O bizim Kamal, Kamal Sunal…
Bir
cüt hüznlü göz… Ankaradan İstanbula… Gənc qız kimi xəyal
etmədiyim bir həyat…
Qucağında geyimlər var və parkdakı skamyada
oturub. Qorxudan tir-tir əsir. Parkın
mühafizəçisi hovuza girdiyinə görə ona qəzəblənir.
O da başını yana əyib məlul-məlul
dayanır.
Gözlərinə baxıram, məni görür, eləcə
donub dayanırıq. O necə ipisti və hüzn dolu baxışlardır...
Anamın dürtmələməsiylə
özümü yığışdırıram. O da məndəki dəyişikliyi
görüb gülümsünür.
Hiss etdiklərimi
necə izah edim ki? Həmin an onu qucaqlamaq, təsəlli etmək,
"acsanmı?” deyə soruşmaq, "üşüyərsən”
demək, "qətiyyən qorxma” söyləyib ürək-dirək
vermək, yəni onu qorumaq, ana kimi şəfqətlə
qucaqlamaq istərdim. Görəsən, hiss etdiklərimin
ifadəsi beləydimi? Doğrusu, əmin
deyiləm. Bircə bunu bilirəm ki,
adı hər nədirsə, çox dərin, qüvvətli
duyğu idi.
Teatr... Səhnədə o, ön sırada seyr edən mən.
Baxışmamız sadəcə bir-iki dəqiqə
davam edir. Belə qısa zaman kəsimində
bu dərəcə dərin hisslər yaşadan bir cüt
göz. Elə dərin ki, təsirini hələ
də duyuram.
O bizim
Kamaldır
Hər
zaman üçün maraq obyekti olan sual: Niyə hələ də
sevilir, izlənilir? Nə üçün
iki-üç yaşında uşaq belə Onu görəndə
ekrandan gözlərini çəkə bilmir? Nəyə görə hər təbəqədən,
hər yaşdan insan bitmək bilməyən sədaqətlə
Ona bağlıdır? Hər dəfə
adı çəkiləndə üzdə təbəssüm
yaratmağı nəyə görədir axı?
Zənnimcə,
bu sualların bircə cavabı var: Baxışlar...
Səmimiyyət, dürüstlük, saflıq hopmuş
o baxışlar "mənə güvənə bilərsən”,
"gəl, mənə arxalan” deyir.
Tamaşadan çıxandan sonra teatrın işçilərinə
"Uzun boylu bir aktyor var idi” deyib rolunu xatırlatdım. Hə, omu?
O bizim Kamal... Kamal
Sunaldır.
Harada qaldın?
Kafeyə getdim, gəlməmişdi. Bir stəkan
çay içdim, hələ də yoxdur. Əslində, gəlsə, nə deyəcəyimi də,
nə edəcəyimi də bilmirdim. Gec
idi, qalxdım, qapıya tərəf addımlayırdım ki,
içəriyə daxil oldu. Sanki illərdir
tanıdığım, doğma birinə ərk edər kimi
sadəlövhcəsinə "harada qaldın?” soruşdum.
Teatrdakı baxışlardan sonra bir dostumuzun evində
görüşdük. Rastlaşanda təəccüblənmişdim,
o da məni xatırlamışdı. Dostumuz
teatrlara qastrollar təşkil edən şirkətdə
işləyirdi. Belə
yığıncaqlar o zaman tez-tez keçirilsə də,
iştirak etməkdə bir o qədər də həvəsli
deyildim.
Söhbətləşmiş, ertəsi gün kafedə
görüşmək üçün sözləşmişdik. (Sonralar Münir Özkulun
dediyinə görə gəlmək istəməyib, "belə
görüşün nə anlamı var ki, onsuz sabah İstanbula qayıdacağıq” deyib, amma
oteldən güc-bəlayla taksiyə mindirib, göndəriblər).
Bərabər çay içdikdən sonra
Çankayadan Kızılkayaya qədər əl-ələ
yeridik. Heç danışmadan, səssizcə. Üzgün idik. Bir ay idi ki,
Ankarada qastrolda imişlər, biz isə son gün
görüşə bilmişdik. Onun ev
telefonu yox idi, mən də telefon nömrəmi vermədim. Sadəcə bir-birimizin ünvanlarımızı
aldıq. Kızılkayaya çatanda
könülsüzcə əllərimizi buraxdıq. O
otelə, mən isə evə. Çox pərişan
idim. İndi düşünürəm ki,
yarım saat ərzində belə dərin mənəvi
bağ yarada bilmək məndən asılı idi, yoxsa belə
olmağımda onun da payı vardı?
Bəzi gənc
qızlar aktrisa olmaq istəyirlər
Atam aktrisa olmağımı istəyirdi, mən isə əczaçı. İki istək
də yerinə yetmədi, amma gözəl bir ailədə
anadan oldum. Ondan xəbər almağım
namümkün idi. Nə edəcəyimi
bilmirdim. Gün ərzində onu Kabara
teatrında tapa bilmədim, axşamları isə axtarmaq kimi
bir imkanım yox idi. Ruhən boşluqda
idim. Atam evə gələndə telefon zəng
çaldı, dəstəyi götürüb "Biz
İstanbula zəng etməmişik” dedi. Naəlac
yemək masasında əyləşdim. Toxunsalar,
ağlayacaq haldaydım. Yeməyin şirin
yerində atam anama "Bəzi gənc qızlar
İstanbuldakı film şirkətləri ilə əlaqə
yaradıb aktrisa olmaq istəyirlər, amma sonları heç də
ürəkaçan olmur. Ailələri ilə
məsləhətləşsələr, başlarına
müsibət gəlmədən doğru yolu taparlar” deyərək
uzun-uzadı, darıxdırıcı bir söhbət etdi.
Ta ki otağa girib masanın üzərindəki "Arzu” film
başlıqlı zərfi görənə qədər
atamın niyə belə bir mövzu
açdığını anlaya bilməmişdik.
Məktub
gəlmişdi! Qəlbim yerindən
çıxacaqmış kimi döyünür, əllərim
titrədiyindən zərfi aça bilmirdim. O anki
xoşbəxtliyimi, həyəcanımı izah etmək üçün
sözlər acizdir.
"Arzu” filmdən yeni rol təklifi aldığı
üçün çox xoşbəxt olduğunu
yazırdı. Və qısacıq
da bir sevgi cümləsi vardı. Artıq
ünvan bəlli olduğuna görə mən də ona yaza
bilərdim. Məktublarında o qədər
gündəlik mövzulardan bəhs edirdi ki, mən də hiss
etdiklərimi yazmağa cəsarət etmir, günlük məsələlərdən
yazmaqla yetinirdim.
Məktublar həftədə bir dəfə gəlməyə
başladığı üçün atamın təlaşı
artmışdı. Demək olar ki, hər gün bizə
aktrisa olmaq üçün İstanbula gedib, yaşamları
alt-üst olan qızların həyat hekayələrini
danışırdı. Əslində, məktubları
açıb oxusa, şkafa, çantama baxsa,
rahatlaşacaqdı. Bu mənada qayğıları olsa
da, mənə gələn məktubları açmayaraq bizə
çox önəmli bir dərs verirdi – Nə olursa olsun,
heç kimi çantasına toxunmamalı, məktubları
oxunmamalıdır! Bu dərs həyatımız
boyunca rahat yaşamağımıza, həyat
yoldaşlarımız və uşaqlarımızın bizə
güvənməyinə səbəb oldu.
Aa, Mətin
Alasya
Məktublaşmağa
iki il – 1973-cü ilin oktyabrından 1975-ci
ilin aprelinə qədər davam etdik. Bazar ertəsi
– teatrların istirahət günü olan vaxtlarda arabir
tamaşadan sonra avtobusla Ankaraya gəlir, bütün bazar ertəsi
burada qalır (mən belə günləri necə keçirdiyini
heç vaxt öyrənə bilmədim), həmin
günün gecəsi yola çıxıb çərşənbə
axşamı İstanbulda olurdu. Bu gəlişlərin
əksəriyyətində görüşə bilirdik. Amma mən bəzən evdən çıxa
bilmirdim. Görüşə bilmədiyimiz
həmin qorxunc günləri problemə çevirmir, məni
anlayırdı. Sonralar bu işə
çarə tapmışdı – tək qalmamağımız
üçün həmkarı İhsan Bilsevlə gəlməyə
başlamışdı. İhsana ayıb
olmasın deyə birlikdə gəzirdik.
Bir dəfəsində mən İstanbula – xalamgilə
getmişdim. Onunla danışdıq, görüşəcəyimiz
yerə gəldim. Yeni maşın
almışdı. Hələ özü tək
yola çıxa bilmədiyi üçün Ertem Eğilmezin
sürücüsü Namiqlə birgə gəzdik. İki gün boyunca Namiqə ayıb olmasın deyə
yemək yeməyə, filmə birlikdə getdik. Amma çox qəribədir ki, vəziyyətdən
şikayətçi deyildik. Onsuz da
üçümüz gəzməyə öyrəşmişdik.
Dostlarının inciməməyi
üçün etdiyi fədakarlıqlar və bu fədakarlıqlardan
zərrə qədər narahat olmamağı ona daha çox
hörmət bəsləməyimə səbəb olurdu.
Bir dəfə
Ankarada gəzərkən onu uzaqdan görüb qaçaraq
yanına gələn bir heyranı "Aa,
Mətin Alasya” demişdi. Bu, heç vaxt unuda
bilməyəcəyim bir xatirə kimi yaddaşıma həkk
olunub.
Sənin
üçün gəlirlər
O, Namiq və
mən şam yeməyinə getdik. Əyilib
qulağıma "anamgil gələn həftə Ankaraya gələcək”
söylədi. "Aa, nə gözəl,
bəlkə, sən də gələsən? Ankarada nəsə işlərimi var?” soruşduqda
"Sənin üçün gəlirlər. Və mənim
üçün” cavabını verdi. Anladığım qədəri ilə bu, evlənmə
təklifi idi. Təbii ki, ortada hər
hansı bir sual olmadığına görə cavab da vermədim.
Hətta, Namiqdən utandığım
üçün onu qucaqlayıb, nə qədər xoşbəxt
hiss etdiyimi belə dilə gətirə bilmədim.
Ankarada –
evimizdə baş tutan nişan və
Beyoğlu VVAK-dakı nikahdan (30 aprel, 1975) sonra ailəmin teatr
aktyoru ilə ailə qurmağıma könülsüz
olmasına rəğmən toyumuz oldu. Ailə
qurduq.
"Nikah üçün sənədləriniz növbədə
qalacaq”. Bu xəbər bizi qorxutmuşdu, Çünki
vaxtın nə qədər uzanacağını bilmirdik.
Mənim təcili evlənməyim lazım
olduğuyla bağlı əlimizdə sənəd olsa, istədiyimiz
tarixdə nikaha düşə biləcəkdik. Nəhayət, həmin kağızı alsaq da,
çox utanmışdım. Kağız
üzərində belə olsa, bu hal xoşuma gəlməmişdi.
Nişan üzüklərimizi taxan Yüksel mənim,
Ertem Eğilmez isə onun nikah şahidi idi. Bəy kostyumunu Yılmaz Kuzgun hədiyyə
etmişdi, gəlinliyimi isə Şişlide bir mağazadan
almışdıq.
Gül Sunal
türk dilindən tərcümə
Quliyeva, Aytac.
Kaspi 2017.- 23-25 dekabr.- S.18.