Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

 

Tərbiyədə nəzarətlə qadağa qarışdırılmamalıdır

 

Hər bir şəxsiyyətin formalaşdırılmasında təlim-tərbiyənin özünəməxsus rolu var. Tərbiyə şəxsiyyətin məqsədyönlü formalaşması və inkişafı prosesi baxımından onun fiziki və mənəvi inkişafının mahiyyətini təşkil edir.

 

"Onlar müəyyən vaxt ərzində hansısa peşəni "qoparmaq” istəyənlərdir”

 

Bakı 10 saylı Peşə Məktəbinin müəlliməsi Sevil Məmmədova pedaqoq olaraq, gənclərin fiziki və mənəvi cəhətdən düzgün inkişafını ilk növbədə təhsilə maraqla ifadə etdi. Müsahibim bildirdi ki, peşə ixtisaslarına yiyələnməyə üz tutan gənclərin əksəriyyəti təəssüf ki, orta məktəblərdə təhsildə uğur qazana bilməyən, zəif oxuyan və çətin tərbiyə olunan şagirdlər olurlar. Belələri daha çox problemli ailələrin övladları olurlar. Və təəssüf ki, bu cür uşaqlar az deyil. İqtisadi cəhətdən və digər sahələrdə problemi olan ailələrin övladları çox çətin durumda olurlar. Müəllimə bildirdi ki, belə uşaqların psixoloji durumları da zəif olur. "Onlarla mütəmadi olaraq söhbətlər aparırıq. Məktəbin müəllim heyəti, eləcə də burada fəaliyyət göstərən psixoloq əlindən gələni edir ki, belə şagirdlər mənən sağlam olsunlar və cəmiyyətdə yer tuta bilsinlər. Bu cür şagirdlər daim bir sıxıntı içərisində olur və özlərini pis hiss edirlər.” Ölkədə gənclər üçün demək olar ki, hər cür şəraitin yaradıldığını vurğulayan müəllimə onu da bildirdi ki, bəzən ailə daxilində xoş münasibətlərin çatışmazlığı ilə üzləşən belə uşaqlar Peşə Məktəbinə heç də biliklərə yiyələnmək üçün deyil, sadəcə, bekarçılıqdan üz tuturlar. Bəzi uşaqların oxumağa marağı yoxdur. Yəni onlar müəyyən vaxt ərzində hansısa peşəni "qoparmaq” istəyənlərdir.  Bəs bu zaman seçilən peşə nə öyrədir? Müəllimə qeyd etdi ki, təhsil illərində müsbətə doğru dəyişikliklər çox olur. "Misal gətirə bilərəm ki, sentyabrda dərsə başlayan bir şagird heç kəslə ünsiyyət etmir, özünə qapanaraq, təkliyi seçmişdi. Daim fikirli idi, üzü demək olar ki, gülmürdü. Lakin bir müddət keçəndən sonra onun əhvalında müsbət dəyişikliklər baş verdi, təhsilini başa vurandan sonra tamamilə dəyişmişdi. Qazandığı peşə ilə yanaşı, ünsiyyət qurmağı da bacarmış və özünə hörmət qazanmışdı. Təcrübəmizdə belə hallar çox olub.” Məktəbdə qənnadçı-şirniyyatçı, dərzi, aşpaz, əməliyyatçı mühasib ixtisaslarının olduğunu, bundan başqa, maraqlı dərnəklərin də fəaliyyət göstərdiyini deyən Sevil xanım xeyli sayda məzunların uğur qazandıqlarını vurğuladı. Bildirdi ki, gənclərin mənəvi cəhətdən düzgün formalaşdırılması üçün ilk növbədə onları anlamaq, problemlərini bilib, təhlil etmək, onlarla dost olmağı bacarmaq lazımdır. Bu baxımdan, məhz peşə məktəblərinin işi olduqca çətindir. Digər aliorta ixtisas müəssisələrinə bir növ təlim-tərbiyəsi, biliyi ilə seçilən gənclərin üz tutduqları halda, peşə məktəblərinə məhz özünə inamı və güvəni olmayanlar, uğur qazana bilməyənlər, imkansız ailələrin övladları üz tuturlar. Onlar hansısa bir peşəyə necə deyərlər, tələm-tələsik yiyələnib, işləməyə başlamaq, ailələrinə maddi cəhətdən yardımçı olmaq istəyənlərdir. Peşə məktəblərinə üz tutan şagirdlər əsasən paytaxtda yaşayanlardır: "Bölgələrdən gələn şagirdlər azdır. Bizdə təhsil alanlar əsasən, Bakı kəndlərindən gələn şagirdlər olurlar. Onu da deyim ki, bölgələrdən gələn şagirdlər daha məsuliyyətli və bilikli olurlar”.

 

"Fəxr edə biləcəyimiz məzunlar da çoxdur

 

Söhbət zamanı Sevil xanım bildirdi ki, müəssisələrlə tanışlıq, təcrübə xarakterli görüşlər, tələbələrin ustaları ilə birlikdə şəhər və şəhərətrafı gəzintilər də təşkil edilir. Təhsillə yanaşı, belə tədbirlərin təşkil edilməsi tələbələrin mədəni səviyyəsinin yüksəlməsinə, mənəvi inkişafına dəstək olur. Bir müddət əvvəl hansısa ali məktəbə daxil ola bilməyəcəyi ümidsizliyinə qapılan uşaqlar burada biliklərə yiyələnərək, təhsillərini davam etdirmək həvəsinə düşürlər. "Mən məktəbimizin tələbələrindən olmuş, hazırda ən yaxşı atelyedə dərzi işləyən bir məzunumuzun ingilis dilini mükəmməl öyrəndiyini də misal çəkə bilərəm. O, bu dili məhz bizdə təhsil alarkən öyrənib. Yəni dediyim odur ki, məktəbin adi bir peşə məktəbi olmasına rəğmən, fəxr edə biləcəyimiz məzunlar da çoxdur. Bu, əlbəttə, bizi sevindirir. Demək, zəif göstəricilərlə bizim müəssisəmizə üz tutan gənclər üçün çəkdiyimiz zəhmət heç də hədər getməyib!” Yəni əvvəllər dərslərə belə maraq göstərə bilməyən şagirdlər müsbət yöndə tamamilə dəyişirlər. Lakin əlbəttə, bu, heç də həmişə belə olmurproblemli, çətin tərbiyə olunan uşaqlar isə təhsili çətinliklə başa vururlar. Sevil müəllimə bildirdi ki, ailələrdə uşaqlar üzərində qadağalar çoxdur. "Bəli, sosial şəbəkələrdə xeyli boş vaxt keçirən uşaqlara qarşı nəzarət olmalıdır, lakin bəzi ailələrdə bu nəzarət forması kortəbii olur. Biz bunu uşaqlarla söhbətlər zamanı öyrənirik. Elə ailələr var ki, orada nəzarət həddini aşır. Bu, əlbəttə, valideynlərin xarakterindən də irəli gəlir. Övlada yalnız "olmaz!” deməklə, onu pis əməllərdən çəkindirmək bəzən mümkün olmur. Buna xüsusi yanaşma tərzi lazımdır və hər bir valideyn bunu bilməlidir. Bir məsələ də var ki, insanı nə qədər sərbəst buraxsan, o qədər nailiyyət əldə edəcək. Uşaqlar üzərində nəzarətlə qadağa qarışdırılmamalıdır”. Müsahibim qeyd etdi ki, bəzi valideynlər övladlarına tam nəzarət etmirlər. Yəni işləmək övlada ayrılan vaxtı qısaldır. Lakin bu, düzgün deyildir. Çünki zaman bizim hər birimizin vaxt tapacağı anı gözləmir... Uşaqlar yeniyetməlik çağlarında psixoloji dəyişikliklərə də məruz qalırlar. Övlad valideyndən diqqət tələb etdiyi anda onların yanında olmaq lazımdır. Sonra gec ola bilər. Müəllimə bunu tədris prosesində dəfələrlə rast gəldiyi məqamlarla izah etdi. Sevil xanım bildirdi ki, valideyn öz övladında təhsilə maraq oyatmalıdır. Valideyn bina məcburdur və məsuldur. Uşaq valideynlə qarşılıqlı anlaşa bilməlidir. Uğursuzluğa düçar olan uşaqlar daha çox əsəbi valideynlərin övladları olurlar. Övladının marağını öyrənmək və bunu nəzərə alaraq, onu düzgün istiqamətə yönəltmək valideynin borcudur.

 

"Valideynin düşüncəsində sağlam bir proqramlaşma olmadığı halda...”

 

Millət vəkili Fazil Mustafa gənclərin fiziki və mənəvi inkişafında nələrə diqqət yetirilməsi məsələsində vacib olan məqamları burğuladı: "Birinci növbədə maddi-texniki bazanın müasir standartlara cavab verməsinə və bu işlə məşğul olanların pedaqoji hazırlıq səviyyəsinə diqqət yetirilməlidir. Bu amillər olmadıqda uşaqların və gənclərin sağlamlığı üçün, fiziki normativləri yerinə yetirməsi üçün stimullaşdırıcı durum yaratmaq çox çətindir.” Fazil müəllim bu xüsusda valideynləri də qınadı. Ümumiyyətlə, övladlar, xüsusən, gənclər üzərində valideynlər tərəfindən yerli-yersiz qadağalar bəzən müsbət nəticə vermir. Yəni əslində, gənclərin fiziki hazırlığının yetərli olmaması, dünyagörüşünün formalaşmamasının əsas səbəbi valideynlərin cahilliyidir. Burada maddi imkan faktorunun əhəmiyyətli təsiri olsa da, valideynin düşüncəsində sağlam bir proqramlaşma olmadığı halda, o uşağın sağlam gələcəyi barədə tədbirlər görməyə maraqlı olmur.”

 

Hər bir insan mənəvi cəhətdən güclüsağlam olmağı arzu edir. Lakin əlbəttə, insan ilk növbədə fiziki cəhətdən mövcud olmalı, öz fiziki sağlamlığının qayğısına qalmalıdır. Bu, hələ uşaqlıq çağlarında valideynin diqqətini cəlb etməlidir. Bəs öncə hansından başlanmalıdır? Fazil müəllim bu amillərin hər ikisinin paralel şəkildə aparılmalı olduğunu qeyd etdi: "Təbii ki, düşüncə sağlamlığı birinci yerdə gəlir, öz yaşamını mənəvi baxımdan doğru tənzimləməyən insan bir çox məqamlarda fiziki sağlamlığa da əhəmiyyət vermir. Siqaret çəkmək, spirtli içki qəbul etmək öncə mənəvi məsuliyyətsizlikdən başlayır.”

 

"İstənilən uşaq bir xammaldır, sadəcə, üzərində məqsədyönlü işləmək zərurəti var

 

Bu da məlumdur ki, mənəvi dəyərlərin formalaşması zamanı həyata keçirilməli olan amillər çoxdur. Burada təhsil və elmlə yanaşı olaraq, insanın mədəni səviyyəsi və İslam dəyərləri də əhəmiyyətli yer tutur. Bəs öncə nədən başlamaq daha mükəmməl nəticə verərdi? Fazil bəyin fikrincə, hər bir tərbiyənin nüvəsində təhsil yer almalıdır: "Yaxşı təhsil alan insan artıq elmi biliklərə yiyələnməyə də, İslam dəyərlərini şüurlu şəkildə anlamağa da, mədəni davranışlara da üstünlük verəcəkdir. İnsanın mənəvi kasadlığının əsas göstəricisi təhsilsizlikdir, bilgisizlikdir. Bu baxımdan da orta məktəblərdə uşaqların şəxsiyyət kimi formalaşmasının düzgün metodologiyası tapılmalıdır. Sıralamanı dəqiqləşdirməkdə çətinlik çəkirəm, çünki burada fərdi xarakterə görə buya digər dəyərin önə çəkilməsi ehtimalları mövcuddur.”

 

Təlim-tərbiyə məsələsində bəzən fikir ayrılıqları və ya təzadlar yaşanır. Başqa sözlə, yaşlılar gəncləri mütaliə etməməkdə qınayır və telefonuya interneti bir maneə olaraq ortaya çəkirlər. Bəs müzakirələrin bu şəkildə, məsələn, "kitab oxuyan yoxdur” müstəvisində hüdudsuzluğu işə zərər vurmur ki? Müsahibim qeyd etdi ki, əslində, bu, nəsillər arasındakı təzad kimi anlaşılmamalıdır, yaş dövrünün xarakterindən irəli gələn bir reallıq kimi xarakterizə olunmalıdır: "Bu məsələdə müasir texnologiyanın suçlanması mənə hələ də aydın deyil. Bütün hallarda qarşındakı insandır və onun texniki vasitələrə aludəçiliyindən də öncə duyğuları, düşüncələri gəlir. Doğru təlim-tərbiyə imkanları canlı təmasla daha rahatdır, sadəcə, bunu gerçəkləşdirə bilməyən insanlar telefonu, internetiya televiziyanı bəhanə olaraq görməyə başlayırlar. Bütün hallarda əsas səbəb olaraq valideynlərin, müəllimlərin təlim metodlarının doğru olmamasını görürəm, istənilən uşaq bir xammaldır, sadəcə, üzərində məqsədyönlü işləmək zərurəti var”. Fazil müəllim onu da əlavə etdi ki, mütaliəni təbliğ etməkdən yorulmaq olmaz, bunun heç bir zərəri yoxdur: "Kitab sevgisi olmayan insanın ziyalı olmaq potensialı da bitmiş durumdadır. Kitab insanda fantaziya, təşəbbüskarlıq və müqayisəli obrazlar yaradır, bu, həm də xarakter formalaşdırılması üçün vacibdir. Əksinə, mütaliənin vacibliyini təbliğ etməmək daha zərərli bir davranışdır.”

 

Bir məsələ də var ki, fiziki inkişafdan söhbət düşəndə, ilk növbədə idman və bədən tərbiyəsi göz önünə gəlir. Lakin ekoloji təmizliyin, sağlam qidanın həyatımızda əvəzolunmaz rolu vardır. Müsahibim bildirdi ki,  fiziki inkişafın birinci amili qida təhlükəsizliyi və ekoloji təmizlikdir, ardınca insanın xarakteri gəlir: "Buna görə də, inkişaf etmiş ölkələrdə qidaekologiya məsələsi ən aktual müzakirə mövzusudur. Bu sahələrdəki pozuntulara yalnız dövlət tərəfindən deyil, bütün cəmiyyət tərəfindən sərt reaksiyalar verilir. Bu məsələdə cəmiyyətin fəallığı və ekoloji mühitin qorunması istiqamətində aktiv tələbləri həlledici rol oynayır. Bizlər də sağlamlığın qorunması barədə düşünərkən bu istiqamətə xüsusi diqqət ayırmalıyıq.”

 

Zeynəb Əliqızı

Kaspi.-2017.-28 fevral.-s.10.