Yusif Vəliyev - 100

 

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında görkəmli sənətkar, parlaq istedada malik unudulmaz teatr kino aktyoru, xalq artisti Yusif Vəliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirilib.

 

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yaradıcı heyət əvvəlcə ustad sənətkarın məzarını ziyarət edib.

 

Teatrın direktoru, əməkdar artist Mübariz Həmidov, xalq artistləri Tariyel Qasımov, Yasin Qarayev, "Azərbaycanfilm" kinostudiyasının direktoru Müşfiq Hətəmov, əməkdar artist Ənvər Həsənov mərhum aktyorun qəbrinə gül dəstələri düzərək Yusif Vəliyev haqqında xatirələrini bölüşüb.

 

Tədbirdə mədəniyyət xadimləri, mərhum sənətkarın yaxınları iştirak ediblər.

 

Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor İlham Rəhimlinin aparıcılığı ilə baş tutan xatirə  gecəsinin quruluşçu rejissoru Xalq Artisti Vaqif Əsədov olub.

 

İ.Rəhimli Azərbaycan teatrı tarixində silinməz izlər qoyan Yusif Vəliyevin səhnəyə gəlişindən, oynadığı rollardan, bütün aktyorlara nümunə ola biləcək səhnə sevgisindən danışıb. Professor teatr səhnəsi ilə yanaşı, kino sahəsində öz sözünü deyən ustad sənətkarın ifa etdiyi obrazların məziyyətlərini təhlil edib.

 

Xalq artistləri Tariyel Qasımov, Yasin Qarayev, Rasim Balayev, Rafiq Əzimov, əməkdar artistlər Almaz Mustafayeva, Ənvər Həsənov, Ötkəm İskəndərov başqaları çıxış edərək Yusif Vəliyevin yaradıcılığı, Azərbaycan teatrına verdiyi töhvələr, sənətkarın yüksək insani keyfiyyətlərini dilə gətiriblər.

 

Teatrın gənc istedadlı aktyorları, əməkdar artist Elşən Rüstəmov, aktyorlar Günel Məmmədova, Səbinə Məmmədova, Elnur Kərimov səhnəyə çıxaraq ölməz şair Səməd Vurğunun "Dünya" şeirini səsləndiriblər.

 

Sonda sənətkarın həyat yoldaşı Zemfira Sadıqova çıxış edərək yubileyin keçirilməsində əməyi keçən hər kəsə öz dərin minnətdarlığını bildirib.

 

Gecədə aktyorun rol aldığı filmlərdən kadrlar, ifa etdiyi tamaşalardan görüntülər nümayiş etdirilib. Teatrın foyesində isə ölməz aktyorun yaradıcılığını əks etdirən fotosərgi tamaşaçılara təqdim olunub.

 

 Pirimova, Nigar.  Teatrşünas

Kaspi  2017.- 8 iyun.- S.12.