Zərif duyğular
şairi
Mətanəti
sarsılmayan ruh, şəfqəti azalmayan qəlb, hərarəti
soyumayan əllər
O, ədəbiyyatımızın
qadın şairləri içərisində öz dəst-xətti
ilə seçilir. "Nigar Rəfibəylinin
şeirlərini oxuyanda, onun müəllifinin qadın
olması istər-istəməz duyulur. Onun
şeirləri üslub, lirika, rəngarənglik
baxımından, ilk baxışdan qəlbi oxşayır”.
Ədəbiyyatşünaslar Nigar xanımın
poeziyasını məhz belə xarakterizə edirlər.
.
Nigar Rəfibəyli Gəncə şəhərində
doğulub. Bakı Pedaqoji Texnikumunu bitirdikdən sonra Moskvada
Pedaqoji İnstitutda təhsilini davam etdirib. Bakı kinostudiyasında ssenari şöbəsində,
eyni zamanda fəhlə-gənclər məktəbində,
"Azərnəşr”də bədii-ədəbiyyat
şöbəsində tərcüməçi və redaktor,
"Uşaqgəncnəşr”də bədii ədəbiyyat
şöbəsində redaktor vəzifələrində
çalışıb. Poeziyada imzasını təsdiq
edənə qədər isə həyat yolu keşməkeşli olub.
Repressiyanın
acısı
Nigar Rəfibəyli repressiya illərində bəy
qızı olması üzündən olmazın əzab və
əziyyətlə üzləşib. Qohum-qardaşlarına
"xalq düşməni” damğasının
vurulmasının acısını o da yaşayıb.
Nigarın atası Xudadat bəy müstəqil hökumətin
ilk səhiyyə naziri,
Gəncənin valisi idi. 1920-ci ildə
Gəncədə antisovet üsyanı baş verəndə
Nigar hələ uşaq idi. Üsyan zamanı minlərlə
insan məhv oldu,
bir çox gəncəlilər öz
yurd-yuvalarını tərk etməli oldular. Onların
arasında altı yaşlı Nigar və anası da var idi.
Rəfibəylilər sovetin özünə
düşmən seçdiyi nəsillərdən birinə
çevrildi.
Nigar Rəfibəylinin atası Xudadat bəy Rəfibəyli
Nargin adasına sürgün edilərək güllələnir.
O faciəli
günlərdə Xudadat bəyin altı yaşlı
qızı Nigar Rəfibəyli ilə anasını Mustafa
adlı bolşevik qanadı altına alır, ailəyə
yardım əlini uzadır. Daha sonra isə
onları Gəncədən uzaqlaşdırırlar. Nigar Rəfibəyli uzun illər doğma yurdu Gəncəyə
həsrət qalır. Onun Gəncəyə ilk gəlişi
isə Kəpəz dağına saatlarla baxması kimi
xatırlanır...
Babası
Ələkbər bəy Gəncənin və bütöv Azərbaycanın
ağsaqqallarından idi. Mənbələrə
görə, Ələkbər bəy Rəfibəyli birinci
dünya müharibəsi ərəfələrində alman
kolonistlərinin Gəncədən deportasiya olunmasının
qarşısını alıb. Müsadirə
söhbətini eşidən Gəncə əhli bir yerə
yığışaraq mötəbər adamlar içərisindən
Gəncə qubernatorunun yanına Ələkbər bəyi
göndərmək qərarına gəliblər. Ələkbər
bəy Gəncə qubernatorunun yanına gedərək ondan
almanların deportasiya olunmamasını xahişini edib:
"Rusiya uzaq Almaniyada müharibə edirsə, buradakı
almanların nə günahları var?” deyir. Beləliklə,
almanların deportasiyası ləğv olunur...
Nigar Rəfibəyli kiçik yaşlarından
ağrılı-acılı günlər görür,
yurd-yuva həsrəti çəkir. Dayıları, əmiləri
və atası sovetlərin gülləsinə tuş gəlmiş
qəhrəmanlar idi. Neçə illər
Gəncənin həsrətində olmuş Nigar Rəfibəyli
bu hisslərini, duyğularını öz şeirlərində
də qələmə alır.
İnsana
məhəbbət hissi
Nigar Rəfibəylinin
sevə-sevə yazıb-yaratdığı şeirlər vətən
torpağının gözəlliyinə, dünyamızda
baş verən hadisələrə, insanlara, onların taleyinə,
mənəvi aləminə həsr olunub. Onun şair qəlbi
gözəlliklərdən ilham alıb, sonra da bu gözəlliklər
onun qələmindən ağ kağız
üzərinə süzülüb.
Nigar xanımın "Çadra” adlı ilk şeiri
1928-ci ildə "Dan ulduzu” jurnalında dərc edilib. 1934-cü ildə
nəşr olunan ilk şeirlər kitabı Azərbaycan
qadınlarının yeni həyat quruculuğunda
iştirakından bəhs edir. Nigar Rəfibəyli, təbiət
mənzərələri, mənəvi zənginlik, vətənpərvərlik,
sülh, demokratiya, azadlıq ideyaları tərənnüm
olunan "Dənizin səsi gəlir”,
"İşıqlı dünyam”, "Günəşdən
gənclik istədim”, "Həzin bir axşamda düşsən
yadıma”, "Şanlı nəsillərin yadigarısan”
müharibə mövzusuna və müharibə əleyhinə
həsr olunan "Zəfər nəğməsi”,
"Anaların səsi”, uşaqlar üçün
yazdığı "Balaca qəhrəman”, "Günəşin
cavabı”, "Məstanın balaları”, "Bizə bahar
yaraşır” kitabları ilə ədəbiyyatımızı
zənginləşdirib.
Azərbaycanla bağlı müxtəlif mövzularda
yazıb-yaradan Nigar xanım dünya xalqlarının da həyatından,
faciəli məqamlarından bəhs edən şeirlər
yazıb.
Nigar xanım 1940-cı ildən ömrünün sonunadək
bütün qüvvəsini yaradıcılıq işinə
həsr edərək, qardaş xalqların ədəbiyyatından
nümunələri dilimizə çevirməklə, milli mədəniyyət
xəzinəmizi zənginləşdirib. Məhsəti Gəncəvinin
rübailərini, Evripidin "İfigeniya”, Fridrix Şillerin
"Məkr və məhəbbət”, Anton Çexovun
"Vanya dayı”, "Albalı bağı”
dramalarını, E.L.Voyniçin "Ovod”, O.Qonçarın
"Bayraqdarlar” romanlarını, Əlişir Nəvai,
Aleksandr Puşkin, Mixail Lermantov,
Taras Şevçenko, Ş.Petöfi, A.Mitskeviç,
A.Sereteli və başqalarının əsərlərini tərcümə
edib. Həmçinin şairin öz əsərləri
xarici dillərə tərcümə olunub.
Nigar Rəfibəylinin şeirləri Azərbaycan ədəbiyyatında
özünəməxsusluğu ilə seçilir. İnsana məhəbbət
hissi onun poeziyasından ana xətt kimi keçir. Onun insana münasibətində humanizmi öndə
durur.
Nigar Rəfibəyli Azərbaycanın şair
qadınları arasında öz zərif duyğusu və
intellektual səviyyəsi ilə seçilib. Onun şeirlərində
Azərbaycan qadınlarının sevgi və zəhmət
dünyası, ağrı və acıları bütün əlvanlığı
ilə qələmə alınıb. Nigar
Rəfibəyli poeziyasında ana məhəbbətinə,
qadın səadətinə, övlad sevgisinə daim müraciət
edib.
Nigar Rəfibəylinin yaradıcılığı incə
və saf duyğulardan ibarətdir. Nigar xanımın
yaradıcılığını vəsf edənlər
"Nigar Rəfibəylinin lirikası geniş, vüsətli
bir lirikadır. Onun palitrasındakı rənglər
yalnız məhəbbətin tərənnümü, hicran
yanğısının təsviri üçün deyil.
Bu rənglər həyatın daha əlvan hadisələrinin
inikası üçün, ictimai həyatda, insanlar
arasındakı münasibətlərdə yol verilən
haqsızlıqların ifadəsi, köməksizlərin
müdafiəsi, ahəngdarlığın qorunması
üçündür” yazırlar.
Gözəl
nəğmələrin müəllifi
Nigar Rəfibəylinin sözlərinə yazılan
mahnılar zərif duyğular şairini daha da sevdirir. O, ürəklərə
xoş gələn gözəl nəğmələrin, həmişə
təzə-tər səslənən mahnıların müəllifidir.
Azərbaycanın bir çox görkəmli bəstəkarları
- Niyazi, Fikrət Əmirov, Səid Rüstəmov, Cahangir
Cahangirov, Tofiq Quliyev, Süleyman Ələsgərov, Emin
Sabitoğlu, Polad Bülbüloğlu, Vasif Adıgözəlov,
Telman Hacıyev, Sevda İbrahimova və b. şairin biri-birindən
həzin, lirik şeirlərinə müraciət edərək,
ürəyəyatımlı mahnılar yazıblar. Bir çox tanınmış müğənnilərimiz
Nigar Rəfibəylinin sözlərinə bəstələnmiş
mahnıları böyük şövq və məhəbbətlə
ifa ediblər. Bülbül, Rəşid Behbudov, Zeynəb
Xanlarova kimi məşhur müğənnilər onun sözlərinə
yazılan mahnıları oxuyublar.
Ən səmimi
və amansız tənqidçi
Nigar xanımın Rəsul Rza kimi görkəmli insan və
ədəbiyyat adamı ilə ailə qurması, onların
bir-birinə olan dərin sevgiləri həyatın çətinliklərini
birgə adlamalarına kömək edib. Onlar həmişə
bir-birlərinə arxa-dayaq olublr. Onların bir-birlərinə
həsr etdiyi şeirlər əsil sevgi nümunəsi kimi
oxunur.
"1931-ci ildə şairə Nigar Rəfibəyli ilə
tanış oldum. O zamanlar səhvən özgənin şerini onun adına çıxıb, tənqidçilər
ona şiddətli atəş açmışdılar. Həm də bu tənqidi ədəbiyyata dəxli
olmayan ayrı-ayrı rütbə sahibləri xeyli
qızışdırırdılar. Həqiqət
sonra aşkara çıxdı. Gənc
şairə özünü ləyaqətlə
aparırdı. Bu tənqidi məqalələrin
birisinin altında başqa yoldaşlarla bərabər, mənim
də imzam var idi, ona görə də indi bu barədə
yazmağı lazım bildim. Qəribə
görünsə də, bu hadisə bizi
yaxınlaşdırdı. Məlum oldu ki,
Nigarla mənim ədəbiyyata və həyata olan münasibətlərimizdə
ümumi nöqtələr çoxdur. Bilmirəm
mən ona necə təsir bağışladım, ancaq o, mənim
çox xoşuma gəldı. Görünür,
onun da mənə münasibəti pis deyilmiş,
çünki sonralar bizim yollarımız ayrılmadı.
1937-ci il fevralın 11-də evləndik. Biz indi də ədəbi mübahisələr edir,
yazdığımız şerləri, oxuduğumuz
kitabları təhlil və müzakirə edirik. Ağıllı, qayğıkeş, mərd bir
qadın olan şairə ilə evləndiyim üçün
xoşbəxtəm. İndi mənim ən
səmimi və ən amansız tənqidçim öz evimdədir”-
deyə Rəsul Rza yazırdı.
Bu sevgi ömürlərinin sonuna qədər onlarla
birlikdə yol gəlir. Nigar xanım vəfalı
ömür-gün yoldaşı ilə birlikdə ədəbiyyatımızın
yüksəlməsi üçün var qüvvəsi ilə
çalışır.
"Nigar, əzizim! İyirmi il əvvəl,
boranlı bir fevral günü biz səninlə əl-ələ
verib həyatın mürəkkəb, çətin
yollarına çıxdıq. Bu iyirmi il boyunda bütün
sınaqlardan keçib mətanəti sarsılmayan ruhun, şəfqəti
azalmayan qəlbin, hərarəti soyumayan mərd əllərin
üçün sağ ol!” deyə Rəsul Rza 1957-ci ildə
Moskvadan Nigar xanıma yolladığı teleqramda
yazırdı: "Əgər günlər geriyə
varaqlansa, gəncliyim qayıtsa idi, inan ki, mən
ömrümü yenə səninlə bağlayar, həyatın
daha çətin yollarında, tərəddüdsüz, səninlə
əl-ələ verib gedərdim. Qoy üç
sevimli balamızın sevinc və səadəti gələcək
günlərimizi bəzəsin. Qoy məhəbbətimizin
hərarəti onları hər cür fırtınalardan
qorusun.
Vəfa və sədaqətin qarşısında baş
əyirəm”- deyə Rəsul Rza böyük sevgisi və
etibarına görə, ömür-gün yoldaşına minnətdarlıq
edirdi. Nigar xanım isə "İnsan yaşa dolduqca xatirələr
aləmində yaşamağa başlayır, irəlidən
çox geriyə baxır, keçən ömrün uzaq səhifələrini
gözdən keçirir. Otuz üç il
bərabər ömür sürdüyüm Rəsul Rza ilə
keçən günlərimizi vərəqləyərkən
aydın bir həqiqət cəlb edir: bütünlüklə
ağır və yüngül, sevincli və sevincsiz, kədərli
və bayramlı keçən bir günümüz
olmamışdır. Xalq həyatı ilə
yaşamış, onunla nəfəs almış, ən
ağır günlərdə xalqın dərdinə şərik
olmuşuq, xalqın həyəcan və arzuları ilə
yaşamışıq” yazırdı.
Rəsul Rza ilə Nigar xanımın ölümü
arasında 3 ay fərq olub. Həyat yoldaşının
ölümünü Nigar xanım, dünyadan köçən
günə qədər
bilməyib. Xalq yazıçısı Anar
ata-anasının bir-birinə sonsuz məhəbbəti
haqqında hekayəti "Sizsiz” adlı kitabında qələmə
alıb.
Nigar Rəfibəyli
xidmətlərinə görə "Şərəf”
nişanı ordeni və müxtəlif medallarla təltif
olunub. 1981-ci il iyulun 10-da Bakıda vəfat edən şairin adı hazırda
şəhərin küçələrindən birində əbədiləşib.
Şairliyi ilə şəxsiyyəti bir-birini
tamamlayan Nigar Rəfibəylinin sevgidən və insanlara məhəbbətdən
yoğrulan poeziyası isə həmişəlik poeziyasevərlərin
qəlbinə köçüb.
Təranə Məhərrəmova
Kaspi 2017.- 11
iyul.- S.7.