Ögey ananı
dünyaya sevdirən aktrisa
O, həm də dramatik xarakterlərin
mahir ifaçısı idi
"O, məlahətli,
emosional, lirik-dramatik aktrisa idi. Özünəməxsus
yaradıcılıq yolu olan Nəcibə Məlikovaya həmişə gözəl
qadınların obrazını həvalə edirdilər”. Xalq artisti Nəcibə Məlikova haqqında söz
düşəndə həmkarları onu məhz bu cür
xatırlayırlar. Təbəssüm dolu
sifəti, şux yerişi, qeyri-adi aktyorluq istedadı,
mehribanlığı onu təkcə sənət
yoldaşlarının deyil, həm də
tamaşaçıların sevimlisinə çevirmişdi.
Nəcibə Məlikova 1921-ci ildə Bakının
Buzovna kəndində doğulub. İlk təhsilini
yaşadığı kənddə alsa da, daha sonra Bakıda
oxuyub. Bakı Teatr Məktəbində xalq
artisti Fatma Qədrinin sinfini bitirdikdən sonra öz istəyi
ilə Gəncə Dövlət Dram Teatrında işləməyə
yollanıb. Gəncə teatrının səhnəsində
bir neçə tamaşada çıxış etdikdən
sonra Bakıya qayıdıb və yenicə təşkil
olunmuş Azərbaycan Dövlət Teatr İnstitutuna daxil
olub. 1952-ci ildə Azərbaycan Dövlət
Akademik Dram Teatrında fəaliyyətini davam etdirən aktrisa
bütün yaradıcı həyatını bu teatra
bağlayıb. Bu teatrın
tamaşalarında oynadığı epizodik rollar onu tezliklə
təkcə tamaşaçılara sevdirməyib, həmçinin
rejissorların baş qəhrəmanlarını oynayan
aktrisasına çevirib.
Nəcibə xanım dramatik xarakterlərin mahir
ifaçısı kimi tanınıb. Ona həvalə olunan rolları Nəcibə
xanım
istedadının bütün gücü ilə
yaradıb. 50-70-ci illərin teatr repertuarında,
elə əsər olmayıb ki, aktrisa həmin tamaşalarda
oynamasın. N.Məlikova klassik və
çağdaş Azərbaycan dramaturqlarının, dünya ədiblərinin
dram əsərlərində, həmiçinin
komediyalarında səhnəyə çıxıb.
Hüseyn Cavidin "Şeyx Sənan” (Xumar), "Səyavuş”
(Firəngiz), Əbdürrəhim bəy Haqverdiyevin "Pəri
cadu” (Şamama cadu), Cəfər Cabbarlının
"Aydın” (Böyükxanım), "1905-ci ildə” (Sona),
"Sevil” (Edilya), Mirzə İbrahimovun "Həyat” (Atlas),
"Kəndçi qızı” (Ayxanım), İlyas Əfəndiyevin
"Büllur sarayda” (Qönçə), "Qəribə
oğlan” (Məlahət), Nəbi Xəzrinin "Əks-səda”
(Zərifə), Mirzə Şəfi Vazeh (Zübeydə), Səməd
Vurğunun "Vaqif” (Xuraman), Maqsud İbrahimbəyovun "Kərgədan
buynuzu” (Diləfruz), Lope de Veqanın "Sevilya ulduzu” (Estrelya)
və s. əsərlər əsasında hazırlanan
tamaşalarda rollar oynayıb.
Nəcibə xanımın kinodakı rolları isə
onun yaradıcılığında ayrıca səhifədir. "Ögey ana”da Dilarə,
"Aygün”də Aygün, "Arşın mal alan”da Cahan
xala, "Əhməd haradadır?”da Nərgiz
xala rolları ilə aktrisa kinosevərlərin qəlbində
özünə əbədi yer qazanmaqla bərabər,
adını kino tariximizə yazdıra bilib.
Ögey
ana
N.Məlikova kinoda bir-birindən maraqlı rollar
oynayıb. Düzdür, aktrisa kinoda o qədər də
çox çəkilməyib, amma onun yaratdığı
rollar milli-mənəvi dəyərlərimizin daşıyıcısı
olduqları üçün xalq tərəfindən sevilib,
kinoaktrisa kimi ona böyük şöhrət
qazandırıb.
İlk dəfə onu "Fətəli xan” filminə dəvət
edirlər. Bu ekran əsəri tarixi hadisələri əks
etdirməklə, həm də qadınlarımızın o
dövrdəki həyat tərzini bizə aydın şəkildə
çatdırır.
1950-ci ildə "Bakının işıqları”
filmində oynayan aktrisa, nəhayət ki, 1959-cu ildə
"Ögey ana” filmində ən böyük rolunu yaradır.
Deyilənə görə "Ögey ana” filmində
Dilarə rolu elə aktrisanın öz taleyindən bəhs
edir. Belə ki, görkəmli rejissor Adil İsgəndərov
Gəncədə olanda onların evinə tez-tez gedib-gələrmiş.
Hər dəfə də qaynanası ilə Nəcibə xanımın
dartışmasına tənə edib:
"Əşi, bəsdirin, sizinki oldu kino, gərək deyim,
bir film çəksinlər sizdən” deyərmiş. Rejissor bu sözü elə-belə, söz xətrinə
deməyib. Həqiqətən də, filmin
ideyasını Həbib İsmayılova o verib. Az sonra Nəcibə Məlikovanın ailəsindəki
münasibətlər haqda yazılan ssenari əsasında
kinorejissor Həbib İsmayılov "Ögey ana” filmini
çəkib. Filmdə baş verənlər
cüzi dəyişikliklə çəkilib. Aktrisa da öz taleyini oynayıb. "Ögey
ana" ekranlara çıxandan sonra SSRİ-nin bütün
şəhərlərindən Nəcibə Məlikovanın adına yüzlərlə məktub
ünvanlanıb. Nəcibə xanım gününün
çox hissəsini teatrda, çəkiliş
meydançalarında keçirdiyindən, məktubların əksəriyyətinə
cavabı oğlu yazmalı olub: "Məktəbi rusca
bitirdiyimdən, bu tapşırığı yerinə yetirmək
mənim üçün çətin deyildi. Mənim
üçün çətin olan bu ağır məzmunlu məktubları
oxumaq idi. Onların əksəriyyətini
qadınlar yazırdılar. Mən
onları oxuya-oxuya özüm üçün daha bir həqiqəti
kəşf elədim. Nə qədər
eynitaleli qadınlar var imiş. Onların
çoxu, az-az istisnalar olmaqla, bu taleyə davam gətirmirdi.
Yüzlərlə məktubda yüzlərlə
ailənin dağılmasından söhbət gedirdi. Hətta
aralarında intihar həddinə gəlib çatanlar da az deyildi. Məktublar mənim
gözümü açdı. Mən bir
daha bu qadının, Azərbaycanın xalq artisti Nəcibə
Məlikovanın daxilindəki qüvvənin, onun mənəvi
qüdrətinin şahidi oldum. O, filmdə deyil, həyatda
da bu vəziyyətdən qalib çıxdı. Film xoşbəxt sonluqla bitir. Elə
həyat da. Amma filmdən fərqli olaraq, həyat
analığım üçün daha ağır oldu.
O, sevdiyi əri tərəfindən atıldı. Bütün çətinliklərdən tək
çıxmalı oldu. Nə üzündəki
nurlu ifadəyə kölgə, nə də əynindəki
ağ paltarına ləkə salmadan”- deyə oğlu
danışıb.
Xəyalmdakı
aktrisa
«Közərən ocaqlar» əsərini səhnələşdirəndə
əsərdəki Tükəz xala obrazını Nəcibə
xanıma həvalə etdim. Ancaq aktrisanın hələ
bundan xəbəri yox idi. O, gəlib teatrda adını
siyahıda görəndən sonra mənə telefon
açdı: «Mən heç Tükəz xalaya
oxşayıram? Mən bu obrazı oynaya bilərəm?» - deyə
zarafatlaşdı. Sonra xəstələndiyi
üçün bu rolu oynaya bilmədi. Yoxsa biz onunla hələ
çox tamaşalarda işləyəcəkdik” deyə Xalq
artisti Mərahim Fərzəlibəyov rejissor kimi Nəcibə
Məlikova ilə iş birliyindən qürur duyur. «Nəcibə Məlikova elə sənətkarlardandır
ki, o özünə artıq sağlığında
böyük bir heykəl ucaldıb. Aktrisanın
kino və teatr yaradıcılığını kənara
qoyub təkcə «Ögey ana» filmini xatırlasaq, Nəcibə
Məlikovanın necə bir aktrisa olduğunu söyləmək
kifayətdir. Psixoloji-lirik filmdə o,
gözəl ana obrazı yaradıb. Film həmin
illərdə Moskvada nümayiş etdiriləndə Nəcibə
Məlikova ilin sovet filmləri arasında "Ən gözəl
qadın ifaçısı” mükafatına layiq
görülmüşdü. Həmçinin
uşaq roluna görə Ceyhun Mirzəyev mükafata layiq
görülmüşdü”. M.Fərzəlibəyov
deyir ki, uşaq vaxtı heyrətlə seyr etdiyi "Ögey
ana” filmində oynayan aktrisa ilə nə vaxtsa birgə
çalışacağını ağlına belə gətirməyib:
"İnana bilməzdim ki, nə vaxtsa Nəcibə Məlikova
kimi böyük aktrisa ilə işləmək mənə nəsib
ola bilər. Tale elə gətirdi ki, Beydulla Rəsulovun
«Qarabağ əfsanəsi» adlı əsərində işlədik.
Nəcibə xanım həmin tamaşada
Türkiyədə yaşayan həmyerlilərimizin
obrazını yaratdı. 30-40 il
bacısını görməyən bir adam birdən öz
bacısı ilə görüşür. İki
bacı – Hökumə Qurbanova ilə Nəcibə Məlikova
bir-birinə baxır və gözyaşı
tökürdülər. Həmin səhnəni
izləyən tamaşaçılar da göz
yaşlarını saxlaya bilmirdi”. Daha sonra
İlyas Əfəndiyevin «Tənha iydə ağacı» əsərində
işləmişəm. Bu tamaşada da Nəcibə
xanım özünəməxsus obraz yaradıb. Mən bu obrazları məhz Nəcibə
xanımın oynamasına görə, bir rejissor kimi fəxr
edirəm”. N.Məlikovanın aktyorluq bacarığı
və istedadı ilə tamaşaçıların
ürəyində böyük iz buraxdığını deyən
rejissor aktrisanın yoxluğunu mili teatr və kinomuz
üçün böyük itki adlandırır: "Nəcibə
xanımın ölümündən sonra teatra gələnlər
aktrisanın yoxluğunu hiss edir və bu itkidən kədərlənirdilər.
Bu gün də böyük aktrisanın teatr və kino tarixində
tutduğu özünəməxsus yeri heç kim
əvəz edə bilməz».
"Bir də onda gördüm ki, Nəcibə xanım qışqırır”
"Əhməd haradadır?” filmində aktrisa ilə tərəf-müqabili olan Əməkdar artist, rejissor və aktyor Elxan Qasımov filmdəki Nərgiz xala rolunu yüksək peşəkarlıqla oynayan Nəcibə xanımı məhəbbətlə xatırlayır: "Nəcibə xanım Azərbaycan kinosuna korifey sənətkarların çalışdığı bir vaxtda gəlib. Qısa müddətdə bir-birindən gözəl, yaddaşlarda əbədiləşən obrazlar yaradaraq, sənətsevərlərin rəğbətini qazanıb. "Əhməd haradadır?” filmində birgə çəkilməyimiz aktrisanın mənə təkcə peşəkarlığını deyil, həm də insan kimi yüksək keyfiyyətlərini yaxından tanıtdı. Hacıkənddə Nərgiz xalanın mənim maşınımı sürüb getməsi kadrı çəkilirdi. Nəcibə xanıma maşın sürməyi öyrətsələr də, hər ehtimala qarşı, xəlvəti içəridə bir nəfər gizlənib nəzarət edirdi. Çəkiliş zamanı elə oldu ki, Kamil adlı həmin şəxs gecikdi və maşını Nəcibə xanım nəzarətsiz olaraq sürməli oldu. O naşı olduğundan maşın qəfildən geri getməyə başladı. Tez özümü maşına atıb sükanı tutdum və maşını dayandırdım. Çəkiliş təbii alındı, hamı məni təriflədi. Bir də onda gördüm ki, Nəcibə xanım qışqırır. Çaşıb qaldım. Sən demə, mən həyəcandan onun ayağını tapdalamışam və geyindiyi "kapron” corab cırılıb. Çox pis oldum və qaşqabağımı salladım. Adil müəllim Nəcibə xanıma başa saldı ki, əgər Elxan tez tərpənməsəydi, pis hadisə baş verə bilərdi. Bundan sonra Nəcibə xanım mənə baxıb zarafatla "qaşqabağını sallama” dedi. Yaxşı ki, mən elə bir aktrisa ilə bir filmdə rol almışam”.
27 iyul Nəcibə Məlikovanın dünyaya vida etdiyi gündür. Aktrisanın uzun illər çalışdığı teatrın divarlarından boylanan fotoları, eləcə də Qızıl Fondda saxlanan filmlərin və tamaşaların lent yazıları, tamaşaçıların yaddaşında qalan obrazları onun heç vaxt unudulmayacağından xəbər verir. Sənətin böyük gücü də budur.
Təranə Məhərrəmova
Kaspi 2017.- 28 iyul.- S.11.