Ömrü təlatümlü, həsrəti
ümman
Onun şeirləri təzadlı dünyaya açıq qapıdır
Onun barəsində keçmiş zamanda danışmaq ağır olsa da, fani dünyanın hökmünü kim poza bilib ki?! Bu unudulmaz şairimizi xatırlayanda, yadıma dərhal ötən əsrin 80-ci illəri düşür. "Azərbaycan müəllimi” qəzetinin ədəbiyyat və incəsənət şöbəsində çalışırdım. Həmişə nahar fasiləsində otağımızda qəribə bir şeir saatı başlayardı. Maraqlı söhbətlər gedərdi. Şair Cavad Cavadlının icazəsi ilə mən də bu tədbirin iştirakçısı olardım. Niyə məhz icazə sözünü işlətdim. Çünki o zamanlar dövrün, rejimin əleyhinə də müəyyən atmacalar olardı. Şairlərdən Xəlil Rza Ulutütk, Rəfiq Zəka Xəndan, Əhməd Elbrus... redaksiyamıza həmişə birlikdə gələrdilər. Sanki bir şeir vulkanına düşərdim. Özümü Bakıda deyil, türkün döyüş meydanında hiss edərdim. İndi haqq dünyasında olan bu söz adamlarını böyük minnətdarlıqla, ehtiramla xatırlayıram. Düşünürəm ki, üzərimdə böyük haqları var. Çünki ikinci bir ali məktəbi də mən həmin illərdə - o görüşlərdə bitirdim. Türkün tarixini, ədəbiyyatını, amacını, mücadiləsini öyrəndim, dostlarını, düşmənlərini tanıdım, dahilərinin həyatından, fəaliyyətindən xəbər tutdum.
O qonaqların ən cavanı Əhməd Elbrus idi. Çox enerjili, savadlı, dərin məlumatlı, zəkalı , cəsarətli bir şair və ədəbiyyatşünas alim idi. Heyf ki, çox az yaşadı. Cəmi 62 il. Bir şair kimi həyatı təlatümlü, vətəndaş olaraq həsrəti ümman Əhməd Elbrusun o zamandan sevdiyim misraları var ki, bu gün də sıxılanda, haqsızlıqla üzləşəndə dərhal xatırlayıram:
Bacara bilsəydim dəli könlümlə
Dostluq eləyərdim hərdən... ölümlə!
Hamının ona işi düşür əvvəl-axır,
Amma rüşvət almır –
Hamıya bir gözlə baxır.
Əhməd Elbrusun şeirləri heç bir şarin dəsti-xəttini xatırlatmır. Həyatın həqiqətlərini, insan taleyini hələ sovet dönəmində elə formada - misralarla ifadə edirdi ki, onun ümumiləşdirməsinə, poetik, fəlsəfi qənaətinə heyrət kəsilirdin:
Tutdum qəfəsə saldım İlanı,
Fağırlaşdı,
Başı üstən asılmasa da
mütilik elanı.
Qəfəsdə ilana da rəhmim gəldi,
Açdım
qəfəsi,
Görsün
azadlıq necə gözəldi,
Onu gördülər -
öldürdülər.
Könlümü
çulğaladı
Günahsız
canlının dərdi,
Ay yazıq,- dedim -
Mən
hardan biləydim:
Var elə azadlıq ki,
Qəfəsdən də betərdi.
İzahata ehtiyac yoxdur.
Sovet dövrünün özünəməxsus
qadağalarının rəsmini
çəkmək baxımından
bu şerin ahəngindəki mətləb
aydındır. Bəli,
qəfəsdən betər
azadlıq! Biz bunu yaşamışıq,
amma dilə gətirmək üçün
gərək Əhməd
Elbrus kimi belə bir qəfəs quraydıq.
Bu da hamının
ağlına gəlmir
ki! Maraqlıdır ki, şairin
yaxın dostu Rəfiq Zəka Xəndan Əhməd Elbrusun şeirlərini müasir poeziyanın təkamül yolunu işıqlandıran bir poetik sənəd kimi dəyərləndirirdi. Bu baxımdan onun şair dostunun 1992-ci ildə çapdan çıxmış "Ölməzlik”
adlı kitabına yazdığı
"Ön söz”dəki
fikirlər mənim də düşüncələrimin
istiqamətini aydınlaşdırdı:
"Əhməd Elbrusun
yeni kitabında toplanan fəlsəfi lirika təbiətlə insan ekologiyası, insan və cəmiyyət
ideallarının dialektikası
fonunda yeni poetika kimi orijinal
səslənir və şeirimizin inkişaf yollarından birini formalaşdırır. Həm də
onun təkcə şeirlərində deyil,
epik əsərlərində
də fəlsəfi-poetik
amal sərrast və tutarlıdır.
Onun yeni şeirlər və poemalar kitabında toplanan poetik nümunələrin
hamısı poetik baxımdan orijinaldır.”
Həqiqətən də müasir
poeziyamızın ən
istedadlı və fədakar yaradıcılarından
biri idi Əhməd Elbrus. Elə
misraları var ki, atalar sözü
qədər ibrətamiz,
müdrik və düşündürücüdür: "İnsan torpaqdandı, insanlıq haqdan”, "Adam
var bir gündə
bir ömür yaşar, adam var bir ömrü
bir günə dəyməz,” " Suda boğulan saman çöpündən yapışar,
göydən yıxılan
kəpənək qanadından.”
Elə atalar sözləri də var ki,
şair öz misraları ilə bu kəlamlara güzgü tutub. Bəzən də sınaqdan
çıxmış aforizmləri
məhz ilk dəfə
Əhməd Elbrusdan eşidirsən. Məsələn,
atalar belə deyib: "Göydən nə gəldi ki, yer qəbul
eləməyə”. Şairin
cavabı:
Yer göyə qarşı da ədalətlidir,
Göydən nə gəlirsə yer qəbul edir:
Su gəlsə - yağış
kimi,
Daş gəlsə - qarğış
kimi.
Əhməd
Elbrus şairlərimizə həsr etdiyi şeirlərdə seçdiyi
müəlliflərin yaradıcılıqlarından
nümunələr gətirməklə
öz münasibətini,
bəlkə də içindəki
dərdini poetik xasiyyətnaməyə
çevirib. Famil Mehdinin misralarıdır: " Bircə bu doğru var
ki, bu dünya
namərd imiş”. Əhməd Elburusun açması:
Dünyadan əbədiyyət istədim.
Vermədi.
Şan-şöhrət istədim.
Vermədi.
Mükafat
istədim,
Vermədi.
Fəxri ad istədim.
Vermədi.
Zirvələr fəthinə qanad istədim.
Vermədi.
Sözümün yerə düşməsi yaman dərddi.
Gül
arzularımı
bahara qovuşdurmadı
dünya.
Çünki namərddi.
Nəriman Həsənzadənin "Tarix qul eyləyir
bəşəriyyəti” misrasının
Əhməd Elbrus şerindəki
açması da maraqlıdır: "Həyat
qul eyləyər zamanı, zaman qul eyləyər şairi.”
Əhməd Elbrus dördlüklər ustadı idi. Xalq şeirimizdən, xüsusi
ilə də bayatılarımızdan gələn
müdriklik, sərrast
deyimlər, ağıllı
fikir və dərin düşüncə
onunda bu qəbildən olan şeirlərinin sarı simidir. Az
sözlə böyük
mənalar, mətləblər
ifadə etmək, həyatın gerçəkliyini
diqqətə çatdırmaq,
hədəfi düz seçmək, fəlsəfi
düşünmək, məntiqə
əsaslanmaq böyük
ustalıqdır:
Kiçiksənsə böyüklük
Arzularına bağlan.
Böyüksənsə kiçilmə,
Böyüklüyünü saxla.
Yaxud:
Bir diləyə
Ağız açma ikinci dəfə.
Bir ox
İki dəfə dəyməz hədəfə.
Əhməd Elbrus həm də
riyazi poetika sahəsində qələmə
alınan ilk monumental əsərin
müəllifidir. 2006-cı ildə işıq üzü görmüş
"İnam və idrak poetikası” adlanan bu sanballı
kitabda qədim və orta əsrlər
Şərq elm və sənətində kök
atan "Elm əl-Əsms”,
"Elm əl-Cəfr” və
onların qaynağından
mənşələnən "Elm əl Hürül” barədə, bu üç iqamətin nəticəsi olan hürufizm və qaynaqları
ilə əlaqədar
riyazi-poetikanın ən
yeni nailiyyətləri
səviyyəsində araşdırmalar
aparılmış, nəticədə
hürufizmin simvollar sisteminin strukturu bərpa , simvol açarları və kodları təqdim edilmişdir.
Əhməd Elburusu oxuduqca zaman və insanlar barəsində düşüncələrə qərq olursan. Şairin şeirləri təzadlı dünyaya açıq qapıdır. Göyərçinlər, ilanlar, pislər yaxşılar, namərdlər, mərdlər... Bir-birinə əks varlıqların, münasibətlərin mövcudluğu ağı qaradan seçməyi bacaranları mütləq yaxşılığa doğru çəkəcək. Məhz pislərin olması yaxşıları sevmək üçündür. Həyat təkcə göyərçinlərdən ibarət olsaydı sülhün özü adiləşərdi. Fəlsəfi düşüncələri poetik duyuma çevirmək Əhməd Elbrus qələminin həqiqət rəngi idi. Bu rənglərin çalarlarında isə insan taleyi dayanır. Taleyi oxuyacaq bəxtdən də ya aş asılır, ya da daş. Ona görə də şair xəbərdarlıq edib:
Dünyada hər kəsə bir qismət yetər,
Arıya bal düşər, ilana zəhər...
Flora XƏLİLZADƏ,
Əməkdar jurnalist
Kaspi 2017.- 7 iyun.-
S.15.