“Xocalı qətliamı
necə gerçəkləşdi?”
Türkiyə
mediası Xocalı soyqırımı ilə
yanaşı, işğaldan
azad olunan ərazilərə qayıdış
və belaruslu bloqgerin ekstradisiyasından
da bəhs edib
Qardaş
Türkiyə və onun mətbuatı Ermənistanın
Azərbaycana qarşı təcavüzü başlanandan
bəri obyektiv münasibəti ilə seçilib. Xüsusən də münaqişənin
ilk illərində - Azərbaycan informasiya blokadasında olduğu
dövrdə qonşu ölkə mətbuatının
oynadığı rol əvəzsiz olub. Xocalı soyqırımı baş verən günlərdə bu, xüsusilə özünü
göstərib. Soyqırımından sonrakı illərdə
qardaş ölkənin mətbuatı
Türkiyə ictimaiyyətinə, eləcə də türkdilli ölkələrdə olan çoxmilyonluq
auditoriyasına faciəni obyektiv şəkildə
çatdırıb və indi də bu missiyanı daşımaqdadır.
Bu günlərdə
nüfuzlu "Milliyət” qəzeti ənənəsinə
sadiq qalaraq
"Xocalı qırğını necə reallaşdı?”
başlıqlı məqalə dərc edib
və 25 il bundan əvvəl
yaşanan faciəni türk
ictimaiyyətinə geniş şəkildə
çatdırıb. Azərbaycanın
İstanbuldakı konsulu Məsim
Hacıyev tərəfindən təqdim edilən materialda qeyd edilir ki, erməni qüvvələri
Xocalı qəsəbəsində, 83 uşaq,
106 qadın və 70-dən çox
yaşlı daxil olmaqla,
613 nəfəri qətlə yetiriblər. Məqalədə
tarixə ekskurs edilərək bildirilir ki, 1980-ci illərin
ikinci yarısından etibarən Azərbaycan
ilə Ermənistan arasında gərgin bir
dövr başladı: "Ermənistan Azərbaycana
aid olan Qarabağ bölgəsinin dağlıq hissəsində
erməni əhalisinin çox olduğunu ifadə etdi.
Bölgədə erməni əhalisinin çox
olmasının səbəbi Sovetlər Birliyinin
illər boyu sürən siyasəti ilə
bağlı idi. Region
beynəlxalq təşkilatların də qəbul etdiyi kimi, tarixi
və hüquqi olaraq
Azərbaycana aiddir. O zaman
Dağlıq Qarabağın ən əhəmiyyətli ərazisi
olan Xocalı qəsəbəsi erməni
qüvvələri tərəfindən hərbi hədəfdə
idi. Qəsəbə aylarla
top atəşinə tutuldu
və nəticədə erməni qüvvələrinin
mühasirəsinə düşdü.
Ətrafla əlaqəsi kəsildi. Qırğının
reallaşdığı tarixlərdə 10 min
əhalisi olan Xocalıda 3 min
azərbaycanlı var idi.
Yaşanan yalnız insanların qətlə
yetirilməsi deyildi. Cəsədlər
üzərində edilən araşdırmalar onların bir çoxunun
yandırılmış olduğunu,
gözlərinin oyulduğunu təsbit etdi. Hamilə qadınlar və uşaqların
da bu vəhşiliyə
məruz qaldığı müəyyən olundu”.
Daha
sonra qeyd edilir ki, Xocalıda yaşanan bu
qırğına Birləşmiş Millətlər Təşkilatı
və Qərb dövlətləri ciddi bir reaksiya göstərmədilər.
"Qərb ölkələrinin bu mövqeyi və rus dəstəyi
ilə erməni qüvvələri qısa bir
müddət ərzində Dağlıq Qarabağ
bölgəsini və ətraf torpaqları işğal
etdilər. Ermənistan ilə Azərbaycan arasındakı bu müharibə 1994-cü ilə qədər
davam etdi. 1994-cü
ildə iki tərəf arasında atəşkəs
təmin edildi. Ancaq atəşkəsin
ardından başlayan sülh
danışıqlarında hər hansı bir
nəticəyə gəlinmədi”, - deyə məqalədə
vurğulanıb.
Bildirilir
ki, ulu öndər
Heydər Əliyevin tapşırığıyla
yaradılmış komissiya 2002-ci ildə
hesabatını açıqlayaraq Xocalı faciəsini
soyqırımı elan edib.
Prezident İlham
Əliyevin birbaşa təmasları nəticəsində
ABŞ-ın 21 ştatı və dünyanın təxminən
on ölkəsi və parlamenti
Xocalı faciəsini soyqırımı olaraq
tanıyıb və o istiqamətdə qərarlar
qəbul edib. Konsul öz yazısında qeyd edir: "Bu məzmunda ən
böyük dəstəyi, əlbəttə
ki, qardaş Türkiyədən
gördük və görməkdəyik.
Xocalı soyqırımı baş verdiyi gündən bu yana Türkiyə ən böyük
dəstəkçimiz və mənəvi təsəlli yerimiz oldu. Hər il Xocalı həftəsində Türkiyə Böyük Millət Məclisində iqtidar və müxalifət nümayəndələri
bununla bağlı müzakirələr
aparır, soyqırımını türk
cəmiyyətinə bir daha
xatırladır. Başda Ankara
olmaqla, Türkiyənin müxtəlif
şəhərlərində açılmış Xocalı
soyqırımı abidələri, parklar,
dərc edilən kitablar, təşkil edilən
yığıncaqlar soyqırımını törədənlərin
iç üzünü
bir daha ortaya qoyur. Biz Xocalı
soyqırımını törədənlərin cəzalandırılması
faktıyla torpaqlarımızın erməni
işğalından şərtsiz azad
edilməsini bir-birindən ayrı tutmuruq.
Çünki Xocalı
soyqırımını edən canilər bizim
torpaqlarımızı işğal etmiş canilərin ya
özləri, ya da
yaxınları, qardaşlarıdır. Xocalı qatillərinin
beynəlxalq cəza məhkəməsinin önünə
çıxmaları üçün bütün hüquqi
addımları atırıq”.
Ümumiyyətlə,
qardaş ölkənin mətbuatı Azərbaycan
üçün önəmli olan Qarabağ mövzusunda bütün
hadisələrə öz səhifələrində
yer ayırır. Məsələn, son günlər medianın diqqəti işğal altında olan
Lələtəpə yüksəkliyinin azad
edilməsi nəticəsində Cocuq Mərcanlı
kəndinə sakinlərin qayıtmasına yönəlib.
Türkiyə mətbuatı bu hadisəni
Azərbaycanın böyük uğuru kimi qələmə
verib. Nüfuzlu "Yeni Şafak” qəzetinin
"Azərbaycan Lələtəpəni geri
aldı” başlıqlı məqaləsində
vurğulanır ki, işğaldan
azad edilən Cocuq Mərcanlı
kəndindən zorla qovulan
insanların öz evlərinə
qayıdışı həyata keçirilir.
Məqalədə, həmçinin xarici media mənsublarının
iştirakı ilə kəndə səfər təşkil
edilməsindən bəhs olunub: "Öz torpaqlarına dönməyi dörd gözlə gözləyən azərbaycanlılar
üçün prezident
İlham Əliyevin
tapşırığıyla geri dönmə
layihəsi başlanıb. Qaçqın və məcburi
köçkünlər üzrə Dövlət Komitəsinin
nümayəndəsi Fuad Hüseynov
bildirib ki, ilkin mərhələdə 50 ev
və məktəb təmir ediləcək”. Bundan
əlavə, "Timeturk” nəşri,
"Anadolu”, "Arti
49” agentlikləri də Cocuq Mərcanlıdan
reportaj təqdim ediblər.
"Dağlıq Qarabağa "Böyük Dönüş”ün başlangıcı: Cocuq
Mərcanlı” başlıqlı məqalələrdə Azərbaycanın
işğal altında olan
bütün torpaqlarının azad ediləcəyi günün
uzaqda olmadığı vurğulanıb.
Ölkəmiz
üçün mühüm
əhəmiyyət kəsb edən digər məsələlərə
də qardaş ölkənin mətbuatı
yer ayırıb. Məsələn,
"Milliyət” qəzeti "Rus bloqger Lapşin Azərbaycana
təslim edildi” başlıqlı məqalədə
Azərbaycanın işğal
altındakı torpaqlarına qanunsuz səfər
edən və barəsində Baş Prokurorluqda cinayət işi
açılan məşhur bloqgerin
Bakıya təhvil verilməsini işıqlandırıb:
"Aleksandr Lapşinin
ekstradisiyası Belarus Ali
Məhkəməsinin onun apelyasiya
şikayətini rədd etməsindən sonra
gerçəkləşib. Artıq Lapşin
Azərbaycandadır”. Qeyd edilib
ki, Rusiya, İsrail və Ukrayna vətəndaşlığı
olan bloqger Aleksandr Lapşin 2011-ci ilin aprelində və 2012-ci ilin
oktyabrında Azərbaycanın işğal
altındakı ərazilərinə qanunsuz
səfərlər edərək separatçı rejimin təbliğatı ilə məşğul
olub. O, Azərbaycanın ərazi
bütövlüyünə qarşı
çağırışlar edib.
"DHA” agentliyi isə "Azərbaycan
istədi, Belarus saxlayaraq
təhvil verdi” başlıqlı məqalə
dərc edib. Məqalədə
qeyd edilib ki, "Azərbaycanın Ermənistan tərəfindən
işğal olunmuş
ərazilərinə qanunsuz səfərlər
etmiş, beynəlxalq səviyyədə
tanınan ərazi bütövlüyünün
parçalanmasına açıq
çağırışlar səsləndirmiş bloqger Aleksandr Lapşin Bakının sorğusu
ilə Belarusun hüquq
mühafizə orqanları tərəfindən
saxlanılıb. Azərbaycanın xüsusi
təyinatlı polisləri rəsmi Bakı tərəfindən
beynəlxalq axtarışa verilmiş Lapşini təhvil almaq üçün xüsusi
reyslə Belarusa yollanıb. Belarus Respublikasının hüquq
mühafizə orqanları tərəfindən Azərbaycanın
xüsusi xidmət əməkdaşlarına
təhvil verilən Lapşin Bakıya gətirilib”.
Azər
Kaspi.- 2017.- 9 fevral.-
S.5.