Yazıçı əsəri, rəssam tablosu, bəstəkar musiqisi ilə xidmət göstərməlidir

 

Azər Hacıbəyli: “Əsas məqsəd milli vətənpərvərlik ruhunu daha da yüksəltmək olmalıdır”

 

Yazıçı-publisist, filoloq Azər Hacıbəyli bir neçə dərsliyin, hərbi vətənpərvərlik mövzusunda yazılmış «Doxsan dördün payızı», Sədərək şəhidlərinin xatirəsinə ithaf olunan «Vətən daşı», mənfur ermənilərlə ölüm-dirim savaşında həlak olmuş silahlı qüvvələrimizin giziri Mübariz İbrahimovun misilsiz şücaətini əks etdirən «Addım at», Azərbaycanın Milli Qəhrəmanı Nadir Əliyevin döyüş və həyat yolunun tərənnüm olunduğu «Zəfər yolu» və Milli Qəhrəman Gültəkin Əsgərovanın həyatından bəhs edən «Ana haqqı» poemalarının, çoxsaylı elmipublisistik məqalələrin müəllifidir. Bu yaxınlarda nəşr etdirdiyi "Zəfər yolu” kitabında üç poeması yer alıb.

 

"Aprel döyüşləri özümüzə, qələbəmizə inamı göstərdi”

 

A.Hacıbəyli deyir ki, silahlı qüvvələrimizin uğurlu əməliyyatları və keçən il aprel döyüşlərindəki şücaəti onu yazdığı materialları sistemləşdirərək, təqdim etməyə ruhlanıdırb: "2015-ci ildə Azərbaycan səmasında ermənilərin vertolyotunun vurulması məni yaradıcılığa daha da həvəsləndirdi. Şeirlərin dalınca poemalar yazmağa başladım». Sədərək şəhidlərinin  xatirəsinə həsr olunan "Vətən daşı» poemasından bəhs edən yazıçı-publisist həmin döyüşlərdən yazarkən Azərbaycanın həm informasiya savaşında, həm də düşmənlə üz-üzə döyüşlərdə qalibiyyətindən ilham alıb: «Əgər biz həmin döyüşlərdə qalib gəlmişiksə, gələcəkdə də uğurlu əməliyyatlar keçirib torpaqlarımızı işğaldan azad edəcəyik. İstər-istəməz göz önünə ulu öndərin fəaliyyəti gəlir. Həmin döyüşlərdə Azərbaycanın müxtəlif bölgələrindən insanlar iştirak etmişdi. Onların birlikdə qalib gəlməsi, vətənpərvərlik nümayiş etdirmələri poemada örnək kimi qeyd olunub. Əsərdə bir zabitin timsalında qəhrəmanlıq göstərilsə də, onun yolunu davam etdirən zabitin xanımının və oğlunun da obrazları yaradılıb”.

 

A.Hacıbəyli «Vətən daşı»nı yazanda hələ aprel hadisələri baş verməmişdi. Keçən ilin mart ayında isə kitabın təqdimatını keçirib: "Aprel hadisələri baş verəndə başa düşdük ki, intuisiyamız yolu bizə düz göstərib. Biz aprel hadisələri zamanı artıq məğlubiyyət sindromunu tamamilə sındırdıq. Bununla da gələcəyə daha inamla baxa bilərik. Aprel döyüşləri hansı qüvvəyə qadir olduğumuzu, özümüzə, qələbəmizə inamı göstərdi”. Yazıçının fikrincə, qələbəyə inam hissi vətənpərvərlik ruhunu özündə yaşadan insanları heç vaxt tərk etmir. Belə ki, həmin döyüşlər ərəfəsində hətta 60 yaşdan yuxarı insanlar da ölkə başçısı İlham Əliyevə müraciət edərək, döyüşlərdə iştirak etmək istədiklərini bildiriblər: "Bu yaxınlarda silahlı qüvvələrimizin veteranlarından bir hissəsi Lələtəpə yaxınlığında, Cocuq Mərcanlı kəndində ön sırada məskunlaşmaq istədikləri ilə bağlı müraciət ediblər. «Qoy görsünlər ki, müharibə veteranları yenə də irəlidədir»- deyə onlar qeyd ediblər”.

 

"Bu poemaları yazandan sonra daxilən rahatlıq tapdım”

 

A.Hacıbəyli belə bir məqamda yazarların üzərinə düşən əsas vəzifənin son ana qədər yaradıcılıqla məşğul olmaqdan ibarət olduğunu hesab edir: "Biz həm də əsgərik. Hər an torpaqlarımız uğrunda döyüşməyə hazırıq. Amma o vaxta qədər biz dayanmamalı, işimizi, təbliğatımızı davam etdirməliyik».

 

Yazıçı «Zəfər yolu»nu da Aprel döyüşlərindən öncə qələmə almağa başlayıb. Poemanın bir hissəsinin yazılması isə məhz döyüşlərin getdiyi vaxtlara təsadüf edib. A.Hacıbəyli digər poeması - «Addım atda Milli Qəhrəman Mübariz İbrahimovun şücaətindən bəhs edib: "Mübariz bir döyüşçü kimi hər bir azərbaycanlının nəyə qadir olacağını dünyaya göstərdi. Vətən sevgisi elə bir güclü hissdir ki, daxilən güclü insanlar onlara lazım olsa, bütün maneələrin üzərindən keçə bilərlər”.

 

A.Hacıbəyli Milli Qəhrəman Gültəkin Əsgərova haqqında «Ana haqqı» adlı poema üzərində işlədiyini də bildirir. Deyir ki, qadın qəhrəmanlar haqqında da yazmaq lazımdır.

 

"Onların hamısı döyüş əmrini gözləyirdilər”

 

Keçən il məzuniyyətini Ağdamda, Quzanlıda keçirən A.Haçıbəyli Goranboyda, Tərtərdə cəbhə bölgələrində olub. Öz vəsaiti hesabına çap etdirdiyi 2500-ə qədər kitabı hərbçilərə, yerli sakinlərə paylayıb. Bölgə qəzetlərində də həmin kitablar barədə yazılar çap olunub. Yazıçı həmin görüşlərdə insanlardakı vətənpərvərlik ruhunun daha yaxından şahidi olub: "Bu, məni çox ruhlandırdı. Xüsusən, xocalılarla görüşdə həmin ruhu hiss etdim. Çətin vəziyyətdə yaşayan, sağlamlıqlarını itirən insanlar da döyüş əhvalında idilər. Onların hamısı döyüş əmrini gözləyirdilər».

 

Yazıçı hesab edir ki, vətənpərvərlik ruhunda yazılan əsərlərin xüsusən böyüyən nəslin tərbiyəsində böyük rolu var: "Bu gün özünü əsgər sayan yazıçılarımız gərək bu prosesdə iştirak etsinlər. Əsas məqsəd milli vətənpərvərlik ruhunu daha da yüksəltməyə yönlməlidir. Yaradıcı adamlar həmin yerlərə ruhən də səfər etməyi bacarmalıdırlar. Biz bədii həqiqətlərlə tarixi həqiqətlərə yaxınlaşa bilərik». Yazıçının fikrincə, vətənpərvərlik tərbiyəsi məktəbdən formalaşmalı, gənclikdə daha da təkmilləşməli, insanın qanına hopmalıdır: "Biz tələbə olan illərdə Milli azadlıq hərəkatı başladı. Onda başa düşdük ki, hər şey irəlidədir və bizmeydanlarda olmalıyıq. Biz də hərəkatda yaxından iştirak edirdik”.  A.Hacıbəyli hesab edir ki, Xocalı faciəsi və 20 Yanvar faciələri ilə bağlı tədbirlər kampaniya şəklində deyil, ilboyu qeyd edilməli, dünya ictimaiyyətinin diqqətinə çatdırılmalıdır: "Biz daim bu tarixi günlər haqqında tədbirlər keçirməliyik. Bu tədbirlərlə hamı məşğul olmalı, hər kəs bu istiqamətdə bir addım atmalıdır. Dünyaya səpələnən azərbaycanlıların hərəsi bir görsə, biz bu hadisələrlə bağlı çoxlu təbliğat apara bilərik. Yazıçı əsəri, rəssam tablosu, bəstəkar musiqisi ilə xidmət göstərməlidir. Xalqımız qəhrəmanlarımızı heç vaxt unutmur, onları daim yad edirik. Hər bir görülən işi, yazılan əsərin yaradılması onlara olan ehtiramın göstəricisidir”.

 

Təranə Məhərrəmova

Kaspi.-2017.-22 fevral.-S.10.