Azərbaycan ordusu və diplomatiyasının şanlı tarixi  

Cəfər bəy Rüstəmbəyovu tanıyaq

Azərbaycan tarixində iz qoymuş tanınmış soyadlardan biri   Rüstəmbəyovlardır. Azərbaycanın istiqlalını bəyan etmiş Azərbaycan Milli Şurasının ilk  tarixi iclasında iştirak etmiş tanınmış ictimai-siyasi xadimlərdən biri də Şəfi bəy Rüstəmbəyov olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, jurnalist, hüquqşünas, Daxili İşlər Nazirinin müavini, Himayəetmə Nazirliyinin  qaçqınların işləri  üzrə baş müvəkkili, rus dilində nəşr edilən "Azərbaycan” qəzetinin redaktoru Şəfi bəy Rüstəmbəyov, eləcə də ayrı-ayrı vaxtlarda müxtəlif vəzifələrdə, o cümlədən hökumətin qərarı ilə Azərbaycanın Kuban, Krım, Don hökumətləri nəzdində diplomatik nümayəndəsi, Kubandan Bakıya qayıtdıqdan sonra isə Cümhuriyyət hökumətinin qərarı ilə Ticarət, sənaye və ərzaq nazirinin müavini işləmiş, Azərbaycan sovetləşdirildikdən  sonrakı  dövrlərdə, o cümlədən, 1922-ci il  martın 12-də Zaqafqaziya Sosialist  Federativ Sovet Respublikası yaradıldıqdan sonra  Zaqafqaziya  dövlət ticarəti kollegiyasının üzvü, həbsindən əvvəl  Zaqafqaziya dəmir yolunda səhiyyə  şöbəsinin müdiri vəzifələrində çalışmış Cəfər bəy Rüstəmbəyov bu soyadın tanınmış  nümayəndələrindəndir.  Əvvəlki dövrlərdə işıq üzü görmüş kütləvi nəşrlərdə və ensiklopediyalarda yuxarıda adı çəkilən şəxslər haqqında məlum səbəblər ucbatından kifayət qədər məlumatlar dərc edilmədiyindən, onlar haqqında  bilgilər demək olar ki, yox səviyyəsində olmuşdur. Yalnız 1991-ci ildə,  Azərbaycan Respublikası yenidən öz müstəqilliyini əldə edərək,  Azərbaycan Xalq Cümhuriyyətini özünün varisi elan etdikdən sonra həmin dövrün tarixi geniş şəkildə  tədqiqata cəlb edilərək, öyrənilməyə başlandı. Artıq işıq üzü görmüş Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyasında və digər elmi-kütləvi nəşrlərdə Cümhuriyyətin bir çox ictimai-siyasi və dövlət  xadimləri  və onların  silahdaşları haqqında ətraflı məlumatlar dərc edilmişdir. Hazırkı dövrün  kütləvi nəşrlərində Şəfi bəy Rüstəmbəyovun həyat və fəaliyyəti  haqqında müəyyən həcmdə məlumatlar dərc edilmiş olsa da, onun böyük qardaşı Cəfər bəy Rüstəmbəyov haqqında  hər hansı bir  məlumat demək olar ki, dərc edilməmiş və yaxud dərc edilmiş  məlumatlar  olduqca  qısa və natamam olmuşdur. Tariximizin  hər  bir  səhifəsinə  dərin hörmət    ehtiramla yanaşaraq, arxiv sənəd və materialları, həmin dövrün  mətbuatı və digər mənbələr əsasında,  Cəfər bəy Rüstəmbəyov haqqında hazırladığım məqaləni hörmətli oxucularımızın diqqətinə  çatdırıram.

 

Denikinə qarşı çıxır

 

Cəfər bəy Rüstəmbəyov 1884-cü ilin sentyabrında dünyaya gəlmiş və Gəncə quberniyasının Ərəş qəzasının Mamaylı kəndində qeydə alınmışdır. Azərbaycan Respublikasının Dövlət Arxivinin f.1775, "Azərbaycan SSR Ali İnqilabi Tribunal” adlı fondunda digər sənədlərlə yanaşı, 1920-ci il,  avqustun  14-də Cəfər bəy Rüstəmbəyovun adına tərtib edilmiş  692¹-li həbs vərəqi  və 35¹-li həbs anketi qorunub saxlanılır. Həmin sənədlərdə Rüstəmbəyovun Nuxa Fövqəladə Komissiyası tərəfindən həbs edildiyi, 36 yaşında, ali təhsilli həkim, evli, həkimlər ittifaqına üzv olduğu və həbsindən əvvəl isə Bakı şəhərində Parapet-12 ünvanında ( indiki Nizami-Fəvvarələr meydanı-müəl.) yaşadığı haqqında məlumatlar qeyd edilmişdir. Cəfər bəy ali təhsilini 1910-u ildə  Xarkov  Universitetində  başa  vuraraq, həkim  peşəsinə yiyələnmişdir. O, 1905-1910-cu illərdə  eser (sosialist-revolyusiner)  partiyasının üzvü olmuş, 1911-ci ildə hərbi həkim kimi   səfərbər edilmişdir. Cəfər bəy Rüstəmbəyov I Cahan müharibəsinin  başlanması ilə əlaqədar  xidmətə çağırılmış, əvvəlcə 58-ci piyada polkunda, sonra isə 1917-ci ilə qədər lazaretdə (hərbi xəstəxanada) həkim işləmişdir. O, 1917-ci ildən 18  fevral 1918-ci ilədək Krımda şəhər lazaretində həkim vəzifəsində çalışmışdır.

 

Rüstəmbəyov  "Əksinqilab, spekulyasiya, sabotaj  və vəzifə cinayətləri ilə  mübarizə”  üzrə Azərbaycan Fövqəladə Komissiyasında yazdığı izahatnamədə qeyd edir ki, Almanlar 1919-cu ilin  yanvarında Krımı tərk etdikdən sonra Denikinin  qoşunları  dərhal oranı zəbt edərək, səfərbərlik elan etmişdir. Denikinin basqınlarından sonra Rüstəmbəyov da daxil olmaqla, Krımın müsəlman ziyalıları könüllülər ordusuna   onun  elan etdiyi səfərbərliyə qarşı təşviqata başlamışdılar. Krımın müsəlman ziyalıları Könüllülər ordusuna qarşı apardıqları təşviqata görə, Denikin  casuslarının yoxlanışlarına məruz qalmış, onlardan bəziləri saxlanılaraq  aradan götürülmüş, bəziləri isə Krımdan qaçmağa nail olmuşdular. Cəfər bəy Krımdan Bakıya gəlmişdir. Bakıya qayıtdıqdan sonra buradakı tanışları onu, Azərbaycanın xeyrinə  olaraq Krım hökuməti nəzdində  Azərbaycanın nümayəndəliyi  vəzifəsini qəbul  etməyə vadar etmişlər.

 

Rüstəmbəyov AzFK-dakı ifadəsində həmçinin qeyd edirdi  ki, onun Kubandakı  rolu Azərbaycan vətəndaşlarının Denikinin elan etdiyi  səfərbərlikdən azad olunması üçün  onlara  şəxsiyyət  vəsiqələrinin  verilməsindən    Kuban kazaklarının  dağıstanlılara qarşı göndərilməsi ilə bağlı Kuban hökumətinə yazılı və şifahi  etirazların  göndərilməsindən ibarət olmuşdur. Lakin onun ifadəsində həmçinin təəssüflə qeyd  edilirdi  ki, etirazlarım səhradakı tənha insanın eşidilməyən, cavabsız  çağırışlarına bənzəyirdi. Çünki oradakı operativ hissəyə Denikinin  qərargahı  rəhbərlik  edirdi  və o, Dağıstan və Azərbaycana ədavətlə yanaşırdı”. 

 

Kuban və Krımda diplomatik nümayəndə və ticarət müvəkkili kimi

 

Tarixi mənbələr təsdiq edir ki, Azərbaycan Xalq Cümhuriyyəti mürəkkəb tarixi bir şəraitdə, keçmiş Rusiya İmperiyasının dağıntıları içərisindən yaradılmışdır. Həmin dövrdə təkcə Azərbaycan deyil, bütün Qafqaz bölgəsi həm böyük dövlətlərin, həm də Rusiyada  hakimiyyət uğrunda amansız vətəndaş müharibəsi  aparan nəhəng  siyasi qruplaşmaların - bir tərəfdən Kolçak  və Denikin  qoşunları, digər tərəfdən isə sovet hökumətinin  maraqlarının qarışdığı meydana  çevrilmişdir. Belə bir mürəkkəb tarixi şəraitdə istiqlaliyyətini yenicə elan etmiş Azərbaycan Xalq Cümhuriyyətinə qarşı  təhlükə ilk  növbədə şimaldan gözlənilirdi. Azərbaycan şimal-qərbdən  Kolçak və Denikinin "könüllülər ordusu”nun, şimal-şərqdən isə Rusiya  bolşeviklərinin   təcavüzü  təhlükəsi qarşısında  dayanmışdı. Mövcud vəziyyətin çətinliyi  həm də onunla  izah  olunurdu  ki,  hər  iki qüvvə - istər Sovet  hökuməti, istərsə də Kolçak və Denikinin " könüllülər  ordusu”  bir-birinə qarşı apardıqları mübarizədə Azərbaycanı müttəfiq  qismində  özünə  tərəf kimi  çəkməyə cəhd  göstərirdilər. Bununla bağlı 15 fevral 1919-cu il  tarixli  "Azərbaycan” qəzetində qeyd edilirdi: ”... keçmiş  Rusiya  imperiyasında  öz  müqəddəratlarını təyin etmiş xalqların işləri ya bolşeviklərlə, ya da "könüllülər ordusu” ilə  olurdu”. Lakin istər " könüllülər ordusu”,  istərsə də bolşevizm rəhbərliyi  bir qayda olaraq, yeni yaranmış müstəqil dövlətləri aşkar surətdə yıxmağa cəhd göstərirdilər. Bu səbəbdən də, öz istiqlaliyyətini təyin etmiş xalqlar dövlət quruculuğunda heç  bir halda bolşevik Rusiyasına arxalana bilmirdilər. Denikinin "könüllülər ordusu”na  gəlincə isə  yarandığı ilk andan açıq- aşkar monarxiya rənginə boyanmışdır.

 

 

 

Azərbaycan Xalq Cümhuriyyəti Rusiyanın daxili işlərinə qarışmayaraq,  oradakı  vətəndaş müharibəsinə  münasibətdə neytral mövqedə dayandı. İstiqlalını yenicə bəyan etmiş Azərbaycan Xalq Cümhuriyyətinin Rusiyadakı vətəndaş müharibəsinə  neytral mövqe nümayiş etdirməsi heç də onun özünü təcrid etməsi demək deyildi. Azərbaycanın 1-ci hökumət kabinetinin sədri F.X.Xoyski 1918-ci ilin dekabrında  Parlamentin iclasındakı çıxışında qeyd edirdi: "Azərbaycan istiqlaliyyəti ondan ibarət  deyil ki, özümüzlə özgə dövlətlər arasında bir divar yapaq. Aşkardır ki, müstəqil  Azərbaycan hökuməti özgə dövlətlər ilə rabitəyə girməyə çalışacaqdır. Bu rabitə əvvəlcə qonşu Rusiyada təşkil olunan məmləkətlər və Rusiyanın özü  ilə də olacaqdır. Özgə məmləkətlər ilə olacaq rabitə bir tək hökumətin vəzifəsi olmayıb, sizin qüvvəniz və göstərdiyiniz yol ilə hasil olacaqdır. Bu istiqlaliyyətin hamımız üçün əziz və sevgili olduğuna əminiz”.

 

Azərbaycan hökumətinin 1918-ci il 23 oktyabr tarixli qərarı ilə Krım hökuməti nəzdində diplomatik nümayəndəliyin təşkil edilməsi xarici işlər nazirinə  tapşırılmışdı. Həmin tapşırıq yerinə yetirildikdən sonra Nazirlər Şurasının sədri və xarici işlər naziri  F.X. Xoyskinin 1919-cu il  aprelin  3-də  imzaladığı əmrlə Cəfər bəy Rüstəmbəyov  martın 19-dan etibarən ayda 4 min rubl  məvaciblə Azərbaycanın  Kubanda  diplomatik nümayəndəsi təyin edilmiş və ona yol xərcləri üçün təhtəlhesab  50 min rubl  ayrılmışdır. Rüstəmbəyovun hökumətin qərarı ilə Azərbaycan Respublikasının Kuban və Krımda diplomatik nümayəndə və ticarət müvəkkili təyin edilməsi haqqında məlumat   23 mart 1919-cu il tarixli 61¹-li "Azərbaycan” qəzetində də dərc edilmişdir. Qeyd edirik ki, "Könüllülər  ordusu”nun  müstəqil  Azərbaycan Respublikasına qarşı təcavüzündən  qorunmasında və  Qafqazda  baş verə biləcək  qırğın  və yanğının  qarşısının  alınmasında  Azərbaycan  hökumətinin, onun ordusunun    diplomatiyasının  böyük rolu və xidməti olmuşdur. Bu sahədə  Azərbaycanın Kuban, Krım və  Don hökumətləri nəzdindəki diplomatik  nümayəndəsi Cəfər bəy Rüstəmbəyovun rolu və  xidməti də  danılmazdır. 

 

Denikinlə ermənilər arasında gizli saziş

 

1919-cu ilin əvvəllərində " könüllülər ordusu” Şimali Qafqazda bir sıra qələbələrə  nail oldu və general Denikin Dondan  Vladiqafqazadək ərazidə rus ordu  komandanlığını qəbul  etdi. 1919-ñu il, fevralın 11-də general  Denikin  Vladiqafqazı və Qroznını zəbt  etdi, martın  əvvəllərində isə  Simali  Qafqaz Dağlı Respublikasının hüdudlarına soxularaq,  bu respublikanın  hökumətinə  hakimiyyətdən  və respublikanın  işlərini  idarə  etməkdən  imtina  etməsini təklif  etdi. Denikin  qoşunlarının 1919-cu  ilin  əvvəllərindən başlayaraq Şimali Qafqaza etdikləri basqınlar Azərbaycan Respublikasının ciddi narahatlığına səbəb  olmuşdur. Azərbaycan Respublikasının nazirlər  şurasının sədri  və xarici işlər naziri F.X. Xoyskinin  1919-cu il martın 6-da  müttəfiqlər  qoşunlarının  Bakıdakı baş  komandanı general Tomsona  göndərdiyi  notada  qırğının və bütün Qafqazı bürüyə  biləcək yanğının qarşısını almaq məqsədilə  Denikin ordusunun  Qafqaz Dağlı respublikasına  qarşı törətdikləri təcavüzün dərhal  dayandırılması və denikinçilərin həmin respublikanın hüdudlarından çıxarılması üçün qəti tədbirlərin görülməsi xahiş  edilirdi. Lakin hökumətin təqdim etdiyi notaya rəğmən, Antanta qoşunlarının Bakıdakı baş komandanlığı tərəfindən Denikin   ordusunun  Dağlı Respublikasının ərazisindən çıxarılması  istiqamətində hər hansı bir tədbir  görülmədi. Tarixi mənbələr təsdiq edir  ki, Antanta  dövlətləri istər ağqvardiyaçıların, istərsə də  müstəqilliyini  yeni  elan  etmiş  dövlətlərin  hökumətləri ilə  əlaqələrini  kəsməyərək,  hər iki  tərəfi  özündən asılı  vəziyyətdə  saxlamağa  və həmin  vəziyyətdən  özlərinin  maraqlarına uyğun  istifadə  etməyə  çalışırdılar. 1918-ci ilin noyabrında  və 1919-cu ilin aprel ayında  keçirilmiş  Zaqafqaziya konfransında bir çox məsələlərə yanaşı,  Denikin təhlükəsi məsələsi də  müzakirə  edilmişdi. Şimaldan gələn təhlükə Azərbaycan və Gürcüstan Respublikalarını eyni  səviyyədə narahat etdiyi üçün konfransda  onlar  bu məsələdə həmrəy olduqlarını bildirdilər. Konfransda iştirak edən erməni nümayəndələri isə Denikinin könüllərinə  öz münasibətlərini birbaşa bildirməkdən çəkindilər. Tarixi mənbələr təsdiq  edir ki,  Azərbaycan və Gürcüstandan fərqli olaraq,  Ararat Respublikasının Denikin təhlükəsi ilə bağlı  öz planları olmuşdur. Bu planların böyük bir qismi İ.Şaxdinin 1931-ci ildə Tiflisdə çap edilmiş "Daşnaksutyun  Qafqazda rus ağqvardiyaçılarının və ingilis komandanlığının  xidmətində” kitabında öz əksini tapmışdır. Həmin kitabda sənədlərə istinadən göstərilir  ki, Könüllü ordu ilə Ermənistan hökuməti arasında gizli saziş mövcud idi. Həmin sazişə görə, Denikin ordusu  Azərbaycana və Gürcüstana hücum etdiyi zaman Ermənistan ağqvardiyaçılara köməklik  göstərməli idi. Könüllü  ordu isə öz növbəsində,  Şimaldan  bu respublikalara hücum etdiyi zaman Ermənistanın  Azərbaycana  və Gürcüstana  olan ərazi iddialarını silah yolu  ilə  həll etmək  üçün ermənilərə  əlverişli  şərait  yaratmalı  idi. Arxiv sənədləri təsdiq edir ki,"Könüllülər ordusununvəzifəli şəxsləri  və ermənilər  açıq-aşkar bəyan edirdilər  ki, Ermənistan və onun ordusu Azərbaycanla mübarizədə "Könüllülər ordusununavanqardıdır. Denikinin Azərbaycanı və Gürcüstanı  blokadaya aldığı vaxtlarda Ermənistan Novorossiysk və Batumi vasitəsilə özlərinə çörək gətirirdi. Bundan əlavə, rus hərbi gəmisi  erməniləri hərbi  mərmi və güllələrlə təmin edir, Ermənistan isə öz  növbəsində  həmin  hərbi sursatı ilk növbədə Azərbaycan və Gürcüstana qarşı yönəldirdi. Həmin dövrdə ermənilərin Qarabağda və Zəngəzurda göstərdikləri misli görünməmiş azğınlıqlar bunu bir daha təsdiq edirdi.

Kaspi 2017.- 6 iyul.- S.15.