Lucy Maud Montgomeri

 

  "Qızıl toy"

 

  O, darvazanı açmaq istəyəndə üstünə toz töküldü, darvazanı açıb həyətə girəndə təəcñübləndi. Alma ağaclarının qol-budaqları arasında ev güclə görünürdü.

  Ona görə də darvazanı açan bu cavan oğlan evin pəncərələrinə taxta vurulduğunu görmürdü. Fit çala-çala evə tərəf getdi, yalnız çökmüş pilləkənlərdə oturanda başa düşdü ki, evin qapı-pəncərələri bağlıdır. Çökmüş taxta pilləkənlərin ətrafını bir vaxtlar doqquzdon gülləri bürümüşdü. İndi isə qurumuş tənək budaqlarından başqa heç nə gözünə dəymədi. Eşitmişdi ki, pəncərələrə taxta vurulub, bunu öz gözləri ilə gördü.

  Evi bu halda görəndə təbəssümü dodaqlarında dondu. Bu xoşsifət oğlan key kimi ətrafına baxırdı.

  – Görəsən nə olub? – cavan oğlan öz-özünə dedi. – Tom dayı və Salli xala ölə bilməz! Əgər ölsəydilər bu barədə qəzetdə oxuyardım. Məncə, onlar başqa yerə köçsəydilər, yenə də bu barədə qəzetdə bir məlumat olardı. Onlar heç yana gedə bilməz. Məncə, onlar evi çoxdan tərk etməyib. Gülləri də bu yaz əkiblər. Gec gəldiyim üçün bu da taleyin mənə "hədiyyəsidır”. Stansiyadan bura piyada gəlmişəm. Yol boyunca fikirləşirdim ki, Salli xalanın gülümsər çöhrəsini yenidən görəcəm, Tom dayının gülüşünü eşidəcəm. Gəlib nə gördüm? Ev uçulub-dağılır, pəncərələrinə də taxta vurulub. Yaxşısı budur, əgər qonşu Stetsonlar da yox olmayıbsa gedib onlardan bir xəbər öyrənim.

  O, qocaman küknar ağaclarının arası ilə evin arxasındakı köhnə evə getdi. Darvazanı döydü, üzündə təbəssüm olan bir qadın darvazanı açdı, çaşqın halda darvazanın ağzında dayanmış oğlana baxdı.

  – Xanım Stetson, məni unutmusan? Lovel Stivensi xatırlamırsan? Hər dəfə sənin hinduşkalarını çöldən gətirəndə mənə gavalı piroqu verərdin.

  Xanım Stetson içini çəkib cavan oğlanın hər iki əlindən tutub sıxdı.

  – Əlbəttə, sənu unutmamışam, – qadın dedi. – Sən Lovelsən? Sən o vaxtdan bəri çox dəyişsən də, gərək səni görən kimi tanıyaydım. 15 ildə çox dəyişmisən. Conah, bir bura gəl! Lovel gəlib. Yadındadır? Neçə il Salli xala ilə Tom dayının saxladığı oğlan!

  – Deyəsən, bu oğlanı mən də unutmamışam, – Conah Stertson qımışdı. – O qədər nadinc idin ki, heç səni unutmaq olar? Çox dəyişmisən. Kökəlmisən, boyun uzanıb. Yaxşı, bir de görüm son on ildə haradaydın? Salli sənə görə çox narahat olurdu. Fikirləşirdi ki, ya ölmüsən, ya da başına pis hadisə gəlib.

  Lovelin üzünə kədər buludu çökdü.

  – Bilirəm, mən ən azı məktub yazmalıydım, – Lovel peşman-peşman dedi. – İkiniz də bilirsiniz ki, mənim oxuyub-yazmaqla aram olmayıb. Ən ağır iş görməyə razıyam, təki məktub yazmayım. Deyin görüm Tom dayı, Salli xala hardadır? Doğrudanmı onlar ölüb?

  – Yox, – Conah Stetson yavaşca dedi. – Onlar ölməyib, amma ölsəydilər bundan yaxşı olardı. Onlar kasıblar evindədir.[1]

  – Kasıblar evində? Salli xala kasıblar evindədir? – Lovel təlaşla soruşdu.

  – Bəli, orda yaşamaq onların ikisi üçün də çox ağırdır, – xanım Stetson dedi.– Salli xalanın ürəyi partlayır bu barədə danşanda. Tom dayının revmatizmdən ayaqları tutuldu, o daha işləyə bilmədi. Salli xala da o qədər zəif idi, bir işlə məşğul ola bilmirdi. Heç bir qohumları da yoxdur ki, gəlib onlara baxsın. Bundan başqa, evlərini banka girov qoymuşdular.

  – Mən burdan gedəndə onların evi bankın girovu deyildi.

  – Düz deyirsən, o vaxt onların banka borcu yox idi. Tom dayının altı il bundan qabaq revmatizmi tutanda onlar bankdan kredit götürdülər. Bu yaz məlum oldu ki, onların kasıblar evinə getməkdən başqa yolları yoxdur. 3 aydır ki, kasıblar evindədirlər, bunu çox pis qəbul edirlər, xususilə də, Salli xala. Mənim üçün də onları kasıblar evində görmək çox çətindir. Əgər imkanımız olsaydı onları özümüz saxlayardıq. Ancaq mümkün deyil. Hamımız Conahın maaşına göz dikmişik. 8 uşağımız var, ev darısqaldır, boş otağımız yoxdur. Tez-tez onlara baş çəkirəm, hər dəfə nəsə bir şey aparıram. Salli xala istəmir ki, kimsə onları kasıblar evində görsün. Onun üçün çox ağırdır.

  Şlyapasını əlində tutan Lovel fikrə getdi, az sonra Conahdan soruşdu:

  – İndi onların evi kimə qalıb?

  – Peter Tovnleyə. Çünki bankın borclarını o ödədi. Evdə olan nə varsa hamısını satdılar. Salli xalanı ən çox bu yandırır. Heç bilirsən, Salli xalanı ən çox nə narahat edir? İki həftədən sonra onların evlənməyinin 50 ili tamam olacaq. O fikirləşir ki, qızıl toyu kasıblar evində keçirməkdən ağır heç nə ola bilməz. O, həmişə bu haqda danışıb kövrəlir.

  Lovel ayağa durmaq istəyəndə Conah onu saxladı:

  – Hara gedirsən? Onların evinin qapısı bağlıdır. Qal, bizimlə nahar et, döşəmədə də olsa sənə yataq hazırlayaram. Ürəyin istəyən qədər bizdə qala bilərsən. Heç vaxt yadımdan çıxmaz, əgər o vaxt sən olmasaydın Meri Elen quyuya düşmüşdü.

   – Çox sağ olun. Çay içərəm, – Lovel yenidən stol arxasına keçib dedi. – Ancaq qərara almışam ki, burda olduğum müddətdə stansiyanın otelində qalım. Ora daha yaxşıdır.

  – Ey, deyəsən qərbdə çox qazanırsan! – Conah ondan soruşdu.

  – Burdan gedəndə heç nəyim yox idi. İki əlim, bir başım. Bu əllərimlə qazanmışam hər şeyi. Mən ağır zəhmətlə məşğul oluram. Ancaq qənaət edib pul yığmışam ki, burdan qayıdandan sonra özümə bir dükan açım. Buna görə də biznesimə başlamazdan qabaq bura gəldim. Salli xalanı, Tom dayını görməyi çox arzulayırdım. Heç vaxt onların xeyirxahlığını unutmaram. Onlar mənə qarşı çox yaxşı olublar. Atam öləndə 11 yaşım vardı. Bütün ümidlərim alt-üst olmuşdu. Onlar məni evlərinə gətirdilər, məktəbə qoydular. Məktəbdə az-çox nə oxudumsa buna görə onlara borcluyam. Salli xalanın tərbiyəsi nəticəsində bu gün ayaq üstdə durmağı bacarıram. Heç vaxt onları unutmamışam, onların adına layiq olmaq istəmişəm.

 

 

 

  Çay içəndən sonra Lovel dedi ki, o, kəndi dolaşmaq, Peter Tovnleylə söhbət etmək istəyir. Lovel evdən çıxanda Conah və arvadı təəccüblə bir-birinin üzünə baxdılar.

  – Görəsən o, nə üçün Peteri görmək istəyir? Onlar ki, heç vaxt dost olmayıblar!

  – Bəlkə Salli xalanın ona etdiklərinin əvəzini qaytaracaq? Adamlar ona qarşı çox pis rəftar edirdilər, Salli xala olmasaydı Allah bilir Lovel necə yaşayardı? Ancaq mən özüm şəxsən onu çox xoşlayırdım. Onun özünə gün ağladığını görüb çox sevinirəm.

Lovel bir dəfə də o biri gün axşamüstü Stetsonların evinə gəldi. O, kasıblar evinə gedib Tom dayını, Salli xalanı görmüşdü. Onların görüşü həm yaxşı, həm də kədərli olmuşdu. Lovel kasıblar evində başqa adamlarla da görüşmüşdü.

  – Mən Tom dayının köhnə evini Peter Tovnleydən geri almışam, – o, sakitcə dedi.– İstəyirəm ki, siz mənə planlarımı həyata keçirməkdə kömək edəsiniz. Razı olmaram ki, onlar qızıl toylarını kasıblar evində bayram etsinlər. Yox, buna heç vaxt razı olmaram. Onlar qızıl toylarını öz evlərində və köhnə dostları ilə qeyd edəcəklər. Ancaq həmin günə qədər onlar bunu bilməməlidir. Necə bilirsinz, onların ev əşyalarını geri ala bilərik?

  – Məncə, hər bir əşyanı geri ala bilərsən, – xanım Stetson sevincək dedi. – Əşyaların çoxunu kənd camaatı aldı. İnanıram ki, onlar həmin əşyaları indi sənə satmağa razı olarlar. Onların köhnə bir stulu bizdədir, Salli xala özü verdi mənə. Onu satmağa ürək eləmədi. Stansiyada işləyən xanım İsak Applebi çini qabları aldı, Ceyms Parker qədim divar saatını aldı, xırda-para şeyləri isə Stanton Grays alıb.

  İki həftə Lovel və xanım Stetson kəndi dolaşdılar. Conah zarafatla deyirdi ki, bu iki həftə subay kimi yeməkləri özü bişirir. Onlar hər evə gedib Salli xalaya məxsus istənilən bir şeyi geri alırdılar.. Zəhmətləri hədər getmədi. Sonda alma ağaclarının arxasında yerləşən balaca ev bir vaxtlar ev sahiblərinin yaşadığı vəziyyətə qayıtdı.

  Xanım Stetson evi özü bəzədi. Bir gün o, Lovelə dedi:

  – Hər işi sənin öhdənə buraxmarıq. Kəndin qadınlarıyla birgə evi qızıl toy üçün hazır edəcəyik. Qızlar da evi qızılı güllərlə bəzəyəcək.

  Nəhayət, qızıl toy günü gəlib çatdı. Blairdə hər bir kəsin Lovelin sürprizindın xəbəri vardı, hətta qocalar evinin tibb bacısı da bunu bilirdi. Həmin axşam Salli xala təpələrin arxasında qürub edən günəşi göz yaşı içində seyr edib dedi:

  – Heç vaxt ağlıma da gəlməzdi ki, biz qızıl toyumuzu kasıblar evində keçirəcəyik.

Salli xala sözünü bitirib hönkürdü. Tom dayı titrəyən əllərini arvadının çiyninə qoydu. Bir söz deməyə macal tapmamış Lovel   Stivens onların qarşısında dayanıb dedi:

  – Salli xala, ağlama! Şlyapanı başına qoy, ayağa durun gedək. Sizi aparmaq üçün üstü açıq maşın da gətirmişəm. Siz kasıblar evinə "əlvida” deyə bilərsiniz. Çünki bir daha bura qayıtmayacaqsınız.

  – Lovel, nə demək istəyirsən? – Salli xala titrək səslə soruşdu.

  – Dur geyin, maşında gedəndə hər şeyi izah edərəm.Tələsin, camaat bizi gözləyir.

Maşın balaca evin qabağında dayandı. Evin hər yerində işıqlar bərq vururdu. Salli xala evə girəndə sevindiyindən qışqırdı. Evinin bütün əşyaları əvvəlki yerindəydi. Hətta bəzi təzə əşyalar da vardı, çünki Lovel evdə çatışmayan bəzi əşyaları da almışdı. Ev köhnə dostlarla, qonşularla dolu idi. Xanım Stetson onları qarşıladı.

  Salli xalanın gözlərindən sevinc yaşları axırdı. O, ərinə pıçıldadı:

  – Ah, Tom, Allah necə də mərhəmətlidir!

  Onlar qızıl toylarını şahlara layiq qeyd etdilər. Blairin evdar qadınları qonaqlar üçün dadlı yeməklər bişirmişdi. Dostlar, qonşular nitq söylədilər, maraqlı hadisələrdən söz açdılar.

  Xanım Stetson tortu kəsəndə Lovel də ona kömək etdi. Qonaqlar dağılışandan sonra o, buxarının qabağında oturan Salli xalanın və Tom dayının yanına getdi.

  – Qızıl toyunuz üçün sizə kiçik bir hədiyyəm də var, – çəkinə-çəkinə dedi və pul kisəsini Salli xalanın ovcuna qoydu:

  – Məncə, bu pul sizə kifayət edər ki, bir daha kasıblar evinə qayıtmayasınız. Əgər kifayət etməsə yenə də göndərərəm.

  Pul kisəsində 25 dənə 20 dollar vardı.

  – Biz bunu götürə bilmərik, – Salli xala ona etiraz etdi. – Sən bu qədər pulu bundan sonra necə qazanacaqsan?

  – Mənə görə narahat olmayın, – Lovel güldü. – Qərbdəki adamlar belə xırda şeylər haqda çox düşünmür. Mən sizə nə qədər versəm azdır, Salli xala! Xahiş edirəm, götürün! Mən bilirəm ki, mənim burda bir evim və harda olmağımdan asılı olmayaraq məni düşünən iki insan var.

  – Allah səni qorusun, Lovel! – Tom dayı titrək səslə dedi. – Sən heç təsəvvür edə bilməzsən bizə necə böyük yaxşılıq etmisən.

Həmin axşam Lovel ona ayrılmış qonaq otağından çıxdı. İstəyirdi ki, Salli xala yenə də sevinsin ki, əvvəlki kimi evində qonaq üçün boş otaq var. O, otaqdan çıxanda yuxulu-yuxulu güzgüdə özünə baxıb dedi:

  – Köhnə dost, geri qayıtmağa az da olsa pulun var. Bir vaxt hardan başlamışdınsa yenə də ordan başlayarsan. Salli xalanın üzündəki təbəssüm üçün bütün pulumu verməyə dəyərdi. Dost, sənin yenə də iki əlin var və bir cüt duaçıların. Pis kapital deyil, Lovel – , pis kapital deyil!

 

[1] Qocalar evinə oxşar bir yer. Kasıblar evini dövlət maliyyləşdirmir, camaat gücü çatanı aparıb orda qalanlara verir.

 

  İngilis dilindən tərcümə edən: Sevil Gültən

Kaspi  2017.- 8-10 iyul.-  S.19.