Heydər Əliyev və Üzeyir Bəy fenomeni

Belə dahiləri olan millət böyükdür, xoşbəxtdir

 

Azərbaycan mədəniyyətinin yorulmaz himayədarı olan ümummilli lider Heydər Əliyevin musiqi mədəniyyətimizin sütunu, dünya şöhrətli  dahi bəstəkar, musiqişünas, publisist, dramaturq,  filosof, pedaqoq, alim, akademik, ictimai xadim Üzeyir bəy Hacıbəyliyə xüsusi sevgisi və rəğbəti vardı .O, mədəniyyət və incəsənətlə, mətbuatla bağlı çıxışlarında hökmən Ü. Hacıbəylinin adını çəkər, ondan sitatlar  gətirərdi. Hətta ulu öndər tərəfindən 18 iyun 2001-ci il tarixli "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” imzalanmış fərmanda da ana dilinin qorunmasında, tədrisində, inkişafında xüsusi xidmətləri olan qabaqcıl maarifçilər, ziyalılar arasında Üzeyir bəy Hacıbəylinin adı iki dəfə çəkilmişdir. Fərmanda deyilir: "...Ana dilinin taleyinə heç bir ziyalının laqeyd qalmadığı bu dövrdə Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Üzeyir Hacıbəyov, Ömər Faiq Nemanzadə kimi görkəmli söz ustaları Azərbaycan dilinin saflığı və onun yad ünsürlərdən qorunması uğrunda fədakarcasına mübarizə aparırdılar”.

 

Ulu Öndərin rəhbərliyi dövründə bu məsələ reallaşdı

 

Azərbaycan mədəniyyətini və incəsənətini dərindən bilən, inkişafına çalışan böyük siyasi və dövlət xadimi Heydər Əliyev keçən əsrin 70-ci illərindən başlayaraq Bakıda, həmçinin digər şəhərlərdə görkəmli, dahi şəxsiyyətlərin ev muzeylərinin açılmasına göstəriş vermişdir. Dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin ev-muzeyinin açılması da məhz həmin dövrə təsadüf etmişdir. Bu məbədin yaranması ümummilli liderin adı ilə bağlıdır. Doğrudur, bəstəkar vəfat etdikdən üç ay sonra Azərbaycan hökuməti Üzeyir bəy Hacıbəylinin adının əbədiləşdirilməsi ilə əlaqədar, 16 fevral 1949-cu ildə xüsusi qərar qəbul etmişdir. Orada bir çox müddəalarla yanaşı, böyük sənətkarın Şuşada və Bakıda ev-muzeylərinin yaradılmasına da yer ayrılmışdır. 1959-cu ildə Şuşada Ü. Hacıbəylinin ev-muzeyi  açılmışdır. Bakıda isə bu məsələ düz 26 il həyata keçməmiş qalmışdı. Bəzi ixtiyar sahibi olan məmurlar "ölülər gözləyərlər, bu məsələlər çox da vacib deyildir  eyirdilər. Ona görə də Ü. Hacıbəylinin ev-muzeyi təşkil olunmurdu. Nəhayət, böyük öndər Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə bu məsələ reallaşdı. Onun tapşırığı və yaxından köməyi sayəsində 1949-cu il qərarının bu maddəsinin yerinə yetirilməsi baş tutdu. 20 noyabr 1975-ci ildə Bakıda Üzeyir bəyin 27 il (1915-1942) yaşadığı evini  muzeyə çevirmək mümkün oldu. Bu barədə Heydər Əliyev 1995-ci ilin sentyabrında dahi sənətkar Üzeyir bəy Hacıbəylinin anadan olmasının 110 illik yubileyindəki çox dəyərli məruzəsində belə demişdir: " 1975-ci ildə biz Üzeyir Hacıbəyovun 90 illik yubileyini hazırladıq, təntənə ilə həm Azərbaycanda, o vaxt imkan dairəsində Sovet İttifaqının həm paytaxtında, başqa respublikalarda, dünyada qeyd edə bildik. Azərbaycanda, Bakıda mədəniyyət xadimlərindən ilk dəfə Üzeyir Hacıbəyovun yaşadığı ev, onun ev-muzeyinə çevrildi.

 

1975-ci ildə, 20 il bundan əvvəl Üzeyir Hacıbəyovun ev-muzeyi açıldı. Biz hamımız çox məmnunuq ki, bu ev muzeyi 20 ildir Azərbaycan xalqının, mədəniyyətinin inkişafına, yüksəlməsinə xidmət edir. Yaranan gündən  indiyədək bu muzeyə Üzeyir  Hacıbəyovun yaxın silahdaşı Ramazan Xəlilov rəhbərlik edir, böyük xidmətlərinə görə mən onun Azərbaycanın yüksək ordeni – "Şöhrət” ordeni ilə təltif olunması haqqında fərman imzaladım. Ramazan Xəlilov çox xoşbəxt adamdır. 95 yaşı var, bu gün də fəaliyyətdədir. O, Üzeyir Hacıbəyovla çiyin-çiyinə gedib, bizim üçün onun nişanəsidir. Ona görə də o, bizim üçün əzizdir və xoşbəxtlik də ondan ibarətdir ki, o, bu gün də yaşayır. Güman edirəm ki, biz onun 100 illiyiniqeyd edəcəyik”.

 

Özümüzü bu hissiyyatlarla gələcəyə hazırlamalıyıq

 

1975-ci ildə böyük dövlət xadimi Heydər Əliyev özü şəxsən muzeyin açılışında iştirak etmişdemişdir ki, muzey Ü. Hacıbəyov kimi dahi sənətkar üçün çox darısqaldır, onu qonşu evlərin hesabına genişləndirmək lazımdır. Ulu öndərin uzaqgörənliklə söylədiyi bu fikirlər 1985-ci ildə dahi bəstəkarın 100 illik yubileyində gerçəkləşdi.  Heydər Əliyev tərəfindən  direktor təyin edilmiş, Üzeyir bəyin qohumu  Ramazan Xəlilovun yorulmaz səyi nəticəsində muzeyə bitişik binalardan on ailə köçürüldü. Onlara təzə evlər verildi. Və bu mənzillər də muzeyə əlavə olundu. Lakin sonuncu dəfə 1985-ci ildə əsaslı təmir olunan muzeyə 2005-ci ilə qədər əl vurulmadı. 2004-cü ilin payızında muzeydə çalışdığım zaman, Heydər Əliyev ənənələrini layiqincə davam etdirən hörmətli prezidentimiz, cənab İlham Əliyevə televiziya vasitəsi ilə müraciət etdim. Müraciətim cavabsız qalmadı. Az sonra,  28 fevral 2005-ci ildə möhtərəm prezident İlham Əliyev Üzeyir bəy Hacıbəylinin ev-muzeyinin əsaslı təmir edilməsi  ilə bağlı xüsusi sərəncam imzaladı. Vaxtilə Heydər Əliyevin yaxından köməkliyi ilə təşkil edilmiş Üzeyir Hacıbəylinin ev-muzeyi məhz İlham Əliyevin sayəsində əsaslı təmir olundu.   Muzeydə xidmətləri az olmayan bir insan kimi, buna görə dövlət başçımıza  dərin təşəkkürümü bildirirəm. Ümummilli lider Heydər Əliyev Üzeyir bəy Hacıbəyli fenomenini qiymətləndirə bilən bir dövlət xadimi idi. O, mədəniyyətlə, incəsənətlə, hətta ədəbiyyat və publisistika ilə bağlı çıxışlarında  dahi Üzeyir bəyi xatırlayır, ona istinad edir, bütün sahələrdə onun dahi olduğunu dönə-dönə vurğulayırdı.

 

Böyük öndərin, Ü. Hacıbəylinin anadan olmasının 110 illik yubileyinə həsr edilmiş tədbirdəki məruzəsi bu günyaddaşlarda yaşayır. Bənzərsiz natiq olan Heydər Əliyev Üzeyir bəyin həyat və fəaliyyətini o qədər gözəl təhlil etdi ki, musiqişünas alimləri kölgədə qoydu. O, dahi şəxsiyyətin həm publisistikasından, həm dramaturgiyasından, həm pedaqoji fəaliyyətindən, həm alimlik məharətindən, həm Azərbaycan ictimai-siyasi həyatındakı xidmətlərindən, həm də ictimai xadim kimi gördüyü işlərdən dolğun məlumat verərək, dinləyiciləri valeh etdi. Heydər Əliyev  həmçinin Ü. Hacıbəylinin operalarından, operettalarından, digər musiqi əsərlərindən, onun üç hakimiyyətin - çar Rusiyası, Azərbaycan Demokrat  Respublikası və sovetlər dövründə yaşadığını qeyd etmiş, onun  vətənpərvərliyini xüsusi vurğulamışdır. Bu barədə Heydər Əliyev demişdir: "Üzeyir Hacıbəyovun yaradıcılığı həmişə insanları vətənpərvərliyə dəvət edir. Biz bu günÜzeyir bəy Hacıbəyovun xatirəsini yad ediriksə, onun yaradıcılığını bir daha yüksək qiymətləndiririksə, bu yaradıcılığın ən yüksək nöqtəsi olan vətənpərvərlik hisslərini özümüzdə daha da artırmalıyıq, daha da inkişaf etdirməliyik. Özümüzü bu hissiyyatlarla gələcəyə hazırlamalıyıq”.

 

Elə şəxslər var ki, onlar özləri üçün anadan olmayıblar

 

Üzeyir bəy Hacıbəyli irsini dərindən bilən, bütün söhbətlərində, çıxışlarında dahi sənətkarın bənzərsiz dühasından söz açan ümummilli liderimizə jurnalistlər "sizin ən sevimli bəstəkarınız kimdir?”  sualını verəndə Heydər Əliyev tərəddüd etmədən  "Üzeyir Hacıbəyov ”- demişdir.

 

"Üzeyir Hacıbəyov fövqəladə fitri istedadı, böyük fədakarlığı, mükəmməl təhsili, elmi, vətənpərvərliyi, ictimai-siyasi fəaliyyəti ilə xalqımızın böyük şəxsiyyətlərindən biri olmuş, dünya korifeylərinin ön sırasında duran, Azərbaycanı təmsil edən görkəmli şəxsiyyət olmuşdur ” - deyən ulu Öndər, böyük sənətkara tükənməz məhəbbətini izhar edərək, daha sonra qeyd etmişdir: "...dahi Üzeyir bəy Hacıbəyovun xatirəsi qarşısında baş əyirəm. Bütün Azərbaycan xalqı bu gün Üzeyir Hacıbəyovun xatirəsi qarşısında baş əyir. Mən onun xatirəsinə hörmət və ehtiramımı bildirərək, bu gün bir daha xalqımızı birliyə dəvət edirəm. Üzeyir Hacıbəyov irsinin yaşaması naminə, mədəniyyətimizin, mənəviyyatımızın yaşaması naminə sizin hamınızı şücaətə, qəhrəmanlığa, vətənpərvərliyə dəvət edirəm”.

 

Unudulmaz siyasi və dövlət xadimi Heydər Əliyevin doğum günü ərəfəsində bir daha onun Üzeyir bəy Hacıbəyliyə olan münasibətini vərəqləməyi özümüzə borc bildik. Çünki böyük insanlar heç zaman ölmürlər. Onlar gözəl əməlləri ilə tarixdə, yaddaşlarda əbədi yaşayırlar.

 

Dahi Üzeyir bəy Hacıbəyli hələ 1910-cu ildə özünün nəşr etdiyi "Həqiqət” qəzetində belə yazırdı: "Bəşəriyyət tarixində elə şəxslər var ki, onlar özləri üçün anadan olmayıblar, bəlkə bütün xalqa və hətta ümuminsaniyyətə xeyir gətirmək və tərəqqisinə səbəb olmaq üçün yaranıblar. Bu cür adamlar nəinki sağlığında, bəlkə öləndən sonra da camaata mənfəət verirlər”.

 

Böyük fəhmlə, dahiyanə deyilmiş bu kəlamlar həm ümummilli lider Heydər Əliyevə, həm də elə dahi sənətkarımız Üzeyir bəy Hacıbəylinin özünə şamil edilməlidir.

 

Bəli, bu böyük insanlar dünyalarını dəyişdikdən sonra da öz əməlləri ilə doğma vətənə, sevimli xalqımıza uğur və şərəf gətirirlər. Belə dahiləri olan millət böyükdür, xoşbəxtdir, yenilməzdir.

 

Səadət QARABAĞLI,

üzeyirbəyşünas

Kaspi  2017.- 15 iyun.- S.6.