Görkəmli portret
ustası
əməkdar rəssam Teymur Rzayev İfadəlilik
axtarışlarının alt qatı
Təsviri sənətin bütün növlərini əhatə edən, qədim və zəngin bədii ənənələrə malik olan portret janrına zamanın axarında ictimai münasibət zahirən bir qədər sabitləşmiş görünməkdədir. Buna baxmayaraq, rəssam və heykəltəraşların yaratdıqları obrazların daxili aləminə nüfuzetmə yolları və ifadə vasitələri yenilənməkdə davam edir. Amma unutmayaq ki, çağdaş dövrdə bilavasitə duyğularının ifadəsinə tapınmaqla yaratdıqlarının bənzərsizliyinə yüksələnlərin başı üzərində onlarla rəqabət aparmaqda israrlı olan "Damokl qılıncı” – rəqəmsal-texniki vasitələrin hökmranlığı nisbi də olsa qalmaqda davam edir. "Cansız texnika”nın canlı insan duyğularını üstələmək istəyinin XIX əsrin əvvəllərindən başlanan tarixçəsinin təhlili göstərir ki, bu yöndə nə qədər şaşırdıcı texniki effektlərə nail olunsa da, heç bir fotokadr – "süni yaradılmış görüntü” insan əlinin və ürəyinin hərarətinin ərsəyə gətirdiyi canlı insan obrazının daxili yaşantılarının alt qatına "bədii güzgü” tuta bilən rəssam fırçasını əvəzləmək qüdrətində deyildir. Heç şübhəsiz, burada söhbət naturaçı rolunda çıxış edən insana yaradıcı münasibətin nəticəsi olan uğurlu portretlərdən gedir. Bu cür, başqa sözlə desək, tamaşaçı ilə canlı ünsiyyət – dialoq yaratmaq gücündə ola biləcək portretlər isə o qədər də çox deyildir. Çağdaş milli təsviri sənətimizdə belə portretlərin yaradıcılarından birinin Azərbaycan Respublikasının Əməkdar rəssamı Teymur Rzayev olduğunu dilə gətirsək, həqiqəti söyləmiş olarıq.
Zamanında məşhur fırça ustası, görkəmli realist sənətkar Mikayıl Abdullayevdən dərs alan Teymur Rzayevin əsərlərini dəyərləndirməyə keçməzdən əvvəl deyək ki, o, sənətdə "izm”lər axtarışından uzaq olan, gerçəkçi olmağa üstünlük verən yaradıcılardandır. Ən maraqlısı da onun portret janrında uğurlarının rəssamlıq məkanında gerçəkçiliklə modernləşmənin hələ də səngiməyən indiki mübarizəsi fonunda əldə olunmasıdır. Görəsən, rəssamın realizmdən törəyən digər çoxsaylı "izm”ləri kölgədə qalmağa məcbur edən janrın "estetik xəritəsi” nələrin sayəsində bu qədər cəlbedici və duyğulandırıcı, bütünlükdə isə inandırıcı və dəyərli görünməkdədir.
Bu gün Teymur Rzayevin portret yaradıcılığı barəsində söz açmaq ərəfəsində yadıma dahi mənzərə ustası Səttar Bəhlulzadənin bir fikri düşdü. Bir zamanlar rəssamın çəkdiklərinin realizmlə bağlı olmadığını deyənlərə onun cavabı "Mən öz realizmimi çəkirəm!” olmuşdu. Bu gün Teymur Rzayevin Azərbaycanın və Türkiyənin tanınmış şəxsiyyətləri ilə bağlı portretlərinin bədii-estetik tutumu barəsində soruşan olsaydı, yəqin ki, o da dahi mənzərə ustası kimi cavab verərdi. Amma qəribəsi budur ki, Səttarın mənzərələrində inandırıcı görünən "bədii yalan” və şişirtmə nə qədər qabarıqdırsa, Teymurun portretlərində onların heç biri yoxdur. Əksinə, bəlkə də əsərlərində o, şaşırdıcı dərəcədə gerçəkçidir. Başqa sözlə desək, portretlərdə inandırıcılığa bələnmiş çox fərqli duyğulandırıcı estetika mövcuddur...
Bir vaxtlar portret çəkməyin özəlliyinə toxunan filosoflardan biri "...Sifətin əsas ifadəli cizgilərini verə bilməyən portret düzgün deyildir; çünki sifətin xırda təfsilatı aydın verildikdə portretdə sifət eybəcər, mənasız, cansız çıxmış olur, - belə bir portret ikrah doğurmaya bilərmi?” deyib. Bununla da filosof naturalizmin əleyhinə çıxıb, obraz yaratmağın bədii ümumiləşdirmə və tipikləşdirdirmədən keçdiyini qeyd edib.
Doğrudan da, Teymur Rzayevin reallığı tamaşaçını heyran qoyan portretlərində çəkdiklərinin "soyuq-quru” naturalizmlə heç bir əlaqəsi yoxdur. Tarixən təbiəti və insanı əksetdirmə prosesində görünənlərə təqlid məqbul-qəbul olunan sayılsa da, onun yaratdıqlarında bunu görmürük. Belə ki, onun bədii şərhində müəyyən surətin inandırıcı tutum alması onun əsas və səciyyəvi cəhətlərinin qabardılması ilə ifadə olunur. Rəssamın təqdimatında həmin şəxsiyyətlərin malik olduqları fizioloji göstəricilər fərdi keyfiyyətləri və işıqlı əməlləri ilə qoşalaşmış şəkildə ifadə olunduğundan, onlar zəngin tutumlu obrazlar kimi qəbul olunurlar. Özü də bu fizioloji göstəricilərin və bədii dəyərlərin nüfuzedici rəssam duyğularına tuş gəlməsinin nəticəsidir ki, onların ikonoqrafik xüsusiyyətləri şübhə doğurmayan portretlər həm də tamaşaçının arzuladığı kimi baxılırlar. Digər tərəfdən, bu portretlərdə zamanın estetik idealı ilə tamaşaçı zövqünün uğurlu qoşalaşmasını ifadə edən elə bir bədii işartılar mövcuddur ki, nəticə kimi gördüyümüz obrazlarda tamaşaçını dialoqa çəkmək və ona təsir etmək gücü birmənalıdır. Bunu şərtləndirən səbəblərin kökündə heç şübhəsiz rəssamın qəhrəmanları ilə qurduğu bədii-estetik dialoqun səmimiliyi durur. Elə ilk baxışdan yüksək sənətkarlıqla icra olunması şübhə doğurmayan bu portretlərdə qabarıqlığı birmənalı olan səciyyəviliyə əlavə olunan lirik-poetik və romantik estetikada da inandırıcılığa xələl gətirə biləcək nələrinsə olmadığındandır ki, onlar həm də anım yaratmaq gücünə malik - zamansızlığa qovuşmuş mənəvi qaynaq kimi görünürlər. Bu bədii tutum məcmusunda rəng yumşaqlığı da, yaxı ekspressivliyi də bilavasitə inandırıcılığın əldə olunmasına kökləndiyindən daşıdıqları esteti dəyər də təsirlidir.
Onun "Cahangir Zeynalovun portreti” (2015), "İnan Kıracın portreti” (2015),"Mustafa Atatürk”, "Əli bəy Hüseynzadənin portreti” (2017), "Məhəmmədhüseyn Şəhriyar” (2010) və s. portretlərindəki inandırıcılıqda da vurğuladığımız həmin məziyyətlər duyulmaqdadır. Başqa sözlə desək, onlarda bədii həqiqət daşıyıcısı olan realizm görünənlərin-obrazları əməl "sandığı”nı faş etmək – yaşananlarla anım yaratmaq çərçivəsini genişləndirmək gücündədir.
Azərbaycan professional teatrının banilərindən biri olan Cahangir Zeynalovun qayğılı baxışlarında, Əli bəy Hüseynzadənin iç dünyasına qapılmış durumunda, türkiyəli məşhur iş adamı İnan Kıracın təmkin dolu duruşunda, Heydərbaba dağı ilə dərdini bölüşən Şəhriyarın həsrət dolu gözlərində, Türkiyə dövlətinin qurucusu və ilk prezidenti Atatürkün qətiyyətli nəzərlərində xalqının arzu-istəyi ilə qoşalaşan məqamlar kifayət qədər olduğundan, onlar arzulanan obrazlar kimi qəbul olunurlar. Onların inandırıcılığına dayaq verən məziyyətlərin bədii həqiqətə söykənməsinin nəticəsidir ki, obrazlaşmış portretlər gerçəkçiliyə yaradıcı münasibət kimi həm də duyulası bədii dəyər daşıyır. Odur ki, bütün mənalarda bir-birindən fərqlənən bu şəxsiyyətlərin iç dünyalarına nüfuzetmənin nəticəsi olan görüntülərdə tamaşaçısını duyğulandıracaq mənəvi dəyərlərin bolluğundandır ki, onlar həm də milli təsviri sənətimizin portretlər qalereyasına layiqli töhfələr kimi yadda qalırlar...
Təbii ki, onun portret yaradıcılığı təkcə bu əsərlərlə məhdudlaşmır. Onun portretlər qalereyasında rejissor Tofiq İsmayılov, aktyor-rejissor Cahangir Novruzov, dramaturq Mirzə Fətəli Axundzadə, opera müğənnisi Fidan Qasımova, şahzadə Harun Osmanoğlu, professor Kaya Özsezgin, professor Fevzi Karaqoç və b. sənət adamlarına və tanınmış şəxsiyyətlərə həsr olunmuş maraqlı əsərlər də vardır. Ümumi bədii şərhi reallığın əksinə yönəli olan bu portretlərdə də rəssamın uzun illərin axtarışları nəticəsində əldə etdiyi estetik dəyərlərin ifadəsini görmək mümkündür. Xatırladaq ki, hazırda İstanbulda fəaliyyət göstərən rəssam bu portretlərdən bir neçəsini (C.Zeynalov, M.F.Axundzadə, Ə.Hüseynzadə və F.Qasımova) Azərbaycanda keçirilən yubiley tədbirlərində iştirak etməklə, onları dövlət muzeylərinə ərməğan etmişdir.
Teymur Rzayevin son zamanlar çəkdiyi portret və natürmortlarda onun realizmə yeni nəfəs gətirmək istəyi duyulmaqdadır. Bu əsərlərdə həndəsiləşdirilmiş formaların məcmusunun bədii ifadə kimi çıxış etməsi rəssamın dünyaya özünəməxsus baxışının nəticəsi olduğundan, həmkarları və sənətsevərlər tərəfindən maraqla qarşılanmışdır.
Hazırda
İstanbuldakı Yedditəpə Universitetində dosent vəzifəsində çalışan,
sənətşünaslıq üzrə fəlsəfə doktoru Teymur Rzayevin tədrislə
yanaşı, dünya Azərbaycanlıların
əməkdaşlığı sahəsində gördüyü səmərəli işlər
də kifayət qədərdir. Görkəmli
ziyalımız Ə.Hüseynzadənin bədii irsinin Türkiyədən Azərbaycana gətirilməsində
rəssamın ölçüyəgəlməz xidməti olmuşdur. Onun
2013-cü ildə Rusiya Rəssamlıq
Akademiyasının İ.İ.Şuvalov
adına medalına, 2015-ci ildə isə Rusiya-Türkiyə mədəni
əlaqələrinin genişləndirilməsində xidmətlərinə
görə elə bu ali
elmi-yaradıcılıq mərkəzinin xüsusi
medalına layiq görülməsi isə
onun bədii və ictimai fəaliyyətinə verilən yüksək qiymətdir. 2011-ci ildə onun
ölkə prezidentinin sərəncamı
ilə "Azərbaycan Respublikasının əməkdar rəssamı”
fəxri adına layiq görülməsi
də Teymur Rzayevin
bütünlükdə səmərəli fəaliyyətinin
göstəricisidir.
Ziyadxan Əliyev
Kaspi 2017.- 8-10 iyul.- S.24.