Ədəbiyyatımıza böyük məhəbbət

 

Prezident İlham Əliyev Azərbaycan ədəbiyyatının  inkişafına, klassik və müasir ədəbi şəxsiyyətlərin yubileylərinin keçirilməsinə, ədəbiyyatımızın bütün dünyada yetərincə təbliğ olunmasına böyük önəm verir.  Ölkə başçısının son dövrdə bu istiqamətdə verdiyi sərəncamlardan irəli gələn, həyata keçirilən bir sıra tədbirlər diqqət və qayğının bariz nümunələridir. Nizami Gəncəvinin, Məhsəti Gəncəvinin, M.F.Axundovun, Xurşidbanu Natəvanın, M.Ə.Sabirin, Hüseyn Cavidin, Rəsul Rzanın, İlyas Əfəndiyevin, Almas Yıldırımın, Mikayıl Müşfiqinbaşqa görkəmli şəxsiyyətlərin yubileyləri barəsində verilən sərəncamları və bu mühüm sənədlərlə bağlı həyata keçirilən möhtəşəm yubiley tədbirləri bu istiqamətdə atılan addımlardır. 

Ədəbiyyat adamları bildirirlər ki, ulu öndər Heydər Əliyevin ədəbiyyata, mədəniyyətə göstərdiyi böyük qayğı onun layiqli  davamçısı, prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə inkişaf etdirilirbu diqqət Azərbaycan ədəbiyyatının yeni intibahı üçün geniş imkanlar açıb. Belə ki, dövlət başçısının  ədəbiyyatımıza və mədəniyyətimizə böyük məhəbbəti, hörmət və sevgisi bütövlükdə, Azərbaycan xalqına və milli dövlətçiliyimizə sonsuz sevgisindən qaynaqlanır.

 

"Ədəbiyyatın qoruyucusu

Xalq şairi Fikrət Qoca prezident İlham Əliyevi ədəbiyyatın qoruyucusu adlandırır: «Vaxtilə ulu öndər Heydər Əliyev ədəbiyyatı diqqət və qayğı ilə əhatə etmişdi. Bizim bütün qurultayların iştirakçısı idi. Ədəbiyyat adamlarına fəxri adlar, mənzillər verirdi. İlham Əliyev həmin siyasəti layiqincə davam etdirir. Bizi heç vaxt diqqətdən kənarda qoymur. Yazıçıları mükafatlandırır, mənzillə təmin edir, müalicələrini boynuna götürür. Şəxsən mənim müalicəmi vaxtilə Heydər Əliyev öz boynuna götürdü. Yoxsa mən 51 yaşında dünyadan köçmüşdüm. Ulu öndərin qayğısı sayəsində bu yaşa qədər yaşamışam. Bu günİlham Əliyev Heydər Əliyevin ideyalarını ləyaqətlə həyata keçirir. Prezident 80 illik yubileyim münasibəti ilə məni "Şərəf” ordeni ilə təltif etdi. Bu, dövlət başçısının ədəbiyyatımıza, söz sənətinə göstərdiyi diqqətin bariz nümunəsidir”. F.Qoca qeyd edir ki, İlham Əliyev Azərbaycan mədəniyyəti və ədəbiyyatının milli-mənəvi həyatımızdakı yerinirolunu olduqca dərindən bilironu yüksək dərəcədə qiymətləndirir, Azərbaycan tarixinə, mədəniyyətinə, ədəbiyyatına böyük hörmət və məhəbbət bəsləyir.

 

Klassik ədəbiyyatın təbliğinə qayğı 

Şair Vaqif Bəhmənli Azərbaycan mədəniyyətinin və ədəbiyyatının inkişafına dəstəyi Azərbaycan dövlətinin siyasəti kimi dəyərləndirir. Belə ki, müxtəlif ictimai-siyasi hadisələr fonunda belə bir diqqətə böyük ehtiyac var: "Yaradıcı insanlar çox həssasdırlar. İncəsənətin, mədəniyyətin, ədəbiyyatın elə bir açıq gəlirli bazarı yoxdur ki, onlar öz ayaqları üstündə sərbəst dursunlar. Ona görə də bu sahənin insanlarına həm dövlət, həm də cəmiyyət tərəfindən daim diqqət və qayğı lazımdır. Sevindirici haldır ki, dövlət bu qayğını əsirgəmir.  Şəhərin ən gözəl yerlərində yaradıcılıq təşkilatlarının binaları yerləşir. Teatrlar, muzeylər, mədəniyyət obyektlərinin hamısı dövlət büdcəsindən maliyyələşir. Bu böyük qayğını dövlət öz üzərinə götürüb. Həm incəsənət, həm ədəbiyyat sahəsində hər bir fərd öz üzərində dövlət dəstəyini hiss edir. Yazıçılar Birliyinin üzvləri – həm yaşlılar, həm də cavanlar prezident təqaüdü alırlar. İnsanlar belə qayğı ilə əhatə olunduqda, daha da ruhlanır və öz fəaliyyətlərini vacib hesab edirlər”. V.Bəhmənlinin sözlərinə görə, klassik ədəbiyyatın təbliğinə olan qayğı  daha genişdir: "Yubileylərin keçirilməsi, əsərlərin çap olunması, sərgilərin açılması, tamaşaların səhnələşdirilməsi sistem şəklində həyata keçirilir. Dövlət elə bir humanitar xətt müəyyən edib ki, bu, insanların alışdığı bir prosesə çevrilib. Artıq Azərbaycanda kitab bumu yaşanır. Kitab çapında böyük irəliləyiş var. Həm gənclərin, həm yaşlı nəsil ədəbiyyat adamlarının əsərlərinin çapına, satışına, təbliğinə şərait yaradılıb. Tez-tez kitab sərgiləri keçirilir. Dövlət dəstəyi hər bir qapını yaradıcı insanların üzünə geniş açır. Yazarlar öz fikirlərini tam şəkildə ifadə edə bilirlər. Forma, üslub və məzmun baxımından onların söz azadlığı var”. V.Bəhmənlinin fikrincə, əgər dövlət ədəbiyyatı, mədəniyyəti xalq üçün vacib hesab edirsə, yazarlar da öz məsuliyyətlərinin ağırlığını hiss etməlidirlər: "Dövlət tərəfindən bizim üçün yaradılan şəraitə yaradıcılığımızla cavab verməliyik”.

 

 

 

Dövlət dəstəyinin ədəbiyyatın inkişafında rolu

Tənqidçi Əsəd Cahangir prezident İlham Əliyevi ölkənin ictimai, siyasi, mədəni həyatında ümummilli lider Heydər Əliyevin kursunun layiqli davamçısı adlandırır. O, bildirdi ki, Heydər Əliyev mədəniyyətə, ədəbiyyata ən böyük qayğı göstərən şəxsiyyətlərdən biri olub, bu gün də həmin xətt uğurla davam etdirilir: «Prezident İlham Əliyevin hakimiyyətdə olduğu illər ərzində bir sıra yaşlı şair və yazıçılar ömürlük prezident təqaüdü ilə təmin olunublar. Bir sıra gənc şair və yazıçıların yaradıcılıq imkanlarının üzə çıxması üçün onlara bir illik təqaüdlər verilib. 2007-ci ildən bəri bu qanun qəbul edilib və 10 ildən artıqdır ki, davam edir. Bundan əlavə, dövlət başçısı bir sıra şair və yazıçıların mənzillə təmin edilməsi, müalicə, dəfn məsələləri və s. öz üzərinə götürüb”. Ə.Cahangirin sözlərinə görə, ölkə başçısının ədəbiyyata qayğısı təkcə məişət məsələləri ilə məhdudlaşmır. Prezidentin ədəbiyyata, mədəniyyətə münasibəti ən qabarıq şəkildə klassiklərimizin yaradıcılığına münasibətdə özünü büruzə verir: "Ölkə başçısının göstərişi ilə klassiklərin sovet dövründə kiril əlifbası ilə dərc olunan əsərlər yenidən latın əlifbası ilə dərc olundu və ölkə ərazisindəki bütün kitabxanalara paylanıldı. Bir sıra görkəmli ədəbiyyat xadimlərinin, yazıçıların və klassiklərin yubileyləri qeyd olundu. Muğam sənətimizin inkişafı sahəsində ölkəmizin birinci xanımı Mehriban Əliyevanın nə qədər böyük qayğısı varsa, ədəbiyyat sahəsinə prezident İlham Əliyevin də bir o qədər qayğısı var». Prezidentin göstərişi ilə iyulun 19-da jurnalistlər üçün tikilən binada ona da mənzil hədiyyə edildiyini deyən Ə.Cahangir, bu hədiyyəyə görə ölkə başçısına minnətdarlığını bildirir: «Mənzil bağışlanan bütün yazıçılarımız adından prezidentə minnətdarlığımızı bildiririk. Azərbaycan ədəbiyyatı qədim dövrlərdən öz görkəmli şəxsiyyətləri ilə məşhurdur. Ədəbiyyatımızın inkişafı bu gün davam edir. Təbii ki, dövlət qayğısı bu işdə həlledici rol oynayır. Bəzi fərqlənən şair və yazıçılara dövlət mükafatlarının verilməsi də ədəbiyyata göstərilən qayğının nümunəsidir. Bütün yazıçı və şairlər adından ölkə başçımıza uzun ömür və cansağlığı arzulayıram! Ümid edirəm ki, ədəbiyyatımız bundan sonra da bu cür qədirbilən şəxsiyyətin sayəsində daha da çiçəklənib inkişaf edəcək».

 

Qələmlər o günlərin eşqinə köklənsin

"Dövlət başçımızın ədəbiyyata qayğısından danışarkən, elə bilirəm ümumi inkişaf strategiya­sın­dan, bu strategiyanın ayrı-ayrı əməli fəaliyyət sahələrinə təsirlərindən danışmaqla daha dolğun fikir bildirmiş olarıq” deyən şair-publisist Əkbər Qoşalı, prezident İlham Əliyevin təkcə ədəbiyyat, mədəniyyət və incəsənətə deyil, ümumən elmin, iqtisadiyyatın və s. bütün sahələrinə eyni qayğı ilə yanaşdığını deyir: "Əgər ancaq ədəbiyyata qayğı göstərilmiş olsaydı və ölkənin ümumi inkişafı, ümumən həyatımız gərginlik içində olsaydı, o qayğı haqqında məhəbbətlə danışa bilərdikmi və qayğıdan bəhrələnənlər özlərini necə hiss edərdi? Ona görə də, mən Azərbaycanın çiçəklənməsi, dünyada haqq etdiyi mərtəbəyə yüksəlməsi, iqtisadiyyatın güclənməsi, strateji yol xəritələrinin hazırlanması, ordunun qüdrətlənməsi, kadr hazırlığı, gənclərin məsul vəzifələrə irəli çəkilməsi, milli donor institutlarının yaradılması, ASAN Xidmətin yaradılması, ardıcıl əfv, amnistiyaları və s. önəmli (tarixi!) qərarları elə mədəniyyətə, konkret olaraq ədəbiyyata, ədəbiyyatçılara qayğı müstəvisində təhlilə çəkməyi doğru hesab edirəm. Habelə, konkret olaraq, bir neçə qəzet və jurnalın, o cümlədən Yazıçılar Birliyinin dövlət büdcəsinin vəsaiti hesabına davamlı maliyyələşdirilməsi, müxtəlif yaş qruplarından olan şair və yazıçılar üçün Prezidentin Təqaüd Fondunun yaradılması, xüsusi qayğıya ehtiyacı olan qələm adamlarının sağlıq durumu ilə bağlı təxirəsalınmaz tədbirlərin görülməsi, bu qəbildən bir sıra digər işlər ictimaiyyətə bəllidir”. Ə.Qoşalı həmçinin latın qrafikalı əlifba ilə kütləvi tirajla nəşrlər üçün dövlət maliyyəsinin ayrıldığını, dünya ədəbiyyat incilərinin dilimizə çevrilməsi üçün təminat yaradıldığını, Tərcümə Mərkəzi yaradıldığını və s. faktları qeyd etdi. Ə.Qoşalı dövlət başçısı İlham Əliyevi ad günü münasibəti ilə təbrik etdi və şərəfli işində yeni-yeni uğurlar dilədi: "Yazarlarımıza da Şuşalı, Qarabağlı günlərdə, Şuşada, Kəlbəcərdə, işğaldan azad edəcəyimiz digər şəhər, kəndlərimizdə yazıb-yaratmaq xoşbəxtliyi arzulayır və buna inamımı ifadə edirəm! Qələmlər o günlərin eşqinə köklənsin, ürəklər o günə döyünsün!”

 

Təranə Məhərrəmova

 

Kaspi  2017.- 23-25 dekabr.- S.11.