Lənkərana gələn “moskvalı gəlin”in macəraları
Cənub
bölgəsinin mədəniyyət
ocağında mövsümün
sonuncu tamaşası olan “Ay Lolu və
ya moskvalı gəlin” maraqla qarşılandı
Uzun müddət idi ki, Nəcəf bəy Vəzirov adına Lənkəran
Dövlət Dram Teatrı
ilə əməkdaşlıq
edirdim və orada baş verən hadisələrdən,
yaradıcılıq prosesindən
qiyabi də olsa xəbərdar idim. Teatrın səsi-sədası qonşu ölkələrdən
eşidilir, uğurları
haqqında tez-tez xəbərlərə rast
gəlirdik. Ancaq nə
qədər paytaxtda oturub bölgə teatrı ilə əlaqələr saxlamağa
çalışsaq da,
yerində gözünlə
görmək tamam başqadır. "100 eşitməkdənsə, bir
görmək daha yaxşıdır” prinsipini
əsas götürərək
Lənkəran teatrında
mövsümün sonuncu
tamaşası olan
"Ay Lolu və ya moskvalı gəlin” tamaşasını
izləməyə getdik.
Tamaşa haqda danışmamışdan
əvvəl deyim ki, lənkəranlılar çox istiqanlı, mehriban və qonaqpərvərdirlər.
İyulun
15-də qonağı olduğumuz
teatrda təntənəli
şəkildə 126-cı mövsümün bağlanış mərasimi
keçirildi. Rəsmi hissədən
sonra nümayiş olunan "Ay lolu və ya moskvalı
gəlin” tamaşası
səviyyəsinə görə
heç də paytaxtda göstərilən
tamaşalardan geri qalmırdı. Belə ki,
aktyor oyunu, səhnə tərtibatı,
musiqi seçimi - hamısı birlikdə həmahənglik təşkil
edir, zövq oxşayırdı.
Bu gəlin kimdir?
Lənkəranda yaşayıb-yaradan yazıçı-publisist
Hafiz Mirzəyə məxsus
bu tamaşada hadisələr keçmiş
sovetlər dövründə
cərəyan edir. Moskvada ordu
sıralarında xidmət
edən Güləli Vətənə qayıdarkən
özü ilə Nataşa adlı bir qızı da gətirir. Anasının rus gəlinini
qəbul etmədiyini gördükdə isə,
Güləli Nataşanı
etnoqraf tələbə
kimi qələmə verir, valideynlərini ələ almağa nail olur. Bu halda
hamı etnoqraf qonağa hörmət edərək, onun bir neçə ay qalıb xalqımızın
etnoqrafiyasını içdən
öyrənməsinə şərait
yaradır. Amma sonradan
bunun hiylə olduğunu başa düşən Güləlinin
anası Gültamam arvad Nataşaya qəsdən elə bir həyat tərzi göstərir ki, o, buralardan baş götürüb geri qayıtmalı olur. Nataşa guya etnoqrafiyanı
canlı şəkildə
öyrənir deyə,
çox məşəqqətlərə,
çətinliklərə dözür, yerli adət-ənənələrə uyğun həyat tərzi keçirməyə
çalışır. Gültamam arvad hətta cindar Mircəfərin köməyindən də
yararlanmaq istəyir.
Bu zaman o, cindarın
qarşısında bir
vaxtlar Dərviş Məstəli şah Parisi dağıtdığı
kimi, Moskvanın dağıdılması tapşırığını
qoyur.
Hadisələrin sonunda Gültamam
və Gülağa rus qızı Nataşanı oğlanları
Güləli üçün
almağa və onu gəlin kimi qəbul etməyə razılaşsalar
da, Nataşa artıq axşam qatarı ilə
qaçıb Moskvaya qayıdır. Bu isə
1991-ci ildə Moskvada dövlət çevrilişi
- "QKÇP" ilə eyni günə təsadüf edir. Gültamam və Gülağa bu hadisələrin cindar Məmmədcəfərin
yazdığı duanın
təsirindən baş
verdiyini, Nataşanın
da məhz buna görə baş götürüb qaçdığını düşünürlər.
Tamaşadan çıxan mesajlar
Bəli, bu molla, cindar,
dərviş məsələləri
bu gün də aktualdır. Elə bilirsiniz,
molla məsələsi,
rus gəlini təkcə SSRİ dövründə
aktual olub? Xeyr, bu məsələ elə indi də
gündəmdədir. Nədənsə bizim ailələrdə
analar, ələlxüsus
da, əcnəbi gəlinləri qəbul etmək istəmirlər.
Adətən analar oğlanlarına
öz istədikləri,
daha açıq desək, öz bacısı və ya qardaşı qızlarını almaq istəyirlər. Çox
zaman da istəklərinə nail olurlar.
Bu gün bu
üsulla qurulan ailələr azdırmı?
Nəticədə, irsi xəstəliklər
və qohum evliliklərindən xəstə
uşaqların doğulması
halları günü-gündən
artmaqdadır. Əslində,
bu, başqa yazının mövzusudur...
Bəhs etdiyimiz tamaşada Gültamam rolunu teatrın tanınan aktrisası Qızılgül
Quliyeva canlandırırdı. Öz rolunun
öhdəsindən məharətlə
gələn aktrisa əsl Azərbaycan tipajlı ana obrazı ilə çıxış edirdi.
Tamaşa zamanı rejissor
onu o qədər danışdırmışdı ki, tamaşa boyu bu obraz
ancaq səhnədə
özünü ifadə
etməklə məşğul
idi, öz daxili aləmini büruzə verməyə
çalışırdı. Səhnədə bir aktrisanın
bu qədər danışdırılması, sözünün çox
olması sözün
əsl mənasında
həm aktrisanı yorur, həm də tamaşaçının
bir qədər diqqətini yayındırır.
Bütün səhnələrdə Gültamam obrazını dolğunluqla tamaşaçıya
çatdıran aktrisanın
tər içində
səhnənin o baş,
bu başına qaçdığını görürük.
Sanki bu obraz
məhz Qızılgül
xanımın düz əyninə biçilmişdi.
Bu, onun ən
yaxşı rollarından
biridir desək, yəqin ki, yanılmarıq.
Evin yeganə
oğlu olan Güləli obrazı isə mənim ən çox sevdiyim obrazlardan oldu. Şirin ləhcəsi və
oyun tərzi ilə tamaşaçılar
arasında böyük
rəğbət qazanan
aktyor Gültamam ananın gözünün
ağı-qarasıdır. Əslində, ananın bir
neçə qızı
olsa da, o bütün ümidini oğluna bağlayır.
Bu gün cəmiyyətimizdə
qadınların oğlan
dünyaya gətirmək
məqsədi yenə
də aktualdır.
Bəzi ailələrdə qız
övladını övlad
payı hesab etmirlər. Demək olar ki, hər gün mətbuatda bu tip xəbərlərlə rastlaşırıq.
Gündəlik problemlərin də
cəm olunduğu tamaşada izləyicilərə
sətiraltı mesajlar
ötürülür. Təbii ki, o da anlayana.
Gültamam ana qədər
tamaşada mühüm
əhəmiyyət kəsb
edən Gülağa obrazının mahir ifaçısı Sücəddin
Mirzəyevin isə həyata baxışı
bir qədər fərqlidir. Onun başqa
dünyası var. Oğlunun
rus qızı ilə evlənməsinin tərəfdarı olan ata obrazının öhdəsindən peşəkarcasına
gələn Sücəddin
müəllim öz işinin ustasıdır.
Gəldik çıxdıq rus qızımıza - Nataşa
xanıma. Teatrın istedadlı aktrisası
Şəbnəm Hüseynovanın
canlandırdığı bu
obrazda tamaşaçılar
azərbaycanlı gəlini
olmaq istəyən, yarıazəri, yarırusca
danışan bir xanım gördülər.
O bütün əziyyətlərə
qatlaşmağa razı
idi, təki sevdiyi şəxs olan Güləli ilə ailə həyatı qursun. Səhnənin yaraşığına çevrilən Nataşanın
danışığında bir qədər problemlər olsa da, tamaşaçı onu çox aydın başa düşürdü. Sahə müvəkkili
rolunu canlandıran Allahverən Babayev də həyatda bəxti gətirməyən
atalardandır. Qısa rolu
ilə əsl kənd qızı obrazının öhdəsindən
məharətlə gələn
Ülkər Quliyevaya da alqış düşür.
Ümumiyyətlə, tamaşa öz baxımlılığı və
axıcılığı ilə diqqətçəkən
idi. Mədəni istirahət ocağı
hesab edilən Lənkəran Teatrında
bizə bu ləzzəti yaşatdıqları
üçün tamaşanın
quruluşçu rejissoru,
respublikanın əməkdar
artisti Adil Zeynalova və Əlibala Əsgərova təşəkkür edirik.
Maraqlı səhnə tərtibatı...
Səhnədə sərgilənən dekor
gözoxşayan və
diqqətçəkən idi.
Siz o dekorasiyaya baxan kimi, biləcəksiniz ki, hadisələr harada və hansı həyətdə
baş verir. Bunun üçün tamaşanın
quruluşçu rəssamı
Məzaim Qurbanova
"afərin” demək
lazımdır. Onu deyəcəkdim
axı, cənub bölgəsinə məxsus
olan "Ay Lolu” mahnısı ilə tamaşa başladı və öz axarı ilə, ritmik mahnılarla davam etdi. Qələm Fərəcov tamaşanın
tərtibatına tamamən
uyğun olan musiqi seçmişdi.
Bir sözlə,
aktiv fəaliyyəti və uğurlu layihələri ilə hər zaman ön sıralarda olan Lənkəran Teatrından xoş xatirələrlə ayrıldım. Yaradıcı kollektivə
yeni-yeni uğurlar
arzulayırıq!
Xəyalə Rəis
Teatrşünas
Kaspi 2017.- 18 iyul.- S.8.