Paris-Azərbaycan Evi
ölkəmizi Fransada və dünyada tanıdır
Mirvari Fətəliyeva: “Artıq ermənilərin
təşkil etdiyi tədbirlərə qatılır,
onların cəfəngiyyat dolu çıxışlarına
qarşı çıxa bilirik”
Vətəndaşlarımızın xoş sədası
dünyanın dörd bir yanından eşidilməkdədir. Onlar getdikləri
torpağa özləri ilə kiçik bir Azərbaycan
aparırlar. Yad torpaqda ölkəmiz naminə
edilən bütün haqsızlıqlara qarşı
çıxır, Azərbaycan həqiqətlərini
dünyaya çatdırmağı özlərinə borc
bilirlər. Onların içərisində səsi ta
Parisdən gələn Paris-Azərbaycan Evinin sədri, Azərbaycanın
Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyeva
da var. Azərbaycan
üçün etdiyi fədakarlığa görə
müsahibimiz Dünya Azərbaycanlılarını Əlaqələndirmə
Şurasının üzvü təyin olunub. Bu
Şuranın yeni tərkibində yüksək vəzifə
tutan hökumət və dövlət rəsmiləri, bəzi
deputatlar, yazıçılar, alimlər, xaricdəki diaspor rəhbərləri,
tanınmış ictimai-siyasi şəxslər yer alır.
Mirvari xanımla söhbətimizdə Parisdə
Azərbaycan mədəniyyəti, xalqların münasibəti
və adət-ənənələrdən danışdıq.
- Uzun
müddətdir Fransada yaşayırsınız, artıq
oranın insanlarına, mədəniyyətinə bələdsiniz.
Fransızlar Azərbaycan haqqında nə qədər
məlumatlıdırlar?
- Bəli,
16 ildir ki, Fransada yaşayıram. Bu ölkənin
vətəndaşı olmaqla yanaşı, mədəniyyəti,
adət-ənənəsi ilə yaxından tanışam.
Fransaya gəldiyim ilk illərdə ölkəmizi
başqa ölkələrlə səhv salırdılarsa, indi
bu kimi hallarla rastlaşmırıq. Bu illər ərzində
Heydər Əliyev Fondunun, ölkəmizin Fransadakı səfirliyinin,
burada fəaliyyət göstərən təşkilatların
həyata keçirdiyi müxtəlif böyük və
kiçik miqyaslı tədbirlər Azərbaycanın zəngin
mədəniyyətinin, tarixi həqiqətlərinin Fransada
tanıdılmasına böyük təkan vermişdir. Əvvəllər bütün tədbirlər
yalnız Parisdə keçirilirdisə, son illərdə
coxsaylı əhalisi olan digər şəhərlərdə
də müxtəlif tədbirlər təşkil edilir. Heydər Əliyev Fondunun təşkil etdiyi "Azərbaycan-Qafqazın
Mirvarisi”, Parisin görkəmli yerlərində təşkil
edilən "Azərbaycan şəhərciyi” adlı layihələr
sözügedən şəhərlər və meriyalarla
sıx əlaqələrin və dostluq münasibətlərinin
yaranmasına və bu əlaqələrin davam etdirilməsinə
bir vasitə oldu. Baş katibi olduğum Azərbaycanın
Dostları Assosiasiyası və rəhbərlik etdiyim Azərbaycan
Evi təşkilatı artıq 5 ildir ki, bu ənənənin
davamı olaraq fərqli şəhərlərin meriyaları və
yerli təşkilatlarla birgə ölkəmizin adət-ənənəsini
özündə əks etdirən müxtəlif səpkidə
tədbirlər təşkil edir. Bu da fransız
publikasının böyük marağına səbəb olur.
Buna misal olaraq, artıq 3 ildir ki xalqımızın ən
mühüm bayramlarından biri olan Novruzu müxtəlif şəhərlərdə
meriyaların dəstəyi ilə keçirməklə, bu
şəhərlərlə sıx əlaqələrin
yaranmasına, ölkəmizin tanıdılmasına xidmət
edirik. Layihə bayramı əks etdirən foto və
rəsm sərgisindən, bayram ənənənəsini
ictimaiyyətə tanıdan geyim evlərindən və milli rəqsdən
ibarətdir. İndiyə qədər
Novruz layihəsi Paris, Evian, Altkirch, Montoro, Arkashon, Ruayan kimi
şəhərlərdə həyata keçirilmişdir.
Eyni zamanda, festivallarda, beynəlxalq tədbirlərdə
ölkəmizi təmsil edir, onun zəngin mədəniyyətini,
tarixini, adət-ənənəsini fransız ictimayətinə
tanıdırıq. Bütün sadaladıqlarım
bu layihələrin nəticəsində artıq ölkəmiz
burada daha yaxşı tanınır və yerli əhali tərəfindən
böyük maraq göstərilir.
- Fransa ilə
Azərbaycan mədəniyyətlərinin oxşar cəhətləri
varmı? İki ölkə, iki ayrı mentalitet, insanların
dünyagörüşü...
-
Sualınız çox maraqlıdır, amma geniş bir
mövzunu əhatə edir. Çalışacam
ki, bir necə misal ilə əsas fərqləri izah edim.
Əlbəttə, həm mədəniyyət, həm
də mentalitet cəhətdən çox fərqli cəmiyyət
olmaqla yanaşı, insanların dünyagörüşləri
də cox fərqlidir. Təbii ki, bunun da səbəbləri
var, həm dini, həm mədəni amillər bu fərqi izah
edə bilər. Məsələn, ən
qabarıq nəzərə çarpan ailə münasibətlərini
götürsək, onlar bizim qədər ailəyə
bağlı olmur, təbii ki, biz bunu öz
böyüdüyümüz mühitin təsiri ilə
ölçürük. Fransızlar
uşaqların təlim-tərbiyəsinə çox ciddi və
məsuliyyətlə yanaşır. Uşaqların
tam sərbəst, müstəqil fikirli böyüməsi,
özünə inamın artması üçün müxtəlif
dərsdən kənar fəaliyyətlərlə məşğul
olmasını təmin edirlər. 16-17
yaşa qədər uşaqlara nəzarət olunur, yetkinlik
çağına çatdıqdan sonra əksəriyyət
ailələr onları tam da olmasa, müəyyən dərəcədə
sərbəst buraxırlar. Belə gənc bir yaşda cəmiyyətə
alışmaq, iş tapmaq,
fakturalarını ödəmək kimi məsuliyyətli
öhdəliklər arxasında qalan gənclər öz sərbəstliklərini
bir daha təsdiq etmiş olur və ailədən
asılılıqlarını ortadan qaldırırlar. Fransaya gəlişimin ilk illərində,
tanıdığım varlı bir ailənin övladı
kiçik işlərdə çalışır və təhsil
haqqını ödəyirdi. Bunu mən də
edirdim, çünki ailəmin təhsil haqqımı ödəyəcək
gücü yox idi. Amma onun belə işlərdə
çalışmasını başa düşmürdüm.
Eşidəndə ki o öz ailəsinə məxsus
evdə qalır və ata-anasına kirayə haqqı ödəyir,
cox təəccüblənmişdim. Bəlkə də
bu bizim oxucular ücün anlaşılmayan bir yanaşma
olacaq, amma illər ötdükcə anladım ki, gənclərin
sərbəst və cəmiyyətə daha xeyir gətirəcək
bir nəsil kimi yetişdirilməsi, ailəsindən maddi
asılılığı ortadan qaldırmaq və ən əsası,
öz gələcəyini özünün qurması
üçün bu, cox mühüm əhəmiyyət kəsb
edir.
- Bildiyimiz qədər, Fransada
güclü erməni diasporu var. Azərbaycan diasporu onların
təxribatçı fəaliyyətlərinə anında
cavab verə bilirmi?
-
Güclü erməni diasporundan daha cox, düzgün
qurulmuş sistemləri var - demək daha uyğun olardı.
Onlar say etibarilə çoxluq təşkil edən, zaman
baxımından da əsrlər boyu burada məskunlaşan bir
icmadır. Bu icma cəmiyyətə tam
inteqrasiya olub və müəyyən təbəqələrdə
yer tutublar. Hər hansı bir qurumda erməni
çalışırsa və ətrafinda onu sevən və
hörmət edən fransızlar varsa, təbii ki "bu
gün" gələn icmanın, yəni bizim sözümüzü
deyil, artıq əlaqədə olduğu,
tanıdığı və dostluq etdiyi icmanın
sözünə inanacaq. Fransada fəaliyyət
göstərən erməni təşkilatları fəaldırlar.
Həyata kecirdiyimiz hər hansı bir tədbirə mane
olmağa çalışsalar da, buna həmişə nail ola bilmirlər. Beynəlxalq aləmin
işğalçı kimi tanıdığı bir ölkənin
numayəndəsi kimi, illər boyu Fransa səhnəsində tək
monoloq söyləyən erməni icması utanmadan bizi
haqsız çıxarmaqla, fransız ictimaiyyətinə
Dağlıq Qarabağ münaqişəsi haqqında
yalnış informasiya, tarixi saxtalaşdırılmış
məlumatlar verməklə məşğul olublar. Lakin indi biz diaspor olaraq artıq onların təşkil
etdiyi tədbirlərə qatılır və cəfəngiyyat
dolu çıxışlarına qarşı çıxa
bilirik. Azərbaycan gənc bir dövlət
olduğu kimi, diasporu da gəncdir. Güclü
diasporun formalaşması ücün zaman, təcrübə və
ən əsası isə, düzgün qurulmuş strategiya, eləcə
də cəmiyyəti yaxşı bilən, mənimsəyən,
inteqrasiya edən həmyerlilərimizin fəallıq göstərməsi
lazımdır. Amma təəssüf ki,
burada yaşayan azərbaycanlı ailələrin muhüm bir
hissəsi inteqrasiya prosesində fəal iştirak edə
bilmir. Müəyyən yaşdan sonra
burada məskunlaşan ailələr daha cox turkdilli və
rusdilli icmalar ilə əlaqə saxlayır və o mühitdə
özlərini təbii ki, daha sərbəst hiss edirlər.
Bu da inteqrasiya prosesinin inkişafına mane olur.
Gənc nəsil yavaş-yavaş bu prosesdə
iştirak etməyə başlayır, burada böyüyən,
dili sərbəst danışan gənc nəsil
üçün isə inteqrasiya daha sürətlə gedir.
Hətta bəzən assimilyasiya ola bilir. Avropada fəlaiyyət gostərən diaspor təşkilatlarının
əsas problemi maliyyə olsa da, onların bir çox hissəsinin
fəaliyyətinin həvəskar və qeyri-peşəkar
olması səbəbindən bizə edilən hücumlara
anında cavab verə bilmək imkanlarımız azalır.
-Təbliğat-təşviqat işlərində
sosial medianın imkanlarından yararlanırsınızmı?
- Əlbəttə, sosial media bu gün ən
aparıcı qüvvələrdən biridir. Artıq
neçə illərdir ki, sosial mediadan istifadə edir və
bu vasitə ilə ölkəmiz haqqında ictimaiyyəti məlumatlandırmağa
çalışırıq. Eyni zamanda, bu
vasitə ilə digər təşkilatlarla əlaqələr
qurur, dünyada fəaliyyət göstərən Azərbaycan
təşkilatlarının fəaliyyətlərini izləyir,
hər hansı vacib bir məsələnin yayılması və
təbliği üçün bir-birimizə dəstək
olmağa çalışırıq.
- Əsas fəaliyyət istiqamətiniz nələrdən
ibarətdir?
- Əsas
fəaliyyət istiqamətimiz ölkəmizin mədəniyyətini,
tarixi həqiqətlərini təbliğ etmək, elm, təhsil,
turizm sahəsində müxtəlif layihələr həyata
kecirmək, xususilə Ermənistan-Azərbaycan, Daglıq
Qarabağ münaqişəsi barədə ictimaiyyətə
həqiqətlərin çatdırılması
üçün böyük səylər göstərməkdir.
Ölkəmizin tanıdılması prioritet
olmaqla yanaşı, diasporumuzun inkişafı da bizim
üçün çox muhümdür. Burada
məskunlaşan azərbaycanlıların cəmiyyətə
inteqrasiya olması nə qədər vacibdirsə, bu ölkədə
doğulub-böyüyən gənc nəslin assimilyasiyaya
uğrama təhlükəsi də o qədər
böyükdür. Bunun üçün
ölkəmizin Fransadakı sefirliyinin dəstəyi ilə
artıq 4 ildir ki, 2 sinifdən ibarət həftəsonu dərsləri
təşkil edirik. Əlbəttə ki, həftədə
saatyarım dərslə mükəmməl Azərbaycan dilini
öyrədə bilməsək də, onlar yazmaq, oxumaq,
ölkəmiz haqqında ümumi məlumatlara yiyələnmə
imkanı qazanırlar. Bu dərslər
hazırda yalnız Paris şəhərində keçirilir,
amma çox istərdik ki, azərbaycanlı icmalarının
sıx məskunlaşdığı şəhərlərdə
də bu dərslər təşkil edilsin. Təbii, bunun ücün öncə həmvətənlərimizin
sıx məskunlaşdığı şəhərlərdə
mövcud təşkilatların fəaliyyətlərinə təkan
vermək və ya təşkilat olmayan şəhərlərdə
yeni təşkilatların təsis edilməsi ilk şərtlərdən
biridir.
- Paris-Azərbaycan Evi olaraq
hansı mühüm layihələri həyata
keçirmisiniz?
- Paris-Azərbaycan Evi 25 il öncə Ramiz Abutalıbov, Timuşin Hacibəyli tərəfindən yaradılan Fransada ilk Azərbaycan təşkilatlarından biridir. 2012-ci ildə biz bu təşkilatı yenidən canlandırmağı qərara aldıq və bu illər ərzində bir çox böyük layihələrə imza atdıq. 5 il ərzində görülən mühüm tədbirlər kimi Xocalı soyqırımının, Dağlıq Qarabağ həqiqətlərininin tanıdılması üçün müxtəlif etiraz aksiyaları, deklarasiyalar, müxtəlif şəhərlərdə konsert, sərgi və konfranslar təşkil etmişik. Bundan başaqa, tanınmış beynəlxalq festivallarda iştirakımızı, həftəsonu Azərbaycan dili dərsləri kimi layihələri misal gətirə bilərəm.
- İşlərinizə
görə, Prezident İlham Əliyev tərəfindən
mükafatla təltif olunmusunuz. Bu mükafata qədərki və
mükafatdan sonrakı yol sizə necə görünür?
- Prezident tərəfindən mükafatla təltif olunmazdan öncəki və sonrakı yol əslində eynidir, sadəcə məsuliyyət daha çoxdur. Əlbəttə, gördüyümüz işlər mükafat üçün deyil. Fransa kimi vacib bir ölkədə Azərbaycanımızın layiqli təbliğ olunması çox önəmlidir. Sözsüz ki, dövlət rəhbərinin fəaliyyətimizə göstərdiyi bu yuksək diqqət qürurverici olmaqla yanaşı, çox mühüm bir əhəmiyyət kəsb edir. Əməyimizə verilən bu diqqəti yüksək dəyərləndiririk, bu etimadı doğrultmağa hər zaman çalışacağıq. Fürsətdən istifadə edərək fəaliyyətimizi dəstəkləyən yüksək qurumlara, Heydər Əliyev Fonduna, Diasporla iş üzrə Dövlət Komitəsinə, Mədəniyyət və Turizm Nazirliyinə, xüsusilə fəaliyyətimizin ilk günündən bizə diqqət göstərən və milli diaspun inkişafina dəstək olan ölkəmizin Fransadakı fövqəladə və səlahiyyətli səfiri Elçin Əmirbəyova dərin təşəkkürümü bildirirəm.
Xəyalə Rəis
Kaspi 2017.- 6 iyun.- S.12.