Azərbaycan ordusu və diplomatiyasının şanlı tarixi  

Cəfər bəy Rüstəmbəyovu tanıyaq

Azərbaycan tarixində iz qoymuş tanınmış soyadlardan biri   Rüstəmbəyovlardır. Azərbaycanın istiqlalını bəyan etmiş Azərbaycan Milli Şurasının ilk  tarixi iclasında iştirak etmiş tanınmış ictimai-siyasi xadimlərdən biri də Şəfi bəy Rüstəmbəyov olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, jurnalist, hüquqşünas, Daxili İşlər Nazirinin müavini, Himayəetmə Nazirliyinin  qaçqınların işləri  üzrə baş müvəkkili, rus dilində nəşr edilən "Azərbaycan” qəzetinin redaktoru Şəfi bəy Rüstəmbəyov, eləcə də ayrı-ayrı vaxtlarda müxtəlif vəzifələrdə, o cümlədən hökumətin qərarı ilə Azərbaycanın Kuban, Krım, Don hökumətləri nəzdində diplomatik nümayəndəsi, Kubandan Bakıya qayıtdıqdan sonra isə Cümhuriyyət hökumətinin qərarı ilə Ticarət, sənaye və ərzaq nazirinin müavini işləmiş, Azərbaycan sovetləşdirildikdən  sonrakı  dövrlərdə, o cümlədən, 1922-ci il  martın 12-də Zaqafqaziya Sosialist  Federativ Sovet Respublikası yaradıldıqdan sonra  Zaqafqaziya  dövlət ticarəti kollegiyasının üzvü, həbsindən əvvəl  Zaqafqaziya dəmir yolunda səhiyyə  şöbəsinin müdiri vəzifələrində çalışmış Cəfər bəy Rüstəmbəyov bu soyadın tanınmış  nümayəndələrindəndir.  Əvvəlki dövrlərdə işıq üzü görmüş kütləvi nəşrlərdə və ensiklopediyalarda yuxarıda adı çəkilən şəxslər haqqında məlum səbəblər ucbatından kifayət qədər məlumatlar dərc edilmədiyindən, onlar haqqında  bilgilər demək olar ki, yox səviyyəsində olmuşdur. Yalnız 1991-ci ildə,  Azərbaycan Respublikası yenidən öz müstəqilliyini əldə edərək,  Azərbaycan Xalq Cümhuriyyətini özünün varisi elan etdikdən sonra həmin dövrün tarixi geniş şəkildə  tədqiqata cəlb edilərək, öyrənilməyə başlandı. Artıq işıq üzü görmüş Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyasında və digər elmi-kütləvi nəşrlərdə Cümhuriyyətin bir çox ictimai-siyasi və dövlət  xadimləri  və onların  silahdaşları haqqında ətraflı məlumatlar dərc edilmişdir. Hazırkı dövrün  kütləvi nəşrlərində Şəfi bəy Rüstəmbəyovun həyat və fəaliyyəti  haqqında müəyyən həcmdə məlumatlar dərc edilmiş olsa da, onun böyük qardaşı Cəfər bəy Rüstəmbəyov haqqında  hər hansı bir  məlumat demək olar ki, dərc edilməmiş və yaxud dərc edilmiş  məlumatlar  olduqca  qısa və natamam olmuşdur. Tariximizin  hər  bir  səhifəsinə  dərin hörmət    ehtiramla yanaşaraq, arxiv sənəd və materialları, həmin dövrün  mətbuatı və digər mənbələr əsasında,  Cəfər bəy Rüstəmbəyov haqqında hazırladığım məqaləni hörmətli oxucularımızın diqqətinə  çatdırıram.

Azərbaycanın maraqlarını qətiyyətlə qoruyub

Denikin ordusu 1919-cu  ilin  may ayına Petrovsk və Dərbənd də daxil  olmaqla, demək olar ki, bütün Şimali Qafqazı zəbt edərək Azərbaycan Respublikasının sərhədlərinə daha da yaxınlaşdı. Azərbaycan  real təhlükə qarşısında qaldı. Yaranmış vəziyyəti  müzakirə etmək üçün  Azərbaycan parlamentinin  26 may və 5 iyun  1919-cu  il  tarixdə fövqəladə iclasları keçirildi. Parlamentin  26 may tarixli  iclasındakı  çıxışında M.Ə.Rəsulzadə qeyd  etdi ki, son  zamanlar  Azərbaycan  əhalisinin  həyəcanlı vəziyyətdə  olmasının  səbəbi  "könüllər  ordusu”nun  Petrovsk və Dərbəndi  zəbt  etməsidir: "Müstəqilliyimizin  müdafiə  edilməsinin  vacibliyi  aşkardır. Dağıstan  Azərbaycanın  qapısıdır və orda oturan düşmənlər Azərbaycanın və bütün  yeni  yaranmış dövlətlərin  düşmənləridir...Ona  görə də biz hökumətə  sual ilə  müraciət  edirik  ki, bizim  müstəqilliyimizin  qorunması  üçün  hansı  tədbirlər  görülmüşdü?”

 

Parlamentin  5 iyun tarixli iclasında Nazirlər Sovetinin sədri Nəsib bəy Yusifbəyov bildirmişdi  ki, "könüllülər ordusu”nun Azərbaycanın müstəqilliyinə  baxışı  respublikamız üçün qəbuledilməzdir. O, həmçinin ingilis qüvvələrinin Qafqazdakı  komandanı general Q.N. Kori ilə görüşdüyünü  bildirərək, qeyd etmişdi  ki, Dağlı Respublikasında törədilən hadisələrdən  sonra Azərbaycan artıq ona edilən  vədlərə deyil, yalnız  öz qüvvəsinə  inanır: "Biz ingilis komandanlığından çoxlu  vədlər  almışıq, lakin  təkrar edirəm ki, verilən vədlər heç də həmişə özünü  doğrultmamışdır, ona  görə də  rifahımızı  vədlər  üzərində  qurmağa  bizim heç  bir  əsasımız  yoxdur. Qonşuya ümid  olan şamsız qalar. Yeganə  etibarlı ümidimiz öz  qüvvəmizdir    istənilən  düşmənin  kobud  çağırışını bu  qüvvəyə  arxalanaraq  qarşılamalıyıq. Düşmənlərimizin  iştahası  hədsiz, niyyətləri  isə  məkrlidir”. 

 

Parlamentin həmin  iclasında "Müsavat” və sosialistlər  fraksiyalarından daxil olmuş ümumi qətnamədə qeyd edilirdi: "Denikin  təhlükəsi haqqında  hökumət başçısının məruzəsini  dinlədikdən sonra Azərbaycan Parlamenti uca səslə  bildirir  ki,  Denikinin  bizim  dövlətçiliyimizə  qarşı niyyəti  köhnə  çar generallarının  kiçik xalqların məhkum  edilməsinə və azadlıqsevən  demokratiyanın  məhvinə  yönəlmiş  imperialist  cəhdlərinin  nəticəsidir, ona  görə  də qərara alınır: dövlətin  müdafiəsi məqsədi ilə hazırkı  hökumətin  tərkibindən xüsusi orqan ayrılsın və ona müdafiə sahəsində təcili  tədbirlərin görülməsi: ümumi səfərbərliyin elan edilməsi, ölkədə  və yaxud onun  ayrı-ayrı bölgələrində  fövqəladə  hərbi  və yaxud mühasirə vəziyyətinin elan edilməsi, qüvvədə olan qanunların müvəqqəti ləğvi və yaxud dəyişdirilməsi, könüllü  dəstələrin yaradılması, qeyri-məhdud kreditlərin təltəlhesab  xərclənməsi üzrə müstəsna səlahiyyətlər  verilsin”. 1919-cu il, iyunun  9-da Cümhuriyyət  hökumətin  qərarı ilə  tərkibi baş nazir Nəsib bəy Yusifbəyov, hərbi nazir S.S.Mehmandarov, xarici işlər naziri M.Y.Cəfərov, rabitə yolları  naziri X. Məlik-Aslanov və əmək naziri A.Səfikürdski  daxil olmaqla,  beş nəfərdən ibarət  Dövlət Müdafiə  Komitəsi yaradıldı. Ölkədə ümumi  səfərbərliyin, hərbi-müdafiə vəziyyətinin  elan  edilməsi    müdafiə  üzrə fövqəladə  tədbirlərin   görülməsi  hüququ  həmin  Komitəyə  verildi. Digər tərəfdən, hökumət hərbi  qoşunların  Dağıstan  cəbhəsinə  doğru çəkilməsinə qərar verdi. Azərbaycanın  səsinə  qonşu  Gürcüstan  da səs  verdi. Denikinin  müharibə təhlükəsinə  qarşı Gürcüstanla hərbi  konvensiya bağlamaq məqsədi ilə  Azərbaycanın  hökumət başçısı N.b.Yusifbəyov    hərbi  nazir S.b.Mehmandarov Bakıdan Tiflisə yola düşdülər. 1919-cu il iyunun 16-da Tiflisdə Azərbaycan və Gürcüstan Respublikaları arasında hərbi-müdafiə  müqaviləsi imzalandı. Qeyd edək ki, Zaqafqaziya konfransı tərəfindən,  müstəqilliyinə  və ərazi bütövlüyünə  təhlükə yarandığı  vaxt birgə mübarizə aparmaq üçün üç  respublikanın hərbi-müdafiə ittifaqı yaradılması ilə bağlı təklif irəli sürüləndə Azərbaycan və Gürcüstan bu təklifi qəbul edərək, müqaviləni imzaladılar. Ermənistan isə bundan imtina etdi. Bunun səbəbi "könüllülər ordusu ilə Ermənistan arasındakı gizli sazişin mövcudluğu idi.

 

Azərbaycan respublikasının Cənubi Rusiya silahlı qüvvələrinin komandanlığı ilə rəsmi münasibətləri yox idi. Denikinin Bakıdakı nümayəndəsi polkovnik Lazarev ingilis  komandanlığı nəzdində, Azərbaycanın Yekaterinodardakı nümayəndəsi Cəfər bəy Rüstəmbəyov isə Kuban hökuməti nəzdində fəaliyyət göstərmişdi. C.b.Rüstəmbəyov tutduğu həmin vəzifədə Azərbaycanın təhlükəsizliyinin təmin edilməsində və Denikinlə bağlı mümkün ola biləcək  toqquşmanın    yaxud  münaqişənin  qarşısının  alınmasında  böyük  rolu  olmuşdur C.b.Rüstəmbəyov "könüllülər  ordusu”nun  Azərbaycanla  qarşılıqlı  münasibətləri  məsələləri  ilə bağlı  dəfələrlə  Denikinin  komandanlığı  nəzdindəki  Britaniya  hərbi  missiyasının  başçısı,  general Briqqslə, həmçinin Cənubi Rusiya hərbi  qüvvələrinin ali baş komandanı  general Denikinlə görüşmüşdür. O, keçirdiyi bütün görüşlərdə Azərbaycanın maraqlarını qətiyyətlə qorumağa çalışmış və vəzifəsinin öhdəsindən lazımınca gəlmişdir.

 

Ağqvardiyaçılar tərəfindən  həbs  olunma  təhlükəsi

 

Cəfər bəy 1919-cu il,  iyunun  7-də Yekaterinodar şəhərindən  Azərbaycanın xarici  işlər naziri  M.Y. Cəfərova  göndərdiyi 105¹-li  məktubda həmin görüşlər  haqqında ətraflı  məlumat  təqdim  etmişdir. "Könüllülər  ordusu”nun  komandanlığı  ilə  diplomatik münasibətlərin  təyin edilməsinə  dair  hökumətin mənfi  münasibətini    neytral mövqeyini saxlamaq  haqqında  xarici işlər nazirinin  müavini Adil xan Ziyadxanovun  Azərbaycanın Kubandakı  nümayəndəsi  C.b. Rüstəmbəyova göndərdiyi  26 iyun  1919-cu il tarixli 1846 ¹-li  təcili  diplomatik  məlumatda (depeşada) qeyd edilirdi: "Rusiyanın  düzəngahında mübarizə aparan qüvvələrə münasibətdə  bizim  tutduğumuz bitərəfliyin  gözlənilməsi mövqeyi  doğrudur. "Könüllülər ordusu  ilə Azərbaycan arasında diplomatik  nümayəndəliklərin mübadiləsi məsələsi hökumət tərəfindən mənfi  olaraq həll edilmiş, lakin eyni  zamanda, "könüllülər  ordusu”nun komandanlığı ilə müxtəlif məsələlər üzrə danışıqların aparılmasına ehtiyac olduğu hallarda, belə danışıqların aparılmasının əleyhinə deyilik. Eləcə də "könüllülər  ordusu” lazımi hallarda  Azərbaycan hökuməti ilə  danışıqların  aparılmasını ingilis  komandanlığı  nəzdindəki nümayəndəsinə - general Lazarevə  həvalə  edə bilər”.

 

24 sentyabr  1919-cu il tarixli "Azərbaycan” qəzetində dərc olunmuş məlumatda bildirilirdi ki, Azərbaycan Respublikasının  Kuban və Don hökumətləri nəzdindəki  diplomatik nümayəndəsi  C.b.Rüstəmbəyov   Azərbaycanın  maraqlarını  müdafiə  etmək üçün Cənubi Rusiya Silahlı Qüvvələrinin  ali  baş komandanlığında  Azərbaycan Respublikasının  nümayəndəsi  təyin edilir. Denikin bolşeviklərə qarşı apardığı mübarizədə nə Azərbaycanı,  də Gürcüstanı müttəfiq qismində özünə tərəf çəkməyə nail  ola bilmədi. Buna cavab olaraq Denikin 1919-cu il, noyabrın 19-da Zaqafqaziyanın iqtisadi blokadaya alınması haqqında əmr imzaladı. Bu addımı general Denikinin  diplomatik  təzyiqinin  sonluğu kimi qiymətləndirmək də mümkündür. Denikinin  Azərbaycana və Gürcüstana qarşı elan etdiyi iqtisadi blokada  nəticəsiz qaldı. Denikin nə hərbi-siyasi yolla, nədə ki, iqtisadi blokada metodu  ilə həmin dövlətləri istila  edə bilmədi. C.b.Rüstəmbəy ağqvardiyaçılar tərəfindən  həbs  olunma  təhlükəsi qarşısında qaldığı üçün 1919-cu ilin  noyabrın sonlarında Novorossiysk  vasitəsilə Bakıya qayıtmalı oldu.

 

C.b.Rüstəmbəyovun Fövqəladə  Komissiyada  yazdığı izahatnaməsində  qeyd  edirdi  ki, o, 1920-ci ilin fevralında ticarət, sənaye və ərzaq naziri  M.H.Hacinskinin təklifi ilə həmin nazirlikdə nazir müavini  təyin edilmişdir. Arxiv sənəd materiallarının  araşdırılması zamanı müəyyən edilmişdir ki, həqiqətən də C.b. Rüstəmbəyov  hökumətin 11 fevral 1920-ci il tarixli qərarı ilə ticarət, sənaye və ərzaq nazirinin  müavini  vəzifəsinə təyin  edilmişdir. Həmin  məlumat Cümhuriyyət  hökumətinin  rəsmi mətbu orqanı olan 18 fevral 1920-ci il tarixli 12¹-li "Âåñòíèê Ïðàâèòåëüñòâà Àçåðáàéäæàíñêîé Ðåñïóáëèêè” qəzetində dərc edilmişdir. 

 

1924-cü ildə Azərbaycan Milli Mərkəzini yaradıblar

 

1920-ci ilin  əvvəllərində Rusiyada  gedən vətəndaş müharibəsinin  bütün cəbhələrində  köklü  dəyişikliklər  baş verdi. Yanvar ayında Krasnoyarskda Kolçakın 60  minlik ordusu  təslim oldu. Sovet ordusu yanvarın 2-də Tsaritsanı, 8-də isə Rostovu  ələ keçirərək Cənub cəbhəsində Denikinin  qoşunlarını  sıxışdırmağa nail oldu. Yuxarıda adı çəkilən generalların  bolşeviklərə  qalib gələ bilməyəcəyi  artıq açıq-aşkar  bəlli  idi. Lakin qonşu Rusiyada  vətəndaş müharibəsi hələ davam edirdi. Oradakı qeyri-stabil vəziyyət  yenə Azərbaycan hökumətini  narahat  edirdi. Həmin vaxtlar "Azərbaycan ”qəzetində qeyd edilirdi: "Biz çox məmnun olardıq ki, tezliklə Rusiyada hüquq qaydası hökm sürsün,  lakin elə hüquq  qaydası ki, bizim üzərimizə nə ağ, nə qırmızı, də ki, qara at üzərində işğalçı  göndərməsin”.

 

Azərbaycanda  sovet hakimiyyəti  qurulduqdan sonra  C.b. Rüstəmbəyov sovet hakimiyyətinə qarsı millətçi əhval-ruhiyyəli ziyalıların bazası əsasında 1924-cü ildə yaranmış Azərbaycan Milli Mərkəzinin üzvü olmuşdur. Həmin Mərkəzə türk  ziyalıları, o cümlədən Müsavat  hökumətinin  üzvləri, keçmiş nazirlər və əksinqilabi müsavat və ittihad partiyasının nümayəndələri rəhbərlik edirdilər. Milli Mərkəzin  əsas məqsədi sovet hakimiyyətini yıxaraq, müstəqil  Azərbaycan Demokratik Respublikasını  yaratmaq olmuşdur. 1931-ci il, 5 sentyabr tarixdə Azərbaycan milli mərkəzinin 53 nəfər üzvünə qarşı ittiham irəli sürülmüşdür.  Azərbaycan milli mərkəzinin üzvlərinin, o cümlədən C.b. Rüstəmbəyovun  çox acı taleyi olmuşdur. Onların bəziləri güllələnmiş, bəziləri həbs olunmuş, bəziləri isə  doğma yurd-yuvalarından sürgün edilərək  məşəqqətli həyat tərzi keçirmişlər. Cümhuriyyət dövrünün bir sıra tanınmış ictimai-siyasi xadimləri  kimi C.b.Rüstəmbəyov da qırmızı terrorun qurbanı olaraq, 1938-ci ildə  vəfat etmişdir.

 

Rafiq Səfərov

Azərbaycan Respublikası Milli Arxiv idarəsinin Baş məsləhətçisi                              

 

Kaspi 2017.- 7 iyul.- S.15.