"Molla
Pənah Vaqif realizmi və folklor
Yazılı ədəbiyyatın folklorla əlaqəsi sənətkarın dünyagörüşündən, həyat hadisələrinə münasibətindən və daha çox xalqa bağlılığından asılıdır. Yazıçı və folklor əlaqələri təbiiliyə əsaslanmalıdır. Yazıçının folklordan istifadəsi heç vaxt məqsədli xarakter daşımamalıdır. Müəllif xalq yaradıcılığı nümunələrinə folklordan istifadə etmək xətrinə yanaşarsa, bu, poetika baxımından bədii mətnin zərərinədir və həmişə sünilik effekti yaradar.
M.P.Vaqif bir sənət adamı kimi öz dövrünün folklora bağlı olan klassiklərindəndir. Onu sələflərinə bağlayan cəhətlərlə yanaşı, onlardan fərqləndirən xüsusiyyətlər də vardır. Bu fərqlilik, hər şeydən əvvəl, gerçəkliyə və insana baxışda, bədii düşüncə və bədii dildə, poetik söz və poetik obrazda özünü göstərir. Hətta belə bir fərqliliyi sənətkarın folklorla əlaqələrində də tapmaq mümkündür.
M.P.Vaqif yaradıcılığının aparıcı istiqaməti realizmlə bağlıdır. Realist düşüncə tərzi daha çox onun şeirlərindəki tərənnümdə özünü göstərir. M.P.Vaqifin şeirlərində realizmin mənzərəsi gözəlin portretinin yaradılmasında daha aydın ifadə olunmuşdur. Sənətkarın fikrincə, məhəbbətin də nüvəsində elə gözəllik dayanır. Şairin şeirlərində gözəlin qaşının və gözünün, dilinin və dodağının, boy-buxununun, zülfünün və kəkilinin dönə-dönə vəsf olunması gözəllik və məhəbbəti qarşılıqlı vəhdətdə duymağın nəticəsidir. Vaqif realizminin folklorla əlaqəsini fantastik elementlər və simvolik obrazlarda aramaq faydasızdır. Onu şairin yaradıcılığında ehtiva edilən xalq şeir üslubunda, xalq deyim və ifadələrində, xalq adət-ənənələrində, xalqın təbiətlə bağlı təsəvvürlərində axtarmaq lazımdır.
Bizim ədəbiyyatımızda bənövşə əsl folklor obrazıdır. Qurbanidən başlayıb aşıq yaradıcılığından keçən, M.P.Vaqifdə bədii güc qazanan bənövşə obrazı müəlliflə oxucu arasında ünsiyyət yaradan, oxucunu şeirə daha da yaxınlaşdıran və xalqın hiss və duyğularının içindən qopub gələn bir vasitədir. Şairin ayrıca qələmə alınmış "Bənövşə şeiri bir tərəfə qalsın, bu poetik obraz onun bütün yaradıcılığına səpələnmişdir. Hətta həmin obraza öyrəşən oxucunun bəzən ondan ötrü darıxmağı da var. Heç də təsadüfi deyildir ki, "İki dəstə tər bənövşə şeiri bütün ruhuna hakim kəsilir. Oxucuda gözəlin saçlarını, şairin öz dili ilə desək, zülfünü bənövşə kimi görmək vərdişi yaranır:
Bənəfşətək ənbər zülfün buy verir,
Hər yuyub sərəndə həvayə, Zeynəb!
Yaxud:
Vaqif zülflərini tərif edəndə,
Gərəkdir ki, əvvəl yaza: bənəfşə.
Bəzən də sevilən gözəlin otağından Aşiqi məst eyləyən bənövşə ətri gəlir:
Keçmə o dilbərin sən otağından,
Tər bənəfşə qoxar hər bucağından.
M.P.Vaqif şeirində bənövşə boynu bükük, yazıq simalı bir obraz deyil. Realist düşüncəyə görə, bənövşə həyat mənbəyidir, sevgililəri bir-biri ilə qovuşduran mənəvi dayaq nöqtəsidir. Bu mənada o, aşıq şeirindəki bənövşələrdən də yetərincə fərqlənir.
Romantik ədəbiyyatda Aşiq öz sevgilisinin xəyalı ilə rahatca yaşayır, hətta ondan ürəkdolusu həzz də ala bilir. M.P.Vaqif realizminin mahiyyətində isə lirik qəhrəmanının daha çox öz sevgilisini görmək, onunla həmdəm olmaq istəyi dayanır. "Aşıq gördüyünü çağırar fikri Vaqif şeirində lirik qəhrəmanın fəlsəfəsinə çevrilmişdir. Şairin "Görəydim adlı iki qoşmasından birində həsrətli insanın vüsal istəyi ifadə edilmişdir:
Çox zamandır yarın həsrətindəyəm,
Gələydi, bir onu barı görəydim.
Başqa bir nümunədə Aşiq: "Sərv boylum bir çıx, görüm boyunu, söyləyir və burada yalnız sevgilinin qəddü-qamətinin həsrəti var. "Pəri qoşmasında isə lirik qəhrəmanın yarını görmək istəyi sevilənin bütün gözəlliyini gül camalını, cadu gözlərini, yay kimi qaşlarını, saçını və xalını əhatə edir və beləliklə, təsvirdə bütövlük və tamlıq yaranır.
Bəs lirik qəhrəmanın öz sevgilisini görmək istəyinin arxasında nə dayanır? M.P.Vaqifin şeirlərində onun da cavabı var:
Görməyəndə din-imanım dağılır;
Gecə-gündüz mən didara aşiqəm.
Öz sevgilisinə sədaqət, onun həsrəti ilə yanmaq Vaqif şeirinin lirik qəhrəmanının folkorun Kərəm kimi qəhrəmanları ilə bir sırada dayanmasını təsdiqləyir. Şeyx Sənan və Xızır kimi obrazların Vaqif yaradıcılığında özünə yer tapması da həmin daxili əlaqənin məntiqi davamıdır.
M.P.Vaqif realizminin mahiyyətində lirik qəhrəmanın həsrətdən bezmək, öz sevgilisinə tez yetmək, istəyinə sürətlə nail olmaq motivi var. Belə bir motiv nağılların "dərələrdən sel kimi, təpələrdən yel kimi gedib mənzil başına çatmaq, "nağıl dili yüyrək olar kimi formullarına tam uyğun gəlir. Hətta bu, o səviyyədədir ki, bəzən nazlı-qəmzəli gözəl həsrətində olan lirik qəhrəman naz-qəmzəni də rədd edir: "Olmaya aşiqə nazü qəmzəsi ("Gərək), "Tez ol, çıxdı canım, naz vaxtı deyil ("Deyil") misraları bu fikrin təsdiqidir.
M.P.Vaqifin qoşmalarını mifoloji düşüncəyə daha çox bağlayan Mələk obrazıdır. Mələk M.P.Vaqif yaradıcılığında həm məcazilik yaradır, həm adi bir söz kimi tərənnümün vasitəsinə çevrilir, həm də sırf mifoloji obraz kimi görünür. Mələk obrazı ilə bağlı belə bir çoxfunksiyalılıq M.P.Vaqif realizminin mahiyyətindən irəli gəlir. "Mələk sözünün məcazilik yaratmaq funksiyası lirik qəhrəmanla sevilən arasındakı vurğunluğu təzahür etdirir:
Ustad səni çəkib manəndi-mələk,
Bundan artıq
həqqü say ola bilməz.
Yaxud:
Mələkdən də səni billəm ziyadə,
Tay etmərəm heç insanı mən sənə.
M.P.Vaqif
şeirində "mələk
sözü bəzən
adi məzmun daşıyaraq tərənnümün
vasitəsinə çevrilir,
başqa sözlə,
burada məcazilikdə
olduğu kimi mifoloji başlanğıcdan
danışıla bilməz:
"Ya mələksən,
ya hurisən, ya pəri, İnsanda
sən təki can görməmişəm, yaxud:
"Huri nədir, qılman nədir, mələk nə, Hamıdan əladır mənim sevdigim və yaxud: "Pəridən əlasan, mələkdən göyçək.
Müəyyən məqamlarda isə
Mələk obrazı
insanla qarşılaşdırılır
və bu qarşılaşmada artıq
mifoloji əsas kifayət qədər özünü göstərir,
eyni zamanda poetikliyin gücü də artmış olur:
Göydən yerə enmiş mələkdir məgər
Yoxsa insan olmaz belə
surətdə.
Digər
şeirdə isə bu fikir daha
da qüvvətli şəkildə ifadə
edilmişdir:
Ya bədirlənmiş bir mahi-tabansan,
Ya cənnət bağında güli-xəndansan,
Ya mələksən, ya da huri
qılmansan,
Ey sevgilim, insan
kim deyər
sənə?
Bir həqiqət
də təsdiq olunur ki, M.P.Vaqif
realizmində "Mələk"
şeirin üst qatında üzür, Vaqif şeiri mifoloji qatın dərinliklərinə yönəlmir. "Mənim
qoşmasının birinci
bəndində mələk,
huri, pəri görünür, sonra gövhərim, yaqutum, bir az sonra
Xosrovum, padşahım,
şahi-əzəmim, ondan
sonra Çinim, Yəmənim, Hindistanım,
Rumum, İranım, daha sonra isə
Şəkkərim, Şirinim,
Leylim, Züleyxam, Yusifi-Kənanım gəlir.
Şeir mələk, huri, pəri ilə mifoloji obrazlarla başlayıb Züleyxa və Yusifi-Kənanla folklor qəhrəmanları
ilə bitir. Vaqifin real düşüncəsi mifologiya
ilə folklorun arasında sıxılır.
M.P.Vaqif şerində yarına qurban olmaq motivi
də güclüdür. Hətta şairin
"Qurban olduğum adlı iki şeiri
vardır. Lirik qəhrəman
öz canını sevgilisinə qurban etmək istəyir. Boyuna, qaşlarına, sərxoş
yerişinə qurban olmaq istəyən Aşiq çox səmimidir. Vaqif yaradıcılığında
lirik qəhrəmanın
qurban olmaq istəyi məntiqi olaraq ölümə də yol açır.
İnam və etibar müstəvisində ölüm
Vaqif realizminin xüsusiyyəti kimi meydana çıxır.
Hətta Vaqifin realist poeziyasında lirik qəhrəman öz sevgilisini ölümlə
qorxutmaqdan çəkinmir:
Bir gün görərsən
ki, vallah, ölmüşəm
Bu
qədər dərd çəkən axır ölməzmi?
Görünür ki, bu hal
lirik qəhrəmanın
bütün cəhdlərinin
boşa çıxmaq
ərəfəsidir. Burada bir az
"hədə-qorxu, bir
az yalvarış, bir az da
rəhm diləmək
var, amma misralarda bütövlükdə
şairin vüsala çatmaq istəyi yer almışdır.
M.P.Vaqifdə lirik qəhrəmanın
ölüm arzusu onun istəyinin reallaşma nəticəsi
kimi özünü göstərir və birbaşa xalq təfəkkürünə söykənir:
İndən belə ölsəm, arzu çəkmənəm,
Şükr Allaha, arzumana yetişdim.
Vaqifin ölüm haqqında düşüncələri məcazi
xarakter daşıyır
və elə məcaz arxasında da gizlənir:
Canandan ayrılan candan ayrılır,
Xalq içində bir misaldı, sevgilim.
Ölümlə qorxutmaq, ölüm arzusu, ölümün məcaziliyi son ucda ölüb-dirilmə ilə
yekunlaşır. Vaqifdə öz sevgilisinin vüsalına yetmək üçün ölüb-dirilmə
hadisəsi müşahidə
olunur:
Həsrətindən çıxdı
canı Vaqifin,
Nolur ki, gələsən
burayə, Zeynəb!
Yaxud:
Çoxları getdi iltimasa gəlmədin,
Üzüm
üstə qədəm
basa gəlmədin,
Vaqif öldü, neçin yasa gəlmədin?
Ya zahir olmadı bu xəbər sənə?
Zeynəbə müraciət də, ölüm haqqında xəbərin soraqlanması
da ölüb-dirilmənin
əlamətləridir. Çünki şeirdə canı çıxan Vaqif Zeynəbə müraciət
edir, ölən Vaqif sevgilisinin yasa gəlməməsindən
gileylənir. Hətta
başqa bir nümunədə poetik vasitə olsa belə, ölüb-dirilmə
açıq şəkildə
ifadə olunur: "Həsrətindən öldüm,
öldüm, dirildim.
M.P.Vaqif realizmində mifoloji başlanğıc kimi, ölüb-dirilmə motivi
də dərin laylara doğru yönəlmir. Bu da
çox təbiidir, ona görə ki, M.P.Vaqif realizmi
bədiiliyin digər ölçüləri ilə
yanaşı, folklora münasibətdə də
öz ilkinliyini qoruyub saxlayır.
Əməkdar Elm Xadimi, AMEA-nın
müxbir üzvü Kamran Əliyev
Kaspi 2017.- 10-12 iyun.- S.15.