“Göy-göl”
ansamblı Azərbaycanın və Gəncənin fəxridir
Məşhur sənətçilərin
çıxış etdiyi “Göy-göl” xalq
çalğı alətləri ansamblı 40 ildir ki, fəaliyyət
göstərir
Bu il "Göy-göl” xalq çalğı alətləri ansamblının yaradılmasının 40 ili tamam olur. 40 ildir ki, maraqlı və rəngarəng ifaları ilə bir çox dövlət tədbirləri və konsertlərində iştirak edən "Göy-göl" Dövlət Mahnı və Rəqs ansamblı bu gün də fəaliyyətini davam etdirir. İllər ötdükcə tərkibində peşəkar kadrlar yetişdirən ansamblın saysız tələbələri var. Onlar bu gün Azərbaycan musiqi sənətinə öz töhfələrini verməkdədir. Bununla yanaşı, "Göy-göl” xalq çalğı alətləri ansamblı beynəlxalq müsabiqələrdə ölkəmizi təmsil edir. Bu ansamblın hazırda rəhbəri xalq artisti Şahnaz Haşımovadır.
"Göy-göl” ansamblı necə meydana gəldi?
Hazırda 40 illiyini qeyd etdiyimiz bu ansambl 1969-cu ildə Fikrət Əmirovun təşəbbüsü ilə yaradılıb. 1990-cı ildə ansamblın bazasında Gəncə Dövlət Filarmoniyasını yaradan Fikrət Verdiyev filarmoniyanın nəzdində "Göy-göl” mahnı və rəqs ansamblından başqa notlu xalq çalğı alətləri orkestrini və kamera orkestrini yaradır. Mixail Boyarskini, Müşərrəf Akayı Bakıya dəvət edərək çıxışlarını təşkil edir. O zamanlar gənc tarzənin yaddaşlarda qalan ən böyük xidmətlərindən biri doğma Gəncəsi üçün 1969-cu ildə "Göy-göl” xalq çalğı alətləri ansamblını yaratması olub. Gəncə musiqiçilərini və sənətçilərini başına yığan Fikrət Verdiyev yerli mədəniyyət nümayəndələrinə xəbər vermədən Bakıya gedərək, burada konsert proqramı ilə çıxış edir. Təbii ki, televiziya vasitəsi ilə konserti izləyən yerli hakimiyyət nümayəndələri üçün varlığından xəbərsiz olduqları Gəncə "Göy-göl" Dövlət Mahnı və Rəqs Ansamblının konserti sürpriz olur.
"Göy-göl" ansamblının o vaxtkı bədii rəhbəri Fikrət Verdiyev isə Bakıda gözəl bir konsert verdikdən sonra geri qayıtdıqlarını belə xatırlayır: "İkinci katib Tofiq Kazımov məni yanına çağırdı və bir az da danladı ki, niyə xəbər verməmisiz. Dedim, gedib neyləmişik ki?! Dedi ki, gedirdiniz, xəbər edərdiniz, avtobus, geyim təşkil edərdik. Dedim ki, mən istədim Gəncə üçün sürpriz olsun”.
Ansamblın ilk solisti
Ansamblın ilk solisti Rövşən Behcət olub. Fikrət Verdiyev
deyir ki, mərhum Rövşən
Behcət haqqında danışmaq onun üçün çox çətindir. Çünki o, sadiq insan olub.
Dəfələrlə Bakıya dəvət
olunsa da, nə Gəncəni, nə də "Göy-göl" ansamblını
atıb getməyib.
Təbii ki, ansamblın fəaliyyəti genişləndikcə,
onun sıralarına başqa solistlər də qoşulur. Yaranmasından
8 il sonra
isə Heydər Əliyevin xüsusi tapşırığı ilə
ansambla dövlət statusu verilir. Bu illər ərzində
bir çox layihələrə imza atan və bir
çox xarici ölkələrdə qastrol
səfərlərində olan
ansambl, hazırda yeni repertuar üzərində çalışır.
Bu məşqlərə Gəncənin gənc ifaçıları da cəlb olunub.
Yarandığından qısa zaman sonra ansamblın şöhrəti bütün
Azərbaycana, hətta
ölkə hüdudlarından
kənara yayılıb. Xarici ölkələrdə konsertlərə
dəvət alan
ansambl fəxri-fərman,
diplom və mükafatlara layiq görülüb. Ansamblda
məşhur sənətçilərdən
Şövkət Ələkbərova,
Zeynəb Xanlarova, Rübabə Muradova, Nəzakət Teymurova,
Flora Kərimova, Səkinə
İsmayılova, Kəmalə
Rəhimli, İslam Rzayev, Canəli Əkbərov, Məmmədbağır
Bağırzadə, Elmira Rəhimova,
Baba Mahmudoğlu və
başqaları çıxış
ediblər.
"Göy-göl" ansamblının şöhrətinin
daha da artmasının
ikinci bir səbəbi isə 1972-ci
ildən etibarən ansamblın müşayiətlə
Zeynəb Xanlarovanın
konsertlər verməsi
olur. 1982-ci ildə isə Zeynəb Xanlarovanın dəvətilə
Fikrət Verdiyev onun ansamblına konsertmeystr təyin edilir. Bu ansamblla
dünyanın 40-dan çox
ölkəsində musiqi
mədəniyyətimiz təbliğ
edilir. Bir-birinin ardınca onu izləyən uğur
1987-ci ildə onun əməkdar artist adına layiq görülməsi ilə
nəticələnir.
1990-cı ildə "Göy-göl” ansamblının bazasında Gəncə Dövlət Filarmoniyasını yaradan F.Verdiyev, ardınca notlu xalq çalğı alətləri orkestrini və kamera orkestrini təşkil edir. Və 1994-cü ildə müəyyən səbəblərə görə ansambldan və filarmoniyadan ayrılır. Bu ansamblın yaradılması ilə bağlı danışan Fikrət müəllim deyir ki, "Göy-göl” ansamblını yaradanda heç də əlverişli şərait yox idi: "O zaman 22 yaşım vardı. 7 il mən bu ansamblı ictimai əsaslarla saxladım. Dövlət konsertlərinə, qastrol səfərlərinə getdik. Günlərlə filarmoniyada konsertlərimiz oldu. 1977-ci ildə Heydər Əliyevin tapşırığı ilə ansambla dövlət statusu verildi. 75 ştat ayrıldı. "Göy-göl” Dövlət Mahnı və Rəqs Ansamblı olandan sonra Gəncə rəhbərliyi ilə birgə köməkləşib ictimai əsaslarla 1000 nəfərlik konsert salonu tikdirdik. Bir şeyi danışım ki, ansambl dövlət statusu alandan sonra orada 36 rəqqas olmalı idi. Gəncədə də heç kim öz qızını rəqs etməyə qoymazdı. Fikirləşdim, neyləyim? Bakıya gəldim, xalq artisti baletmeystr Kamil Dadaşovla görüşdüm. Ona dedim, "gəl, Gəncədə işlə, amma rəqqasları burdan aparaq”. Bakıdan 12 oğlan, 12 qız yığdıq. Vağzalda valideynləri yola salanda dedilər ki, "ay Fikrət müəllim, bizim uşaqları aparırsız, amma heç bilmirik harda qalacaqlar, nə qədər maaş alacaqlar”. Dedim narahat olmayın, hər şey mənim boynumdadır. İki ilyarım o 24 nəfərin gündəlik yeməyini, qalacaq yerini özüm təmin etdim. O vaxt toylara gedirdim, yaxşı qazancım olurdu. Həqiqətən də çox gözəl kollektiv yarandı. Yaxşı nömrələr, rəqslər hazırladıq”.
Ansambl etibarlı əllərdədir
Fikrət müəllim Gəncə Filarmoniyasını necə yaratdıqlarını belə xatırlayır: "Respublika rəhbərliyi buna da çox böyük ürəklə yanaşdı. Əlavə kamera ansamblı, notla xalq çalğı alətləri orkestri yarandı. 200 nəfərə qədər ştat ayrıldı”.
O tarixdən bəri bu ansambl öz sözünə xilaf çıxmadı. Qırx il səhnədə, sənətdə qalmaq çox böyük zəhmət çəkilib. Bu zəhmətdə hazırda ansamblın direktoru Şahnaz xanımın da böyük payı var. Şahnaz xanım mətbuata açıqlamasında bu ansamblı qoruyub saxlamaq üçün böyük əziyyətlərə qatlaşmalı olduğunu bildirib: "Bu ansambl 1969-cu ildə Fikrət Əmirovun təşəbbüsü ilə yaradıldı. Mən 16 yaşında "Göy-göl" ansamblına bədii rəhbər Fikrət Verdiyev tərəfindən dəvət olunmuşam. Mən bura gələndə gələcək həyat yoldaşım - əməkdar artist Eldar Abdullayev filarmoniyada kamança çalırdı. Bura mənim üçün çox əziz və doğmadır. Bu ansamblda dövrümüzün peşəkar ifaçıları çalışıb. Onlar Azərbaycan musiqi tarixinə öz möhürlərini də vurublar. Nə az, nə çox, düz 40 il. Qeyd etmək istəyirəm ki, o tarixdən bəri bu ansambl öz sözünə xilaf çıxmadı. Qırx il səhnədə, sənətdə qalmaq çox böyük zəhmət tələb edir. "Göy-göl” ansamblı Azərbaycanın və Gəncənin fəxridir. Bu ansamblla Macarıstanın paytaxtı Budapeştdə, İordaniya Haşimilər Krallığında, Türkmənistanda və bir sıra beynəlxalq festivallarda iştirak etmişik”.
Xəyalə Rəis
Kaspi.-2017.-22 fevral.-S.12.