Sözünə, qələminə,
amalına sədaqətli insan
Onun yazılarında Mirzə Cəlil
ruhu var
Onu oxuculara əvvəlcə "Mirzə Cəlil ruhu duyulan” hekayələr müəllifi kimi təqdim etmək istədim. Sonra düşündüm ki, yanılıram. Axı Akif Cabbarlı həm də Azərbaycan radiosunun və televiziyasının inkişafı yolunda fədakarcasına çalışan bir televiziya jurnalistidir. 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) jurnalistika fakültəsini bitirərkən onun səlis nitq bacarığını, biliyini və ən başlıcası, zəhmətkeşliyini (təəssüflər ki, bu gün çoxları telejurnalistikanı zəhmətsiz, tez məşhurlaşmaq üçün bir vasitə hesab edirlər) nəzərə alaraq təyinatla Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsinə işə göndərdilər. O gündən 44 ilə yaxın bir zaman ötür. O, bu zaman ərzində milli mətbuatımızda və televiziyamızda özünəməxsus yazı üslubu, səlis dili, mövzu seçimi, sərrast deyim tərzi, ifadə vasitələri olan bir qələm əhli kimi tanındı, sevildi, seçildi. Oxucusu, tamaşaçısı onu söz dərgahının hüzurunda həmişə başıuca dayanan, ürəyinin diktəsini qələmə alan birisi kimi tanıdı.
Birini əməli, digərini amalı ilə...
Beləliklə qəzet, jurnal səhifələrində, efirdə
və ekranlarda Akif Cabbarlı imzalı, sözlü bir yazarımız yetişdi. Fəaliiyəyə kiçik redaktorluqdan
başlayan Akif müəllim, sonralar baş redaktor, yaradıcılıq birliyinin
rəhbəri kimi vəzifələrdə də
ona bəslənən
ümidləri doğrultdu,
mətbuatımızın əsasını
qoyan böyük kişilərin amalına layiq olmağa çalışdı və
buna nail də oldu. 2011-ci ilin mayından Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı
Səhmdar Cəmiyyətində
İdarə Heyətinin
katibi vəzifəsinə
təyin edilən Akif müəllim,
2013-cü ilin avqustundan
İctimai Televiziya və Radio Yayımları
şirkətinin əməkdaşı,
"Media və zaman” televiziya proqramının redaktorudur.
A.Cabbarlı televiziya ilə
yanaşı müxtəlif
illərdə "Kommunist”
(1987-1992) və "Azərbaycan”
(2007-2011) qəzetlərin də
çalışıb. Azərbaycan Yazıçılar
və Jurnalistlər Birliyinin üzvü olan A.Cabbarlının istər hekayələrində,
publisistik məqalələrində,
istərsə də ssenari müəllifi olduğu radio və televiziya süjetlərində,
reportajlarında qələm
əhlindən əvvəl,
bir vətəndaş
yanğısı, sevgisi,
sabaha inamı duyulub. Bu inam
onu daima bir işığa, uğura yönəldib.
Əməkdar jurnalist
Flora Xəlilzadə deyir:
"Millət, vətən
sevgisinin birləşdiyi
məqamlarda yaranan əsərlər janrından,
həcmindən asılı
olmayaraq, ədəbi uğurdur”. "İmanımız
vətəndir” deyən
Akif müəllim bu vətəni qorumaq və yaşatmaq üçün
hər kəsi onun uğrunda mübarizəyə çağırır.
Birini əməli, digərini amalı ilə... A.Cabbarlı istər qəzetdə,
istər televiziyada eyni həvəs, eyni məsuliyyətlə,
sözünə, qələminə,
amalına sədaqətlə
çalışır. Bu sədaqətdə vətəninə, dövlətinə,
dövlətçiliyinə məhəbbət hər
an özünü büruzə
verir.
Söz demək səlahiyyəti
Yenicə
"Şuşa” nəşriyyatında
işıq üzü
görən "Səngər
uvertürası” adlı
kitabında qəlbi vətən sevgisi, torpaq qeyrətilə döyünən oğullarımızı
səngərdən-səngərə havalanan "Zəfər uvertürasına” səsləyir.
Müəllif əsərini "Azərbaycan əsgərinin
"Aprel dərsləri”
adlı publisistik yazısı ilə başlayır və şücaətlə düşmənə
dərs verən igidlərimizi alqışlayır,
qürurla yad edir. Azərbaycan igidini quduz düşmənin üstünə
ölməyə yox, öldürməyə, yurdumuzdan
süpürüb atmağa
haraylayır. Vətən məhəbbəti,
insanlıq duyğusu ilə yazılan bu əsərdə A.Cabbarlının müxtəlif
vaxtlarda dövri mətbuatda çap olunan bədi-publisistik məqalələrinin bir qismi də yer
alıb. Bu məqalələr arasında
eləsi var ki, müəllif orada cəmiyyəti narahat edən problemlərdən də bəhs edir. Məsələn, "Televiziyalarda
aparıcı(lıq)
problemi... həmişə
problem olub” və
"Söz demək səlahiyyəti” sərlövhəli
məqalələrində bu
sahədəki naşıların
populyar olmaq, məşhurlaşmaq eşqinə
düşməsindən ürək
ağrısı ilə
bəhs edərək yazır: "...bəzi teleaparıclar indi toy tamadalarından o qədər
də fərqlənmir.
Studiyaya çağırılan qonaqlarla
açıq-saçıq söhbətlər, yerli-yersiz
replikalar, özlərini
tərifləmək cəhətləri,
çoxbilmiş və
hər şeydən xəbərdar obrazı yaratmaq istəyi təbii ki, ayıq tamaşaçıda
ikrah hissi doğurur”. Uzun illər radio və televiziya jurnalisti olan bir mütəxəssis
kimi Akif müəllim belə
"teleaparıcılar”dan məsləhətlərini də
əsirgəmir: "Teleaparıcılar
və jurnalistlər öz üzərlərində
ciddi işləməli,
dünyagörüşlərini və savadlarını artırmalı tamaşaçı,
dinləyici ilə ünsiyyətdə aydın
zəkalılıq, kreativ
düşüncəlik nümunəsi
göstərməlidirlər. Bir sözlə, tamaşaçıya
söz deyənin öz sözü və özgürlüyü
gərək olsun”.
Əgər onlar dinləmək
və öyrənmək
mədəniyyətinə malikdirlərsə.
Təəssüf, çox
təəssüf ki, bəzən belə "teleaparıcılar” unudurlar
ki, onların nə şəxsiyyətləri,
nə də ədəb-ərkanları buna
yol vermir ki, tamaşaçıya əxlaq dərsi keçsinlər
Bu hekayələr
sizi güldürə-güldürə
düşündürəcək
A.Cabbarlını yaşadığımız cəmiyyətin
digər sosial, ictimai, iqtisadi, mədəni problemləri
də narahat edir. Məqalələrində bu mövzulara
da yer verən
müəllif, hər
birimizi sabahlı gələcək uğrunda
düşünməyə vadar edir. "Oturduğu budağı mişarlayanlar” adlı məqaləsində ekoloji
tarazlığın pozulmasından
narahat olan publisist, yaşıllığı
qorumağı, onlara qayğı ilə yanaşmağı nəyinki
tövsiyə edir, az qala onlara
qənim kəsilənlərin
ürəyinə rəhm
salmaq arzusu ilə deyir: "Qızmar yay günlərində kölgəsini,
payızda meyvəsini,
qışda istisini əsirgəməyən varlıq,
sirdaşımız, qəlbimizin
pıçıltısını yaxından duyan əvəzedilməz dostumuzdu
ağaclar”.
Akif müəllimin
məqalələrində klassika
ilə müasirlik vəhdət təşkil
edir. "Bakı səmasında muğam sədası” məqaləsində
milli-mənəvi dəyərimiz
olan muğamdan, onun dünyada tanıdılması üçün
dövlət səviyyəsində
görülən xeyirxah
işlərdən və
Avropa Oyunlarının
ölkəmiz üçün
son dərəcə böyük
bir əhəmiyyət
kəsb etməsindən
də eyni şövqlə danışır.
Kitabda son bölmə "Həyat etüdləri” adlanır. Mənə elə gəlir
ki, oxucunu da daha çox
düşündürən bu bölmə olacaq. Çünki həyatımızın bir
parçasını əks
etdirən bu etüdləri oxuduqca,
Flora xanım demişkən,
görəcəksiniz ki,
siz o tipləri az qala tanıyırsınız. Onlar
bizim ətrafımızda, iş yerlərimizdə
elə çoxdurlar ki... Bu hekayələr
sizi güldürə-güldürə
düşündürəcək.
"Pişik süfrə
başında”, "Bir
işin ki, içindən zibil çıxdı”, Boş
qalmış kreslo”,
"Vicdanın necə,
ağrımadı ki?
", "Toy tərifi”, "Öz it həyatını
yaşayan itlər”,
"Qonşu payı”,
"Brejnev SSRİ-nin
direktoru idi, yoxsa”, "Ezamiyyət adı ilə sürgün”, "Nisyə
dəftəri”, "Ağayar
kişi bu fikirdədir ki, itin də adamı
olmalıdır” və
s. hekayələri oxucunu
güldürməklə yanaş,
həm də düşündürür. Cəmiyyətdə baş verən naqisliklər müəllif
tərəfindən mükəmməlliklə
açıqlanır. Bəzən bir-iki səhifə, hətta üç-beş cümlədən
ibarət olan bu hekayələrdə Mirzə Cəlil ruhu var. Az
sözlə böyük
məna kəsb etmək, oxucunu güldürə-güldürə düşündürmək, yanlışlıqlardan
çəkindirmək, düz
yola istiqamətləndirmək.
"Ağayar kişi bu fikirdədir ki, itin də adamı
olmalıdır” hekayəsinin
qəhrəmanı olan
Ağayar kişinin bahalı villalarda, maşınlarda yaşayan
itlərə həsəd
aparması oxucunu düşündürməklə yanaşı, qəlbini ağrıdır. Görünür, hələ də bəzi zənginlərimizin
mənəvi zənginliyə
böyük ehtiyacı
var.
Ehtiraslıdır, canlıdır, səmimidir
Bu hekayələrdə həm də fikir aydınlığı, dilin, üslubun sadəliyi və eyni zamanda, mövzunun kəskinliyi diqqəti cəlb edir. Müəllif ən xırda detalları, nüansları belə nəzərdən qaçırmır, daş qəlbli insanları sözü ilə xeyirxahlığa səsləyir. Sözə çox böyük ehtiramla yanaşan müəllif buna nail olacağına da inanır. Bəlkə elə ona görə də, düşüncələri, təklifləri (hətta tənqidi fikirləri də) ehtiraslıdır, canlıdır, səmimidir. Yəqin ki, bu, Akif müəllimin xasiyyətindən də irəli gəlir. Bütün varlığı ilə milli dəyərlərimizə bağlı olan, daxili abır-həyası üz-gözündən süzülən Akif Cabbarlı həyatında, yaşam tərzində necədirsə, yaradıcılığında da elədir (Unutmayaq ki, əsərlərində ləyaqətdən, ədalətdən yazan, həyatda isə bunlardan uzaq olan şairimiz də, yazıçımız da, publisistimiz də var). Odur ki, Akif müəllimə milli mətbuat günü ərəfəsində o kiçik qəlbindəki, böyük arzuları həyata keçirmək (yazıb-yaratmaq) üçün gözəl, geniş bir şərait arzulayıram. Arzunun çin olacağı ümidilə, hələlik deyirəm, qələm yoldaşım!
Qərənfil Dünyaminqızı
Əməkdar jurnalist
Kaspi 2017.- 13 iyul.- S.15.