İtalo Kalvinonun

 

"Pişik və polis"

 Hekayə

 

  Xeyli vaxt idi şəhərdə gizlin silah axtarışına başlamışdılar. Polislər, sifətlərinə qeyri-insani görkəm verən dəri başlıqları geyib, maşınlara doluşur, dolablardakı pal-paltarları alt-üst etmək, sobaların bacasını söküb-dağıtmaq üçün sirenaların həyəcanlı sədaları altında birbaşa kasıbların mənzilinə, bir yükdaşıyanın, ya da fəhlənin evinə yollanırdılar. Belə günlərdə polis agenti Baravinonun ürəyini cansıxıcı kədər bürüyürdü.

  Baravino bir az əvvəl polis idarəsində xidmətə cəlb olunmuş işsizlərdən idi. Elə həmin o vaxtdan da onun beyninə girmişdi ki, zahirən sakit və işgüzar görünən bu şəhərin daxilində nəsə sirli bir şey var. Sən demə, küçələr boyunca uzanan daş divarlar arxasındakı kimsəsiz həyət-bacalarda, qaranlıq zirzəmilərdə, oxlu kirpinin iynələri kimi hazır dayanmış, parıltılı, qorxunc silah meşəsi yerləşirmiş. Pulemyot saxlanan yerlərdən, yeraltı silah anbarlarından da söhbət gedirdi. Deyirdilər, hətta bir nəfər qapısı hörülmüş otağında top da saxlayır. Dəmir nişanəli cığırlar filiz mədəninin yaxınlığını bildirən kimi, şəhərdəki bəzi evlərdə tapılan, döşək ağlarının içinə qoyulmuş tapançalar, döşəmələrin altına yığılmış tüfənglər polisləri həmin şübhəli fikirlərə gətirib çıxarırdı. İndi polis agenti Baravino adamlar arasında özünü yaxşı hiss eləmirdi. İndi ona elə gəlirdi ki, hər novçada, hər dəmir qırıntısı topasında nəsə bir təhlükə gizlənib. O, tez-tez gizlədilmiş top barəsində düşünürdü. Hətta həmin topu uşaqlıq illərini keçirdiyi evin pak qonaq otağında, illərlə qapısı açılmayan otaqlardan birində də təsəvvür edirdi. Bu topu o hörmə haşiyəli, rəngi solmuş məxmər divanlar arasında görür, palaz üzərində onun çirkli təkərlərinin izini, çilçırağa çatan lafetini gözləri önünə gətirirdi. Bu lafet sanki o qədər böyük idi ki, bütün qonaq otağını tutmuş, par-par parıldayan fortepianonu cızıq-cızıq etmişdi.

  Bir axşam polislər fəhlə məhəllələrindən birinə cumub, bir binanı dövrəyə aldılar. Bu, böyük, köhnə bina idi. Sanki kürəklərində daşıdığı insan yükünün ağırlığı mərtəbələrinin və divarlarının qəddini əymiş, onları əldən düşmüş, dəlmə-dəlmə və kələ-kötür bir kütləyə çevirmişdi.

  Ortasına zibil qutuları qalanmış həyəti dövrələyən bütün bina boyu, mərtəbə-mərtəbə eyvanları paslı sürahilərə dolana-dolana qalxırdı. Üzbəüz sürahilərə bağlanmış iplərə əskilər sərilmişdi, eyvanlar boyunca, şüşə yerinə nazik taxta vurulmuş pəncərə gözlərindən soba boruları çıxmışdı, eyvanların qurtaracaqlarında isə uçub dağılan qüllələrə oxşayan, bir-birinin üstünə dikəldilmiş taxta ayaqyolu vardı. Eləcə də, tikiş maşınının taqqıltısı, xörək iyi dolmuş antresollar düz dəmir şəbəkəli çardağa, əyri navalçalara və soba ağzı kimi qaralan çardaq qapılarına qədər ucalırdı.

  Bu köhnə binanın zirzəmisindən ta çardağına qədər, saysız-hesabsız şaxələr, qara damarlar kimi, sınıq-salxaq pilləkənlər labirinti uzanırdı. Pilləkənlərin ən gözlənilməz yerlərində qapılar bəzən antresollara, bir neçə ailənin yaşadığı mənzillərə açılırdı. Polislər dəhşətli addım səslərini heç cür yavaşıda bilmədən pillələrlə qalxaraq, qapılarda yazılmış familiyaları oxumağa çalışır, səs-küylü eyvanların künc-bucağından başlarını çıxaran uşaqların, pırtlaşıq saçlı qadınların arasında vurnuxurdular. Baravino da onların arasında idi. O, dalğın mavi gözlərinə kölgə salan robot kaskası ilə polislərdən heç nə ilə fərqlənmirdi. Amma ürəyində bir ağırlıq, həyəcan vardı. Ona demişdilər ki, polisin və bütün xeyirxah adamların düşmənləri bu evdə gizlənir. Baravino çəkinə-çəkinə aralı qapılardan evlərə nəzər salırdı. Hər şkafda, hər qapı arxasında dəhşətli silah gizlədilmiş ola bilərdi. Elə deyilsə, bəs niyə hər kirayənişin, hər qadın onlara qorxu, həyəcanla baxırdı? Əgər onların biri düşməndisə, onda niyə hamısı düşmən ola bilməzdi? Pilləkənlər tərəfdə, divarın içində düzəldilmiş şaquli tullantı yollarına atılan zir-zibil səs-küylə aşağı düşürdü. Məgər bu, indi onların yaxalarını qurtarmağa çalışdıqları silah ola bilməzdimi?

  Polislər aşağı mərtəbədəki alçaq bir otağa doluşdular. Orada, qırmızı dama-dama örtüklü stolun arxasında bir ailə şam edirdi. Uşaqlar qışqırışmağa başladılar. Təkcə, atasının dizi üstündə əyləşib xörək yeyən körpə polislərə, qara, kinli gözləri ilə sakitcə baxırdı.

 

 

 

  – Əmr olunub ev axtarılsın, – deyə polis nəfəri boğazını uzadıb «farağat» duranda döşündəki rəngbərəng iplər atılıb düşdü.

  – "İlahi” bizi, biz yazıqların evini! Bütün ömrü boyu namusla yaşayanların evini! – deyə yaşlı bir qadın əliylə ürəyini tutdu. Enli, nurani sifətini sıx saqqal basmış, qolsuz köynək geymiş ev sahibi hələ də körpəyə qaşıqla xörək yedirdirdi. Əvvəl o, polislərə çəp-çəp, hətta kinayəli bir nəzər saldı, sonra çiyinlərini çəkib, yenə uşaqla məşğul olmağa başladı.

  Ev polislərlə elə dolmuşdu ki, yazıqlar tərpənə bilmirdilər. Başçıları yersiz əmrlər verir, onlara rəhbərlik etmək əvəzinə, mane olurdu. Baravino qorxa-qorxa hər mebeli, hər balaca şkafı gözdən keçirirdi. Bax, düşmən o qolsuz köynəkli kişidir! Əgər o, indiyə qədər düşmən deyildisə də, indi dönüb düşmənin lap yekəsi olub. Bir bax, gör şkaflarda eşələnən, Məryəm ananın təsvirlərini və mərhum valideynlərin şəkillərini divardan qoparan polislərə necə baxır? Deməli, o düşməndirsə, onun evi də fitnə-fəsad yuvasıdır. İndi dolabların hər gözündə sökülüb saxlanan saz avtomatlar ola bilərdi. Bufetin qutularını açsan, tüfənglərin iti süngüləri sinənə dirənər. Olsun ki, asılqandakı paltarların altından da zağlı pulemyot lentləri asılmışdı, hər qazanın, hər tavanın içində hazır əl qumbarası gizlədilmişdi.

  Baravino sıxıla-sıxıla uzun, arıq əllərini ora-bura gəzdirirdi. Bax, qutuda nəsə cingildədi. Xəncərdi? Yox, çəngəl-bıçaqdı. Portfel gumbultuyla yerə düşdü. İçindəki bombadı? Yox, kitabdı. Yataq otağına o qədər şey yığılmışdı ki, keçmək mümkün deyildi: iki çarpayı, üç qatlama çarpayı və yerə atılmış iki döşək. Otağın o biri başında çarpayının üstündə oturmuş dişi ağrıyan bir uşaq onu görcək ağlamağa başladı. Baravino istədi çarpayıların arasından özünə yol açıb uşağı sakitləşdirsin… bəlkə onu gizlin silah ambarına keşikçi qoyublar? Bəlkə bu yataqların hər birinin altında top lüləsi gizlədilib?

  Baravino daha heç bir yeri eşələmədi. İstədi, qapını açsın. Açılmadı… Birdən orda top olar? Baravino yenə də həmin topu uşaqlıq illərini keçirdiyi evin pak qonaq otağına oxşayan bir otaqda gözləri qabağına gətirdi. Topun lüləsindən bir dəstə süni  qızılgül sallanırdı, sipəri üzərinə hörmə əl dəsmalı salınmış, nişan qurğularının üstünə isə keramik heykəlciklər düzülmüşdü. Qapı birdən açıldı. Bu, qonaq otağı yox, cırılmış oturacaqlarından saman çıxan stullar və adi yeşiklər qalanmış anbar idi…

  Dinamitdir! Elədir ki var! Baravino döşəmədə iki təkər izi gördü. İndicə bu darısqal dəhlizdə evdən nə isə təkərli bir şey çıxarılmışdı. Baravino izə düşdü. Qoca bir kişi əlil arabasında harasa tələsirdi. Görən bu qoca hara qaçır belə? Bəlkə ayaqlarının üstünə salınmış parçanın altında balta gizlədib? Yaxınlaşım ona, o da bir zərbə ilə başımı iki yerə bölsün! Yox, qoca yuyunma otağına tələsirdi. Bəlkə orada bir şey var? Baravino eyvanla qaçmağa başladı. Elə bu vaxt ayaqyolunun qapısı açıldı, oradan qucağında pişik tutmuş, qırmızı bantlı balaca bir qız çıxdı. Baravinonun yadına düşdü ki, uşaqlarla dostlaşmaq, onları suala tutub bir şey qoparmaq olar. O, pişiyi tumarlamaqdan ötrü əlini irəli uzatdı: – Gözəl məstan, qəşəng məstan. – Pişik sıçrayıb düz onun qabağında yerə düşdü. Seyrək tüklü, arıq, yekə boz pişik idi, dişlərini qıcayıb, it kimi tullana-tullana qaçdı: «Gözəl məstan, qəşəng məstan, – Baravino yenə onu tumarlamaq istədi, elə bil məqsədi təkcə bu pişiklə dostlaşmaq idi. Pişik sivişib əlindən çıxdı, qaçdıqca da elə hey çevrilib vəhşi gözlərilə Baravinoya baxırdı: - Gözəl məstan, qəşəng məstan, Baravino da tullana-tullana, eyvan boyu pişiyin dalınca qaçırdı. Pişik bir otağa girdi. Baravino da onun ardınca. Orada iki qız tikiş maşınının üzərinə əyilib iş görürdülər. Döşəmə rəngbərəng parça qırıqları ilə dolu idi: – Silah? – Baravino parça qırıqlarını ayağı ilə ora-bura tullamağa başladı. Nəhayət, o, üstünə yapışmış qırmızı və bənövşəyi parça qırıntıları içində başını tamam itirdi. Qızlar gülüşdülər.

  Baravino dəhlizə çıxıb dik pillələrlə qalxmağa başladı. Pişik, elə bil, onu gözləyirdi, yaxınlaşdığını gördükdə yenə iti pəncələri üstündə tullana-tullana qaçıb uzaqlaşdı. Baravino başqa eyvana keçdi. Təkərləri yuxarı qaldırılmış velosiped yolunu kəsmişdi. Kambinzonlu balacaboy bir kişi velosipedin çarxını su ilə dolu tasa salıb, hava çıxan yerini axtarırdı. Pişik artıq o biri tərəfdə idi: – İcazə verin, deyə Baravino keçmək istədi. – Tapdım, deyə kişi hava qabarcıqları çıxan su tasını ona göstərdi; – İcazə verin,  deyə Baravino təkrar etdi… birdən bütün bunlar onun yolunu kəsməkdən, ya da elə buradaca sürahidən aşağı gumbuldatmaqdan ötrü olar?

  Nəhayət, Baravino keçdi. Otaqların birində qatlama çarpayıdan başqa heç nə yox idi. Çarpayının üstündə, qurşağa qədər çılpaq, qıvrımsaç bir oğlan, əllərini başının altına qoyub uzandığı yerdə siqaret çəkirdi… Çox şübhəli görkəmi var: – Bağışlayın, buralarda pişik görmədiniz? – deyə Baravino soruşdu. Çarpayının altını axtarmaq üçün gözəl bəhanə idi! Baravino əlini çarpayının altına soxdu. Əlini nəsə dimdiklədi. Elə həmin an, hökumətin qadağan qərarına baxmayaraq, evdə saxlanan yekə bir toyuq çarpayının altından çıxıb pırıldadı. Oğlan heç gözünü də qırpmadı. Uzandığı yerdəcə siqaretini tüstülədirdi.

  Baravino pilləkənlərin yanındakı dəhlizdən keçib gözlüklü papaqçının iş otağına düşdü: - Axtarış… əmr olunub… – deyə Baravino əlini səliqə ilə düzülmüş papaqlara tərəf uzatdı. Bir anın içində enli şlyapalar, həsir papaqlar, silindrlər dağılıb döşəməyə səpələndi. Bu vaxt pişik pərdənin altından çıxıb, döşəməyə tullandı, bir-iki dəfə papaqları pəncəsilə oynadıb qaçdı. İndi Baravino özü də bilmirdi ki, bu pişiyə acığı tutur, yoxsa onunla dostlaşmaq istəyir.

 

 

 

  Mətbəxlərin birində poçtalyon furajkalı bir qoca şalvarının balaqlarını çirməyib tasda ayaqlarını yuyurdu. Baravinonu görcək o, bic-bic gülümsəyib, otağa işarə elədi. Baravino başını ora soxdu: - Kömək edin! – deyə kök, demək olar ki, tamam lüt bir sinyora çığırdı: – Üzr istəyirəm, - deyə Baravino utana-utana söylədi. Poçtalyon əllərini dizinə söykəyib pıqqıldadı.

  Baravino mətbəxdən keçib geniş bir aynabəndə çıxdı. Bu aynabənddə başdanbaşa paltar sərilmişdi. Baravino bu döşəkağıları labirintində döngələr və dəhlizlərin arası ilə addımlayırdı. Pişik, hərdənbir döşəkağılarının altından çıxır, sonra sivişib bir başqasının arxasında gözdən itirdi. Birdən Baravinonun canına qorxu düşdü, elə bildi ki, azıb. Bəlkə indi o, yoldaşlarından ayrı düşmüşdü, bəlkə onlar çoxdan bu evi tərk edib getmişdi, o isə haqlı olaraq acıqlanmış bu adamların, bu döşəküzülərinin arasında əsir düşüb qalmışdı? Nəhayət, bir keçid tapıb aynabəndin divarına yaxınlaşa bildi. Aşağıda, dəmir sürahili eyvanlar boyunca, işıqları yanmağa başlayan dibsiz həyət mənzərəsi açılırdı. Baravino polislərin pilləkəndə vurnuxmasını gördü, onların əmrlərini, kirayənişinlərin qışqırıq və etiraz səslərini eşitdi.

  Pişik onun yanında, alçaq divarın üstündə oturub, quyruğunu bulaya-bulaya arxayınca aşağı baxırdı. Baravino tərpənən kimi, o da döşəməyə tullanıb, çardağa qalxan balaca pilləkənlə qaçaraq gözdən itdi. Baravino yenə pişiyin dalınca düşdü. İndi o, daha heç yerdən qorxmurdu. Çardaqda deyəsən heç kim yox idi. Bayırda isə qaralmış evlərin üstündə, yavaş-yavaş ay ucalmağa başlayırdı. Baravino başlığını çıxartdı. Onun arıq, saralmış sifəti insani görkəm aldı:

  – Tərpənmə, nişan almışam! – deyə kimsə dilləndi.

  Böyük pəncərəyə tərəf gedən pilləkənlərin üstündə uzun saçları kürəyinə tökülmüş, üzü-gözü rənglənmiş, yun corablı, lakin ayaqqabısız bir qız çömbəlmişdi. Artıq çoxdan batmış günəşin son şüaları altında, soyuqdəyməli, səsi kallaşmış bu qız hərfləri iri, cəmisi bir-iki cümlə olan şəkilli jurnalı höccələyə-höccələyə oxuyurdu.

  – Tapançadır? – Baravino onun barmaqlarını açmaq istəyəndə toxunma jaketinin altından çıxan həmin pişik dişlərini qıcayıb,   Baravinonun üstünə sıçradı. Polis agenti başa düşdü ki, bu da oyundur.

  Pişik qaçıb dama çıxdı. Baravino alçaq sürahidən boylanır, kirəmit damın üstü ilə sərbəst, arxayınca qaçan pişiyin arxasınca baxırdı.

  – Bu vaxt Meri yatağı yanında, fraklı, əli tapançalı baroneti gördü, - deyə qız oxumaqda davam edirdi.

  Qalalar kimi hündür və tənha fəhlə evlərində işıqlar yanmağa başlayırdı. Polis agenti Baravino aşağıda yaraşıqsız bir şəhər mənzərəsi görürdü. Fabrikin hasarı arxasında düzbucaqlı polad qurğular ucalırdı, tüstü borularından çıxan his göyü yararaq yuxarı qalxırdı:

    Daş-qaşlarımı istəyirsiniz, ser Enriko? – deyə tərs qız boğuq səslə oxumağa davam edirdi.

  Külək qalxdı. Baravino qarşısında ucsuz-bucaqsız sement və dəmir meşəsi gördü. İndi min bir yuvadan oxlu kirpinin iynələri görünürdü. Baravino bu düşmən torpağında tamam tənha qalmışdı.

  – Mənim var-dövlətim, hər rahatlığım var. Dəbdəbəli sarayda yaşayıram. Qulluqçularım da var, daş-qaşım da. Həyatda bundan artıq daha nə istəyə bilərəm?deyə qara saçları üzünə tökülən qız, işvəkar qadınlarla harın kişilərin şəkli çəkilmiş səhifənin üzərinə əyilib yenə oxumağa davam edirdi.

  Baravino fit səsləri və motorların uğultusunu eşitdi. Polislər binanı tərk edirdilər. O istədi baş götürüb seyrək buludlu sakit bir səma altına qaçsın, orda dərin bir quyu qazıb öz tapançasını həmişəlik torpağa basdırsın.

 

  İtalyan dilindən tərcümə edən: Cəmşid Cəmşidov

Kaspi 2017.- 3-5 iyun.- S.18-19.