Mehriban Ələkbərzadə: “Rejissor
kimi özünü təsdiq etmiş şəxs teatrlarda nəinki
açılmış qucaqla qarşılanmır, hətta
arzu edilmir”
Çoxdan idi ki, Azərbaycanın tanınmış teatr, kino və televiziya rejissoru, ssenarist, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə ilə söhbət etmək niyyətində idim. Öz maraqlı rejissor yozumları ilə böyük tamaşaçı sevgisi qazanan müsahibimiz bizimlə söhbətində susqunluğundan danışdı. Onunla söhbət zamanı aydın oldu ki, susmuş vulkanın yenidən püskürəcəyi gün heç də uzaqda deyil. Tarix yazanlar unudulmur.
- Mehriban xanım, çoxdandır sizdən xəbər yoxdur. Haralardasınız, işləriniz necə gedir? Açığı bir qədər narahat olduq.
- Diqqətiniz üçün təşəkkür edirəm. Bir sıra işlərim var idi, onlarla məşğul oldum. Bir az da sağlamlığımla bağlı başım qarışıq oldu. Məhz bu və ya digər səbəblərdən yaradıcılıqla məşğul ola bilmədim. O ki, qaldı... daha başqa səbəblər...
Sonuncu işim iki il əvvəl Akademik Milli Dram Teatrında (AMDT) "Herostratı unudun” tamaşasına verdiyim quruluş idi. İndiki şərtlərlə, yəni ki ştatda deyil, müqavilə ilə işləyən rejissor üçün bu normal zamandır. O başqa məsələ ki, rejissor iki ildən bir deyil, hər il tamaşa hazırlamalıdır. Tamam başqa məsələ ki, bir-birinin ardı ilə hazırlanan və repertuarda qalmaq və nümayiş hüququnu 100 faiz qazanmış tamaşalarım - "Qatarın altına atılan qadın”, "Qatil”, "Əmir Teymur”, "Herostratı unudun”, - AMDT-nın repertuarından çıxarıldı. Bunları müzakirə etməkdən uzağam. İstəmirəm! Və bir də repertuardan çıxarılan tək mənim tamaşalarım deyildi təbii ki, başqa tamaşalar da var idi. Yəqin ki, bunu edənlərin bir səbəbi, bir məqsədi olub. Yəqin ki... Ancaq bu hansı məqsədə ya səbəbdən irəli gəlir... bax mən bundan xəbərsizəm.
- Tamaşalarınızı repertuardan çıxarmağın bir səbəbi olmalıdır axı.
- Əslində izahı mümkün ola bilən
əsas və ya səbəb yoxdur. Mən artıq repertuarda
oturan tamaşalardan bəhs edirəm. Məram-məqsəd
isə ancaq özlərinə bəllidir, şəxsən mənə
bəlli deyil. Bir rejissor olaraq əgər mənim
tamaşalarım teatrın repertuarında yoxdursa demək ki, mən
də yoxam. Bu da sizə mənim yox olma səbəbim! Ancaq neqativə köklənib oturmuram. Hazırda iki tamaşa üzərində
çalışıram.
- Bu tamaşalar da Akademik Milli Dram
Teatrında olacaq?
- ........ Hazırladığım tamaşalardan biri Gənc
Tamaşaçılar Teatrında "Cəza”
tamaşasıdır ki, artıq hazırdır. Bu mono-tamaşa sentyabrdan geniş
tamaşaçı kütləsinə təqdim olunacaq.
Digər bir tamaşa isə Musiqili Teatrında
hazırladığım Əli Əmirliyə məxsus
"Nuri Didə Ceyhun” əsəridir. 4
aydır bu əsər üzərində
çalışıram. Tamaşanın məşqlərinə
hələ indi başlayıram. Adətən
gec qərar verən rejissorlardanam (gülürük).
O ki,
qaldı sualınıza... Azdramanın səhnəsi
mənə çox doğmadır. Çünki
mən diplom tamaşamı da məhz o səhnədə
nümayiş etdirmişəm. Və bu son
iki ilə qədər də məhz orda
çalışmışam. Açığını
desəm bir qədər durğunluğum da bu teatrdan olan
gözləntimlə bağlı idi. Gələcəkdə
allah qoysa, yenə də orda tamaşa
hazırlamaq imkanım olar. Yəqin ki...
- Sizə elə gəlmirmi son zamanlar
teatrlarımızda hazırlanan tamaşaların sayı
azalıb?
-
Düzgün müşahidədir. Təbii ki,
bir rejissor olaraq bu fakt məndən də yan keçməyib.
Tamaşaların az hazırlanmasına birinci
səbəb odur ki, teatrlar rejissorlara açıq deyil. Yəni artıq rejissor kimi özünü təsdiq
etmiş şəxs teatrlarda nəinki açılmış
qucaqla qarşılanmır. Hətta arzu
edilmir. Daha sonra, teatrlarda olan repertuar siyasəti
məsələsi və... tamaşaların hazırlanması,
sifarişi üçün büdcədə pul yoxdur. Məhz bu səbəblərdən də tamaşalar
hazırlanmır. Teatrlarımızda ən azı
iki-üç il bundan əvvəlki o
qaynayan mühit yoxdur. Əvvəllər
teatrlarımızda bir-birinin ardınca tamaşalar
hazırlanırdı. Yenə də bu
baxımdan Musiqili Teatr bir qədər çox
çalışır və aktivdir. Onlar
teatr camesindəki durğunluğa rəğmən bir- birinin
ardınca tamaşalar hazırlanması üçün
müxtəlif rejissorları dəvət edirlər.
- Az öncə qeyd etdiniz ki,
sağlamlığınızda bir qədər problem var idi.
İndi özünüzü necə hiss edirsiniz?
- Mən
bir il öncəki səhhətimdən bəhs
etdim. Bu o qədər də ağır vəziyyət
deyildi. Şükürlər olsun ki, indi
yaxşıyam və indi hər şey qaydasındadır.
Bundan sonra yenidən var gücümlə
çalışmağa başlayacam.
-
Azdramadan 4 tamaşanızı birdən repertuardan
çıxarılması yəqin ki, bir rejissor kimi sizə
psixoloji təsir edib. Bəlkə də
sağlamlığınızdakı yaranan problemdə bunun da
bir rolu var.
- Orda tək
mənim tamaşalarım repertuardan
çıxarılmadı. Mən tək deyiləm.
Teatr, yeni bir novatorluğun deyim, ya yeni bir
üslubunmu deyim axtarışındadır. Mənə
görə, quruluş verdiyim nə "Qatar altına
atılan qadın”, nə "Əmir Teymur " nə
"Qatil”, nə də ki, "Herostratı unudun”
tamaşaları yetərincə ömrünü yaşaya bilmədilər.
Onların ömrü yarımçıq
qaldı. Həmin tamaşaların da
öz tamaşaçıları var idi. Misal
üçün "Qatil” tamaşasına kassaya müraciət
edilib, biletlər alınırdı. Bunu
etiraf etmək lazımdır. Repertuarda olan
tamaşaların 90 faizi təşkil olunduğu halda,
"Qatil” tamaşasına bileti tamaşaçı öz istəyi
ilə alırdı. "Herostratı unudun”
isə ümumiyyətlə ömrünü yaşaya bilmədi.
Avtomatik olaraq 4 tamaşanın ömrünün
dayandırılması təbii ki, əsəb, stress
yaratdı, mənim sağlamlığıma birbaşa təsir
etdi. Daha sonra tamaşamda oynayan aktyorun
teatrdan uzaqlaşdırması, tamaşanı bərpa etməyi
mümkünsüz etdi. Rejissor tamaşa ilə
yaşayır. Sən
ömrünü-gününü həsr edirsən,
dünyaya bir tamaşa gətirirsən, sonra da onu kimsə
özünə bəlli olan istəkdən qoparıb atır.
Təbii ki, insan öz işinə yüksək
qiymət verə bilər. Təbii ki, bu zaman insan
qeyri-obyektiv də ola bilər. Ancaq müəyyən göstəricilər var ki,
burada vicdanlı baxış qaçılmazdır. Hər kəs nə və necə olduğunu gözəl
bilir. Mən də işlərimə məsuliyyətlə
qiymət verməyi bacaran şəxsəm.
- Mehriban xanım, teatr kütləni
öz arxasınca aparmaq gücünə malik olan bir sənət
növüdür. Bəs sizcə, bu gün teatr kütləni
öz arxasınca aparır, yoxsa kütlə teatrı
arxasınca aparır?
- Bu
gün aqibət fərqlidir. Paradoksal odur ki,
kütlə nə istəyirsə mədəniyyət
çalışmanları da bu gün onu verir, teatra məhz
istəniləni sifariş edir. Kütlə
nəyə baxacaqsa təbii ki, o da hazırlanacaq. Bu məsələdə kassa böyük rol
oynayır. Gərəkliyi ehtimal olunan, məqsədyönlü
ya maarifçi, tərbiyəvi yaxud zövq aşılayacaq
ideyalar yox, tələb olunan mətləb və mövzular əhəmiyyət
daşıyır. Bu da mədəniyyət
ideologiyası deyil. Bu bazar
iqtisadiyyatıdır. Mədəniyyətdə
bazar iqtisadiyyatını heç cür görmək istəmirəm.
Amma reallıq budur. Tamaşaçı
komediya istəyir. Tamaşaçı
tarixi drama gəlmək istəmir. Ən
yaxşı halda hansısa bir aktyorun xətrinə gedə bilər,
ancaq bu da kütləvi deyil. Sadəcə
janr etibarı ilə insanlar komediyaya üstünlük verirlər.
Həmin kontekstdə komediya da bir janr olaraq deyil,
əyləncə vasitəsi kimi adlandırırıq.
Bu isə ciddi sənət ola bilmir. Hər teatrın repertuarında kassaya görə
tamaşa olmalıdır. Ancaq bütün
repertuarı bu məqsəd üstündə qurmaq
düzgün deyil. Kütlənin
ardınca gedəndə sənət artıq sənət
meyarından çıxır. Deyirlər
sənət xalq və sənət sənət
üçündür. Mən həm də deyirəm
ki... sənət allah
üçündür. Hər bir insan
özünü ifadə edir. Mən
rejissoram, hazırladığım tamaşanın sosial
mesajları ilə özümü ifadə edirəm. Hər bir normal düşünən insan isə
sosial və ideoloji mesajla köklənməlidir. Bu cəmiyyət və biz dialoqudur. Əks halda... loru dildə desək "üç
badam, bir qoz” məntiqindən kifayətlənən
tamaşaçı bəsitlikdən gərək olunan keyfiyyətlərini
də itirəcək. Teatr hansı xalq,
toplum üçün lazımdır? Özünə
və cəmiyyətinə kənardan baxmağı bacarana.
İçində şəxsiyyəti ilə bərabər
daha başqa dünyalara açılmaq istəyənə, cəmiyyətin
məni ilə öz şəxsi mənini qarşı-qarşıya
qoyan insan üçün. Ancaq bizim
dediyimiz variantlarda bunlar alınmır.
- Müsahibələrinizin birində
tarixi tamaşalara maraq olmadığını qeyd etmisiniz. Ancaq Türklərin çəkdikləri tarixi
seriallar bizim tamaşaçılar tərəfindən sevilərək
izlənilir. Sizcə buna səbəb nədir?
-
Tamaşaları izləmək bu saat həvəsdən daha
çox, təsadüfdəndir. Barmaqla
sayılası tamaşalar var ki, izləyicilər həmin
tamaşaya öz istəyi ilə bilet alıb gedirlər.
Qalanları sadəcə satışı təşkil
edilmiş tamaşalardır. Könüllü
seçim kassadır. Misal
üçün "Əmir Teymur”da, "Qatil” də mənim
tamaşalarımdır. "Əmir Teymur”
tamaşasına "Qatil”ə gəlinən qədər gəlmirdilər.
H.Cavidin "Əmir Teymur” əsərində də
daha çox türk dünyasının
parçalanmasından bəhs edən və bir də niyə
"Turanı belə itirdik” mətləbini açıqlayan
tamaşa idi. Sosial mesajı çox
ağır idi. Amma mütləq dərk
edilməsi vacib idi.
İndi çəkilən seriallara baxın, seriallar
kütləyə işləyən və tələb olunan ən
vacib məsələdir. Türkiyədə çəkilən
tarixi seriallara belə maraq və həvəs var. Bizim məmləkətdə
9 milyon, amma sadəcə İstanbulda 18 milyona yaxın əhali
yaşayır. Hər halda nüfuz və
miqyas da böyük rol oynayır. 9 milyonla
80 milyon arasında bu mənada müqayisə qüsurludur.
Təbii ki, orda seçim fərqi və hər
hansı say fərqi normaldır. Və...bizdə
kinoteatrlarda filmlərin növbəsinə baxın, hansı
filmlərdə çox növbə var? Fakt odur
ki...sadəcə güləcək və "uğunub gedən”
filmlərə maraq daha çoxdur. İnsanlar
düşünmək istəmir. Bu da əksəriyyəti
təşkil edir, 5-6 faiz deyil. Barmaq
sayında olan ziyalılar çoxluq təşkil etmirlər.
Onlar çox azdırlar. Bu
insanlar bir yerdə deyillər. Tamaşa və
teatr isə toplumu intellekti, özünü tərbiyəni təmin
edir. Teatr film kimi deyil, sadəcə
baxdım keçdim. Bu həm də fikrə,
sosial mesaja əvvəldən hazırlıq tələb edən
şeydir. Aktyor zəif oynaya bilər, ancaq
sən oradakı sosial mesajı duyursansa yenə gedəcəksən.
Bəyəm Avropada ya Rusiyada getdiyimiz
tamaşaların hamısımı sənət əsəridir?
Amma peşəkarlıqla verdiyi sosial mesajlar
topluma çatır. Sosial mesajı
götürə bilən tamaşaçı ovuca
sığacaq barmaqlarımızın sayı qədərdir.
Bax budur problem. Teatr bu gün
ən böyük tənəzzül dövrünü
yaşayan bir sənətdir. Çünki teatr kütləvilik
yox, müəyyən düşüncə tərzi
, intellekt tələb edən sənət
növüdür. Şirin və yalan tələb
edən şeylər çox rahat həzm olunur. Bunun
üzərində ciddi iş aparmaq, teatr üçün
çalışmaq, bu məqsədlərə yetişmək
üçün işləmək, işləmək və
yenə də işləmək lazımdır.
- Hər bir rejissorun həyatında səs
küy salan bir işi olur. Geriyə baxanda sizi
Mehriban Ələkbərova kimi tanıdan hansı işinizi
misal gətirə bilərsiniz?
- Mən
onu deyə bilmərəm. Bunu
tamaşaçı deyə bilər. Mənim
üçün tamaşalarımın hamısı
doğmadır. Mən hətta ilk dəfədir
ki, Azərbaycanda eyni teatrda eyni əsərə iki dəfə
müraciət edən adamam. İdrakımı
fikrə çevirmək, onu ifadə etmək ... onu sənətə
çevirmək üçün bunu belə etmişəm.
Tamaşalarımdan hansının məni daha çox mən
edib, deyə bilmərəm... Mən onların
hamısını sevmişəm. Hər dəfə bu
hiss olur. Hər son iş sənə daha doğma
görünür. Amma düşünürəm
ki, məni ifadə edən son hazırlamadığım
"Cəza” tamaşasıdır.
-Müsahibələrinizin
birində demisiniz ki, "Televiziyada olduğum qədər
kinoda cəsarətim yoxdur”. Sizcə bu fikrinizlə
meydana dünən gələn, özünü kinorejissor
hesab edənlərə yer vermirsinizmi?
- Onların sənətə aidiyyatları yoxdur. Mən böyük sənətdən danışıram. Mən Tarkovski, Spilberq, Tarantino, Kiyarüstəmi, Mel Gibson, Nuri Belge Ceylan və bu qəbildən olan rejissorların filmlərinə müvafiq olaraq demişəm. Bizdə hamı film çəkir. Bəzən deyirlər niyə cəhd etmirsən, deyirəm ki, edə bilmərəm. Mən cəhd etsəm onlardan biri olacağam. O sırada olmaq istəmirəm. Nə zamansa ara sakitləşər, ondan sonra düşünərəm. Bu gün meydan bir az başqadır.
- Bizim
teatrlarımızda "18+” tamaşalar hazırlanmır. Bir
neçə tamaşalar var ki, orada cüzi şəkildə
açıq-saçıqlığa yer verilir. Amma dünya
teatr prosesində belə tamaşalar normal şəkildə
qarşılanır. Sizcə bizdə "18+” tamaşa
hazırlanarsa necə qarşılanar?
- Bizdə konkret olaraq "18+” yoxdur. Bura Qafqazdır, türk kökənli insanlardır. Dinimiz islamdır. Mənin hazırladığım "Qatil” tamaşasında qısa açıq-saçıq elementlər var idisə də, ancaq o erotik tamaşa deyildi. Elementlər isə bütün yaş həddi üçün uyğun sayılmır. Mən belə deyərdim. Bəzilərinin 18+ deməsinə rəğmən. Mən eyni tamaşanı Kiprdə qoymuşdum. Orada heç açıq-saçıq, yəni sevgi səhnələrinə irad tutulmadı. Bizdə əzab çəkməyi qəbul edirlər, ancaq sevgi ya bəxtiyarlığı bağışlaya bilmirlər. Və mən bir rejissor olaraq vurğunu dediyiniz səhnələrdə görüntüyə deyil, məntiqə işləmişdim. Yəni bu yaranan sevginin, yaxınlığın əvvəldən yanlış olduğunu göstərmək üçün məhz o mizanlardan istifadə etmişdim. Amma anlayana! O sadəcə 18+ marağı üçün deyildi. İnsanın sevgisi ilə ehtirasının fərqi görünməli idi.
Bunlar hamısı düşünülmüşdü. Ona görə buna "18+” deyən adam tamaşanı anlamır. Səhnə əsəri başqa şeydir.
Xəyalə Rəis
Kaspi 2017.- 8 iyun.- S.11.