Xocalı gəzişmələri

 

O donmuş, zərif təni güllələrdən didilmiş o məsum tifili öz balamız bilməsək...

 

Yəhudi xalqı almanlar kimi pedant, praqmatik bir xalqı soyqırımı məsələsində yerində oturda bildi. Almanlar törətdikləri bu məşum olayı  boyunlarına aldılar və dünyanın gözü qarşısında yəhudilərdən üzr istədilər. Ən azı XX əsrin ortalarında artıq çoxdan yetkinlik yaşına çatmış kino texnikasının, fotoqrafiya sənətinin ortaya qoyduğu faktlardan qaça bilmədilər. Üstəlik də, faşizmin tüğyan elədiyi o illərdə və ondan sonrakı dövrlərdə Alman torpağında bir nəfər belə yəhudinin qalmaması "nemeslərin”" dilini-ağzını qapadı…

 

"Qanlı illər" və "Qarabağnamə" kitablarında daşdan keçən məlumatlar bəs deyincədir

 

Ermənilərin üzüdönüklüyü səbəbindən 1915-ci ildən başlayaraq Türkiyədə ermənidən iki-üç dəfə artıq türk övladı şəhid oldu. Sonradan dünyanın hansısa  bucağında kino lentlərini (istər bədii, istərsə də sənədli kino lentlər) erməni soyqırımının göstəriciləri kimi hər tərəfə yayan da erməni oldu. Yüz ildən bəri Türkiyə ərazisində əmin-arxayın yaşayıb türkün bütün mənəvi və maddi nemətlərindən bəhrələnən, kinosunda, şou-biznesində, ticarət işlərində at oynadan da, 1918-ci ildə Osmanlı türkündən canında qalmış hikkəsini Azərbaycan türkünün başında çatladan da erməni oldubütün tarixi boyu "məni qırmısan, "genosid”" eləmisən" deyib bu güntürkün boynundan şəlpə kimi sallanan da odur. Vallah-billah, bütün bu illər, qərinələr ərzində türk bir bu qədər susub, başısoyuqluq edib, qorxuram sonda onlar da almanların yolunu gedələr. Dilim-ağzım qurusun, işdir-şayəd ,belə bir fikrə düşsələr, unutmasınlar ki, alman almandır, türksə türkdür. Nə qələt yapsa da alman avropalıdır, bir arqument tapıb onun işini yola verəcəklər. Amma dünya bina olandan türkün daşı həmişə ağır olub, Böyük Pyotrun da vəsiyyətini nəzərə alsaq ("…Türkiyə və İran arasında fitnə-fəsad törətmək, dava-dalaş yaratmaq lazımdır. Bu işdə sünni və şiə məzhəbləri arasında ixtilaflar böyük, kəskin silah və basılmaz ordudur. Türkiyə və İran dövlətləri arasındakı müvazinəti fitnə-fəsadla elə pozmaq lazımdır ki, onlar bir-biri ilə dil tapa bilməsinlər. Həm İran, həm də Türkiyənin Avropa xalqları ilə təmas tapmasına imkan verməmək…" "Dirilik”" jurnalı, 1916-cı il),  türkü gözü götürməyənlər bütün dövrlərdə olduğu kimi bundan sonra da bu daşdan xilas olmağa can atacaqlar. Və əyər türk erməni "soyqırımını" etiraf eləsə, bunun yəhudi soyqırımı ilə fərqi o saat özünü göstərəcək. Çünki erməni ermənidir, yəhudi deyil. Və mənim narahatçılığım ondan yana deyil ki, türk xalqı "soyqırım”" faktını etiraf eləyə bilər, məsələ burasındadır ki, boşluq eləsə, gönü suya versə, bir ləhzə avropalı soyuqqanlığı göstərsə (təəssüf ki, bəzi hallarda türkün xislətində bu hal özünü göstərir), bunu fakt kimi ona sırıya, boynuna qoya bilərlər! Halbuki istər Türkiyənin, istərsə də ona qardaş olan Azərbaycanın keşməkeşli tarixində bir dəfə yox, dəfələrlə soyqırımı hadisəsi baş veribbu barədə ən azı  M.S.Ordubadinin, Mir Möhsün Nəvvabın real faktlar əsasında qələmə aldıqları "Qanlı illər" və "Qarabağnamə" kitablarında daşdan keçən məlumatlar bəs deyincədir.

 

Bəs indilərə nə sözünüz var, cənablar?!

 

İndi gəlin görək, başqalarını demirəm, elə təkcə "Qanlı illər"lə "Qarabağnamə"ləri dünyanın aparıcı dillərinə çevirib yaya bilmişikmi? Sovet dönəminin öz qanunları vardı - buna mən razı. Tərcüməçilər sarıdan da axsayırdıq - burası da bəlli. Bəs indilərə nə sözünüz var, cənablar?! Az qala Bakımızda hər beş nəfərdən biri ingiliscə danışıb gap eləyə bilir. Şəhərdə gur-gur yanan işıq reklamlarının dilinə fikir verəndə, deyərsən ki, bura şərq şəhəri deyil, Monte-Karlodur. Yüz min nüsxələrlə bivec-bivec  kitaba sponsorluq edib nəşr etdirir, sonra da utanmadan yar-yoldaşın, qohum-əqrəbanın iştirakı ilə araq-çaxırlı təqdimat mərasimləri keçirirlər, amma "Qanlı illər"ə "Qarabağnamə”"lərə yiyə duran yoxdur. Bilirsiniz nəyə görə, çünki onların arxasında dayanacaq "papaşaları" yoxdur. "Adamın adamı" məsələsi… Qarşıdan Xocalı soyqırımının il dönümü gəlir. Bu münasibətlə istər Azərbaycan mətbuatında, istərsə də radio-televiziyada təbliğat kompaniyası gündən-günə qızışır, geniş vüsət alır. AmmaÇox təəssüf ki, bu təbliğat kompaniyası yalnız ildə bir kərə yada düşür. Sonra yenə unudulur, növbəti ilə qədər necə deyərlər, qatlanıb qoyulur arxiv rəfinin bir küncünə. İkincisi, çox təəssüf ki, Xocalı soyqırımı haqqında ildə bir kərə ərşə bülənd olan hay-küyümüzü, vay-şivənimizi yalnız özümüz deyib, özümüz eşidirik. Üçüncüsü və ən əhəmiyyətlisi də odur ki, biz bu faciəvi reallığı hələ də dünyaya sübut eləyə bilməmişik. Bir anlıq təsəvvür edin ki, (təkrar eləmək məcburiyyətindəyəm), ötən əsrin əvvəllərində - maşının, texnikanın, kinonun tam intişar tapmadığı 1915-ci ildə baş vermiş türk-erməni münaqişəsini demək olar heç bir maddi sübuta malik olmayan ermənilər dünya ilə bir eləyiblər. Özübu sahədəki məqsədlərinə hər il bir pillə yaxınlaşırlar. Amma Xocalı faciəsi ilə bağlı əlimizdə onlarla video material olduğu halda, başlıcası isə bu faciənin minlərlə canlı şahidi, yüzlərlə şəhidimiz, yaralımız, əsirlikdə olanımız varkən, əlimizdən heç bir şey gəlmir. Axır vaxtlar dilimizdə bir siyasi istilah peyda olub - "ikili standart". Yəni ki, bizlər qeyri-avropalı olduğumuza görə, türklüyümüz, müsəlmançılığımız ucbatından qapı arxasında saxlanırıq, ikinci dərəcəli millət kimi baxırlar bizə. Bununla hardasa razılaşmaq olar. Amma burası da var ki, heç bir dövlət, yaxud heç bir Avropalı siyasi xadim bizə öz tariximizi, öz milli kinomuzu, romanımızı, poemamızı yaratmağı qadağan edə bilməz.

 

Di gəl  ki, eləcə baxa-baxa qaldıq

 

Seyidağa Mövsümzadə adlı bir dostumuz var. İstedadlı, cəfakeş kinooperatordur. Söyləyirdi ki, Xocalı faciəsi baş verdiyi günlərdə Ağdamda cəbhə bölgəsində çəkiliş aparırdım. Meyitlər, yaralılar daşınır, Xocalıdan ölüm-zülüm xilas olub qaçanlar Ağdama yığışırdılar. Görünməmiş bir fəlakətin ilk saatlarını yaşayırdıq. Mənim bir gözüm Bakıdan Ağdama gələn yollarda qalmışdı. Hələ inanırdım ki, bu faciə Qarabağa ümumxalq axınına səbəb olacaq, bu boyda qisası yerdə qoymayacaq xalqımız. Amma di gəl  ki, eləcə baxa-baxa qaldıq. Bəli, o zaman başıboş, cəsarətsiz rəhbərlərin kəməndinə düşmüş xalqımız Xocalının intiqamını ala bilmədi. Gücü yalnız bayatılara, ağılara, qəmli şikəstələrə çatdı. Bu gün Xocalı adlı bir şəhərin, bir dirriyin yalnız adı qalıb. Xalqından qırılanı qırıldı, əsir düşəni əsir düşdü, qalanı da bu günlərimizdə köçgünlük həyatını yaşamağa məhkumdur. Bizlərsə hələ "Xocalım vay" deyib şivən qoparırıq. Yadımdadır, 2001-ci ildə İstanbulda belə bir rəyə gəlmişdilər ki, dırnaqarası erməni soyqırımının öyrənilməsinə həsr olunmuş konfrans keçirilsin. O zaman prezidentimiz Heydər Əliyev bu təklifi ürəkdən bəyənib dəstəkləmiş, çox qiymətli təkliflər irəli sürmüşdü. Heydər Əliyevlə görüşündə Türkiyənin Azərbaycandakı o zamankı səfiri Qədri Ecvet Tezcan demişdi ki, bu işə Rusiyanın, İranın Gürcüstanın da tarixçələrini cəlb etmək niyyətləri var. Əlbəttə, ideya əla idi, ancaq yaxşı olardı ki, qardaş Türkiyə bu sayaq adekvat tədbirlər barədə çoxdan düşünəydi. Bəlkə lap elə 1915-ci ildən başlayaraq. bu yerdə eyni iradı özümüzə tutmağı lazım bilirəm.  qədər gec deyil Xocalı faciəsinin tarixini bütün detallarınacan öyrənməli, onu bütün dəhşətləri ilə təsvir edən tutarlı sənədlər ortaya qoymalıyıq.

 

Mən "sənədlər" ona görə deyirəm ki, bunlar yalnız bir faktlı, bir ricətli, bir tonlu kağız nəsnələrindən ibarət olmamalıdır. Burda ingilis, fransız, alman dili bilənlərimiz qollarını çırmalamalıdır. Klassiklərimizdən tutmuş bu günlərimizdə yaşayıb yaradan söz ustalarının, Qarabağ faciəsini öz üzərində bilavasitə hiss eləmiş Elçin, Mövlud Süleymanlı, Ramiz Rövşən, Afaq Məsud, Yusif Kərimov kimi istedadlı qələm yiyələrinin bu vaxtacan yazdıqları dünyanın aparıcı dilləri vasitəsilə hər tərəfə yayılmalı, onlardan yeni-yeni əsərlər tələb edilməlidir. Azərbaycan Yazıçılar birliyi özlüyündə isbatlı bir mərkəz olsa da, yaxşı olardı onun nəzdində Azərbaycan xalqının soyqırımına məruz qalması barədə yazılmış və bundan sonra yazılacaq əsərləri koordinasiya edəcək bir qrupmu deyim, yaxud bir mərkəz yaradılsın. bir daha təkrar eləyirəm ki, hələlik bu xəyali mərkəzdə toplanacaq, əldə ediləcək bədii və sənədli materiallar dövlətimizin digər siyasi qurumları, eləcə də qeyri hökumət təşkilatlarının xətti ilə dünya dillərinə mükəmməl tərcümə edilmiş şəkildə xarici dövlətlərə – ATƏT-dən tutmuş BMT-yəcən, NATO-dan tutmuş Avropa Parlament Assambleyasınacan yayılmalıdır. bunun üçün  Azərbaycan teleməkanında meydan sulayan, xalqımızın milli ləyaqətinə yaraşmayan vulqar şou-biznesə rəvac verən, millətinin kasıb təbəqəsinin, qaçqınının, atasız-anasız yetimlərinin boğazından kəsib abırsız manısların yolunda kapital qoyan bir-iki milli sponsorumuzun özünü silkələməsi yetər. Gərək şəhid teleoperatorumuz Çingiz Mustafayein hönkürə-hönkürə lentə aldığı o məşum mənzərələr; əsası yanına düşüb qalmış ixtiyar, nurani Allahverdi kişinin görüntüsü təkcə onun oğlu, jurnalist həmkarımız, şair qəlbli Ələmdar Quluzadənin yox, bizim hər birimizin vicdanını rahat buraxmaya, ürəyimizi didib parçalaya. Çingizin dərin iztirabla qucağına alıb vertolyota sarı apararkən başını sinəsinə söykəyib ağladığı o donmuş, zərif təni güllələrdən didilmiş o məsum tifili öz balamız bilməsək, onun qisasını qiyamətə saxlasaq, yatanda yuxularımızda belə görməsək, bizdən millət olmayacaq...

 

Və bizlər elliklə elə işləməliyik  ki, günlərin birində heç olmazsa Xocalı soyqırımının böyük dövlətlərin konqresində rəsmən qəbul edilməsinə nail olaq. Bəsdir «viran qalmış Xocalım vay» deyib şivən qoparmağımız.

 

İntiqam Mehdizadə

Kaspi.-2017.-22 fevral.-S.15.