Sosial şəbəkənin
fenomen atası və ailəsi...
Rüstəm Rüstəmov: “Evlilik
sevgini öldürməsə də, bölür”
Əsmət Rüstəmova: "Qızlar onlara sərhədlər
qoyan oğlanlardan uzaq olsunlar”
Hər bir ailənin xoşbəxt olmasının,
kiçik dövlətlərini uğurla idarə etməsinin
bir sirri var. Onların sirri ailədə
qarşılıqlı olaraq bir-birlərini anlamaqdan və
pozitiv olmaqdan keçir. Deyirlər ki, bir-birləri ilə
danışmağa o qədər mövzuları olur ki, 10 dəqiqə
belə küsülü qala bilmir, gün ərzində
yaşananları bölüşmək üçün
bir-birlərinə "qaçırlar”.
"Ailə”
rubrikamızın budəfəki qonaqları Rüstəm Rüstəmovla
Əsmət Rüstəmovadır. Müsahiblərimizin
Sofiya və Adelina adlı əkiz qızları var.
Məlumat üçün bildirək ki, Rüstəm
bir çox atalardan fərqli olaraq, dünyaya gələn əkiz
övladlarının əziyyətini həyat yoldaşı
ilə birlikdə çəkir. Müsahibimiz adətən
anaların etdiyi bütün işləri görür və təcrübəsini
"instaqram” səhifəsində gənc analarla
bölüşür. Əsas məqsədi
uşaq böyütmək işinə ataları da cəlb etmək
olan Rüstəm "İnstagramın” məşhur, fenomen
atasıdır.
Həmişə
olduğu kimi, cütlüklərin tanışlıq
tarixçəsindən başlayaq...
"Görüşə
gəlmək istəmirdi”
4 ildir ki, bir həyatı bölüşən
cütlüyümüz əslində uzaq qohum olublar. Lakin bir-birlərini
xeyir-şər işlərində görüblər.
Bir dəfə də məclislərin birində Rüstəm
Əsməti görüb və ona münasibət təklif
edib: "Qohum olsaq da, bir-birimizi yaxşı
tanımırdıq. Düzünü desəm,
mənim üçün qadının xarici
görünüşü mühüm rol oynayır. Əsmətin xarici görünüşünü
çox bəyənirdim. Toylardan birində
diqqət etdim və gördüm ki, həm də pozitiv
xanımdır. Toy şəkillərini
göndərmək məqsədilə qohumlardan Əsmətin
nömrəsini aldım və ona yazmağa başladım.
Əsmət başa düşmürdü ki, mən
qohum niyyətilə danışmıram. Görüşmək
istəyəndə Əsmət bəhanələr uydururdu. Mənimlə
görüşmək üçün canfəşanlıq
etmirdi. Hər görüşümüz
5-6 dəfə xahiş etdikdən sonra baş tuturdu”.
"18
yaşlı gəlin”
Əsmətin həmin vaxt 18 yaşı olduğu
üçün bu münasibət o qədər də rahat
alınmayıb. Rüstəmlə aralarında 7 yaş fərq
olması Əsməti narahat edib: "Yaşım az idi və
mən təhsil almaq istəyirdim. Ona görə
heç bir münasibətə hazır deyildim. Onlar da mənə
söz verdilər ki, bizim münasibət sənin
oxumağına mane ola bilməz. Həqiqətən də belə oldu. Ailə
qurduqdan sonra ali təhsil almaq
üçün Rüstəm və ailəsi mənə hər
şəraiti yaratdı. Onlar özləri də
məni təhrik edirdilər ki, oxumaq lazımdır. Artıq 4-cü kursdayam. İmtahan
ərəfəsidir. Yoldaşım da mənə
dəstək olur, evdə uşaqlara kömək edir”.
"Əsmətlə
yenidən cavanlaşdım”
Rüstəm
düşünür ki, evlilik məsələsində təkcə
iki gəncin qərarı yox, ailələrin də qərarı
önəmlidir: "Ailələr bir-birlərini mütləq
tanımalıdır və sevməlidir. Evlilikdə
əsas sütunlarından biri budur. Bizim
xoşbəxtçiliyimiz onda idi ki, ailələr bir-birini əvvəldən
tanıyırdı. İlk dəfə
Əsmətin ailəsi də yaş məqamına görə
narahat oldular. Biz söz verdik ki, Əsmətin
təhsil almasına şərait yaradacağıq. Sonra Əsmətlə bir yerdə mən də yenidən
tələbəlik həyatı yaşadım, onunla yenidən
cavanlaşdım”.
Əsmət
deyir ki, 18 yaşı olmasına baxmayaraq, Rüstəmə
inanmasının və onu seçməsinin səbəbi
Rüstəmin sevgilidən öncə onunla dost kimi
davranmasıdır: "Rüstəm güvənə biləcəyim
insan idi. Sevgilidən, həyat yoldaşından da vacib, mənə
dost idi. Hər sirrimi, sözümü onunla
bölüşə bilirəm. Rüstəm
problemlərimi dinləyə biləcək insandır. O,
insanı başa düşən, ailəcanlı, ən əsası,
müsbət fikirli yaxşı insandır”.
"Küsmək
də olar, amma yerində...”
Rüstəmi
isə Əsmətin gözəlliyi və pozitivliyi çəkib:
"Əsmətin xarici görünüşünü
çox bəyənirdim. Bundan sonra hər dəfə
bir yerə gedənə bir-birimizi kəşf edirdik. Əsmətin ən çox bəyəndiyim
xüsusiyyəti kinli olmamağıdır. Mən küsmək məqamına çox diqqət
edirəm. İnsanın həyatında hər problem,
söz-söhbət ola bilər. Küsmək
də olar, amma yerində... Əsmət elə
insandır ki, küsə bilər, amma 5 dəqiqədən
sonra barışar. Kinli deyil. Barışdıqdan sonra da əvvəlki söhbəti
açmır. Mənim üçün
insanlarda diqqət etdiyim ən mühüm cəhət kinli
olmamağıdır. Uzun müddət
küsülü qalan insanları sevmirəm. Biz də tez-tez küsürdük, amma tez də
barışırıq. Küsülülük
müddətimiz 10 dəqiqədən artıq çəkmir.
İndi uşaqlardan sonra küsməyə də
vaxt yoxdur”.
"Salatları
yemək hesab etmirəm”
Cütlüyümüzün bir-birlərində sevmədiyi
cəhətə gəldikdə isə hər ikisi yemək
problemindən şikayətlənir. Əsmət deyir ki, Rüstəm yemək
məsələlərində çox problemli insandır:
"Hər şeyə danışır. Hər
yeməyi bəyənmir. Aclığa
dözümü yoxdur və yeniliyi sevmir. Mən
yeni salatlar hazırlayıram, fərqli yeməklər kəşf
edirəm. Lakin Rüstəm bunların əksəriyyətini
sevmir”.
Rüstəm: "Mən ənənəvi yeməkləri
sevirəm, amma Əsmət yeni yeməklər kəşf edib
bişirir. Məsələn, julyen, ümumiyyətlə,
göbələk tərkibli yeməkləri sevmirəm. Salatları isə xüsusilə yemək hesab etmirəm.
Mən tərkibində ət olan yeməkləri
sevirəm”.
Rüstəm
isə Əsmətin evdə yemək yeməməyindən
şikayətlənir: "Əsmətin ən sevmədiyim cəhəti
evdə yemək yeməməyidir. Məsələn,
mən evdən çıxanda yeyirəm, gedirik. Əsmətdən soruşuram ki, acsan? "Yox” cavabı
verir. Elə
ki çölə çıxırıq deyir ki,
acmışam. Bu günə kimi də o
söhbət gedir. Əsmət gərək
çölə çıxa, gəzə, sonra yemək yeyə.
Evdə yemir, çöldə qəşəng
yeyir”.
"Küsülü
qala bilmirik”
Cütlüyümüz tez-tez dalaşsa da, bu, uzun
çəkmir. Deyirlər ki, danışılacaq o qədər
söhbətlər var ki, uzun müddət küsülü
qala bilmirlər: "Hələ uşaqlar balaca olduğu
üçün evdə əsəbi vəziyyətlər
tez-tez yaranır. Hər ikimiz yuxusuz olduğumuz
üçün tez özümüzdən
çıxırıq. Bir birimizin xətrinə
dəyirik. Bir anlıq hərə öz
otağına çəkilir. Amma
bir-birimizə danışacaq söhbətlərimiz olduğu
üçün tez darıxırıq. Məsələn,
Əsmət küsübsə, ortaya bir söz atıram ki, bu
gün belə bir söhbət olub. Əsmətə
də bu, maraqlı gəlir və bizim
küsülülüyümüz yadımızdan
çıxır”.
"Sevgi
ölmür, amma bölünür”
Bəzi gənclər düşünür ki, evlilik
sevgini öldürür. Rüstəm bu fikirlə razı deyil, amma
düşünür ki, sevgi ölməsə də,
dünyaya uşaq gəldikdən sonra bölünür:
"Sevgi ölmür, amma bölünür. Uşaqlar
öz sevgi paylarını alırlar. Əgər əvvəl
100 faiz Əsmətə diqqət göstərirdimsə, indi məcburam
ki,
yarısını bölüm uşaqlara da verim. Mümkün deyil ki, 100 faizin hamısı Əsmətə
getsin. İstəməyinə istəyirsən,
amma sevgini təqdim etmək məsələsi var. Müəyyən
səbəblərə görə, o sevgini əvvəlki kimi
təqdim edə bilmirsən”.
"Qadın
çirkinləşir...”
Əsmət
isə düşünür ki, uşaq olduqdan sonra qadın
çirkinləşir və Rüstəmdə ən çox
sevdiyi cəhət onun çirkinləşməsini
özü bilsə də, büruzə verməməyidir:
"Qadın uşaq dünyaya gətirdikdən sonra əvvəlki
kimi olmur. Az da olsa formasını dəyişir.
Amma bunu bilsəm də, Rüstəm məni
kompleksə salmamaq üçün hiss etdirmir”.
Rüstəm:
"Uşaqlar olandan sonra diqqət bölündüyü
üçün Əsmət düşünür ki, mən
onu əvvəlki kimi bəyənmirəm. Amma səhv
düşünür. Əsmət
uşaqlardan öncə çox arıq idi. Ana olduqdan sonra azca kilo aldı. Əksinə,
bu, mənə xoş oldu. Mən bu
formanı daha çox bəyənirəm. Mən Əsməti əvvəlki kimi də bəyənirdim,
indiki halını da bəyənirəm”.
"Yoldaşım
mənə göz verib, işıq vermir”
Xoşbəxt
ailənin sirrinə gəldikdə isə Rüstəm deyir ki,
xoşbəxtlik düzgün seçimdən başlayır:
"İlk olaraq düzgün seçim, sonra
qarşılıqlı anlayış, etibar, hörmət
olmalıdır. Mən qadının pozitiv
enerji verməsinə, deyib-gülməsinə fikir verirəm.
Düşünürəm ki, insan söhbət
edərkən darıxmayacağı insanla ailə qurmalıdır.
İnsan var ki, çox gözəldir amma
söhbət edəndə elə bil soyuducu ilə
danışırsan. Əsməti ona görə bəyənirəm
ki, həm
daxili qəşəngdir, həm də xarici. Azərbaycanda
qəşəng xanımlar çoxdur. Amma
daxili gözəllik hər kəsə nəsib olmur”.
Əsmət: "Qızlar ailə qurarkən onlara sərhədlər qoyan şəxslərdən uzaq olsunlar. Sonra şikayətlənirlər ki, yoldaşım mənə göz verib, işıq vermir. Ailədə hər şey qarşılıqlı olmalıdır. Hər kəs həyatını normal yaşamalıdır. Qısqanc tiplər dəhşətli olur. Onlara dəyər verən, fikirlərinə hörmət edən insanlarla ailə qursunlar”.
Uşaqların tərbiyəsinə gəldikdə isə müsahiblərimiz düşünür ki, oğlan və qız uşağı arasında fərq qoyulmamalıdır: "Qızlar da oğlanlar kimi özlərinə inamlı böyüdülməlidir. Məsələn, uşaq yıxıldısa, tez qaçıb durğuzmaq olmaz. Hər kəs övladını çox sevir, amma uşağın üstündə əsmək düzgün tərbiyə metodu deyil. Uşaq bir yaşından sonra sərbəst həyata asta-asta başlamalıdır. Özü dünyanı kəşf etməlidir. Hər şeyi asan əldə edə bilməyəcəyini öyrənməlidir”.
Gənclərin ən böyük səhvi...
Gənc ailələrə
məsləhət verən cütlüyümüz deyir ki, gənclərin ən
böyük səhvi ailə quran kimi uşaq dünyaya gətirmələridir:
"Biz ailə quranda yoldaşımın 18 yaşı var
idi. O dövrdə uşaq planlaşdırmadıq,
çünki hələ özümüz uşaq idik. Gənclərin ən böyük səhvi odur ki, ailə
qurarkən istər mənəvi, istərsə də maddi
baxımdan hazır olduqlarını planlaşdırmadan
uşaq sahibi olurlar. Əgər sənin imkanın buna
çatırsa və valideyn olmağa hazırsansa, o zaman
uşaq dünyaya gətirməyi planlaşdır. Bizim
qohumlarda belə bir şey var - evlənən gündən
uşaqla maraqlanırlar. "Bir şey var?” kimi suallar gənclərə
təsir edir. Belə deyimlərə fikir verməsinlər.
Özləri hazır olanda uşağı dünyaya gətirsinlər.
İstər psixoloji, istər maddi, istərsə də mənəvi
baxımdan hazır olmaq vacibdir”.
Aygün
ƏZİZ
Kaspi 2017.- 9 iyun.- S.13.