Adilə Nəzərin poeziyasında lirik mən
Adilə Nəzərin bu yaxınlarda “Elm və təhsil” nəşriyyatında çap olunan şeirlər kitabı “Mən və sonrası” adlanır. Adilə 5 (beş) şeir kitabının müəllifidir. Sonuncu kitabında sonillərdə yazılan şeirləri toplanıbdır. Kitabın əvvəlində şair oxucularına üz tutub deyir: “Könlümdə hər zaman baharı tərənnüm etmək istəyi vardı, amma yollar mənim arzularımdan yox, payızdan, qışdan keçdi”.
Buradan başlayaraq fikirləşirəm. Müəllif
nə demək istəyir. Kitabın adında olan “mən”
hansı məndir? – Bu, Adilədirmi? Məhəbbəti, sevgisi,
dərd-qəmi, iztirabları ilə həm gülən, həm
ağlayan, ömrünün baharında payızını
yaşayan, hətta bəzən qış qədər
soyuğa-sitəmə rast gələn Adilədirmi?! Kimisi onun gözəlliyi qarşısında, kimisi
şəklinin kölgəsində, kimi ürəyinin
içindəki dərdin içindən boylanaraq ona qiymət
verməyə çalışır. Dünya boyda dərdin
içində gözünü qırpmadan, üzünü
turşutmadan hamının dərdinə çarə
olmağa çalışan, yuxusuz gecələrdən, əzablı,
üzücü iş rejimindən bəzən yorulub usansa da
özünü sındırmayan, hamının əlindən
tutmaq istəyən, “yağışlar yağmayanda yetim qalan
torpaq” kimi son ümidlə gözlərini onun üzünə
dikib, mərhəmət demirəm, sevgi diləyənlərə
xoş əhval bəxş edən şair
özüdürmü?! Kimdir “mən”? “Mən” kimdir ki, “və sonrası” nə olacaq?
Şair
“Mən və sonrası”... şeirində yazır:
Beləcə
Mən
susduqca şeirlərim danışır,
Monoton həyatımın
mənası dəyişir...
Şeirsiz
zamanlarım ömrümdən ömür alır,
Yağışlar yağmayanda torpaq da yetim qalır.
Danışan şeirlərdimi? Axı şeirlər
necə danışa bilər ki, bir ürəyin odu ilə
yanıb qovrulmasa? Bəlkə elə
danışan və o şeirləri də dilə gətirən
şairin lirik “mən”idir?! O lirik “mən” ki;
Eşqini
rəsm kimi sözlərimlə çəkirəm,
Ondan
başlayıb gələn,
Ona gedən yolların söküyünü tikirəm.
Şeirlər
həyat adlı bir ağrının çarəsi,
Şeirlər
Tanrı, sevgi, həyat, mən və sonrası...
“Mən” kimdir? Dərisi dabanından soyulan Nəsiminin iki cahana
sığmayan harayını, Füzulinin “dərd əlindən
dağa çıxan” Məcnununun fəryadını,
“Dün kaşı-kuzəmi daşlara çaldım” deyən
Məhsətinin naləsini əsrlərin ardından gətirib
çıxaran, “dua-dua yüksəlib göy üzünə
qalxan, amin kimi yer üzünə qayıdıb dönən,
heç günaha batmamış kəlmələri”
pıçıltı ilə bizlərə
çatdıranmı?! Bu qədər uzun məsafənin
yolçusu və ya belə desək, yerinə düşər,
qasidi kimdir? Bu o lirik “mən”dir ki, ulu sələflərinin
genlərini daşımaqla bərabər, onların dərdini
bu gün özündə nəinki yaşadır, hətta
onunla nəfəs alır:
Bu nə
talandı canda,
Odur baxsam hər yanda.
Axı bu
boş cahanda
Sevgidən
başqa nə var?..
İndi
ruhum kimdəsə,
Mən onun canındayam.
Deyəsən
yenə, yenə
Şeir
zamanındayam...
Kim idi şeir zamanında fərdi dərdini ictimailəşdirib
zamandan zamana ötürən? Və kimdir bu gün o dərdi bir
daha təzələyib, ona yenidən can verərək gələcək
nəsillərə çatdırmaq istəyən?! Bu “könül yiyəsi” kimdir?! “Öz-özünü
yoranmı, bir kor bəxtə yiyə duranmı, söküldükcə
tikib, quranmı?
Gecə
keçdi, söküldü dan,
Yaram köz-köz, sinəm şan-şan.
Candı,
axı, zalım, bu can,
Yox
yananı, yox kimsəsi,
Mənəm
o könül yiyəsi...
Bu könül yiyəsi olmaq çətin işdir. O lirik “mən” ki bu
könlün yiyəsidir, onun da işi zor durumdadır. Dinlərin, irqlərin qarışdığı, nəfsin
hökm sürdüyü hər yerdə insanların gözləri
fərqli olsa da, gözyaşları eynidir. Bu axan
gözyaşlarına adam kimi baxmaq, onu
özünüküləşdirə bilmək hər
adamın işi deyil. Bəzi insanlar axan
gözyaşlarına biganədir. Saraylarda
yaşayanlar küçə-bacada dilənən insanların
halından xəbərsizdirlər, ya da bu haqda heç
düşünmək belə istəmirlər.
Saraylar
günah yeri,
Günahsız küçə, tindir.
İlahi,
bu dünyada
Adam
doğulmaq asan,
Adam
ölmək çətindir...
Bu da belə bir dərddi və ağır dərdi. Dərdlər
də müxtəlifdi.
Adamın adam
dərdi.
Quşun da quş dərdi var.
Gəlməsin
kimsə dərdə,
Gələrsə
tuş, dərdi var...
Qəribə bir məntiq ilə mənə elə gəlir
ki, lirik “mən”dən sonrası... dərddir. O dərd ki;
Daha
keçmir gecələr,
Sevmək olmur səhəri.
Üzüb
əldən salıbdır
Varlı
xəyallarımı
Kasıb
xatirələri...
Bəs
sonrası... Sonrası dərdin əlindən
çıxıb getməkdi. Ya dərdin əlindən
tutub onunla gedərsən, ya dərdi qoyub qaçıb gedərsən.
Amma necə gedərsən – bu, bir qədər
qeyri-müəyyəndir. Çünki
öyrəşdiyin dərd də doğmalaşır zaman
içində. Ona görə də nə dərdini, nə
də sevdiyini qoyub gedə bilmirsən, qalırsan iki fikir
arasında:
Unut məni,
unut, anma!
Mən yandım, sən çalış yanma.
Getmək
istəyirəm, amma,
Vuruldum, gedə bilmirəm.
Gedə bilməyəndə nə olur?! Gedə bilməyəndə
insanın dərdi bir qədər də artır. Əldən gedən varlıqları, ömürdən
gedən günləri xatırlayır, keçmiş
günün həsrətini yaşayır, həyatda
buraxdığı səhvləri düşünür, tərk
edib getdiyi, yaxud tərk edib gedən “dostunu” axtarır.
Ömrün payızında ayrılığın
ağırlığı, qarşıdakı
qışın sərt sazaqlarının qorxusu canına
hopur, o soyuq və tənha günlərdə bir zamanların
“bahar səsli, sevgi nəfəslisini” səsləyir:
Salam,
bahar səslim, sevgi nəfəslim,
Ay bulud
baxışlım, yağış həvəslim.
Dön gəl,
söz qoxulum, şeirli kəslim,
Qayıt, dayanmışam yol ayrıcında.
Lirik “mənin” gözlədiyi, həsrətlə
yollarına baxdığı kimdir?! Bu, bir
adammıdır?! Yaxud bir adamın surətində təcəlla
edən Böyük Eşq Sahibidir - Canandır! Bu sualın
cavabı müəllifə qaranlıq olduğu kimi milyonlarla
insanın taleyindən keçən, ağ
bir işıq izi ilə xatirəsində əbədiləşən
məchulluqdur. Çoxu gözləyir, çoxu
düşünür, çoxu da bu hissdən bixəbərdir:
Bilməz
çoxu bu dadı,
Eşqsən – eşqə susadım.
Yoxmu sənin bir adın?
Sən mənim kimimsən ki?!
“Mən” “kimini” axtarır. Bu yolda
qarşılaşacağı hər əzaba dözməyə,
paramparça olmağa da hazırdır, təki “kimin” yeri
bilinsin. Kəhkəşanların seyrindən
doymayan, gözünü uca göylərə dikib, milyon-milyon
sayrışan ulduzların içində qismətini axtaran “məni”
anlamaq olar. “Mən” daim axtarışdadır:
Ya gəl,
ya da yerini de,
Hayandasan, hara gəlim?!
Ya da
çıxar ürəyindən
At, qoy para-para gəlim.
Lirik “mən” göyü seyr edib, yeri
qarış-qarış gəzir. Bu ömrün
yolçusu göylə yerin arasında yorulub əldən
düşür və hərdən də bədbinləşir.
Dərdin də lap gözüqarası gəlib
yapışır yaxasından. Belə olanda şair dərdin
əlindən Tanrısına şikayət edir:
Mən
ömür yolçusuyam, falıma baxan ola,
Bağlı
qalan sirləri üfləyib aça nola.
Bir təri
soyumamış ayrılıq alovuna,
Bişmişəm,
Tanrım, bişmişəm.
Ucsuzdu-bucaqsızdı göylə yerin arası.
Gəlib tutub yaxamı dərdin gözüqarası.
Sanki duza
qoyulub ürəyimin yarası,
Küsmüşəm,
Tanrım, küsmüşəm.
Bəni-insan yaranandan bu günə qədər küsmək
deyilən bir anlayışın təsirindən qurtula bilmir. Yaşadıqları
zaman içərisində dost-yoldaşlarından
gördükləri vəfasızlıq ucbatından, yaxud
ictimai həyatda qarşılaşdıqları
haqsızlıq üzündən dünyadan, həyatdan
küsürlər. Adətən şairlər
bunu dünyanın vəfasızlığı ilə əlaqələndirir,
şeirlərində Tanrıya şikayət edir, bəzən
də dünyanı qarğıyırlar. Adilə
Nəzərin də lirik “məni” küsübdür, şikayətini
də Tanrıya edir. Bu şikayət
motivi, bəlkə də, Tanrı ilə “mənin” öz
arasında olan səmimi bir ünsiyyətin ərk-nazıdır.
Bununla işimiz yoxdur. Bizi
maraqlandıran daha ciddi bir məqam var ki, onu oxucularla
bölüşməyi mütləq vacib sayıram. Şair Tanrıdan heç zaman ayrı deyil, o, əksinə
yerdə Tanrının bir parçası olaraq
seçilmişlərdəndir. Lakin, bunu bəzi
anlarında şair unudur və bu zaman onun lirik “məni”
zamansızlaşır və sonrası...nı
unudur. Taleyinə nə yazıldığını bilmədiyindən
çaşqınlığının səbəbini
axtarır və “Lütf
elə, Tanrım” deyir:
Gül
üstə bülbül xarıdı,
Duman kədər buxarıdı.
Alın
gözdən yuxarıdı,
Elə yerə yaz, oxuyum.
Biz də
şairə - lirik “mənə” və “sonrası”
düşüncəsiylə can sağlığı, yeni
yaradıcılıq uğurları diləyərək, bu
kitab haqqında qısaca da olsa, fikirlərimizi bildirdik. Ümid edirik ki, oxucular bu kitabda onların
düşüncəsinə tən gələn çoxlu bədii,
poetik nümunələrlə qarşılaşacaqlar. Şair Adilə Nəzər müstəqillik
dövrü Azərbaycan poeziyasını bu kitabı ilə
bir qədər də zənginləşdirdi.
Sizinlə salamlaşan Nizami
Muradoğlu,
Filologiya üzrə fəlsəfə
doktoru, dosent,
AMEA Folklor İnstitutunun
şöbə müdiri.
Kaspi 2017.- 10-12 iyun.- S.23.