Sufizm və
Eşq
Orta əsrlər mərhələsi İslam
dünyasının və müsəlman ölkələrinin
ictimai-siyasi, elmi-mədəni, bədii-fəlsəfi
düşüncəsinin formalaşmasında xüsusi rol
oynayır. Çünki, bu dövr özünün mövzu zənginliyi
və rəngarəngliyi ilə seçilir. Bu rəngarəngliyin və zənginliyin
yaranmasına və inkişafına xüsusi təkan verən
qüvvələrdən biri də təriqət ədəbiyyatı
olmuşdur. İslam dini ilə əlaqədar
olaraq daha da geniş yayılmağa başlayan, mövzu, bədii-fəlsəfi
düşüncə, dini-ədəbi məfkurə
baxımından təriqət ədəbiyyatı orta əslər
ədəbiyyatının ayrılmaz hissəsidir. Müsəlman ölkələri də İslamla
sıx bağlı olduqlarından bir-birinin ardınca və ya
eyni zamanda yaranmış bu təriqətlərin təsirindən
yan keçməmişdir. İslam dini ilə
əlaqəli şəkildə yaranıb inkişaf edən təriqətlərdən
biri də sufizm olmuşdur. Insan mövcud
olduğu gündən dünyanı dərk etməyə
çalışmış, təbiət,
yaradılış, yaradan barədə müxtəlif fikirlər
yürütmüş, müxtəlif inamlara sahib olmuşdur.
Qədim zamanlardan yaşadığı və
müşahidə elədiyi hər bir hadisəyə anlam verməyə
çalışan insanın dini düşüncəsi
mifologiyadan tutmuş müasir səmavi dinlərə qədər
böyük və keşməkeşli inkişaf yolu
keçmişdir. Qədim zamanlarda insanlar
təbiət hadisələrindən qorxur, inandıqları
tanrılara maddi qurbanlar verirdilərsə, orta əsrlərdə
bu mənzərə nisbətən dəyişir. Sufizmlə
tanış olan insanların Allaha
qarşı olan qorxuları yoxa çıxır. Bu qorxunun
yerini Allaha qarşı məhəbbət, ilahi eşq, maddi
qurbanların yerini isə nəfsə qalib gəlmək,
dünyəvi sevgidən imtina və s. kimi mənəvi
qurbanlar alır.
Sufilərin
tərənnüm etdikləri ilahi eşqi daha da dərindən
anlamaq üçün VIII əsrdə yaşamış sufi qadın Rəbiət-ül-Ədəviyyənin
bir fikrini bilmək lazımdır. O deyir :
«Allahım əgər mən səni cəhənnəm
qorxusuna görə sevirəmsə, məni orada yandır.
Əgər səni cənnət arzusu ilə sevirəmsə,
məni ondan məhrum et. Əgər sənin
camalını görmək ümidi ilə sənə ibadət
edirəmsə, o görüşü məndən əsirgəmə»
«Sufizm» və ya «təsəvvüf» bir mənanı ifadə
edən eyni anlayışlardır. «Sufizm» termini barədə müxtəlif
fikirlər və yozumlar mövcud olmuşdur
«Sufizm»
anlayışının «səfəvi, səfavi» , yəni
namaz vaxtı öndə-ilk cərgədə duranlara
verilmiş ad olduğunu deyənlər də var. Həmçinin,
bu termini «eyvan» mənasını verən «suffa» sözü ilə
də bağlayırlar. Belə ki, Məhəmməd
(s. ə. s) peyğəmbərin zamanında yoxsul bir təbəqə
var idi ki, onlar məscidlərin eyvanında ibadət edirdilər.
Belə adamlar qrupuna «əshabi-süffə» deyirdilər.Ərəb-fars
mənşəli sözlərdən başqa bu
anlayışı yunan mənşəli «sofiya»
, yəni «hikmət, düşüncə» mənasını
verən sözlə də bağlayanlar çoxdur.
Lakin bunlardan ən geniş yayılmış fikir odur
ki, «sufi» sözü ərəbcə «yun» və ya «qaba yundan
hazırlanmış parça» mənasını verən
«sof» və ya «suf» sözündədir. Sufi isə bu
parçadan paltar geyinən adama deyilir. Doğurdan da ilk
sufilər dünya malında gözləri
olmadığını göstərmək üçün
yun xirqədən və parçadan paltarlar geyinərdilər.
Hətta, bəzi peyğəmbərlərin, o
cümlədən, Məhəmməd (S. ə. s) peyğəmbərin
də bu cür parçadan paltar geyindiyi barədə məlumatlar
vardır. Onu da qeyd etmək lazımdır ki, əgər
ilk vaxtlarda yalnız bu geyimi geyinənlərə sufi deyirdilərsə, zaman keçdikcə
artıq irfan sahiblərini belə adlandırmağa
başladılar. Bir müddət sonra bu ad
geniş coğrafi ərazidə yayılmağa
başladı.
Ümumilikdə, Məhəmməd (s. ə. s) peyğəmbərin
zamanında vahid qardaşlıq, bərabərlik
anlayışları mövcud idi. Yəni, cəmiyyət
və dövlət ədalətli, hamı üçün
uyğun olan yollarla idarə olunurdu və hər kəs
haqqı olanı alırdı. Lakin Əməvilər,
həmçinin, Abbasilər xilafəti dövründə bu
prinsip, demək olar ki, kökündən dəyişdi. Belə ki, mövcud olan ədalətin yerini ədalətsizlik
aldı. Hakim dairələr mənfəətpərəst,
sərvət düşkünü kimi insanlarla
dolub-daşdı. Tanrı sevgisini sərvət
sevgisi, dünya sevgisi əvəz elədi. Xalqın ümid bəslədiyi və
inandığı ruhanilər isə gizli və ya aşkar surətdə
bu ədalətsizliyə bəraət qazandırmağa
çalışır, hakim dairələri müdafiə
edirdilər. Məhz belə bir zamanda sufizm
mövcud vəziyyətə dinc etiraz əlaməti olaraq
formalaşmağa başladı. Sonralar bu
cərəyan daha da inkişaf edərək etirazdan çox
Tanrıya sevgi yönündə irəlilədi. Sufizmin digər maraq doğuran tərəflərindən
biri də onun yüksəliş mərhələləridir.
Əvvəlcə onu qeyd etmək lazımdır ki, təsəvvüfdə
haqq yolunun yolçusuna «salik, səyyar və ya misafir» deyirlər»Salik»
ərəbcə «yol gedən» , «yolçu» , «səyyar» «seyr
edən» (haqqı seyr edən), «misafir» isə «səfərə
çıxan» (haqqa doğru səfərə çıxan)
deməkdir.Sufilər özləri üçün 4 yüksəliş
mərhələsi ayırmışdılar ki, bu mərhələlərdən
uğurla keçən saliklər və ya səyyarlar sonda
öz niyyətlərinə çatırlar, yəni Allaha
qovuşurlar. Bu mərhələlər şəriət,
təriqət, mərifət, həqiqət kimi fərqləndirilir.
Bəzən bu mərhələlərdən
üçü göstərilir. Mərifət
həqiqət mərhələsinin tərkibində verilir.
Şəriət
Allah tərəfindən vəhy vasitəsilə islam peyğəmbərinə
çatdırılan və Həzrəti Məhəmmədin
bəşər övladına bəyan etdiyi dini, əxlaqi, mənəvi
hökmlər, buyruq və göstərişlərdir. Təriqət isə şəriət qaydalarına əməl
etməklə gedilən yoldur. Daha da dəqiqləşdirsək
şəriət hökmün özüdürsə, təriqət
bu hökmə əməl olunmasıdır. Həqiqət isə artıq haqqın
özüdür, bu mərhələdə insan son mənzilə
çatır. Haqqa qovuşur. Belə insan kamil insan adlanır. Bəzi
ədəbiyyatlarda sufizmin yüksəliş mərhələlərinin
fərqləri müxtəlif cür göstərilir. «Şəriətdə halal olan təriqətdə
haram, təriqətdə halal olan isə həqiqətdə
haramdır. Məsələn, qisas şəriətdə
halaldırsa, təriqətdə haramdır» .
Sufizm təriqətinin bir –birindən məşhur
nümayəndələri olmuşdur. Əməlinə görə ilk sufi dərviş Həsən Bəsri idi.Zaman
keçdikcə sufizm inkişaf edirdi. Bu
inkişafda öz dövrlərinin görkəmli din xadimləri,
irfan, elm, fəzilət, iman, zəka sahibləri olmuş şəxslər
xüsusi rol oynamışdır. Belə şəxslərə
Zünnün-əl-Misri, Bəyazid Bəstami, Həllac
Hüseyn ibn Mənsur, Cüneyd Bağdadi, Əbulqasım
Quşeyri, Əbu Hamid Qəzalı, Mühyəddin ibn Ərəbi,
Mövlanə Cəlaləddin Rumi və başqalarını
misal göstərmək olar.
Bu şəxslər arasında Cəlaləddin Ruminin
adını xüsusi qeyd etmək lazımdır. Adını
çəkdiyimiz digər şəxslər sufizmin dini cəhətdən
inkişafını, nəzəri cəhətdən yüksəlişini
təmin etmişdilərsə, Rumi sufizmin sənətlə
qovuşmasında misilsiz xidmətlər göstərmişdir.
Şeirin, musiqinin, səmavi rəqsin sufi məclislərinə
daxil edilməsi və irfanın bədii zövq və mənəvi
rahatlığa çevrilməsində Ruminin rolu əvəzsizdir.
Əlbəttə ki, Ruminin öz dövrünün məşhür
din xadimi ikən bu cür kamil sufiyə çevrilməsində
Şəms Təbrizinin təsirini unutmamaq lazımdır. «Bütün sufilər kimi
Mövlanə Cəlaləddin Ruminin də həyatı və
fəaliyyəti iki-Şəms Təbriziyə qədərki və
Şəms Təbrizidən sonrakı mərhələlərdən
ibarətdir» . Birinci Ruminin
öz dövrünün məşhur din xadimi kimi
tanındığı mərhələdir. Bu dövrdə
o islam dinini və elmini, eləcə də
qurani-Kərimi dərindən bilən, həm də öyrədən
elm adamıdır.
Rumi 1207-ci ildə Bəlxdə anadan olmuşdur. Əsasən,
«Sultanul-aşiqin (aşiqlər sultanı)»
və «Sultanul-Muhibbin (sevgililər sultanı)» ləqəbləri
ilə tanınmışdır.
«Mövlanə» ləqəbi isə ona hələ
gənc vaxtı Konyada müəllimi Şeyx Sədrəddin tərəfindən
verilmişdir. «Mövlanə» sözü
«Əfəndimiz» anlamına gəlirdi və ona duyulan hörmət
və sevginin qarşılığı olaraq verilmişdi.
Cəlaləddin
Ruminin həyat və fəaliyyətinin ikinci mərhələsi
onun Şəms Təbrizi ilə tanış
olub sufizmə meyl salması ilə başlayır. Bu mərhələdə
sufizmin yeni modelləri ilə tanış
olan Rumi digər sufilərdən fərqli olaraq bu təriqətin
qaydalarına həm də əməl etdi. Onun
mövləvilik hərəkatının
inkişafındakı rolunu da xüsusi qeyd etmək
lazımdır.
Məhz, Ruminin həyat və yaradıclığı
bir sıra alim, eləcə də yaradıcı insanlarda maraq
yaratdı. Belə yazışılardan biri müasir dövrdə
öz əsərləri ilə oxucuların ürəyinə
qısa müddətdə yol tapan Əlif Şəfəq idi.
Strazburq doğumlu Əlif Şəfəq universitetdə təhsil
alarkən təsadüfən Ruminin “Məsnəvi”si ilə tanış olur və aldığı təsir
nətisəsində sufizmlə maraqlanmağa başlayır. Çox keçmir ki, o, Mövlanə ilə Şəms
Təbrizinin dostluğundan təsirlənir. Bu mövzuda bir əsər yazmağa başlayır.
Sufizmin nisbətən ədəbi və bədii-fəlsəfi
səhnədən çıxmağa başladığı
bir dövrdə belə bir əsər əməlli-başlı
səs-küyə səbəb olur. Əsərin
adı ilə məzmunu bir biri ilə ziddiyyət təşkil
edir. Çünki, ad nə qədər
sadə olsa da məzmun bir o qədər çətin, mürəkkəb
və dərindir. Əsər şərti
olaraq «Eşq» adlandırılsa da, ilk baxışda iki
insannın sevgisindən bəhs edən dünyəvi sevgini
xatırlatsa da məzmuna daldıqca burada ilahi eşqin tərənnümünün,
insanla Allah arasında olan məhəbbətdən bəhs
olunmasının şahidi oluruq. Başdan-ayağa
sufizm qoxuyan bu kitab oxuculara dərindən təsir göstərir.
İnsanlarda dəyişməyə meyl
oyadır. Elə Əlif Şəfəq
müsahibələrin birində qeyd edir ki, bu roman onun
özünu də dəyişmişdir. «Mən
«Eşq» i yazmamışdan əvvəl tamam başqa biri idim.
Yazıb bitirdikdən sonra isə başqa biri oldum»
Əsasən, Rumi və Şəms Təbrizinin dostluqlarından, bir-birilərinə bağlılıqlarından, Şəmsin Rumiyə necə təsir göstərməsindən, Ruminin məşhur bir din xadimindən şeir yazan, ilahi eşqi tərənnüm edən bir sufiyə çevrilməsindən bəhs edən bu əsərdə Ella və Aziz Zahara kimi iki yad insanın doğmalaşması da göstərilir. Bu insanların bir birilərinə aşiq olmaları Ellanın sufizmdən təsirlənməsi və onun mahiyyətini dərk etməsi sayəsində mümkün olur. Əsərdə tez-tez sufizmə aid olan və irfanda da bəlli olan hekayələr yer alır.
Əlif Şəfəqin Sufizm haqqında fikirlərini,
bu təriqətə olan münasibətini əsərin əvvəlində
verilmiş başlıqdan daha yaxşı anlamaq olar.
«Eşqin heç bir tamamlanmaya və üzə ehtiyacı
yoxdur, başlı başına bir dünyadır Eşq. Ya
tam daxilindəsən, mərkəzində. Ya da xaricindəsən,
həsrətində» .
Seyidzadə,
Cahan.
Kaspi 2017.- 10-12 iyun.- S.18.