Azərbaycanlı olduğumu heç vaxt unutmuram

 

Omanda universitet müəlliməsi olan Vüsalə Yusif: “Azərbaycanda 6-7 yaşlı uşağın musiqidən bildiyini orada 17-18 yaşlı adam bacarmır”

 

Gözünü açıb evdə musiqi alətləri görüb, qulaqları musiqi sədaları eşidib. Elə bu faktorlar onun musiqiyə meyl etməsinə səbəb olub. Heç 5 yaşı olmamış, artıq pianino ifa etməyə başlayıb, zaman keçdikcə isə daha peşəkar musiqiçiyə çevrilib, özü tələbələr yetişdirib. Bu günsə ölkənin hüdudlarından kənarda musiqini tədris edir. Özü də hələ musiqinin yeni inkişaf tapdığı ölkədə... Müsahibimiz Oman Sultanlığının Sultan Qabus Universitetində (Sultan Qaboos University) pianino müəlliməsi kimi çalışan həmyerlimiz Vüsalə Yusifdir. Qeyd edək ki, Vüsalə Yusif 1978-ci ildə Sumqaytıda anadan olub. Əvvəlcə Musiqi Texnikumunda oxuyub, sonra isə Bakı Musiqi Akademiyasında həm bakalavr, həm də magistr təhsili alıb. Sənətşünaslıq üzrə fəlsəfə doktorudur.

 

- Azərbaycanda musiqiçi kimi fəaliyyət göstərmisiniz. Bəs necə oldu ki, Omana getməyə, orda çalışmağa qərar verdiniz?

- Bəli, mən burada musiqiçi kimi çalışırdım. Sumqayıt Musiqi Texnikumu, Xırdalan Musiqi Məktəbi, Azərbaycan Milli Konservatoriyasında müəllim işləyirdim. Lakin sonra Omanda Sultan Qabus Universitetində müəllim işləmək şansı olduğu haqda eşitdim. Dedilər ki, imtahan əsasında seçim ediləcək. Alman-Azərbaycan Mədəniyyət Birliyi Kapellhaus-da imtahan oldu. Həm solo ifa etdim, həm də ingilis dili qabiliyyətim yoxlanıldı. Namizədlər çoxuydu, amma bir neçə nəfər seçildi. Onlardan biri də mən oldum. Məni universitetə fortepiano müəllimi seçdilər. Yeni musiqi departamenti yaradılmışdı, müəllimlərə çox ehtiyac varıydı. 2011-ci il oktyabrın 26-dan artıq orada çalışıram.

 

- Artıq 6 ilə yaxındır ki, ordasınız. Bundan sonra da orada çalışacaqsınız?

- Bəli. Ora mənim üçün çox maraqlıdır, müsəlman ölkəsidir. Tələbələrimin hamısı omanlılardır. Orada çalışmaq istəyimin bir səbəbi omanlı tələbələrin mənə daha çox ehtiyacı olması ilə bağlıdır. Çünki Azərbaycanda musiqi məktəbləri, müəllimlər çoxdur. Təkcə elə konservatoriyamızın bir əsrə yaxın yaşı var. Amma orada musiqi departamentinin yaradıldığı heç 5 il deyil. Musiqi məktəbi isə ümumiyyətlə, yoxdur. Uşaqlar 18 yaşında musiqi təhsili almaq üçün universitetə gəlirlər. Biz onları hazırlayırıq. Düzdür, onların içərisində pianinonu artıq ikiəlli çalaraq gələnlər var. Kimlərinki orta məktəbdə musiqi müəllimi yaxşı olub, həvəslənib nələrisə öyrənib, öz üzərlərində işləyib. Amma bu faiz çox azdır. Əsasən, heç bir qabiliyyət olmadan gəlirlər.

 

- Bu cür gec inkişafın səbəbi nədir?

- Çünki 1970-ci ilə qədər Omanda çox mövhumatçı vəziyyət olub. Səhiyyə, elm inkişaf etməyib. Klinikalar yoxuymuş. Qadınlar adi uşaq dünyaya gətirən zaman həyatlarını itirirmişlər. 1970-ci ildə Sultan Qabus hakimiyyətə gəldikdən sonra Omanın intibah dövrü başlayıb. İndi Omanda çox böyük "Royal Opera House” var. Hansı ki ora dünyanın dörd bir tərəfindən məşhur musiqiçilər dəvət olunur. Bizim musiqi departamentimiz var. Sohar şəhərində musiqi departamenti varıydı. Artıq valideynlər özləri qızlarının musiqiçi, həkim, müəllim olmalarını istəyirlər. Əvvəl universitetə tələbələri qapı-qapı gəzib, valideynlərdən xahiş-minnətlə götürürmüşlər. İndi hamı özü axışıb gəlir. Artıq o qədər müraciət var ki, seçimlə götürürlər.

 

- İnsanları yeniliyə alışdırmaq, o cür mühitdə çalışmaq heç asan olmaz yəqin ki...

- Onların daha çox söhbətə ehtiyacları var. Mən onlara musiqinin üfüqlərinin geniş olduğunu anladıram. Musiqi müəllimi olub, nəğmə dərsi keçməkdən əlavə, musiqinin zirvələri olduğunu çatdırıram. Azərbaycanda 6-7 yaşlı uşağın musiqidən bildiyini orada 17-18 yaşlı adam bacarmır. Bu yeniliyi qurmaq çox çətindir. Bir dəfə bir qızı ikinci kursa qədər gətirdim. Sonra qardaşları onu başqa universitetə, musiqidən uzaq fakültəyə keçirdilər. İki il müddətində gördüm ki, qız çox gözəl ifa edir. Amma sən demə, bütün ailəyə qarşı duraraq o musiqi təhsili alırmış. 2 ildən sonra ailəsinin səbri daşdı qızı musiqidən uzaqlaşdırdılar. Qız ağlaya-ağlaya departamentdən ayrıldı. Azərbaycanda müğənnilərin ailə qurmasının çətin olması yanaşması var. Orada isə düşünürdülər ki, musiqi müəllimi ailə qura bilməz. XX əsrin əvvəllərində bizdə olan vəziyyətdir. İndi orada bu cür düşünən 13-14 faiz insan olar. Amma əksər ailələr artıq qızlarının oxumasını istəyir. Neft ölkəsidir, pulları da var. Amma düzgün istiqamətə xərclənməyib. Sultan Qabus hakimiyətə gəldikdən bu yana sanki yeni Oman tarixi yazılıb.

 

- Deyəsən, qədər çətin olsa da, bu işi görmək sizin üçün maraqlıdır. Çünki çox həvəslə danışırsınız...

- Bəli. Bakıda hər il İslam dünyası ölkələrinin gənc klassik musiqi ifaçılarının beynəlxalq festival-müsabiqəsi keçirilir. Çox istəyərdim ki, oradakı tələbələrimi bura gətirim. Amma hələ o səviyyəyə tam çatmayıblar. Almaniyadan gəlib universitetdəki musiqi departamentinin fəaliyyəti ilə bağlı akkreditasiya edirdilər. Hər bizimizə dedilər ki, siz mədəniyyət naziri olsaydınız demək istərdiniz? Dedim ki, heç olmasa hər şəhərdə bir musiqi məktəbi olsun. Hansı ki valideynlər 6 yaşından uşaqlarını ora qoysunlar, 18 yaşında bizə versinlər. Biz gedib o musiqi məktəbində master klasslar keçərik, müəllimləri öyrədərik. Bununla daha irəli getmiş olarıq. 17-18 yaşda başlayanda inkişaf ləng edir. Bu təklifimi çox bəyəndilər.

 

- Azərbaycana gələnlər insanların qonaqpərvər olduğunu deyirlər. Bəs orada necədir? Uyğunlaşma çətinliyi yaşadınız?

- Çox qonaqpərvərdilər. Kimdənsə nəsə kömək istəyəndə, "əlhəmdülillahdeyir. Yəni Allah min şükür ki, mənə savab görmək üçün şans yaratdın.

 

- Musiqiyə marağınız necə yaranıb?

- 4 yaş yarımdan sonra artıq pianinoda çalmağa başlamışam. Musiqiyə marağım isə anama görə yaranıb. Anam Validə xanım tar müəllimi olub. Gözümü açıb evdə musiqi alətləri görmüşəm.

 

- Solo karyeranızla məşğul olursunuz? Yoxsa ancaq müəllimlik fəaliyyəti ilə kifayətlənirsiniz?

- Mən həmişə solo fəaliyyətlə məşğul olmuşam. Azərbaycanda tək müştərək solo konsertlər verirdim. 2007-ci ildə Almaniyanın qərb hissəsinə heyətlə səfər etmişdik. Orada mən bədii rəhbər idim. Həm qrupun konsertini təşkil etdim, həm solo. Universitetdə solo çıxışlarım olur. Hər gün formadayam özümü inkişaf etdirirəm. Mən pianino üçün doğulmuşam. Uzun müddət çalmasam belə, iki-üç saata özümü formaya sala bilirəm. Sevinirəm ki, mənim barmaq, beyin quruluşum belədir. Ola bilsin ki, başqa sahədə axsayım. Solo fəaliyyətlə müəllimlik fəaliyyəti yanaşı getməlidir. Məşhur pianoçu Pavel Serebryakov deyir ki, ifaçı-müəllim. Əgər müəllim özü ifa edə bilmirsə, necə öyrədə bilər? Müəllim əgər musiqiçidirsə, həmişə ifa etməlidir.

 

- Ölkəmiz Omanda necə tanınır? Siz ölkəmizin tanıdılması üçün hansı işləri görürsüz?

- 2011-ci ildə - yeni getdiyimdə demək olar ki, tanımırdılar. İlk tanışlığımız Tofiq Quliyevin, Fikrət Əmirovun pyeslərini tələbələrə verməklə oldu. Daha sonra turizmimiz zamanla inkişaf etdi ki, bunun sayəsində tanıyanların sayı daha çox oldu. Qəbələ, Qubas. bölgələrimizdə olub fikir bildirənləri görürük. Mən İstanbulda, Sinqapurda, Tokioda beynəlxalq konfranslarda iştirak etmişəm. Hər dəfə də Azərbaycan klassiklərinin əsərləri ilə qatılırdım. Hər dəfə soruşurdular ki, Oman musiqisindən nə vaxt olacaq? Amma qan özünü göstərirdi və Azərbaycan musiqiçiləri ilə bağlı çıxış edirdim. Həm də mənim doktorluq dissertasiya mövzum idi. Qara Qarayev, Fikrət Əmirov, Cövdət Hacıyev kimi bəstəkarların yaradıcılığına həsr olunmuş mövzularda təqdimatlar etmişəm, ikisində məqaləm çap olunub, birində sadəcə abstraktım gedib. Sultan Qabus Universitetinin özünün "Journal of arts and social studies” jurnalı var, Londonla müştərək çap olunur. İlk azərbaycanlı olaraq mənim məqaləm orada çap olunub. 16 səhifəlik məqalə idi. Neçə dəfə qaytardılar ki, orasını düzəldin, burasını düzəldin, sübutlar gətirin. Qəbul edə bilmirdilər ki, Şərqdə ilk klassik musiqi Azərbaycanda doğulub. Sübutlar gətirdim, tarixdən tərcümələr etdim. Məqaləmin çap olunması ilə bağlı təsdiq alanda çox sevinmişdim. Hələ indi azərbaycanlılardan orada çap olunan yoxdur. Amma olunsa çox yaxşı olar.

 

- Oman universitetində çalışsanız da, Azərbaycanı unutmursunuz...

- Mən heç zaman azərbaycanlı olduğumu unutmuram. Azərbaycan üçün çalışıram. Ölkəmizdə olarkən bu qədər patriot olduğumu heç vaxt düşünməzdim. Oğlanlarımın hər ikisi himnimizi, atributlarımızı əzbər bilirlər, otaqlarında Azərbaycan bayrağı, gerbi var.

 

- Tez-tez gəlirsiz Azərbaycana?

- Hər yay məzuniyyət dövründə gəlirəm. Orada çalışsam da, vətənimi, burdakıları unutmuram.

 

Aygün Asimqızı

Kaspi 2017.- 7 iyul.- S.8.