Eynəli bəy Sultanovun "Publisistika"sına akademik qayğı

 

Bu yaxınlarda Bakıda "Elm və təhsil"  nəşriyyatında Azərbaycanın görkəmli maarifçi-ziyalısı, yazıçı-publisist, eyni zamanda folklorşünas və tərcüməçi Eynəli bəy Sultanovun (1866-1935) publisistik yaradıcılığı küll halında nəşr olundu.

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin toplayıb, tərtib etdiyi və nəşrə hazırladığı, Eynəli bəy Sultanovun gənc tədqiqatçısı Elxan Məmmədovun redaktoru olduğu "Eynəli bəy Sultanov: Publisistika" kitabında görkəmli publisistin müxtəlif illərdə qələmə aldığı, dövrünün ayrı-ayrı qəzet və jurnallarında dərc olunan məqalələri toplanıb. Qeyd edək ki, Eynəli bəy Sultanov Azərbaycan, fars, ərəb, yunan, latın və rus dillərini mükəmməl bilirdi. Onun qəzetçilik fəaliyyətinin böyük bir qismini də Tiflisdə və Bakıda nəşr olunan rusdilli mətbuatda çap olunan məqalələri təşkil edirdi. Haqqında danışdığımız kitabda da məhz Eynəli bəy Sultanovun rus dilində nəşr olunan məqalələri toplanıb.

Kitab haqqında söz açmazdan əvvəl bildirək ki, E.Sultanov 1887-ci ildən başlayaraq dövrünün mətbuat orqanları ilə əməkdaşlıq edib. Çox güclü publisist olan E.Sultanov haqqında aşağıdakı bir fikri xatırlatmaqla onun hansı səviyyəli mətbuat insanı olduğunu təsəvvür edəbilərik. XIX əsrin sonları, XX əsrin əvvəllərindəki ədəbi-mədəni mühitin əhatəli tədqiqatçılarından olan A.Feyzullayeva E.Sultanovdan bəhs edərkən qeyd edir ki, "Şübhəsiz, bu istedadlı jurnalistin fəaliyyətini nəzərə almadan XX əsrin ilk 20 illiyinə qədər demokratikAzərbaycan publisistikasının keçirdiyi inkişaf yolunu təsəvvürə gətirmək çətindir".

"İlk qələm təcrübələrini gənclik illərində "Tərcüman"da çap etdirən, E.Sultanov sonralar rus dilində nəşr olunan "Novoe obozrenie", "Kaspi", "Kavkaz", "Vozrojdenie", "Zakavkazye", "Zakavkazskaya reç", "Qruziya", "Kavkazskaya şkola", "Kavkazskaya kommuna", "Novosti Zakavkazya", "Kavkazskaya slovo", "Kultura i pismennosti Vostoka", "Sankt Peterburqskie vedemosti", Azərbaycan dilində nəşr olunan "Həyat", "İrşad", "İqbal", "Molla Nəsrəddin", "Yeni fikir" (həmin qəzetin əlavəsi olan "İşıq yol"da), "Dan ulduzu", Şərqi-rus", "Yeni yol", "Qızıl şəfəq" (1932-ci ildən sonra "Yeni qüvvəadı ilə çıxanda belə), "Qığılcım", "Kəndli", "Gələcək" kimi qəzet, jurnal və məcmuələrdə mütəmadi olaraq bədii, publisist, tənqidi yazıları ilə çıxış edib. Hətta müxtəlif illərdə "Kaspi" qəzetinin İrəvan və Naxçıvan üzrəxüsusi müxbiri, "Zakavkazyeqəzetinin "Müsəlman həyatı şöbəsinin müdiri, "Kavkazskaya kommunaqəzetinin redaktoru (1921-1923), "Yeni fikir" qəzetinə əlavə kimi nəşr olunan "İşıq yol" qəzetinin məsul katibi (1924-1926) işləyib, eyni zamanda "Zakavkazskaya reç" qəzetinin "müsəlman qəzetlərindən tərcüməsahəsində çalışıb.

Yuxarıda adıçəkilən mətbuat orqanlarında E.Sultanov məqalələrini 20-dən çox fərqli imzalarla dərc etdirib.

Haqqında bəhs etdiyimiz kitaba akademik İsa Həbibbəyli geniş bir ön söz yazıb. Həmin ön sözdə də E.Sultanovun publisistik  yaradıcılığı öz layiqli qiymətini alıb, müxtəlif mövzulu və müxtəlif sahələri əhatə edən məqalələrinin ictimai-siyasi, mədəni və maarifləndiricikeyfiyyətləri ön plana çəkilərək təhlil edilib. Həmin ön sözdə tərtibçinin də qeyd etdiyi kimi "Eynəli bəy Sultanovun publisistikasında əsas yeri Qafqaz və Şərq xalqlarının həyat tərzi tuturdu. Bu problemə istinadən o, öz xalqının dərd-sərini, problemlərini də qabardırdı. Onunpublisistikasında teatr, jurnalistika, folklor, bədii yaradıcılıq, tərcüməçilik, yeni əlifbanın yaranması yer alırdı. Bu onun əsl milli ziyalı olduğunu ortaya qoyurdu". Ön sözdə o da vurğulanır ki, Eynəli bəy Sultanovun XX əsr mətbuatında qələmə aldığı məqalələrində Azərbaycanideologiyası önə çəkilirdi. Bu istiqamətdə Cəlil Məmmədquluzadə ilə birlikdə hərəkət edən Eynəli bəy Sultanov Azərbaycançılıq ideologiyasını və Azərbaycanlılığı Zaqafqaziya mətbuatında mütəmadi olaraq təbliğ edirdi.

Yüksək poliqrafik keyfiyyətlə hazırlanan 470 səhifəlik kitabda görkəmli publisistin 250-yə yaxın məqaləsi bir kitabda toplanaraq geniş oxucu auditoriyasının istifadəsinə verilib.

Eynəli bəy Sultanov irsindən söhbət edərkən bir məqama da diqqəti yönəltmək vacibdir. 1966-cı ildə anadan olan ədibin ötən il anadan olmasının 150 illiyi tamam oldu. Bu münasibətlə Eynəli bəy Sultanovun geniş ictimaiyyətə çatdırılması məqsədiylə Naxçıvan MuxtarRespublikası Ali Məclisi Sədri tərəfindən 15 fevral 2016-cı il tarixdə "Eynəli bəy Sultanovun 150 illik yubileyinin keçirilməsi haqqında" Sərəncam imzalandı. Qeyd olunan Sərəncamdan sonra Eynəli bəy Sultanovun tanıdılması istiqamətində böyük masştablı işlər həyatakeçirildi. Belə ki, sağlığında 1904-cü ildə İrəvanda "Tatarka", 1926-cı ildə isə Tiflisdə "Seyidlər" hekayəsi kitab şəklində dərc olunan ədibin ölümündən sonra  sadəcə 1966-cı ildə 12 hekayədən ibarət olan əl içi boyda bir kitabçası nəşr olunmuşdu.

Sərəncamdan sonra isə ötən ilin aprel ayında Eynəli bəy Sultanovun tədqiqatçısı, AMEA Naxçıvan Bölməsinin Folklorşünaslıq şöbəsinin müdiri Elxan Məmmədov "Eynəli bəy Sultanovun folklorşünaslıq irsi" dissertasiyasını Bakıda AMEA-nın Folklor İnstitutununDissertasiya şurasında uğurla müdafiə etdi, ədibin 33 hekayəsinin yer aldığı "Eynəli bəy Sultanov: Hekayələr" kitabını nəşr etdirdi. Həmçinin indiyədək görkəmli ədibin həyat və yaradıcılığı haqqında dissertasiya müdafiə etmiş iki alimin, "İzzət Maqsudov: Eynəli bəySultanovun həyat və yaradıcılığı" və "İradə Əsədova: Eynəli bəy Sultanovun yaradıcılıq yolu" monoqrafiyaları nəşrə hazırlanaraq çap olundu.

Bunlarla yanaşı muxtar respublikanın ali təhsil müəssisələri və elm ocaqlarının birgə təşkilatçılığı ilə ədibin həyat və yaradıcılığına həsr olunmuş elmi konfranslar təşkil olundu, "Naxçıvan" ictimai-siyasi, ədəbi-bədii, elmi-publisistik jurnalının bir nömrəsi bütövlükdəmaarifçi ziyalıya həsr edildi, Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsi tərəfindən "Onun həyat amalı" adlı sənədli film çəkildi. Və nəhayət ötən ilin dekabrında ədibin 150 illik yubileyi dövlət səviyyəsində böyük təntənə ilə qeyd olundu.

Adıçəkilən dövlət sənədinin və görülən işlərin davamı olaraq görkəmli ədəbiyyatşünas alim, akademik İsa Həbibbəyli tərəfindən toplanan, tərtib edilərək nəşr edilən publisistik məqalələr Eynəli bəy Sultanovun daha əhatəli öyrənilməsi və tanıdılması istiqamətində həyatakeçirilən böyük tədqiqatçılıq və vətəndaşlıq nümunəsidir.

Eynəli bəy Sultanovun publisistikasında qabartdığı məsələlər, irəli sürdüyü fikirlər, bir əsrdən çox bir müddəti əhatə edən tarixi dövr haqqındakı yazıları, təkcə Eynəli bəy Sultanovun publisistik fəaliyyətinin öyrənilməsi cəhətindən yox, həm də Azərbaycan mətbuattarixinin, mədəniyyət tarixinin, bütövlükdə xalqın müəyyən bir dövrü əhatə edən müddətdəki bütün sahələri özündə əks etdirən cəhətlərini öyrənmək baxımından da qiymətlidir. Bu baxımdan belə bir nəşrin ərsəyə gəlməsi böyük əhəmiyyətə malikdir.

Publisist Flora Xəlilzadə hələ bir neçə il bundan əvvəl qələmə aldığı bir məqaləsində qeyd edir ki, "yazıçı, şair, dramaturq, publisist, tərcüməçi, pedaqoq, teatr xadimi, teatr tənqidçisi, ictimai xadim, vətənpərvər fədai. Bütün bu məziyyətlərin və keyfiyyətlərin hamısını özşəxsində birləşdirən Eynəli bəy Sultanovun Azərbaycan mətbuatının inkişafındakı rolu o qədər də geniş araşdırılmayıbdır".

Bu kitab, Eynəli bəy Sultanovun publisistikasının ümumi mənzərəsi haqqında ətraflı fikir sahibi olmaq baxımından da dəyərli mənbə olduğu kimi, görkəmli ziyalının publisistik fəaliyyətinin elmi cəhətdən tədqiqinə də geniş zəmin yaradacaq.

 

Elxan YURDOĞLU

Kaspi.-2017.-3 fevral.-S.6.