“Nəticə çəkdiyim bütün əziyyətlərə dəydi”
Cəmilə Əsgərzadə beynəlxalq festivaldan qayıdıb: “Heç vaxt bu qədər həyəcanlı olmamışdım”
İyulun 10-15 tarixlərində İtaliyada keçirilən "Garda Lake Music Festival”da respublika müsabiqələri laureatı, adı "Qızıl kitab”a düşən ifaçımız Cəmilə Əsgərzadə ölkəmizi təmsil edib. Festivaldan dönər-dönməz, ifaçı "Kaspi”-nin suallarını cavablandırdı. Yaşının az olmasına baxmayaraq, bir çox uğurlara sahib olan və istedadı ilə beynəlxalq festivallarda münsiflər heyətini heyran qoyan Cəmilə festivalda Kamil Sen–Sansdan "Rondo Capriccioso”-nu ifa edib. Səlis danışıq qabiliyyəti və zəngin dünyagörüşü olan C.Əsgərzadə festival barədə təəssüratlarını bizimlə bölüşdü. Hazırda Qəbələdə keçiriləcək festivala hazırlaşan müsahibimiz davamlı olaraq öz üzərində çalışır və hədəflərinə doğru addım-addım getməyə səy göstərir. Yalnız belə olan halda, böyük nailiyyət əldə edə biləcəyini düşünür.
- İstərdik, iştirak etdiyiniz festival haqqında bizi bir qədər məlumatlandırasınız. Festivala yollanmamışdan əvvəl orada kimlərin olacağı və festivalın əhəmiyyətindən xəbərdar idiniz?
- Əlbəttə ki, bu festival haqqında ora getməmişdən əvvəl kifayət qədər məlumatlı idim. İtaliyada hansı dünyaca məşhur və böyük nüfuza malik olan musiqiçilərlə qarşılaşacağımı da öncədən bilirdim. Ona görə də bu festivala çox ciddi hazırlaşırdım. Orada iştirakçıları gördükdə isə, yanılmadığımın şahidi oldum. Ümumiyyətlə tanınmış musiqiçi V.Tretyakovun qarşısına çıxmağa cəsarət edən ifaçıların səviyyəsi başqa cür ola da bilməzdi. Bu mənim məsuliyyətimi və özümə qarşı tələbkarlığımı daha da artırdı. 13 yaşımdan dünyanın müxtəlif ölkələrində festival və ustad dərslərində iştirak etmişəm, ancaq heç bir zaman bu qədər həyəcanlı olmamışdım. Çünki SSRİ xalq artisti, Rusiya Federasiyası Dövlət Mükafatı laureatı, Köln Konservatoriyasının professoru, sözün əsil mənasında ən güclü rus violin məktəbinin ən güclü təmsilçisinin qarşısında bacarığımı göstərəcəkdim. Bundan başqa, digər iştirakçıların bioqrafiyasını oxuduqca, bu festivaldakı iştirakçıların daha potensiallı və istedadlı olduqlarını anlayırdım. Onlarla bir səhnəni bölüşmək isə mənim üçün daha çox məsuliyyətli idi. Orada Çaykovski adına gənclərin musiqi müsabiqəsinin ilk üç qalibi, Venyavski adına müsabiqənin qalibi, "Juliard Music school”un, eyni zamanda Moskva, Berlin konservatoriyalarının tələbələri oldu.
- "Garda Lake Music Festival”ı fərqləndirən cəhətlər
nələr idi?
- Mənim qatıldığım festival sayca 5-ci idi. Bu festivalın fərqliliyi ondadır ki, tədbirdə müxtəlif alətlərdə sənətkarlar konsert proqramları ilə çıxış edirdilər. Daha öncədən bizim göndərdiyimiz video baxışla sənətkarların özlərinin seçdikləri gənclərə ustad dərsləri keçirdilər. Bu dərslərdə fərqlənən gənclər ustadlarla birgə eyni səhnəni paylaşır, solo ifalar edirdilər. Bu festival tam bir musiqi bayramıdır. Çünki bu qədər böyük musiqiçiləri bir arada görüb, onları dinləmək fürsəti bizim üçün böyük şans və əsil bayram idi. Mənə görə Viktor Viktoroviç Tretyakov əsl dahi, əvəzolunmaz musiqiçidir. Onu canlı dinləmək mənim üçün böyük xoşbəxtlikdir. Ondan dərs almaq şərəfinə nail oldum. İnanın, əsl musiqiçilər nə demək istədiyimi çox yaxşı anlayarlar. Bu mənim həyatım boyunca unutmayacağım bir uğurumdur.
- Bəs necə oldu ki, belə
bir festivalda iştirak etmək qərarı verdiniz?
- Mən bu festival haqqında məlumat üçün təşkilat
komissiyasına yazanda,
onlar mənə cavab olaraq Tretyakovun
sadəcə 8 tələbə
qəbul edəcəyini
və onları videoları izlədikdən
sonra şəxsən
özünün seçəcəyini
bildirdilər. Bu yazışmadan bir ay sonra "təbriklər, siz seçildiniz” məktubu alanda çox sevinmişdim.
- Oradakı musiqişünaslar,
mütəxəssislər sizin
ifanız haqqında hansı fikirləri səsləndirdilər?
- Festivala seçildikdən
sonra müəlliməm
Fatimə İdyatulinayla
çox ciddi məşğul olmağa
başladıq və festivala hazırlaşarkən
o, paralel olaraq məni konservatoriyadakı
imtahanıma da hazırladı. Hər gün saatlarla
çalışmaq çox
çətin idi.
Amma nəticə bütün çəkdiyim əziyyətlərə
dəydi. Tretyakov heyranı
olduğum ifaçı
kimi əlimi tutub mənə ən xoş sözlərini bildirdi.
Mənim
bu sənət üçün yarandığımı,
Azərbaycanı dünyada
ən gözəl şəkildə təmsil
etmək üçün
bütün xüsusiyyətlərə
sahib olduğumu və
bütün iştirakçılar
arasında məndən
xüsusilə razı
qaldığını deyirdi.
Bundan gözəl nə ola
bilər ki? Konsert çıxışımdan sonra
italyanların da diqqətini çəkə
bilmişdim. Çıxışımdan sonra yaxınlaşıb,
məni təbrik edir, Azərbaycan haqqında soruşurdular.
Mənə təəccüblü də gəlsə, əllərimdən öpürdülər.
- Eşitdik ki, Qəbələdə keçirilən
festivalda da çıxış edəcəksiniz.
- Elədir. Bu il
Qəbələdə keçirilən
musiqi festivalında Bakı Musiqi Akademiyasının tələbələrinin
iştirakı ilə
konsert olacaq. Bu konsertdə mən
də iştirak edəcəm. Orada Sen–Sansdan "Rondo Capriccioso”-nu ifa
edəcəm. Ümid edirəm
ki, bu da
böyük və maraqlı bir musiqi bayramı olacaq.
Xəyalə Rəis
Kaspi 2017.- 21. iyul- S.8.