“Uşaqlarla öz dillərində danışmaq lazımdır”

 

Kukla Teatrının aktyoru Rəhim Rəhimov: “Təsəvvürümə gətirə bilməzdim ki, “Ən yaxşı aktyor” nominasiyanın qalibi olaram”

 

Abdulla Şaiq adına Dövlət Kukla Teatrının yaradıcı heyəti Qazaxıstan Respublikasında keçirilən "Orteke” V Beynəlxalq Kukla Teatrları Festivalında ölkəmizi təmsil edib. Orada uşaqların sevimlisi, tanınmış aktyorumuz Rəhim Rəhimov "Zəng” adlı mono-tamaşasındakı obrazına görə festivalın "Ən yaxşı aktyor” nominasiyası üzrə qalibi olub. Festivaldan əlidolu dönən Rəhim Rəhimov, "Kaspi”nin suallarını cavablandırdı.

 

- Rəhim bəy, ilk olaraq sizi təbrik edirik və uğurlarınızın davamlı olmasını diləyirik.

- Təşəkkür edirəm. Diqqətiniz üçün də minnətdarlığımı bildirirəm. 

 

- İstərdik, festival barədə təəssüratlarınızı bizimlə bölüşəsiniz.

- 6-10 iyun tarixlərində Qazaxıstan Respublikasında keçirilən "Orteke” V Beynəlxalq Kukla Teatrları Festivalına dəvət almışdıq. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə həmin festivalda iştirak etdik. Səfər "Azərbaycan Teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramında öz əksini tapan Azərbaycan teatr sənətinin inkişafı, dünya miqyasında layiqincə təmsil və təbliğ edilməsi məqsədilə reallaşdı. Tədbir TÜRKSOY tərəfindən 2017-ci il üzrə türk dünyasının mədəniyyət paytaxtı elan olunan Türküstan və Şimkənd şəhərlərini əhatə etdi. Biz orada ölkəmizi mənim ifamda olan "Zəng” adlı mono-tamaşa ilə təmsil etdik. İki ildən bir keçirilən festivalın təşkilində məqsəd müasir teatr meyillərinin öyrənilməsi və kukla sənətinin ayrı-ayrı qollarının təbliğ olunmasından ibarət idi. Orada bizi çox gözəl qarşıladılar. Böyük və möhtəşəm bir festival gerçəkləşdi. Bizim orada nümayiş etdirdiyimiz tamaşanın ssenari müəllifi və quruluşçu rejissoru teatrın baş rejissoru Qurban Məsimov, quruluşçu rəssamı Rəvanə Yaqubova idi. Həm uşaqlar, həm də böyüklər üçün nəzərdə tutulan tamaşa ailədə valideynlərə olan münasibətdən bəhs edir. Tamaşa izləyicilərə valideynləri unutmamaq, onları diqqətdən kənarda saxlamamaq kimi müsbət keyfiyyətlər aşılayır. Bu tamaşanın premyerası keçən ilin aprelində olmuşdu. Bu tamaşa Kukla Teatrının repertuarında olan  uğurlu tamaşalardandır. Hətta "Zəng” tamaşası Yunanıstanın dörd şəhərində oynanılıb. Səhhətimdə problemlər yaşadığıma görə, bir müddət teatrdan uzaqlaşmışdım. Ona görə tamaşanın bir müddət taleyi durğunluq yaşadı. Əməliyyatdan sonra bir müddət səhnəyə çıxa bilmədim. Həkimlər buna icazə vermirdilər. May ayından artıq teatra qayıtdım.

 

- Gözləyirdinizmi ki, "Ən yaxşı aktyor” nominasiyası üzrə qalib olarsınız? 

- Əslində gözləmirdim. Festivalda ümumilikdə 80-dan çox aktyor heyəti iştirak edirdi. Bir qədər narahatlıq hissi keçirirdim və hesab edirdim ki, bu qədər peşəkar aktyor heyətinin içərisində yəqin ki, birincilik bizim olmaz. Amma nəticə düşüncələrimin əsassız olduğunu sübut etdi. Biz tamaşamızı nümayiş etdirdikdən sonra  münsiflər heyəti, eləcə də tamaşaçılar yaxınlaşıb, tamaşamızın festivalın ən yaxşı tamaşalarından olduğunu deyirdilər. Ancaq təsəvvürümə belə gətirə bilməzdim ki, bu nominasiyanın qalibi ola bilərəm. Təqdimat qazax dilində keçirildiyi üçün dili başa düşmürdüm. Səhnədən məni çağırırdılar, hamı əl çalırdı, mənsə dillərini başa düşmədiyim üçün oturub, səhnəyə baxırdım. Direktorumuz Rəşad müəllim dedi ki, səhnə səni gözləyir. Onda bildim ki, nominasiyanın qalibi mənəm.

 

- Bu sizin beynəlxalq festivallarda əldə etdiyiniz neçənci mükafatdır?

- Biz Kukla Teatrının yaradıcı heyəti ilə beynəlxalq festivallara hər zaman kollektiv olaraq getmişik və ən yaxşı tamaşa nominasiyasına layiq görülmüşük. Təbii ki, bu, hamımızın uğurudur. Teatr kollektiv sənətdir. Ancaq şəxsi olaraq bu, ilk mükafatımdır. Misal üçün, Mərakeşdə festivalda "Xeyir və Şər” tamaşasında iştirak etmişdik. Orada heç kim inanmırdı ki, iki aktyor 17 kuklanı idarə edir. Deməyim odur ki, indiyə qədər kollektivimizlə hansı festivala getmişiksə, uğurlarla geri qayıtmışıq.

 

- Sizcə, teatrlarımızın beynəlxalq festivallarda iştirakı bizə nə qazandırır?

- Çox şey qazandırır. Biz beynəlxalq festivallara getməklə bilmədiklərimizi öyrənmiş oluruq. Orada müxtəlif tərzli aktyor oyunu, səhnə tərtibatı görürük. Festivallarda müxtəlif ölkələrin mütəxəssisləri tamaşalardan sonra ustad dərsləri keçirirlər. Onlar da elə-belə insanlar deyil. Neçə illərdir səhnədə sözünü demiş peşəkarlardır. Aktyorlar orada bilmədiklərini, kukla sənətinə aid bir çox şeyləri öyrənmiş olurlar. Nəinki aktyorlar, elə rəssamlar, rejissorlar və başqaları da. Baxmayaraq ki 20 ildir Kukla Teatrında çalışıram, beynəlxalq festivallardan yenə də çox şey öyrənirəm. Dünya kukla teatrlarının təcrübəsindən də yararlanırıq. Festival aktyor, rejissor və rəssam üçün çox önəmlidir. Məncə, bu, mütləqdir.

 

- Adətən xarici ölkələrin teatrlarına baş çəkəndə, öz teatrlarımızın, aktyorlarımızın qədrini daha yaxşı bilmiş oluruq.

- Sizinlə razıyam. Bizim çox istedadlı aktyorlarımız, rejissorlarımız var. Düzdür, xaricilərin teatrlarında güclü və qeyri-adi tamaşalar çoxdur. Hər kəs çalışır ki, festivala gedərkən özünün ən yaxşı tamaşasını aparsın və uğur qazansın. Biz hansı festivala getmişiksə, hamısında uğur əldə etmişik. Hətta bir dəfə Tatarıstanda festivalda olarkən münsif heyətindən biri bizə demişdi ki, Azərbaycan Kukla Teatrının yaradıcı heyətindən çox şey öyrənmək olar.

 

- Hər teatrın festival üçün nəzərdə tutduğu tamaşası olur. Elə hesab edirik ki, sizə uğur gətirən "Zəng” tamaşası da məhz festivallar üçün nəzərdə tutulub.

- Mən deməzdim ki, "Zəng” tamaşası məhz festival üçün nəzərdə tutulub. Artıq bu tamaşanı 4 dəfə səhnəmizdə oynamışıq və tamaşaçılar tərəfindən də rəğbətlə qarşılanıb. Adətən festivala gedəndə, tərkib olaraq az və maraqlı tamaşalar seçilir. Bunun yol, otel və digər xərcləri var. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə getdiyimiz üçün xərcləri onlar qarşılayır. Dövlət teatrı olaraq nazirliyin xətti ilə gedirik. Elə olub ki, festivallara 10, 6, 4 nəfərlik yaradıcı heyətlə getmişik. Repertuarımızda olan tamaşalarla beynəlxalq festivallarda çıxış etmişik. Onlardan  "Ağ və qara”, "Qoçaq Əhməd” və digər tamaşalarımızın adlarını çəkə bilərəm.

 

- Bu dəfə qismət mono tamaşanın imiş.

- (Gülürük) Mono tamaşa aktyorun istedadını üzə çıxarır. Bir növ aktyorun qabiliyyətini göstərir. Kollektiv şəkildə işləmək də çox gözəldir və eyni zamanda məsuliyyətlidir. Ancaq səhnədə tək işləmək daha çətindir. Sən bu tamaşa vasitəsi ilə tamaşaçı ilə üz-üzə qalırsan və öz qabiliyyətini göstərirsən.

 

 

 

- Həm teatrda, həm də televiziyada uşaqların sevimli aktyorusunuz. Hazırda verilişlərinizin vəziyyəti nə yerdədir?

- Mən iki kanalda - ARB və İctimai Televiziyada çalışırdım. ARB-də mövsüm sonuna çıxdıq. Səhhətimlə əlaqədar müəyyən problemlər yaşadım. Oradakı verilişin formatı elə idi ki, uşaqlarla bölgələrə getməli olurduq. Bu da mənim səhhətimlə uyğun gəlmirdi deyə bu layihəni dayandırdıq. İnşallah, növbəti mövsüm üçün Günəş-ARB kanalından yeni bir layihə təklifi almışam. Yeni mövsümdən uşaqların görüşünə gələcəyəm. Bu kanal mənə çox doğmadır. Hazırda isə İctimai Televiziyada "Biz belə əylənirik” verilişinin aparıcısıyam. 4 aylıq  fasilədən sonra qaldığımız yerdən davam edirik.

 

- Zəmanə uşaqlarının dilini tutmaq, onları anlamaq bir qədər çətindir. Uşaqlarla necə dil tapırsınız?

- Bu, illərin təcrübəsinə söykənir. 20 ildir ki, sənətdəyəm və bu 20 ildə ancaq uşaqlarla işləmişəm. Bu illər ərzində teatrımızın mərhum rejissoru Rəhman Əlizadə ilə işlədim. Ondan uşaqların psixologiyasını və səbirli olmağı öyrəndim. Rəhmətlik Ələkbər Hüseynovun uşaqlarla necə işlədiyini gördüm. İsrafil Məmmədov və digər sənətkarlarımızla birlikdə işlədim və illər öz sözünü dedi. Mən dahi sənətkarlarımızdan uşaqlarla necə işləmək lazım olduğunu öyrəndim. Onlardan öyrəndiklərim mənə çox kömək etdi. Artıq müxtəlif xasiyyətli uşaqlarla  dil tapa bilirəm. Hər bir uşağın öz dili var. Onlarla öz dillərində danışmaq lazımdır.

 

- Qeyd etdiniz ki, səhhətinizlə bağlı bir müddət səhnəyə çıxa bilmədiniz. 20 il sənətdə olan yaradıcı insan üçün səhnəyə çıxmamaq necə bir hissdir?

- Çox pis... Bir var səhnəyə çıxmasan da dostlarla görüşürsən, ünsiyyət qurursan, bir də var ki, nəinki səhnəyə çıxa bilmirsən, heç kimlə görüşə də bilmirsən, qapalı bir vəziyyətdə qalırsan. 5 ay qapalı otaqda oturmuşam. Heç kimi görməyib, canlı ünsiyyətdə olmamışam. Bu, dəhşətli bir şeydir. Dostlarımla ancaq telefon vasitəsi ilə əlaqə saxlayırdım. Çünki heç kimlə ünsiyyət qurmağa icazə vermirdilər. Ancaq balkona çıxıb şüşə arxasından dostlarımla görüşürdüm. Yanıma heç kimi buraxmırdılar. Şükürlər olsun ki, hər şey arxada qaldı. Həkim 6 ay desə də, 4 ay yarımdan sonra səhnəyə qayıtdım. Həkimə də dedim ki, evdə otursam, daha pis olaram. Analizlər verdim, hər şey yaxşı olduğuna görə həkimdən icazə aldım. Allah heç kimə göstərməsin.

 

- İndi səhhətiniz necədir?

- Çox şükür, özümü yaxşı hiss edirəm. Festivala getməmişdən öncə də analizlər verdim. Mütəmadi olaraq hər ay yoxlanışdan keçirəm. Bu dəfə festivala görə prosesi tezləşdirdim. Şükürlər olsun ki, hər şey qaydasındadır.

 

- Sizi daima Kukla Teatrının səhnəsində görmüşük. Yaradıcılığınızda yenilik edib, başqa teatrların səhnəsinə çıxmaq arzusunda olmusunuzmu?

- Düzü, bu barədə fikirləşməmişəm. Bir çox seriallarda rol almışam. Əgər dəvət olarsa, bəlkə də gedərəm, ancaq öz teatrımdan çıxmamaq şərti ilə. Bunu da bir yoxlamaq istərdim. Onu deyim ki, Musiqili Teatrının səhnəsində bir müddət müqavilə ilə işləmişəm. Belə ki, "Əlin cibində olsun” tamaşasında balaca bir rolum var idi. Ancaq hardan dəvət gəlirsə-gəlsin, Kukla Teatrı mənə çox doğmadır. Digər teatrlarda da özümü təsdiq edə bilərəm. Ancaq heç bir teatr Kukla Teatrının yerini verə bilməz.

 

Xəyalə Rəis

Kaspi  2017.- 13 iyun.- S.12.