Kitabımdakı şeirlərin hamısı sevgiliyə ithaf olunub

 

gənc şair  Fəridə Məmmədova ilə müsahibə

 

  Şeirlərinizin alt qatında sanki tənhalıqdan qorxu var. Sizcə, bu düzgün müşahidədir?

– Ümumiyyətlə, mənim şeirlərimin oxucuları adətən, dostlarım olur. Onların da hər birinin çıxarışları olur. Məsələn, siz şeirlərimin alt qatında yalnızlıqdan qorxu olduğunu deyirsiz, amma mən heç vaxt nə yazarkən, nə də sonradan oxuyarkən bunları fikirləşməmişəm. Ola bilər ki, bu sizin tapıntınızdır və ya doğrudan da, şeirin alt qatında mövcuddur. Məqsədli şəkildə vurğulanmış bir şey deyil.

 

– Deyirsiz ki, nə yazanda, nə də oxuyanda bunu fikirləşməmişəm. Maraqlıdır, bəs onda şeirləriniz hansı düşüncələrin ifadəsidir?

– Mənə elə gəlir ki, ümumiyyətlə, şeir şairin düşüncə tərzidir. Şeir mənimçün nə göydən gələn istedad, nə də ilham pərisinin yazdırdığı ilahi mətndir. Kimlərsə düşünüb şeir yazsalar da bu elə də uğurlu alınmır. Düzdür, bəzi adamlar belə poeziyanı təbliğ etməyə çalışırlar. Amma mənimçün şeir insanın düşüncə tərzidir. Necə düşünürsənsə elə də yazırsan. Məsələn, bir ildən çoxdur ki, şeir yazmıram. Çox adam soruşur ki, niyə yazmırsan? Sadəcə şeir kimi, şair kimi düşünə bilmirəm. Ola bilsin nə vaxtsa yenidən belə düşünə bilsəm yazacam.

 

– Şeirlərinizdə olduqca kəskin bir dil var, hansı ki o dil Azərbaycan qadını üçün xarakterik deyil. Sizcə bu xarakteri özünüz üçün necə formalaşdırmısız?

– Mən əksinə fikirləşirəm ki, Azərbaycan qadınlarının sərt diksiyası var. Ola bilər ki, bu, daha çox məişətdə, gündəlik həyatda müşahidə olunur. Amma bu Azərbaycan qadının sərt diksiyası olmasını yalanlamır. Şeirlərdə də bunun görünməyinin səbəbi onu Azərbaycan qadının yazmasıdır.

 

– Onda belə demək olar ki, poeziyada bunun əsasını siz qoymusuz?

– Bu sizin düşüncəniz ola bilər, amma mən o qədər iddialı deyiləm.

 

– Bəzi şeirləriniz həddindən artıq cəsarətlidir, qınaq obyektinə çevrilməkdən qorxmursuz ki?

– Mən təkcə şeirdə deyil, həm də ədəbiyyatda açıq-saçıq ifadə və təsvir vasitələrinin  əleyhinəyəm. Mənim fikrimcə, belə ifadələrdən məcbur qalmadıqca istifadə edilməməlidir. Mənim cəmi bir-iki şeirimdə o cür misralar var. Mən bilirəm siz konkret hansıları nəzərdə tutursunuz. Əslində, buna görə mənim evdə çox yaxşı başım ağrıyıb. Qaldı ki, evdən kənarda çoxları bunu mənim üçün səhv sayıb irad tuta bilər. Amma bu mənə elə də təsir etmir. Çünki onlar belə düşünürlər. Başqalarının düşüncəsindən hansısa yolla qorunmaq olur, amma evdə daha ciddi çətinliklərlə üzləşirsən. Mənim böyüdüyüm ailə tipik Azərbaycan ailəsidir, atamın düşüncəsi tamam başqa cürdür. Kulisdə çıxan şeirlərim onlara gəlib çatmışdı. "Divardan asılan köhnə ov tüfəngi kimi unudulacaq bədənimin bir küncündə döşlərim”. Həmin "döşlərim” sözünə görə mən Qazaxda iki-üç ay həbs yatmışam.

 

– Maraqlıdır, bundan sonra yazdıqlarınızda özünüzə qarşı senzura yarandı?

– Xeyr, yaranmadı. Onlar yaşın, mühitin doğurduğu təzahürlər idi.

 

– Belə çıxır ki, ailəniz sizi şairə kimi qəbul eləmir?

– Mən Tibb Universitetində təhsil almışam. 7 ildən sonra diplomumu alanda bu peşədən imtina etdim. Bu istəyimi evdəkilərə də bildirdim. Təbii ki, 7 illik təhsildən sonra hansı qız həkimlikdən imtina edib saytlarda şeir yayımlasa ailədə problemlərlə üzləşər. Bu normal haldır. Əsas odur ki, indi hər şey qaydasındadır. Yavaş-yavaş bir-birimizi qarşılıqlı şəkildə başa düşürük.

 

– Müasir dövrdə kişi şairlərimizin çoxu qadınların şeir yaza bilmədiyini iddia edirlər, sizin buna münasibətiniz necədir?

– Şairləri mənim qadın və kişi bölgüsünə ayırmaqdan xoşum gəlmir. Amma sualınız bu istiqamətdədir deyə, məcburən ayıracam. Bizim gənc kişi şairlərimizin fikrincə, ümumiyyətlə, dünya ədəbiyyatında yaza bilən qadın şairlər yoxdur, olanlar da kişi şairlərdən zəifdirlər. Mən təbii ki, bu fikirlə razı deyiləm. Dünya ədəbiyyatında da, Azərbaycan ədəbiyyatında da olduqca gözəl şairələr var. Məsələn, İran ədəbiyyatında Füruğ Fərruxzadın, Türkiyə ədəbiyyatında Birhan Keskinin adını çox rahatlıqla çəkmək olar. Azərbaycan ədəbiyyatında da xeyli ad çəkmək olar. Məsələn, Leyla Həsənovanın (Leyla Nənə), Məsumənin şeirlərini bəyənərək oxumuşam. Sadəcə bizim qadınların mənfi cəhəti odur ki, məişətə tez təslim olurlar.

 

– Bəzi gənc yazarlarda qıcıq yaranır ki, məsələn, siz ədəbiyyata gələn kimi təsdiq olundunuz. O insanlar ki, imza kimi özlərini təsdiq edə bilməyiblər. Elə bilirlər ki, kiminsə arxasında görünməz bir qüvvə var. Qadın yazarlar arasında da belə münasibət varmı?

– İnanırsınız, mənim xəbərim yoxdur. Ümumiyyətlə, ədəbi aləmdə nə olub bitirsə, ən axırıncı mənim xəbərim olur. O cür mövzular mənə maraqlı olmadığı üçün müşahidə etmək ehtiyacı da duymamışam.

 

– Sizcə, Azərbaycanlı qadınlar, doğrudan da, qadağalara və məhdud həyat şərtlərinə görə yaza bilmirlər?

– Bu fikirlə razı deyiləm. Çünki kimsə şeir yazmaq istəyirsə, hansı şəraitdə olursa olsun yazacaq. Qadağalar, məhdudiyyətlər buna mane ola bilməz. Mən heç cür başa düşə bilmirəm ki, şair oturub fikirləşsin ki, kimsə mənə irad tutar, yazmayım. Yaradıcı insan istənilən şəraitdə yazır.

 

 

– Belə bir fikir var ki, qadın heç vaxt getməyəcəkmiş kimi sevir və heç vaxt sevməmiş kimi gedir. Sizin şeirlərinizdə də bu var, bəzi şeirləriniz həddindən artıq soyuqdur, bəzilərində isə sonsuz sevgi duyulur. Doğrudan da, qadın bu qədər ziddiyətli varlıqdır?

– İnsan ziddiyyətli varlıqdır. Bəzi şeirlərimdə soyuqqanlılıq var. Əslində, təklikdən qorxmuram, amma sevmirəm də. Kitabımda toplanmış şeirlərin hamısı sevgiliyə ithaf olunub, qəhrəmanı eyni qadındır. Həmin qəhrəman getmiş qadın deyil. Mənim şeirlərimdəki qadın getmir, onu qəti fikri var, heç kimi tərk etmir. Kimsə onu tərk etsə də, bununla başa çıxmağa hazırdır.

 

– Bildiyimə görə daha şeir yazmırsınız. Sizcə, bu keçici mərhələdir, yoxsa tamamilə şeir yazmağın daşını atdınız?

– Bəziləri deyirlər ki, keçici mərhələdir. Dediyim kimi şeir mənim üçün düşüncə tərzidir. Düşünə bilmədiyimə görə yazmıram.

 

– Özünüzü ifadəsiz hiss etmirsiz ki? Sanki nələrsə var, siz ifadə edə bilmirsiz?

– Xeyr, elə hiss etmirəm. Çünki mən yazmaq ehtiyacı duyanda bunu nəsr şəklində də yaza bilirəm. Şeir kimi yazmaq məcburiyyəti hiss etmirəm.

 

– Bəlkə həyatınızdakı durğunluq yaradıcılığınıza da təsir edir?

– Əslində, həmin şeirlərin yazıldığı dönəmlə indikinin arasında, həqiqətən, çox fərq var. O şeirləri yazan vaxt türklər demiş, bir az ərgən, həyatla təzə-təzə rastlaşan, adamları yeni tanımağa başlayan, öz fikrini ortaya qoymağa çalışan biridir. Həmin insanda bir az üsyan da var idi. Amma indi bir az sakitləşmişəm. Bu bəlkə də yaşla əlaqəlidir. Daha özümü ondakı kimi gənc hesab etmirəm. Ola bilər ki, bu cür durğunluq yaradıcılığıma təsir edir.

 

– Şeirlər kitabınızla tanış oldum, çox gözəl duyğuları əks etdirirsiniz. Amma mənə elə gəlir ki, həddindən artıq çox bənzətmələr var idi. Həddindən artıq "kimi”lər, "tək”lər. Sizcə bundan necə qurtulmaq olar və maraqlıdır ki, özünüz də bu "çoxluğu” hiss etmisinizmi?

– Özüm də hiss etmişəm, başqaları da deyib. Çoxları da bunu mənə irad tutur. Şeir duyğusal fikirlərdir, konkret gözlə görünən, əllə tutulan şeylər deyil. Məcbursan ki, hisslərini real olan nəyəsə bənzədəsən. Şairin necə darıxdığını o, özü hiss edir, amma başqası bunu olduğu kimi duya bilməz. Başqasının duyması üçün şair onu mütləq nəyə bənzətməlidir. Məsələn, Şəhriyar del Geraninin şeirində var idi, "İt kimi darıxmaq”. Bu şeir çox adamı qıcıqlandırdı, birmənalı qarşılanmadı. Amma fakt odur ki, şair həmin vaxt darıxmaq hissini ən real varinatda buna bənzədib. Mən metaforalardan bu məqsədlə istifadə edirəm. Çünki heç kim heç kimin nə hiss etdiyini anlaya bilmir. Bənzədərkən də elə dəqiq etməlisən ki, uğurlu alınsın. Məsələn, "kartof kimi darıxmaq” qulağa elə də yaxşı gəlmir. Ona görə də ən yaxşı variantı tapmaq lazımdır.

 

– Əgər hisslərinizi nəyəsə bənzədəndə düzgün ifadəni tapmaq üçün bu qədər çox fikirləşirsinizsə, onda şeirlərinizin ifadə şəklini də dəyişə bilərsiniz. Məsələn, bənzətmələrdən istifadə etmədən də şeir yaza bilərsiniz ki, təkrarlar olmasın. Yəni, şeir yazarkən başqa axtarışlarda olursunuzmu?

– Siz dediyiniz birbaşa yazı texnikasına aiddir. Amma mən şeiri bu qədər ciddiyə almıram. Məsələn, bir şeirimə kimsə desə ki, düzəlişə, redaktəyə ehtiyacı var, mən onu, ümumiyyətlə, silib atacam. Çünki heç vaxt hansısa şeirin üstünə yenidən qayıdıb işləmək ehtiyacı hiss etməmişəm. Bu mənə maraqlı deyil.

 

– Maraqlıdır, bəs onda şeir yazmaq istedadınızın olmasının ilk dəfə nə vaxt hiss etmisiniz?

– İlk şeirimi ikinci sinifdə oxuyarkən yazmışam. Mən Qazaxın Kosalar kəndindənəm. Barat Vüsal adında şair var idi, Azərbaycan Yazıçılar Birliyinin Qazax filialının sədri kimi mən onun qardaşı oğlu ilə eyni sinifdə oxuyurdum. Həmin vaxtlar "Tumurcuq” qəzeti çıxırdı, orada uşaqların şeirləri çap olunurdu. Həmin sinif yoldaşım məni həvəsləndirdi ki, mən şeir yazıram, sən də yaz verək "Tumurcuq” qəzetinə çap olunsun. Əmim bizə kömək edəcək. Mən də gəldim evdə başladım şeir yazmağa. Şəklimlə birlikdə bu iki bəndlik şeiri Barat müəllimə göndərdik. Amma bir xəbər çıxmadı. Sonra 5-6-cı sinifdə oxuyarkən yenə bu uşaq dedi ki, gəl şeir yazaq. Həmin vaxtlar mən Nüsrət Kəsəmənlinin, Bəxtiyar Vahabzadənin şeirlərini oxuyurdum, istəyirdim ki, onlar kimi yazım. Bundan sonra başladım heca şeirləri yazmağa. Hecaları sayırdım, bölgüləri hesablayırdım. Belə şeirlərdən ibarət beş-altı dəftər yazmışdım, hamısını yandırdım ki, birdən kiminsə əlinə düşər.

 

 

– Kitabdakı şeirləri notlar kimi təqdim etmək, yəni ayrı-ayrı mövzulu şeirləri bir damın altında vermək müəyyən mənada süni təsir bağışlamır ki?

– Əslində, bu məqsədli şəkildə edilmiş bir şey deyil. Mən heç vaxt şeirlərimə ad seçə bilmirəm. Cəhd göstərəndə də bu proses mənə gülməli gəlir. Şeirlərim hamısı adsızdır. Kitab çap olunanda Qismət dedi ki, şeirlərə ya ad qoymaq, ya da nömrələmək lazımdır. Eləcə də kitabın özünə ad lazımdır. Fikirləşdim ki, kitabın adı "Sevgili üçün notlar” olsun, şeirləri də nömrələməkdənsə elə not-not verək. Yəni, bu sırf kitab üçün belə düşünülüb.

 

– Şeirlərinizdə Türkiyə türkcəsindən təsirlənmələr var. Şeirdə dil məsələsi sizinçün nə qədər vacibdir və bu cəhət türkcə oxumağınızdanmı keçib sizə?

– Ola bilər ki, türkcə oxumağımdan keçib. Çünki bayaq da dedim, əvvəllər heca şeirləri yazırdım. Mən sərbəst şeirin nə olduğunu ilk dəfə Aqşin Yeniseyin şeirindən oxuyub bilmişəm. Oxudum, dedim ki, belə şeir olar, hecası yox, nöqtəsi, vergülü yox?! Kitabı atdım qırağa. 2-3 gün bu barədə düşündüm, sonradan qərara gəldim ki, əslində, bu fikirlər yaxşı səslənir. "Facebook” vasitəsilə bir dostuma yazdım ki, mən sərbəst şeirin nə olduğunu öyrənmək istəyirəm. O insan mənə Vaqif Bayatlını, Vaqif Səmədoğlunu, Rəbiqə Nazimqızını, eləcə də türk ədəbiyyatından bəzi şairləri oxumağı məsləhət gördü. Mən öz şeirlərimizdən oxuyanda gördüm ki, hər şey bir-birinə qarışır, sərbəst və ya heca nədir fərqləndirmək olmur. Bundan sonra Türk poeziyasını mütaliə etməyə başladım. Ola bilər ki, bu təsirlənmələr də oradandır.

 

– Heca şeirləriniz içərisində özünüzü ciddi ifadə edə bildiyiniz varmı?

– Xeyr, yoxdur. Cəhd etməmişəm, bəlkə də alınar. Amma sərbəst şeirlərim dərəcəsində heca şeirim yoxdur.

 

– O şeirlərə baxanda bunu aldanış kimi qəbul edirsinizmi ki, gör nələr yazmışam?

– Əksinə, bu mənə əyləncəli gəlir.

 

 

– Romanınızın səs-küyə səbəb olmamağı nədən irəli gəlir?

– Romanım şeirlər kitabımdan əvvəl çap olunub. Əslində, hamı mənə deyirdi ki, tələsmə, əvvəl şeirlər kitabın çap olunsun sonra, mənim şeirlər kitabı çap etdirmək fikrim yox idi. Mənə qalsa belə bir kitab heç vaxt çap olunmayacaqdı. Bundan sonra da belə bir fikrim yoxdur. Amma romana görə tələsirdim. Yoxlamaq istəyirdim ki, məndə şeirdən nəsrə keçid alınır, ya yox. Təəssüf ki, romanım haqqında hamı susdu, hələ də susurlar...

 

– Şeirdən bu qədər qaçmağınızın səbəbi nədir?

– Şeirdən qaçmıram. Kitabı ona görə çap etdirmək istəmirdim ki, şeir kitabları alınmır və oxunmur... Fikirləşdim ki, ən yaxşısı heç vaxt çap etdirməməkdir..

 

 

Söhbətləşdi: Fərid Hüseyn, Cahan Seyidzadə

 

Kaspi  2017.- 3-5 iyun.- S.14.