Türkmənistan və Tacikistan teatrlarının bünövrəsini qoyan azərbaycanlı

 

Cəlil bəy Bağdadbəyov təkcə vətəni Azərbaycanda deyil, türkdilli xalqların əksəriyyətinin mədəni inkişafında böyük xidmətlər göstərib

 

O, Şuşalı Bayram bəyin ailəsində doğulmuşdu. Şuşadakı rus gimnaziyasını bitirmiş Bayram bəy yalnız doğma şəhərin deyil, bütün Qarabağın ehtiramla yanaşdığı, sayılıb-seçilən adamlarından idi. Elə bu nüfuzuna görə də Demokratik Cümhuriyyət yarandıqdan sonra onu Ağdam qəzasının rəisi təyin ediblər. Belə bir kişinin tərbiyəsini görən Cəlil bəy hələ uşaqlıqdan elmə-ürfana, musiqiyə, teatra maraq göstərib. Onu həmişə işıqlı sabahlar və millətinin xoş gələcəyi düşündürüb. Elə bu yolda da öz iradəsi və dözümü ilə bütün çətinlikləri dəf edib. Amma hansı odlardan keçib yazı boyu tanış olacaqsınız...

Dövrünün tanınmış musiqi, teatr xadimi Cəlil bəy Bağdadbəyov əslində Azərbaycanın ilk sənətşünas və etnoqraflarından biridir. Təəssüf ki, bu görkəmli mədəniyyət xadiminin həyat və yaradıcılığı o qədər də mükəmməl araşdırılmayıb. Milli mədəniyyətin çiçəklənməsi, soydaşlarının maariflənməsi yolunda ömrünü odlara tuş edən Cəlil bəy Bağdadbəyov ötən əsrin əvvəllərində elə əsərlərə imza atıb ki, onlar hələ də öz əhəmiyyətini və aktuallığını itirməyib. Cəlil bəy Bağdadbəyovun əsərlərindən bu gün ali məktəblərdə, xüsusilə də Mədəniyyət və İncəsənət Universitetinin bir sıra fakültələrində dərslik kimi istifadə etmək faydalı olardı.

 

 

Özünün yazdığı xatirələrin birində oxuyuruq: "Mən Şuşa şəhərində 1887-ci ildə təvəllüd etmişəm. Uşaq ikən gördüyüm əyləncələr, tamaşalar, ümumiyyətlə, ictimaini toplayan yığıncaqlar yadımdadır. Gördüyüm xanəndə və aşıqlar bunlardır: Hacı Hüsü, Məşədi İsi, Çarıqçı Bahadır, Çəkməçi Məhəmməd, Keçəçi Məhəmməd, Qaryağdıoğlu Cabbar..."

 

İlk təhsilini Şuşada alan Cəlil bəy Bağdadbəyov Peterburq gimnaziyasında oxuyub, Azərbaycan Dövlət Teatr Texnikumunu bitirib, sonradan Moskvada teatr təhsilini davam etdirib. O, ərəb, fars, fransız, rus, habelə Orta Asiya xalqlarının dilini öyrənmişdi. Uzun illər Teatr Texnikumunda dərs deyən Cəlil bəy Bağdadbəyov Ağdaş, Lənkəran, Şəki, Şuşa şəhərlərində fəaliyyət göstərən teatrlarda quruluşçu rejissor kimi çalışıb.

 

Cəlil bəy rejissor fəaliyyətinə ilk dəfə  1920-ci ildə Bibiheybət və Balaxanıdakı teatr klublarında başlayıb. O, burada həm rejissor, həm də bədii rəhbər kimi çalışırdı. Həmin illərdəki fəaliyyəti ilə əlaqədar əsərlərinin birində yazırdı: "Öz yaradıcılıq gücümü xalqımın çiçəklənməsinə sərf edirəm". Cəlil bəy Bağdadbəyov teatrla əlaqədar peşəkar təhsil almışdı. O, Moskvada Y.Vaxtanqovun şagirdi olmuş, Stanislavskinin bu sahədəki təcrübə və biliklərini yaxşı mənimsəmişdir. Cəlil bəy Bağdadbəyov aktyor sənətkarlığına, teatr sənətinin əlifbasına dərindən bələd idi. Aktyorluq məharəti və professionallığı ilə bağlı dəyərli fikirlərin müəllifi kimi tanınırdı. O, ssenaristlərlə saatlarla söhbət edər, aktyorların çatdıracağı obrazları mükəmməl tanımaları üçün öz tövsiyələrini verər, onlara əsl sənət yolunun sirlərini öyrədərdi.

 

Ötən əsrin 20-ci illərindən başlayaraq Azərbaycan hökuməti Orta Asiya xalqlarının mədəni inkişafına kömək etmək, istedadları üzə çıxarmaq, xüsusilə də teatrmusiqi məktəblərinin təşkili üçün ölkəmizin görkəmli sənətkarlarını Orta Asiyaya göndərdi.

 

1929-cu ildə Cəlil bəy Bağdadbəyov Aşqabadda musiqi texnikumunda dram kurslarına rəhbərlik etmişdir. O, türkmən dram truppasını yaratmış, Aşqabad teatrı üçün "Aulda radio" pyesini yazmışdır. Azərbaycan dramaturqlarının əsərlərini də türkmən dilinə ilk dəfə məhz Cəlil bəy Bağdadbəyov tərcümə etmişdir. Aşqabad Azərbaycan Teatrının inkişaf edərək sonradan Dövlət OperaDram Teatrına çevrilməsində Azərbaycanın bir sıra ziyalıları və musiqişünasları ilə yanaşı Cəlil bəy Bağdadbəyovun da böyük xidməti olmuşdur. Gərgin və məhsuldar işləyən Cəlil bəy Bağdadbəyov bir tərəfdən yeni tamaşalar hazırlayır, digər tərəfdən də pyeslər yazırdı. Onun Düşənbə, Səmərqənd, Daşkənd, Kokand, Aşqabadbaşqa şəhərlərin teatrlarında "Buxaranın əmiri", "Parlayan ulduzlar" və s. pyesləri səhnəyə qoyulmuşdur. Cəlil bəyin qızı Züleyxa Bağdadbəyovanın xatirələrindən bəlli olur ki, onların evi həmişə qonaq-qaralı imiş. Orta Asiyanın sənət adamları, artistlər, rəssamlar tez-tez onlara gələrmişlər. Böyük masa arxasında əyləşər, çay içə-içə teatr və sənət haqqında söhbət edərmişlər. Belə şən və mənalı keçən günlərin birində Bağdadbəyovların Aşqabadda yaşadığı evin qapısı yenidən döyülür, amma bu, qonağın qapı döyməsinə oxşamır. Züleyxa xanım yazırdı: "Atamın qapını açdığını yaxşı xatırlayıram. Otağa dəri pencəkli və papaqlı adamlar soxuldular. Onlar atama nə isə deyib evdə axtarışa başladılar. Qısa zamanda döşəmə kitab, kağız və digər əşyalarla doldu. Bu qarışıqlıqda anamın rəngi ağarmağa, gözlərindən yaş axmağa başladı. Atam onu sakitləşdirdi: "Özünü ələ al, bu, anlaşılmazlıqdır, hər şey yoluna düşəcək". Çağırılmamış qonaqlar evi ələk-vələk etdikdən sonra kitab və kağızları, hətta fotoalbomu da kisələrə yığdılar. Onlar atamı apardılar. Əslində mən baş verənlərin mahiyyətini dərk etməsəm də, duyurdum ki, nə isə qorxulu hadisə baş verib".

 

Bu məhrumiyyət və əziyyət çox uzun sürdü. Ailə çox sonradan məsələnin məğzini öyrənə bildi. Heç demə, Cəlil bəylə birlikdə Orta Asiyaya ezam edilən Qaraqaşlı İranla sərhədi keçməyə cəhd göstərən zaman həbs olunub. İstintaq zamanı ona sual verilib ki, sənin bu istəyin haqqında xəbəri olan var idimi? O da bir neçə yoldaşının və Bağdadbəyovun adını söyləyib. Cəlil bəyi də ona görə həbs etmişdilər ki, o, bu barədə bilib məlumat verməmişdir. Uzun sürən sürgün həyatı nəhayət başa çatır. Cəlil bəy Bağdadbəyovun Daşkənddə qalıb işləməsini, ona xalq komissarının müavini vəzifəsini təklif edirlər. O isə qısa bir cümlə söyləyir: "Yalnız Bakı, yalnız Azərbaycan".

 

Nəhayət, vətənə qayıdan Cəlil bəy Bağdadbəyov Azərbaycan Dövlət Teatr Texnikumunda müəllim kimi fəaliyyətə başlayıb. Onlara birotaqlı mənzil də veriblər. Doğmalarının xatirələrindən bəlli olur ki, o, həmin vaxt "Xanlar" pyesi üzərində işləyirmiş. Çünki bu pyes əsasında film çəkilməli idi. Lakinfilm çəkildi, nə də o əsər tamaşaya qoyuldu.

 

İkinci Dünya müharibəsi başlanan vaxt orta məktəb şagirdi olan qızı Züleyxa Bağdadbəyova könüllü surətdə Fəhlə-Kəndli Qızıl Ordusunun sıralarına daxil olaraq ön cəbhəyə getdi. O, Cəlil bəyin yeganə övladı idi. Əslində onların ailəsində dörd uşaq doğulmuşdu - iki oğlan, iki qız. Bacı-qardaşları vaxtsız vəfat etdiyindən Züleyxa tək qalmışdı. Qızının cəbhəyə getməsi atanı kədərləndirsə də, o dövrdə özü də mədəniyyət xadimləri ilə birlikdə İrandakı Qızıl Ordunun tərkibində idi. Uzun müddət ata-balanın bir-birindən xəbəri olmayıb. Yalnız Züleyxa ağır yaralanıb hospitalda müalicə olunduğu vaxt Cəlil qızına baş çəkə bilib. Müharibədən sonra hər ikisi vətənə qayıdıb. Quruluşçu rejissor kimi Cəlil bəy öz fəaliyyətini müxtəlif teatrlarda davam etdirib. Bakıda Konsert Birliyinə direktor təyin olunub. Az sonra Cəfər Cabbarlı adına Teatrın direktoru vəzifəsində işləyən Cəlil bəy Bağdadbəyov Teatr İnstitutunda "Müxtəlif dövrlərdə xalqların incəsənət tarixi" mövzusunda mühazirələr oxuyub. Azərbaycan mədəniyyətinin inkişafında göstərdiyi xidmətlərə görə ona əməkdar artist fəxri adı verilib. Hətta ölümündən bir qədər əvvəl əməkdar incəsənət xadimi adını alması üçün sənədləri də hazırlanmışdı.

 

Türkmənistan və Tacikistan teatrlarının bünövrəsini qoyan Cəlil bəy Bağdadbəyov rejissor, teatr təşkilatçısı, bədii rəhbər kimi xidmətlər göstərmiş, teatr xadimi, Azərbaycan teatr sənətinin ifadəçisi və görkəmli nümayəndələrindən biri idi. Onun yazdıqlarını vərəqlədikcə qətiyyətlə demək mümkündür: o, Azərbaycanın ilk sənətşünaslarından biri idi. Doğrudur, onun əsərlərinin çox az bir hissəsi bizə gəlib çatmışdır. Onların da arasında əsasən xatirə və qeydlər var. Bir məsələni də deyək ki, Cəlil bəy Bağdadbəyovun bu əsərləri çox qiymətlidir. Azərbaycan musiqi tarixini və etnoqrafiyasını, xüsusilə də Qarabağ elatının məişət və gündəlik həyatını öyrənmək istəyənlər üçün bu qeydlər çox zəngin mənbədir.

 

O, gözünü açandan Şuşanın çox görkəmli musiqiçilərini, xanəndələrini və sənət bilicilərini görüb. Elə özübu mühitdə böyüyüb. Tanıdığı şəxsiyyətlərin sənət aləminə hamıdan yaxşı özü bələd olub. Hacı Hüsü, Məşədi İsi, Dəli İsmayıl bəy, Mir Möhsün Nəvvab, Bağban Əkbər, Məcid Behbudovonlarca başqaları haqqında ilk yazılı məlumatı məhz Cəlil bəy Bağdadbəyov verib. Azərbaycan muğamlarının tarixiniilk dəfə yazan Cəlil bəydir. Məhz o, ağıl və məntiqlə bu muğamların Azərbaycan torpağında mayalanıb pərvazlandığını sübut edib. Eyni zamanda Azərbaycan musiqisinin qonşularımız olan gürcü və xüsusilə ermənilərə təsirini də ilk dəfə yazan Cəlil bəy Bağdadbəyov olub. Erməni və gürcülərin bizim xalq mahnılarımızı azərbaycanca oxuduqlarını da qələmə alıb. Cəlil bəy xalq havaları, rəqsləri haqqında da yazıb.

 

Cəlil bəy Bağdadbəyov mükəmməl etnoqraf idi. Onun "Nişan", "Paltarbiçmə", "Toy", "Duvaqqapma", "Kənd toyları" yazılarını oxuduqca adət-ənənələrimizin bir daha hansı mənbədən qaynaqlandığının və əsrlərin, quruluşların müdaxilələrinə necə qalib gəldiyinin səbəbini anlayırıq. "Toy" adlı yazısında oxuyuruq: "Toy - sahibinin iqtisadi vəziyyətinə görə böyük salonda, həyətdə, yainki mağarlarda - qonaqlara əziyyət olmasın deyə açıq havalarda keçələrdən qayırılıb bir neçə yüz adamı tuta biləcək örtülü yerlərdə olurdu. Toy məclisinin yuxarı başında... "xanlar" əyləşərdilər. Onların qabağında zinətli, maraqlı, böyük xonça olardı, kənarında 25-30 şam yanardı. Bəzi toylarda sarı rəngli, yaşıl, abı, qırmızı və piyalələrin içərisində xonçanın ətrafında yanırdı. Xanın nə məcazda olmağı toy sahibinin vəziyyət və xarakterindən asılı olardı. Məsələn, toy sahibi ağır xasiyyətli bir əyandırsa, xan vəzifəsində Mirzə Ələsgər Növrəs olurdu. Əgər toy sahibi çox şadlıq sevəndirsə, onda xan komik olurdu..."

 

Cəlil bəy Bağdadbəyov tarixçi idi. Onun əsərlərində Şuşada Cıdır yarışlarından söhbət açılardı. Bu yarışların necə qurulmasından, növündən xəbər verərdi. İnsanların təbiətə necə maraq göstərməsindən, seyrə çıxmasından ətraflı yazardı: "Şuşada səfalı bulaqlara, dağlara, bağlara gəzməyə getmək bir adət idi. Yalnız bu işdə qadınlar kişilərlə bir yerdə olmayıb ayrı-ayrı gedərdilər. Qadınlar sözbir edərək Şuşanın altındakı Şəmil bağına, yainki Qaybalı çayına enərək o günü orada səfalı bir hal keçirərdilər".

 

Xalqın dini adət-ənənələrinə də toxunan Cəlil bəy Bağdadbəyov Şuşada keçirilən dini təziyələrdən, məhərrəmlikdən, mərsiyəxanlardan, şəbih tamaşalarından, Məhəmməd peyğəmbərin (ə.s.) mövludu ilə əlaqədar Qarabağ şairləri tərəfindən yazılan dini qəzəllərdən, o cümlədən Qarabağı dolaşan dərvişlərdən, seyidlərdən, məşhur şəxsiyyətlərdən ətraflı və dolğun məqalələr yazıb.

 

Cəlil bəy Bağdadbəyov folklorşünas idi. Qələmə aldığı nağıl və rəvayətlərdə xalq həyat tərzinin müəyyən mənzərəsi verilib. Xüsusilə də Qarabağ xanı Pənahəli xanın dövründə xalq arasında yayılan rəvayətlərin mahiyyətini açaraq bir sıra tarixi faktların, gerçəkliyin nağıl və dastan libasına bürünməsinin səbəbini şərh edib.

 

Cəlil bəy Bağdadbəyov 21 aprel 1951-ci ildə Bakı şəhərində vəfat edib. 64 yaşında dünyasını dəyişmiş bu şəxsiyyətin qəfil ölümü ilə bağlı xalq yazıçısı Elçin yazıb: "Düzdür, Cəlil bəy Bağdadbəyovu güllələmədilər, amma o da yüzlərlə həmin parlaq təhsilli, istedadlı, yazmaq, yaratmaq eşqi və qabiliyyəti ilə yaşayan ziyalılardan biri idi ki, bütün ömrü boyu təqiblərə, sürgünlərə məruz qaldı. Uzun illər boyu hər gününü güllələnmək qorxusu ilə yola saldı və sonunda da onu əcəl aparmadı, onu cəllad da güllələmədi, onu - Sistem öldürdü. Burası da çox ağrılı-acılıdır ki, Sistem onu yalnız öldürməklə, məhv etməklə kifayətlənmədi, onun irsini də itə-bata saldı və yazdıqlarından çox az miras qorunub qaldı". Belə bəlli olur ki, Cəlil bəy Bağdadbəyovun qələm məhsulları sonradan kimlərsə tərəfindən oğurlanıb. Hətta onun tədqiqatlarından istifadə edənlər bir yerdə də bu böyük şəxsiyyətin adını çəkməyiblər. Ədəbi mirasından geninə-boluna bəhrələnənlər unudublar ki, həqiqət min arşın quyunun dibinə salınsa belə, əvvəl-axır üzə çıxacaq.

 

...XIX əsrin sonlarında Şuşada doğuldu. Səsi-sorağı, fəaliyyəti sərhədlər aşdı. Təkcə vətəni Azərbaycanda deyil, türkdilli xalqların əksəriyyətinin mədəni inkişafında böyük xidmət göstərdi, vətəndaşlıq missiyasını fədakarlıqla yerinə yetirdi. Yazdı, yaratdı, tək balası Züleyxa xanımla birlikdə İkinci dünya müharibəsinin səngər həyatını yaşadı, ağır yaralar aldı. Zaman hər şeyi yoluna qoysa da, nə yazıya pozu oldu, nə də mənəvi yarası sağaldı. Amma bir həqiqət gün kimi aydındır ki, el üçün yaşayıb-yaradanlar  heç zaman unudulmurlar. Bir faktı da diqqətə çatdırım ki, Cəlil bəy Bağdadbəyov unudulmaz yazıçımız İlyas Əfəndiyevin doğmaca dayısıdır. İstedadın nəsildən-nəsilə ötürüldüyü danılmazdır. Bu nəslin Azərbaycan ədəbiyyatına, bağışladığı şair və yazıçıların, eləcə də mədəniyyət xadimlərinin yaradıcılığını araşdırdıqca, bir məsələyə qətiyyətlə əmin olursan ki, həqiqətən də ömür itmir-bitmir, eləcə də davam edir. Cəlil bəyin nəvə-nəticələri də bu yolun iziylə gedirlər.

 

Flora  XƏLİLZADƏ,

əməkdar jurnalist

Kaspi  2017.- 18 iyul.-  S.7.