar da parçalardan "hörülmüş”
qurama şəklindədir...
Adil Şıxəliyevin "Yağış”, "Səhər”, "Çiçəklər”, "Lalələr” və digər bir neçə əsərində təbiət motivləri ilə çoxqatlı insan yaşantıları arasında yaranan əlaqənin-vəhdətin daşıdığı estetik yükdə lirik duyğulara bələnmiş rəng çalarlarının daşıdığı dəyərlər çox gözoxşayandırlar...
Rəssamın "Qoç” və "Qırmızı öküz” əsərlərində motivin açımına və təsirliliyinin gücləndirilməsinə yönəli tətbiq olunan bədii-texniki effektlər də yaddaqalandırlar.
Onun bir çox əsərlərinin bədii-fəlsəfi tutum daşıması da ilk növbədə müəllifin bizi əhatə edən gerçəkliyə bədii-düşündürücü münasibətinin nəticəsidir. Onun "Pəncərə”də qara və sarı rənglərin təzadından, "Qara və qırmızı”da isə bir-biri ilə uyuşmayan çalarların "toqquşma”sından yaranan görüntüdə sətiraltı işarənin mövcudluğu duyulandır. Rəngləri mənalandırmağa nail olan sənətkar, bununla da tamaşaçısını adi seyrçidən, ciddi təhlilçiyə çevirməyə nail olmuşdur.
Onun qobelenin ifadə imkanlarının bolluğunu ən mürəkkəb mövzuların açımına yönəltməsində yüksək sənətkarlığının görünməsi də ilk növbədə illər ərzində topladığı təcrübənin məntiqlə bizimlə paylaşmasının ifadəsidir. Adil Şıxəliyevin çox vaxt rəng palitrasında gözlənilməz çalarlara rast gəlinməsi də, ilk növbədə iplərin bilavasitə rəssamın özü tərəfindən rənglənməsindən irəli gəlir...
Ötən il 60 illik yubileyini altmış əsəri nümayiş olunan fərdi sərgi ilə qeyd etmişdir. Bu yaradıcılıq hesabatı Adil Şıxəliyevin Azərbaycan qobelen sənətinin liderlərindən biri olduğunu təsdiqləmişdir. Ötən ay onun Çində keçirilən "İpək yolu və dünya sivilizasiyası” adlı VII Beynəlxalq Byennaledə uğurlu çıxışı, yaratdığı "İpək yolu” əsərinin tamaşaçıları ovsunlaması da göstərir ki, ömrünün yetmişinci baharına qədəm qoyan hələ bundan sonra da unikal tutumlu qobelenləri ilə bizə heyrətləndirmək gücündədir...
Ziyadxan Əliyev
Kaspi 2017.- 23-25 dekabr.- S.24.