O günü xatırlamaq istəmirəm

 

Kənan Hacıyla müsahibə

 

  – Bu yaxınlarda yeni kitabınızın – "Fironun dəftəri” romanının təqdimatı keçirildi. Maraqlıdır, kitabınıza reaksiyalar necə oldu?

  – Kitab  aprelin sonunda Azərbaycan Yaradıcılıq Fondunun kitabxanası seriyasından çap olundu. Təqdimatı da çox gözəl keçdi. Saytlarda da roman haqqında yazılar yazıldı. Elə "Kaspi” qəzetində də gənc tənqidçi Ülvi Babasoyun bu roman haqqında maraqlı bir yazısı dərc olunmuşdu. Reaksiyalar hələ ki, müsbətdir.

  – Bəs sizin xüsusi gözləntiləriniz nə idi?

  – Mən hansısa əsəri yazıb çap etdirəndən sonra gözləntilərim olmur və əsər sükutla qarşılananda da narahat olmuram. Hay-küylə qarşılanan o qədər əsərlər olub ki, zaman keçdikcə unudulub, amma elə əsərlər də olub ki, o əsərlərin varlığından heç kəsin xəbəri olmayıb, amma zaman gəlib çatıb, həmin əsər bədii düşüncədə öz yerini tutub. "Fironun dəftəri” əvvəlki yazılarıma nisbətən məni müəllif olaraq ən çox qane edən mətndir. Ədəbiyyatda hansı yeri tutacaq və yaxud tutmayacaq, bunu zaman göstərər. 

  – Ürəyinizcə olmayan əsərlərinizə və ya sizi qane etməyən hissələrə yenidən qayıtmaq kimi ənənəniz varmı?

  – Mənim təcrübəmdə heç vaxt belə hal baş verməyib. Şeir yazanda üzərində düzəlişlər aparıram. Amma nəsr əsərlərinə yenidən qayımağı xoşlamıram. Yazıb bitirdimsə, o əsərə bir də qayıtmıram. Çünki nəsrin stixiyası tamam başqadır. Nəsr təfəkkür hadisəsidir və hörgü işi kimidir. Bir bina bir dəfə tikilir, onu tikib yenidən sökən və tikən artıq usta sayılmır. Mənim düşüncəmə görə belədir. Bir dəfə "Çəhrayı qan” povestini götürüb yenidən işlədim, bitirəndən sonra gördüm ki, tamam başqa bir əsər ortaya çıxır. "Rəqqasə” romanında hadisələr başqa məcraya yönəldi. Obraz eyni olsa da onlar sanki xarakter etibarilə başqa-başqa qadınlardır. "Çəhrayı qan”da obraz həyata uyğunlaşa bilmir, mübarizə aparır, "Rəqqasə”də isə  həyatının axarını dəyişmək istəmir, müqavimət göstərmir və məğlub olur. Dünya ədəbiyyatında belə təcrübə var. Amma  hər yazıçının da iş üsulu fərqli olur. Elə yazıçı var ki, nöqtəni qoydusa, bir də o əsərə qayıtmır, elə yazıçı da var ki, daim əsərinə düzəlişlər edir, həcmini artırır və ya ixtisarlar edir. Məsələn, İsa Muğanna ömrünün sonuna kimi "İdeal” əsərinə əlavələr etdi. L.Tolstoy "Hərb və sülh” kimi nəhəng epopeyanın üzünü yeddi dəfə köçürmüşdü və təbii ki, bu prosesdə ixtisarlar və əlavələr də etmişdi.

  – Həm nəsr, həm şeir yazmaq sizə bir yaradıcı insan kimi özünüzü tapmaqda çətinlik törətmir ki?

  – Xeyr. Şeir müəyyən mənada ovqat məsələsidir. Çox qəribədir ki, son bir-iki il müddətində şeir ovqatından uzaqlaşmışam. İki il əvvəl "Uzaqdasan qoyuqdur” adlı şeirlər kitabı  nəşr etdirdim, yaxşı da qarşılandı. Amma nəsr, esseistika ilə gündəlik məşğul oluram. Yazıçılıq sənətdir, amma şairlik sənəti deyilən bir şey yoxdur. Mənə özünüifadə baxımından nəsr daha yaxındır. Nəsrdə özümü daha rahat ifadə edə bilirəm.  Şeir hissin, duyğunun məhsuludur. Elə məqamlar var ki, onları şeirə sığışdırmaq mümkün deyil.

  – Sosial şəbəkələrdə adətən, həyatdan narazılıq edirsiniz, ümumi bir pessimist əhval-ruhiyyəniz var. Amma başqalarının əsərlərinə yazdığınız rəylərdə, yazılarda, eləcə də kiminsə haqqında fikir söylədiyinizdə kifayət qədər nikbin olursunuz.

  – Bu narazılıq mənim şəxsi həyatımla bağlıdır. Əgər mənim şəxsi həyatımda hansısa bir narahatlıq varsa, ətrafımdakı insanların bunda günahı yoxdur axı. Bədii əsərlərə münasibət tamam başqa məsələdir.  Bədii yaradıcılıqla şəxsi həyatın sərhədləri var. Çalışıram ki, şəxsi həyatımdakı problemlər yaradıcılığıma yansımasın. Düzdür, bəzən bu alınmır. Məsələn, "Özgə qapılarında” adlı avtobioqrafik hekayələr silsiləsi yazmışdım, o hekayələrdə uydurma heç nə yoxdur. "Yaddaş kartı”nı yazmışam və bu əsər mənim mənsub olduğum ədəbi nəslin ilk memuar-romanıdır. Çoxları dedi ki, bu yaşda memuar yazmaq hələ tezdir, amma mən əsərin girişində bu irada cavab vermişəm. Heç bir insanın həyatı ona ölçülü-biçili halda verilməyib, həyatla bağlar hər an qırıla bilər və fürsət var ikən niyə də yazmayım? Əlbəttə, bu tələskənliyim keçirdiyim ağır xəstəliklə də müəyyən mənada bağlı idi. Düşündüm ki, bəlkə heç yazmağa imkan olmadı, nə qədər yaza bilirəmsə, yazım. 

  – "Yağ kimi” romanınızda bəzi obrazlar var idi ki, həyatdan götürülmüşdü. Sonradan həmin şəxslər sizə narazılıq etmədilər ki, bizim həyatımızı, məişətimizi niyə romana gətirmisən?

  – O əsərdə müəyyən uydurmalar da var idi, real hadisələr də. Amma deyim ki, xüsusi bir reaksiya olmamışdı. O əsəri yazmaqda məsqədim 2000-ci illərin əvvəllərində ədəbiyyatda yaranmış xaosun əsl mahiyyətini açıb göstərmək idi. Camış Abdulla istedadsız, qoca yaşında şeir yazmaq həvəsinə düşmüş və cidd-cəhdlə özünü təsdiq eləmək istəyən və məsxərə hədəfinə çevrilən qrafomanların ümumiləşdirilmiş obrazıdır. Bu adam ömrünü yaşayıb bitirib, həyatda özünü tapa bilməyib, yeganə ümidi şair kimi özünü təsdiq etməkdir, bədbəxtlikdən onda bu da alınmır. Faciəvi bir obrazdır. Ətrafımızda belə adamlar var, biz onları tanıyırıq və onların halına acımaqdan başqa əlimizdən heç nə gəlmir.

 

 

 

  – Nəsrdə özünüzü daha yaxşı ifadə etsəniz də, şeirlərinizə reaksiyalar daha çoxdur. Bu cür reaksiyalar sizi şeirə həvəsləndirmədi ki?

  – "Uzaqdasan soyuqdur” adlı şeirlər kitabı şeir həvəskarları üçün idi. O kitabda sevgi şeirləri toplanıb. Belə bir təklif  yazıçı, naşir Müşfiq Xandan gəldi ki, ancaq sevgi şeirlərini toplayıb nəşr edək. Mən də razılaşdım. Yaxşı da satıldı. O kitabdan sonra iki-üç şeir yazmışam. Şeir yazmağın konkret resepti yoxdur. Şair bu dünyanın gerçəklərindən qaçıb öz gerçəkliklərini yaradan adamdır və onun toruna düşənlər heç vaxt bu tordan xilas ola bilmirlər. Yəni Eliot demişkən, poeziyada bir az şeytanilik var. Ola bilər ki, bundan sonra heç şeir yazmayım və yaxud elə bu gün hansısa duyğu məni şeir yazmağa sövq eləyə  bilər.

  – Sizcə, insan şeiri ya da nəsr yazmağı atır, yoxsa onlar yaradıcı insanı atırlar?

  – Yazmağın daşını atmaq insandan asılı olan məsələ deyil. Mən bir neçə dəfə istəmişəm ki, ümumiyyətlə, yazmağı, ədəbiyyatı atım, tamam başqa sahəylə məşğul olum. Məndə belə ruhi təlatümlər tez-tez olur. Amma bu hal uzağı, bir-iki gün davam edir. Yaradıcı meditasiyadan uzaq düşəndə sanki özümü boşluqda hiss edirəm. Elə şairlər, yazıçılar var ki, bu gün üzdə deyillər, çoxu belə düşünür ki, onlar yazmağın daşını atıblar. Əslində belə deyil. Onlar üzdə görünməsələr də, inzivaya çəkilsələr də mütləq nəsə yazırlar. Yaza bilməmək yazıçı üçün faciəvi sonluqla bitir. İspan yazıçısı Enrika Vila Matas "Bartlibi və çevrəsi” romanında yazmayan yazıçıların taleyini birləşdirib.

  – Mövlud Mövludun intiharı günü sizin də intihar etdiyiniz barədə xəbər yayılmışdı. Hər kəs çox narahat idi. O barədə danışmağınızı istərdim. Doğrudan da, intihar etmək məqsədilə çıxmışdınız evdən?

  – Yox, intihar məqsədilə çıxmamışdım. Amma çox gərgin idim, ruhi-psixoloji sarsıntı içindəydim. Əslində o günü xatırlamaq istəmirəm. Həmin gün mənim Mövludun intiharından xəbərim olmamışdı. Sonra biz Qənirə Paşayeva ilə oturmuşduq. Aysel Əlizadə də orda idi. Dedilər ki, Mövlud məsələsindən sonra biz düşündük ki, yəqin səndə intihar etmək istəmisən. Təəccüblə soruşdum ki, nə Mövlud məsələsi? Dedilər ki, Mövlud intihar edib. Mən üç-dörd qadının yanında hönkür-hönkür ağlamağa başladım. Həyat yoldaşım da orda idi. Həm də əvvəlki depressiya da yığılmışdı içimə, Mövludun ölüm xəbəri partlayış oldu. Aylarla içimə yığılan o gərginlik püskürdü. Yarım saatacan ağladım. Mən iradəcə çox möhkəm adamam və heç kəs, hətta doğmalarım belə mənim ağlamağımı görməyib. O status həm mənəvi yorğunluğun nəticəsi idi, həm də keçirdiyim xəstəliyin psixoloji təsiriydi.

  – Adətən, pessimist əhval-ruhiyyə müəllifi məhsuldar edir. Yaşadığınız depressiv anların sizin yaradıcılığınıza təsiri necə oldu?

  – Yaşadığın kədər, acı tale bəzən yaradıcılığa stimul verir. Amma bəzi hallarda depressiya insanın ruhunu məhv edir. Yazıçının, şairin taleyi olmalıdır. Bu, başqa məsələdir. Həyat qazanında bişməyən, həyatı bilməyən adam yazıçı ola bilməz. Həyat tərzi həm də yazıçının üslubunu formalaşdırır və o, bu üslubla da başqalarından fərqlənir. Üslub göydəndüşmə deyil, o sövq-təbii olaraq yazıçının yaşadığı həyatdan qidalanır və bu xammal mətnə çevrildikcə üslub özünü göstərir.  

  – Bir ara həddindən artıq pessimist əhval-ruhiyyədə idiniz. Amma məncə, son günlərdə deyərdim ki, bu azalıb. Belə çıxır ki, tək problem işsizlik imiş, yoxsa o bir mərhələ idi və siz onu keçib bitirdiniz?

  – Səkkiz il ərzində ən yaxın dostlarım belə mənim xəstəliyimdən xəbərsiz olublar. Vəziyyət ən son həddə çatanda artıq bunu gizlədə bilmədim. İndi yeni işimə uyğunlaşmağa çalışıram. Ədəbiyyat həmişə mənim xilasım olub. Çətin vaxtlarımda həmişə ədəbiyyata sığınmışam. Bir dəfə Sabir Rüstəmxanlı  dedi ki, səni ancaq yazmaq xilas edəcək.  Ədəbiyyat məni mənəvi baxımdan çökməyə qoymadı, ruhi müvazinətimi saxlamağa kömək oldu. Bir də onu deyim ki, adımın depressiya, kədər və bu kimi sözlərlə yanaşı çəkilməsi mənim üçün heç də xoş deyil. Qəribədir ki, depressiya sözü sanki adamın üstündə damğa kimi qalır. Yaxşı olardı ki, yazdıqlarım müzakirə olunsun. Axı mən bütün çətinliklərə baxmayaraq həmişə aktiv yazı modundayam.

  – Gənc Azərbaycan yazıçılarından kimləri elitar ədəbiyyata aid edirsiniz?

  – Son vaxtlar Mübariz Örənin "Ağ buludlar” əsərini oxudum, möhtəşəm əsərdir. Hesab edirəm ki, Şərif Ağayarın "Arzulardan sonrakı şəhər”, Qan Turalının "Fələk qırmancı” əsərləri müasir romançılığın ən gözəl nümunələridir  Şairlərdən Aqşin Yenisey, Qismət, Aqşin Evrən, Şəhriyar del Gerani elitar  poeziyanı yaradanlar sırasındadırlar.

  – Müsahibələrinizin birində qeyd etmisiniz ki, Azərbaycan ədəbiyyatının bu günündə bir boşluq görmürsünüz. Sizə elə gəlmir ki bu cidi boşluğu yazarların sosial şəbəkə vurğunluğu doldurur?

  – Sosial şəbəkə müəyyən mənada ədəbiyyata zərbə vurur. Bəzən görürsən ki, şeiri birbaşa status kimi yazırlar, üzərində işləmirlər. Bu isə yaradıcılığın ziyanına işləyən bir şeydir. Mütaliə etmirlər, axtarışlara meylli deyillər, öz üzərlərində çalışmırlar. Amma bununla sosial şəbəkələrin yanaşı müəyyən müsbət cəhətləri də var, məsələn, hansısa mətnə tənqidçilər peşəkar rəy bildirirlər, maraqlı diskussiya yaranır. Gənclər bundan nə dərəcədə faydalanırlar, bu başqa məsələdir. Kitab oxumayan bir təbəqə var ki, onlara sosial şəbəkələrdə bədii mətnlər təklif olunur, istər-istəməz onlarda bir maraq yaranır, adamları kitaba yönləndirmək baxımından bu çox faydalıdır. Sosial şəbəkənin sağlam tərəflərindən faydalanmaq daha yaxşıdır. Zərurət olduğu halda ondan istifadə etmək daha məqsədəuyğundur. 

  – Ardıcıl olaraq nəsr yaradıcılığı ilə məşğul olursunuz. Oxuduğunuz müəlliflərdən nə öyrənmisiniz?

  – Dünya ədəbiyyatını mütəmadi olaraq oxuyuram. Magik realizmin böyük ustalarından olan Markes mənə həmişə cəlbedici görünüb. İndi Kolumbiya nəsrinin Markesdən sonrakı mərhələsi yaranıb ki, onlar magik realizm ənənəsindən imtina ediblər. Məsələn, Vaskes. Tarixə yeni baxış ortaya qoyur və onun nəsri minimalizmə meyllidir. Türk ədəbiyyatında Murat Menteş var. Çox sevdiyim yazıçılardandır. Onlardan nəsə öyrənməyə çalışıram. Belə mətnlər insanı formada saxlayır. Bəzi adamlar  bunu deməyi özlərinə sığışdırmırlar. Oxuyurlar, amma demirlər ki, oxumuşam. Eqo buna imkan vermir. Mən isə həmişə açıq şəkildə demişəm ki, İlqar Fəhminin də, Şərif Ağayarın da, başqalarının da nəsrindən oxuyub nələrsə öyrənməyə çalışmışam. Yazıçılıq həm də daim öyrənmək deməkdir. Öyrəndiklərinlə kifayətlənməli deyilsən. Demək olmaz ki, mən artıq hər şeyi bilirəm. Oxuduqca, mütaliən artdıqca görürsən ki, çox şeyləri bilmirsən. 

  – Sizcə, problemləri ədəbi mətnlərə köçürmək kütləyə ximətdir yoxsa yazarın fərdi qəhrəmanlığıdır?

  – Problemləri mətnə köçürmək yox, problemləri bədii mətnin içində əridə bilmək qəhrəmanlıq sayılır. Problemləri olduğu kimi yenidən mətnə köçürməyə nə ehtiyac var? Hadisələri bədii təxəyyüldən keçirmək lazımdır. Oxucuya mənfi enerji ötürmək olmaz. Elə əsərlər var ki, oxucuya mənfi enerji ötürür. Mən bunun tərəfdarı deyiləm. Mətn odur ki, sənə müsbət enerji ötürsün. Orada nə qədər cəmiyyətin qaranlıq məsələləri öz əksini tapsa da, sonda işıqlı tərəfi görməlisən.

  – Deyirsiniz ki oğlum olsa adını Ümid qoyardım. Bele bir fikir var ki, ümidlər sonda ölür. Bəs siz necə düşünürsünüz, ümidlər sonda ölür ya öldürür?

  – Bəli, ümidlər müəyyən mənada həm də öldürür. Arzuları öldürür, insanın ömrünü hissə-hissə qoparıb aparır. Düşünürsən ki, keçəcək, ümid edirsən ki, yaxşı olacaq, amma dəyişən heç nə olmur. Ümid insanı yaşatdığı kimi həm də öldürür.

 

  Söhbətləşdi: Cahan Seyidzadə

Kaspi  2017.- 8-10 iyul.-  S.13.