Kiçik ölkənin
dünya boyda barışı
Şimali
Kiprdə yunanlara aid tarixi abidələr də ciddi şəkildə
qorunur
Təyyarədən
baxanda belə bir mənzərə seyr etməli olursan:
yarımsəhra landşaft, demək olar ki, çılpaq
dağlar, az qala ağacın da xəsisliklə
bitdiyi bir məkan. Təyyarədən
çıxarkən, dəhşətli isti
üz-gözünü qarsıyır, "Allah, belə yerdə
də yaşamaq, belə yeri də sevmək olarmı”
sualını verirsən.
Və cəmisi 4 gün kifayət edəcəkdi ki, ilk təəssüratın
yaratdığı bu suala görə utanım. Belə yerdə
yaşamaq, belə yeri sevmək üçün də min səbəb
varmış sən demə. "Qürurlu, əzmkar,
sülhsevər, insanpərvər, varlığını
qorumaq üçün əsrlər boyu mübarizə aparan insanlar. Dillərini, mədəniyyətlərini qoruyan fədailər.
Haqsızlıqla üzləşsələr də,
ruhdan düşməyən, heç nədən şikayətlənməyən,
pozitivliklərini itirməyən, daim gülümsəyən,
qarışqa kimi çalışan adamlar. İlahi, bu ölkəni necə sevməmək olar?”
Yox, buna qədər hələ var ey. Bu, ölkədən ayrıldığım anın
təəssüratıdır. Bu zamana
qayıdarıq, inşallah.
Türkün
səhvi
Bu ölkə haqqında nə bilirik ki? Çoxumuzun
bilgisi elə ümumi məlumatlardan ibarətdir. 60-cı illərdən başlayaraq Aralıq dənizdə
yerləşən bu adanın yunan kəsimi türklərə
qarşı qətliamlara başlayıblar. "Sivil” adlandırılan dünyanın tam biganə
münasibəti fonunda. İstəyiblər
ki, türkləri bu coğrafiyadan tamamilə silsinlər.
Türkün varlığı, mədəniyyəti,
qüruru həmişə qorxudub onları. Və qətliamlar başlayıb. Yalnız Türkiyənin özünü yetirməsindən
sonra barbarların qarşısı alınıb. "Barbar” ifadəsi isə mənə məxsus
deyil. Yunanların adada törətdiyi qətliamları
araşdıran BMT təmsilçisi Lars Harkanson ifadəsidir.
Tarixin daha dərin qatına getsək, görərik ki,
türklər bu adaya təxminən 500 il əvvəl
gəliblər. Həmin vaxt yaxınlıqdan
keçən ticarət gəmilərinə ada sakinləri
daim basqınlar edirmişlər. Osmanlı
sultanı da bu basqınların qarşısını almaq
üçün adanı tutur. Amma ada
sakinlərinə toxunmur. Onlar kimliklərini
də, dillərini də, mədəniyyətlərini də
qoruyurlar, inkişaf etdirirlər. Baxmayaraq
ki, yunanları məhv etmək üçün türklərə
cəmisi 1-2 gün kifayət edərmiş. Amma etməyiblər.
Azərbaycanda
qətlə yetirilən uşaqların
yaşıdlarının taleyi
500 il əvvəl türklərin etmədiyini 500
il sonra "sivil dünya”da yunanlar etməyə cəhd
göstərdilər. Türkləri adanın
tarixindən və coğrafiyasından silməyə
başladılar. Bütün dünya kar və
kor oldu. Amma Türkiyə vardı. Yaxşı ki, vardı. Türk əsgərlərinin
adaya daxil olması ilə qətliamların qarşısı
alındı. Ada isə 2 yerə
parçalandı. Cənubi Kipr (yunan kəsimi) və
Şimali Kiprə (türk ). Və bundan sonra
"sivil dünya”nın "ədalət” maşını
işə düşdü. Qətliamın
qarşısını alan Türkiyə
işğalçı adlandırıldı, ikili standartların
tətbiqinə başlanıldı.
"Qətliamlar,
kütləvi məzarlıqlar, ikili standartlar
" ifadələri hər bir azərbaycanlıya
tanışdı. Ermənilərin Azərbaycanda
törətdikləri qətliamların, vəhşiliklərin
miqyası o qədər böyük olub ki... 20-ci əsrin
sonlarında Xocalı dəhşəti törədilib. Vəhşi xislətlə, azğın
düşüncə ilə. 20-ci əsrin
əvvəllərində və sonlarında Azərbaycanda qətlə
yetirilən uşaqların yaşıdları 60-70-ci illərdə
də Kiprdə eyni taleyi yaşayıblar. Azərbaycanda
da, Kiprdə də qətlə yetirilənlər türklər
olublar. "Sivil” dünya Azərbaycanda da,
Kiprdə də baş verən qətlimalara qarşı susub,
seyr edib, həqiqəti deməmək üçün lal,
görməmək üçün kor olub.
Amma bu xalq bütün haqsızlıqlara baxmayaraq,
sülhpərvərliyini, insanpərvərliyini unutmayıb. Düz 43 ildir
ki, Kiprin türk kəsimi böyük sülh mücadiləsi
aparır, adanın türklər və yunanlar tərəfindən
birgə idarə oluna biləcəyini deyir. Amma
qarşı tərəf bu sülh
çağırışına "hə” demir. Çünki niyyətindən qan damır.
Ancaq Şimali Kiprin insanları pozitivliklərini zərrə
qədər də itirmir, mənliklərini,
qürurlarını qoruyur, ədalət, sülh istəklərini
daha qabarıq tərzdə göstərirlər. Gecə-gündüz
çalışırlar. "Sivil”
dünyanın yatmış vicdanını oyatmaq istəyirlər.
Adanın birgə idarə edilməsi
üçün keçirilən referendumda yunan tərəfi
"yox” cavabını, türk tərəfi isə "hə”
cavabını vermişdi. Gözləmək
olardı ki, məhz bu cavablardan sonra dünya nəhayət ki,
ədalətə növbəti dəfə tüpürməyəcək,
adanın türk sakinlərinin də haqqını
tanıyacaq, onlara qarşı tətbiq olunan embarqolar aradan
qaldırılacaq. Amma nə fayda... Cənubi Kipr
Şimali Kiprlə birgə yaşayışa "yox” deyib. Qarğa-quzğun səsi eşidilmir. Tam sükut. Bu yaxınlarda isə
BMT-nin təşəbbüsü ilə Krans-Montana şəhərində
keçirilən müzakirələr də nəticəsiz
bitib. Yenə də yunan tərəfinin
aqressivliyi, sülhə "yox” deməsi ucbatından. BMT-nin baş katibi Antonio Quterreşi də
urvatsız ediblər yunanlar. Amma yenə də
türklərin haqqını tanımaq istəmirlər ki, istəmirlər.
Türk
olmamağın üstünlüyü
Bütün bunların fonunda isə Şimali Kiprdə
43-cü sülh və azadlıq bayramı baş tutdu. Şimali Kipr
növbəti dəfə bütün dünyaya sülhpərvər
niyyətini bəyan etdi. Növbəti dəfə
varlığını qoruyacağını göstərdi. Bayram
münasibətilə ölkəyə gələn əcnəbi
jurnalistləri əvvəlcə Şimali Kiprin xarici işlər
naziri Tahsin Ərtuğruloğlu qəbul etdi. Nazir
konfliktin tarixi, son danışıqlar barədə məlumat verdi, yunan tərəfinin heç bir kompromisə
hazır olmadığını bildirdi. Tahsin
Ərtuğruloğlu ikili standartlardan danışarkən,
Dağlıq Qarabağ probleminə də toxundu. Ermənistanın işğalçılıq siyasətinə
göz yumulduğunu bildirdi. O, eyni standartların Kipr məsələsində
də tətbiq edildiyini vurğuladı. Nazir bu münasibətin
nədən qaynaqlandığını belə izah etdi:
"Görünür, türk və müsəlman olmamaq, bir
addım öndə olmaq deməkdir”. "Sivil”
dünyanın ədalətsiz sifətinə vurulan tutarlı
şapalaq idi bu sözlər.
Şimali Kipr Respublikasının prezidenti Mustafa
Akınçı da jurnalistlərlə görüşdə,
yunanların sülh çağırışlarına cavab
vermədiyini qabartdı. O, Şimali Kiprin Türkiyəyə birləşdirilməsinin
heç vaxt gündəmdə olmadığını deyərək,
türk əsgərinin burda olmasının yalnız təhlükəsizlik
baxımından təminat olduğunu bildirdi: "Yunanlar
türk əsgərlərinin adadan
çıxarılmasını tələb edirlər. Ancaq bunun müqabilində təhlükəsizlik
üçün heç bir təminat vermirlər”.
Deməli, niyyət dəyişməyib. Yenə də barbar
düşüncəsi, qan daman fikirlər
hakimdir. Hadisələr başlayarkən, türklər
kütləvi surətdə qətliama məruz qalarkən,
Kipr yunanlarının baş yepiskopu Makarios törətdikləri vəhşiliklərə
belə "ilham” vermişdi: "Türkiyə türkləri
xilas etmək üçün adaya gələ bilər, amma gəlib
xilas etməyə türk tapmamalıdır”.
Qaniçənliyin, vəhşiliyin bundan böyük
idbarlığı varmı? Şimali Kiprdə
türklərin qətlə yetirildiyi kütləvi məzarlıqlara
baxmaq belə dəhşət yaradır. 8
günlük, 12, 15 aylıq körpələri qətlə
yetirənlərin necə bir vəhşi olduqlarını təsəvvür
etməyə də çətinlik çəkirsən.
Təkcə bir məzarlıqda 129 türk
basdırılıb. Müxtəlif
yaşlarda olan türklər. Əksəriyyəti
də uşaq və yeniyetmələr.
Türkiyə
o səhvi buraxmaz
Türk əsgəri adaya gəlməsəydi,
böyük ehtimalla türkün izi bir coğrafiyadan silinəcəkdi. İndi isə
o qətli törədənlərin nəsli o əsgərin
adadan çıxmasını tələb edir. Heç bir təhlükəsizlik təminatı vermədən.
Məqsəd aydındır. Amma Türkiyə o səhvə yol verməz. Türki əsgəri o torpaqları qorumağa
qadirdir. Şimali Kiprin prezidenti Musta
Akınçının dediyi kimi: "Adadakı
torpaqların hər qarışında türklərin də
haqqı var”.
Türkiyənin Kipr probleminə həssaslıqla
yanaşdığı da məlumdur. Başqa yol da yoxdur zatən.
Dünyanın haqsız təzyiqinə rəğmən,
planetin hər yerində olan türkü qorumağa məcbursan.
Harada türk varsa, ora vətəndir, ora
Türkiyədir. 43-cü sülh və azadlıq
bayramında da Türkiyə ali səviyyədə
təmsil olunmaqla, ada sakinlərini müdafiəsiz
qoymayacağını bəyan etdi. Bayram tədbirinə
qatılan Türkiyə nümayəndə heyətinə
baş nazir Binəli Yıldırım rəhbərlik edirdi.
Türkiyənin xarici işlər naziri
Mövlud Çavuşoğlu da nümayəndə heyətinin
tərkibində idi. Törəndə
çıxış edən Binəli Yıldırım
türk əsgərinin adada olması səbəbləri barədə
danışdı. Yalnız və
yalnız sülh tərəfdarı olduqlarını, amma
qarşı tərəfdən də adekvat addım gözlədiklərini
bildirdi. Onu da qeyd edim ki, bayram tədbirində
Azərbaycan parlamentinin üzvü Hikmət Babaoğlu da
iştirak edirdi.
Adanın
ən böyük silahı
Şimali
Kiprin çox dəhşətli bir silahı da var. Amma bu silah
od saçmır, insanpərvərik, ədalət
yayır. Amma bu insanpərvərlik, ədalət
düşməni mənən əridir, məhv edir, qorxudur.
Bu ölkənin ən dəhşətli
silahı onun bayrağıdır. Bayraq
Şimali Kipr türklərinin mənliyi, qüruru,
varlığını göstərən "silah”dır.
Bayram törənində yeniyetmələr
meydana gətirdikləri bayrağı prezident Mustafa
Akınçıya verdilər. Qorumaq
üçün. Prezident isə
bayrağı öpərək, qəbul etdi,
qoruyacağına and içdi. Şimali
Kiprdə dağın döşünə böyük bir
bayraq hörülüb. Bu bayraq gecələr
işıqlandırılır. Və
işıqlandırıldıqca da, qarşı tərəfdə
- Cənubi Kiprdə görünür. Yunanlar
bu bayrağın varlığından dəhşətə gəlirlər,
qeyzlənirlər, aqressivləşirlər,
başqasının varlığını qəbul etmək
istəmirlər. Hələ bir neçə il əvvəl Avroliqanın pleyy-off mərhələsində
Cənubi Kiprin APOEL klubu ilə qarşılaşmaq
üçün Lefkoşaya gedən "Neftçi” ilə
azərbaycanlı jurnalistlər də səfərə
çıxmışdılar. Həmkarlarım
qayıtdıqdan sonra yunanların onlara qarşı aqressiv
münasibət bəslədiklərini deyirdilər. Səbəb də bayraqmış. Türkün bayrağı, Şimali Kiprdə
dağın döşünə hörülmüş bayraq.
Yunanlar gecələr işıqlandırılan
bu bayrağı gördükcə, qəzəbdən
içlərini yeyirmişlər, Azərbaycan jurnalistlərinə
qarşı nifrətlərini aşkar şəkildə
büruzə verirmişlər. Deyirlər
ki, Lefkoşanın yunanlar yaşayan hissəsində ən
ucuz evlər o bayrağın göründüyü evlərdir.
Bundan dəhşətli silah ola bilməz. Bu silahın qarşısında istənilən
düşmən gücsüzdür.
Bu əsgəri məğlub etmək olar?
Bayram törəninin ən təsirli anı isə
türk əsgərinin tribunaların önündən
keçməsi idi. Türklərin adadakı tək təminatçılarının.
Əsgərlər tribuna önündən
keçərkən prezident də, sadə vətəndaş da
ayağa qalxdı. Əsgəri ayaqda
salamlamaq lazımdır. Belə əsgəri
məğlub etmək olar? Olmaz!!! Şimali
Kiprin səmalarında türk şahinlərinin süzməsini
görmək isə başqa bir aləm idi. Qırıcı təyyarələr səmada
qıy vurarkən, ada sakinlərinin simasındakı qüruru
və xoşbəxtliyi görməyə dəyərdi. Qırıcıların qulaq batıran uğultusu
onlar üçün azan səsi qədər doğmadır.
Qarşı tərəfdə isə bu səsdən
təşviş keçirən, qulaqlarını tutanlar var.
Bu səs "türk əsgəri burda, bu torpaqlarda haqqı
olanların yanındadır” mesajıdır. Düşüncəsi sağlam olanlar, niyyətindən
qan dammayanlar bu mesajdan çoxdan nəticə
çıxarardılar. Çox təəssüf ki...
Turizm və
təhsil – həyat mənbəyi
Elə bilirsiniz bu ölkənin problemi yoxdur? Var,
özü də kifayət qədər. "Sivil”
dünyanın embarqosu ilə üzləşən kiçik
bir ölkənin problemləri niyə olmasın ki? Amma bu problemlərə hansı müstəvidən
yanaşma tərzi çox önəmlidir. Problemlərin xirtdəkdən olmasına baxmayaraq,
Şimali Kipr sakinləri heç vaxt pozitivliklərini,
simalarındakı təbəssümü itirmədilər.
Hərdən adama elə gəlirdi ki, bu
adamları gülümsəmələri xoşbəxt edir.
Həqiqət də elə budur. Bu insanlar bütün problemləri gülümsəyərək
həll edirlər. Gülümsəyərək
işləyirlər, mübarizə aparırlar, sülh istəklərini
çatdırırlar, ölkələrini sevirlər. Ən əsası, insanlığı sevirlər.
Şimali Kiprin yeganə yaşam mənbəyi
turizmdir. Amma turizmlə bərabər təhsilin
də inkişafı barədə düşünüblər.
Ölkədə turist əlindən tərpənmək
mümkün deyil. Günün istənilən vaxtı
küçədə ancaq turistlə
qarşılaşacaqsınız. Hərdən
adama elə gəlirdi ki, sanki bu ölkədə yerli əhali
yoxdur. Amma var. Onlar isə işdə-gücdədirlər.
Ölkəyə gələn turistlərə
xidmət edirlər. Özü də necə xidmət
edirlər... Sevgi ilə, məhəbbətlə.
Bir sözü yüz dəfə soruş, hərə
dəfə də simalarında təbəssümlə cavab
verəcəklər. Yorulmadan, usanmadan xidmət
edirlər. Vətənin inkişafı
naminə, varlıqlarını qorumaq naminə.
Aralıq dənizinin ağ suları səni
4 tərəfdən əhatə edibsə, başqa nə
lazımdır? Təbii ki, infrastruktur. Yüksək səviyyəli infrastrukturu
qurmağı bacarıblar. Və bunun da
üzərinə yüksək səviyyəli xidməti əlavə
ediblər. Mükəmməl tandem
yaranıb. Bu gün turizm ölkənin bəlkə
də həyat mənbəyidir.
Bir də gələcəyə hesablanmış təhsil
sistemləri var. Ölkədə yüksək təhsil verən
15 universitet mövcuddur. Daha 15 universitetin isə açılması
planlaşdırılır. Bu qədər
universitet kiçik ölkənin nəyinə lazımdır?
Bu universitetlər Şimali Kipr üçün
yox, bütün dünya üçündür. Dünyanın soyuq ruhunu, lal
baxışlarını bu universitetlər vasitəsilə əridir,
oyadırlar. Bu universitetlərdə 105
ölkədən 100 minə yaxın tələbə təhsil
alır. Doğu Akdeniz Universitetinin ərazisini
gəzmək üçün avtobusdan istifadə etməli
olduq. Yoxsa, universitetin ərazisini piyada gəzmək
üçün bir gün vaxtımızı sərf etməli
olardıq. Bu universitetdə 27 minə
yaxın tələbə təhsil alır. Universitetin ərazisində bir tələbənin təhsil
alması üçün bütün infrastruktur mövcuddur.
Qalır, oxumaq.
Düşmənin
də abidəsi qorunur
Şimali Kipr tarixi abidələr sarıdan da korluq çəkmir. Hansı şəhərə gedirsiniz gedin, orda mütləq qədimliklə baş-başa qalacaqsınız. Ölkədə həm türk, həm də yunan mədəniyyətinə aid xeyli tarixi abidələr mövcuddur. Bunu deməsəm, ürəyim dayanar... Şimali Kiprdə yunanlara aid tarixi abidələr də göz bəbəyi kimi qorunur, onların tarixi barədə turistlərə saxtalaşdırılmamış məlumatlar verilir. İnanmıram ki, yunan tərəfi türk abidələrinə qarşı belə lütfkarlıq göstərsin. Məni qınamayın, azərbaycanlılara məxsus tarixi abidələrin ermənilər tərəfindən barbarcasına dağıdılmasını görən bir insanam mən... Türk bu məqamda da böyük olduğunu göstərir.
Törətdikləri qətliamlara baxmayaraq, türklər yunanlar haqqında "düşmən” ifadəsini işlətmirlər. 43 ildir türklər sülh çağırışı edir, "gəlin adanı birlikdə idarə edək, birlikdə yaşayaq, birlikdə xoşbəxt olaq” mesajına cavab istəyirlər. Təəssüf ki, hələ də müsbət cavab ala bilmirlər. Şimallıların bu niyyəti dünya boyda sülh deməkdir. Bu, dünyanı gözəlləşdirmək, insanpərvərlik, ədalət yaymaq istəyidir. Hətta dünya bu ülvi istəklərə qarşı çıxsa belə, inadından dönməmək iradəsidir bu barış niyyəti.
"Qürurlu, əzmkar, sülhsevər, insanpərvər, varlığını qorumaq üçün əsrlər boyu mübarizə aparan insanlar. Dillərini, mədəniyyətlərini qoruyan fədailər. Haqsızlıqla üzləşsələr də, ruhdan düşməyən, heç nədən şikayətlənməyən, pozitivliklərini itirməyən, daim gülümsəyən, qarışqa kimi çalışan adamlar. İlahi, bu ölkəni necə sevməmək olar?” Yox ey, təkrarçılığa yol vermirəm. Dediyim zamana qayıtmışam. Ercan hava limanındayam. Şimali Kiprdən ayrılıram. Elə aeroportdaca reportajımın, bu ölkə ilə bağlı təəssüratımın süjet xəttini cızıram. Məni özümlə söhbətdən pasportumu yoxlayan əməkdaşın səsi ayırır: "Əfəndim, ölkəmizi sevdinizmi?” Nə cavab verə bilərdim ki? Sadəcə, gülümsədim.
P.S. Şimali Kiprin prezidenti Mustafa Akınçı əcnəbi jurnalistlərlə görüşdə belə dedi: "Bura dünyanın iki dövləti istisna olmaqla, bütün ölkələrindən rahatlıqla” gəlmək olar”. O ölkələrdən biri Ermənistandır.
P.P.S. Hə, onu da deyim ki, Dağlıq Qarabağ problemi ilə bağlı ədalətli mövqeyi ilə seçilən kanadalı jurnalist Skott Teylor da Şimali Kiprə gəlmişdi. Orda da Qarabağ həqiqətlərindən danışırdı. Nahar zamanı süfrəyə dolma gətirilərkən, Skottun "dolma Azərbaycanındır” deməsi də xoş ovqat yaratdı. Səfər boyunca bizi müşayiət edən, sevgi və məhəbbətlərini zərrə qədər də əskik etməyən Turqut Vəhbi ilə Hevva Hayrısevərə sonsuz ehtiramımı bildirməsəm, günah olar. Bu ölkəni həm də onların qonaqpərvərliyində, gülüşündə, səmimiyyətində sevdim. Dolmanın dadına baxdımmı? Baxdım. Dolma həqiqətən də bizimdir. Turqut Vəhbi, Havva Hayırsevər, Bakıda Azərbaycan dolmasının dadına baxmaq ümidi ilə.
Natiq Muxtarlı
Bakı-Lefkoşa-Bakı
Kaspi 2017.- 25 iyul.- S.8-9.