Xalq rəssamının təmas nöqtəsi

 

"Tamam unutmuşam, vaxt necə də sürətlə ötüb keçdi"

 

Azərbaycanın  görkəmli fırça ustası, Xalq rəssamı, Dövlət mükafatı laureatı Elbəy Rzaquliyevin 2006-cı ildə 80 yaşı tamam olanda, yubilyarın dostu, jurnalist Azad Şərif qəzetlərin birində "Dostum Elbəy” adlı məqalə dərc etdirmişdi. Rəssamın qonşularından kimsə məqaləni oxuyub, çox xoşuna gəlmişdi. Qonşu qəzetin səhifəsini kəsərək, "Mənim də dostumdur” sözlərini yazıb liftin içərisinə yapışdırmışdı. Sonradan bu yazını oxuyan Elbəyin digər  qonşuları "Elə mənim də!” sözlərini əlavə edib, hətta qəzet parçasının kənarına öz imzalarını da qoymağa başlayırlar. Bir qədərdən sonra qəzetdə artıq nəsə yazmağa yer qalmayır... Lift isə bütün həftə ərzində bu dərkənarları aşağı-yuxarı daşımaqda davam edir.

 

Elbəy Rzaquliyev böyük sənətkar, nadir istedad sahibi olmaqla bərabər, həm də adamlarla tez ünsiyyət tapmağı bacaran kampaniya adamı, gözəl insan, əsl şəxsiyyət idi.

 

VQİK yataqxanasının ürəyi

 

Elbəy Mirzə  Həsən oğlu Rzaquliyev 1926-cı ildə Bakıda dünyaya göz açmışdır. O, uşaqlıq illərini və ilk sənət müəllimi haqqında xatirələrində belə yazmışdır: "Mən lap kiçik uşaq olanda bizim küçədə, Suraxanskidə (indiki Dilarə Əliyeva – A.K.) demək olar ki, evimizlə üzbəüz "Molla Nəsrəddin” jurnalının məşhur karikaturaçı rəssamı Əzim Əzimzadə yaşayırdı. Məhəlləmizdə rəssam olmaq istəyən uşaqlar çox idi. Əzim əminin qapısı bizim üçün həmişə açıq olardı. Biz saatlarla dinməzcə oturub onun necə işləməsini izləyirdik. Rəssam başını qaldırmadan, ağır-ağır nəfəs alaraq, konturlar çəkir, sonra onları rəngləyir, nəticədə maraqlı səhnələr alınırdı: dəllək küçənin ortasında müştərinin başını qırxır, itlər boğuşur. Biz bu şəkillərə həsədlə və heyranlıqla baxardıq. Evə gedəndə rəssam bizə qələm və kağız verir, hər dəfə də monoton səslə deyərdi: "Məktəbdə yaxşı oxuyun, onda mən sizi rəssamlıq məktəbinə qəbul edərəm.” O vaxtlar Əzim əmi rəssamlıq məktəbinin direktoru idi. Lakin mən o məktəbə daxil olanda artıq direktor dəyişmişdi”.

 

1941-ci ildə Elbəy Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbinə daxil olur. Onun ilk müəllimi rəngkar Eyyub Məmmədov idi. 1946-cı ildə Elbəy rəssamlıq məktəbini bitirir, Respublika Maarif Nazirliyi onu həmin il Moskvaya Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna göndərir. O, burada rəssamlıq fakültəsində oxuyur, Q.Şeqal, Y.Pimenov, A.Dixtyar və M.Boqdanov kimi yüksək peşəkar rəssam-pedaqoqlardan dərs alır.

 

Elbəy institutda oxuduğu illərdə istər müəllimlərin, istərsə də tələbələrin böyük hörmətini qazanmışdı. Onun institutda digər fakültələrin tələbələri ilə, istərsə də institut yataqxanasının sakinləri ilə qaynayıb qarışması, hətta kimlərəsə kömək etməsi onu hamının sevimlisi etmişdi. Təsadüfi deyil ki, sonralar bu azərbaycanlı balasından söhbət düşəndə məşhur aktyor Vyaçeslov Tixonov deyəcəkdir: "Elbəy VQİK yataqxanasının ürəyi idi.”

 

"Gələcək gün”lə başlayan karyera

 

E.Rzaquliyevin diplom işi yazıçı Mirzə İbrahimovun "Gələcək gün” romanının ekranlaşdırılması üçün seriya eskizlər idi. O, dekorasiya və personajların kostyumları ilə əlaqədar on dörd eskiz hazırlamışdı. 1953-cü ildə E.Rzaquliyev institutu müvəffəqiyyətlə bitirib  Bakıya qayıdır.  Gənc rəssamın kinostudiyada ilk işi rejissorlardan H.Seyidzadə və Y.Fridin 1954-cü ildə quruluş verdikləri "Doğma xalqımıza” bədii-sənədli filmidir. O, bu film üzərində rəssamlardan C.Əzimov və A.Freydlə birgə işləmişdir.

 

1955-ci ildə E.Rzaquliyev dostu C.Əzimovla birgə birdən-birə iki filmə - "Bəxtiyar” musiqili və "Görüş” kinokomediyalarına bədii tərtibat vermişdir. Dramaturgiyanın tələblərinə əsasən tikilmiş dekorasiyalar filmdə cərəyan edən hadisələrə və personajların fəaliyyətinə uyğun hesablanmışdır. Yəni film çəkilərkən rejissor L.Səfərov və operator A.Nərimanbəyov eskizlərin ekran variantında rəssamların nəzərdə tutduqları bədiiliyi bütünlüklə saxlamışlar. Burada işıqlandırma qanunları, ətraf mühitin ton çalarları gözlənilmişdir.

 

"Görüş” kinokomediyası isə kənd həyatına, Azərbaycan və Özbəkistan pambıqçılarının ənənəvi dostluğuna həsr edilmişdir. Filmdə əsasən natura çəkilişlərindən istifadə olunsa da, pavilyonda hazırlanmış dekorasiyalar - iş otaqları, mənzillər, bu otaqlardakı əşyalar, mebellərin necə yerləşdirilməsi, işıq effektləri ab-hava yaradır, qəhrəmanların əhval-ruhiyyəsini ifadə edir.

 

"Telefonçu qız”ın xarakterinin təsviri

 

Rəssam E.Rzaquliyev 50-ci illərdə istehsal olunan yeddi filmdən yalnız birində - "Onun böyük ürəyi”ndə (1958) müstəqil işləmişdir. Yazıçı M.Hüseynin eyni adlı romanı əsasında ekranlaşdırılan "Qara Daşlar” kinopovesti qəhrəman dəniz neftçilərinə həsr olunmuşdur. Düzdür, film bütövlükdə sənət baxımından diqqəti o qədər cəlb etməsə də, təsvir nöqteyi-nəzərindən yüksək səviyyədə işlənmişdir.

 

Şərq ölkələrindən birində sadə adamların sülh və istiqlaliyyət uğrunda apardıqları mübarizədən danışan "Bir məhəllədən iki nəfər” filminin bədii tərtibatı üzərində üç rəssam - Elbəy Rzaquliyev, Məmmədağa Hüseynov və Kamil Nəcəfzadə işləmişlər. Bu rəssamların dəst-xəttləri, işləmək üsulları müxtəlif olsa da onları birləşdirən sənətə olan sevgi, yaratmaq həvəsi idi.

 

Elbəy Rzaquliyev və Məmmədağa Hüseynov tandemi onların birgə işləri olan "Ögey ana” məişət dramında da öz gözəl nəticəsini göstərmişdir.

 

Gənc rəssamın kinostudiyada fəal çalışması, təcrübə toplaması, istehsalatı dərindən öyrənməsi bir daha təsdiq edir ki, o, film rəssamının vəzifəsini və kino sənətinin spesifik xüsusiyyətini dərindən başa düşür. Yuxarıda adlarını çəkdiyim filmlərdə E.Rzaquliyevin müşahidəçilik qabiliyyəti hiss olunur. O, dekorasiyalarda inandırıcılığa, səlisliyə və bütövlüyə nail olmağa çalışır.

 

60-cı illərdə istehsal olunan bir neçə filmin, o cümlədən "Telefonçu qız” (1962), "Möcüzələr adası” (1963), "Arşın mal alan” (1965), "İstintaq davam edir” (1966, N.Zeynalovla birgə) və "Uşaqlığın son gecəsi” (1968) kino əsərlərinin uğurlu ekran taleyində şübhəsiz ki, rəssamın böyük əməyi olmuşdur.

Azərbaycan kino sənətində mərhələ təşkil edən "Telefonçu qız” lirik kinopovestində həyatda öz yerini tapan gənc qız Mehribanın çətin keçən həyat yolundan və onun ilk uğursuz məhəbbətindən danışılır. Böyük daxili inam və xarakterin bütövlüyü gənc qəhrəmana həyatın çətin anlarında özünü ələ almağa və həyatı dərk etməyə kömək edir. Yaradıcı heyət əsərdə qoyulan bu əsas ideyanı aydın və inandırıcı şəkildə tamaşaçılara çatdıra bilmişdir. Əlbəttə, bu məsələnin həllində quruluşçu rəssamın rolu danılmazdır. "Möcüzələr adası” kinopovesti Neft Daşlarının qəhrəman neftçilərinə, onların əməyinə həsr olunmuşdur. Burada rəssam müasir həyatla bağlı mühit yaratmışdır. "Uşaqlığın son gecəsi” bədii filmi gənclər haqqındadır. Burada şəxsiyyətin formalaşmasından, əsl insan, prinsipial vətəndaş olmağın zəruriliyindən söhbət açılır.

 

"Arşın mal alana”a verilən yeni həyat

 

"Arşın mal alan” musiqili komediyasının 1945-ci ildə çəkilib dünya ekranlarında böyük uğurla nümayiş etdirilməsinə baxmayaraq, bu operettanın müasir tələblərə uyğun, kinotexnikanın son imkanlarından istifadə edərək, rəngli genişekranlı variantda yenidən çəkilməsinə böyük ehtiyac var idi. Filmə baxarkən aydın olur ki, yaradıcı heyət müasir tamaşaçıların indiki zövqünü və tələbatını nəzərə almış, filmi müasir  həyatımızla səsləndirməyə çalışmışdır.

 

Quruluşçu rəssam E.Rzaquliyev səmərəli axtarışlar aparmalı olmuşdur. Bir sıra səhnələr qapalı dekorasiyadan naturaya, Quba bağlarına və Göy Gölün qoynuna çıxarılmış, burada təbii mənzərələrdən geniş istifadə olunmuşdur. Bu da vahid kompozisiyasının yaranmasına və əsərin emosional qüvvəsinin artırılmasına kömək etmişdir. Rəssamın çəkdiyi eskizlərdəki dekorasiyalarla və natura ilə uyğunluq, əlvanlıq və əzəmət əsərin estetik təsirini artırmışdır. Rejissor fikrinin və rəssam işinin bədii şəkildə və ustalıqla canlandırılmasında operatorun əməyi də qeyd edilməlidir.

 

Elbəy Rzaquliyevin rəssamlıqla kinonun vəhdəti barədə düşüncələri də maraqlıdır: "Kino sənətində rəssam əməyinin rolu çox böyükdür. Filmlərin tərtibi üzrə çalışan rəssamların müasir rəngli və panoram texnikası sahəsində hər hansı ekran əsəri olduqca böyük bədii imkanlar kəsb edir. Düzdür, bəzən rəssamla rejissor arasında fikir ayrılığı, sağlam mübahisə olur. Lakin mən şəxsən tərəf-müqabili başa düşməyə, eyni zamanda təlqin etmək istədiyim ideyanı sübuta yetirməyə çalışıram. Əlbəttə, hər birimizin fikri ümumi işin xeyrinə xidmət etməlidir.” Quruluşçu rəssamın istər əvvəllər, istərsə də 70-ci illərdə üzərində çalışdığı "Sevil” (1970), "Gün keçdi” (1971), "Skripkanın sərgüzəşti” (1972), "Dənizə çıxmaq qorxuludur” (1973), "Tütək səsi” (1976), "Vulkana doğru” (1976−1977), "Arxadan vurulan zərbə” (1977) bədii filmlərində öz iş prinsipinə sadiq qaldığını bir daha yəqin edirik.

 

E.Rzaquliyev yaradıcılığına xas olan başlıca xüsusiyyətlərdən biri dekorasiyalarda, geyim eskizlərində dövrün, insanların və təbiətin ruhunu, xarakterini bütünlüklə əks etdirmək, tarixi abidələrin, memarlığın diqqəti cəlb edən formalarını axtarıb tapmaqdan ibarətdir. Onun məşhur "Sevil” film-operasına verdiyi tərtibat bu baxımdan diqqəti çəkir.

 

"Sevil” film-operasının quruluşçu operatoru R.İsmayılovun xatirələrindən: "Elbəy film üçün eskizləri yağlı boya ilə çəkmişdi. Bu eskizlər o qədər ifadəli, təsirli və baxımlı idi ki, rejissor V.Qorikker bunları filmin strukturuna daxil etdi. Həmin əsərlər göstəriləndə F.Əmirovun məşhur musiqi əsəri olan xoral səsləndi. 12 monumental kompozisiya Azərbaycan qadınının hüquqsuzluğunu, acı taleyinin dramatizmini açıb göstərdi.

 

Filmi Elbəylə ciddi asketik tonda çəkməyi qərara aldıq. Qəhvəyi-qırmızı həyəcanlı qamma. Yalnız finalada major səslənəndə aləm açıq tona büründü. Ağ gəmi, mavi səma, qağayılar, qəhrəmanın açıq sarı kostyumu”.

 

Rejissor V.Qorikker müsahibələrinin birində demişdir: "F.Əmirovun xalq içərisində çox sevilən, dərin mündəricəli bu gözəl operası əsasında yaxşı film yaratmaq bizdən böyük məsuliyyət tələb edir. Onu da deyim ki, bu, müasir mövzuda ilk sovet film-operası olacaqdır. Bütün bunlar bir rəssam kimi Elbəy Rzaquliyevin qarşısına mühüm vəzifələr qoyur. Birgə işlədiyimiz müddətdə onun gözəl zövqü, rəngduyma bacarığı, kino sənətinin incəliklərinə dərindən bələdliyi məni heyran etmişdi. Onun dərin dünyabaxışı, geniş biliyi və təxəyyülü vardır. Onda milli kolorit də çox güclüdür.

 

Elbəy çəkdiyi eskizlərdə həyatı adicə kağıza köçürmür, real tarixi şəraitin ən əlamətdar cəhətlərini ümumiləşdirir. Filmin operatoru Rasim İsmayılovun da fikri belədir. Çox sevinirik ki, "Sevil” film-operasının bədii tərtibat müəllifi məhz Elbəy Rzaquliyevdir”.

 

"Bu hissləri duymuramsa, onda əsər yenidən işlənməlidir”

 

E.Rzaquliyevin kinoda fəaliyyətinin ən məhsuldar dövrü 80-ci illərə təsadüf edir. O, bu dövrdə "Onun bəlalı sevgisi” (1980), "Yeddi gözəl” (1982, R.Nəsirovla), "Əzablı yollar” (1982, R.Nəsirovla), "Musiqi müəllimi” (1983), "Bəyin oğurlanması” (1985), "Qəm pəncərəsi” (1986, R.Nəsirovla), "Xüsusi vəziyyət” (1986, N.Zeynalovla), "Araqarışdıran” (1987, R.Nəsirovla), "Şeytan göz qabağında” (1987, R.Nəsirovla), "Sahilsiz gecə” (1989, R.Nəsirovla) filmlərinə bədii tərtibat vermişdir. 1991-ci ildə quruluşçu rəssam Rafiq Nəsirovla birgə "Qəzəlxan” bədii filmi üzərində çalışmışdır.

 

Filmləri nəzərdən keçirdikdə burada mövzu və janr baxımından kino rəssamı üçün geniş meydan açıldığını görürük. Film-balet, film-nağıl, komediya, psixoloji dram, siyasi detektiv, sosial-dram. Əlbəttə, bu qədər rəngarənglik nə qədər gərgin zəhmət tələb etsə də E.Rzaquliyev kimi peşəkar kino rəssamı üçün çətinlik törədə bilməzdi. Çünki bu filmlərə baxanda onların hər birində rəssamın özünəməxsus dəst-xəttini, təsvir və yaradıcılıq fantaziyasının cizgilərini görürük.

 

Rəssam E.Rzaquliyev sənəti ilə bağlı söhbətlərinin birində demişdir: "Mən yeni çəkdiyim əsər qarşısında uzun müddət dayanıb xəyala dalmağı çox sevirəm. Əgər rəsmdəki insanların səsini eşidirəmsə, onlarla birlikdə sevinir, həyəcanlanır, kədərlənirəmsə, bir sözlə, təsvir etdiyim bir parça həyatı yaşayıramsa, demək istəyimə nail olmuşam. Bu hissləri duymuramsa, onda əsər yenidən işlənməlidir”.

 

Elbəy Rzaquliyevin kino fəaliyyəti onun vaxtını çox alsa da, onun digər işlərə də əli çatırdı. Çünki bu rəssamın maraq dairəsi çox geniş idi: kinostudiyada çalışmaqla bərabər onun dəzgah rəsmləri seriyasından bir çox rəngkarlıq və rəsm əsərləri vardır.

 

E.Rzaquliyevin Moskvada bir neçə fərdi sərgisi keçirilib. Onların içərisində ən yaddaqalanı 1989-cu ilin oktyabrında Moskvanın Mərkəzi sərgi salonunda açılan vernisaj olub. Bu sərgiyə ailəsi ilə birgə ümummilli lider Heydər Əliyev də təşrif buyurmuşdu. O, burada nümayiş olunan rəsmlərlə çox diqqətlə tanış olduqdan sonra  Elbəyi yaradıcılıq uğurlarına görə təbrik etmiş və onu nahara dəvət etmişdir.

 

Görkəmli fırça ustası, "Azərbaycan Böyük Vətən müharibəsi illərində” əsərlərinə görə 1986-cı ildə Respublika Dövlət Mükafatına layiq görülmüşdür.

 

Günlərin birndə ona zəng vurdum: "Elbəy, 80 illiyini təbrik edirəm.” O isə cavabında "Artıq 80-dir? Tamam unutmuşam,  vaxt necə də sürətlə ötüb keçdi” dedi.

 

Görkəmli sənətkar 2007-ci il sentyabrın 15-də 81 yaşında vəfat etmişdir.

 

Aydın Kazımzadə,

əməkdar incəsənət xadimi, kino tədqiqatçısı

 

kaspi.-2017.-28 fevral.-S.11.