Möhtəşəm
Qayıdış
Cavanşir FEYZİYEV
Millət vəkili
Dövrümüzün ictimai-siyasi reallıqları,
geopolitik məkanda baş verən dəyişikliklər və
bütün bu təlatümlərin fövqündə dayanan
müasir milli dövlətçiliyimizin mükəmməl
bir məntiqdən - Heydər Əliyev zəkasından
yoğrulduğunu bir daha sübut edir.
Ötən
hər il Heydər Əliyev
dühasının böyüklüyünü, möhtəşəmliyini
bir daha üzə çıxarır. Zaman Heydər
Əliyevin siyasi baxışlarına daha dərin məna
qazandırır, onun Vətənimizin indisinə və gələcəyinə
çox möhkəm tellərlə bağlı olduğunu
daha aydın göstərir.
Dünya tarixinin ən həyəcanlı
epizodlarını göz önünə gətirərək
Heydər Əliyevin hakimiyyətə
qayıdışını təbii və qanunauyğun hal
kimi dəyərləndirmək olar. Çünki
bütün xalqların tarixində ən ağır sınaq
qarşısında birləşmək və təhlükəyə
qarşı özünün ən böyük
gücünü ortaya qoymaq instinkti vardır. Bir qayda olaraq, qarşısının alınması
mümkün görünməyən real təhlükə ərəfəsində
bu instinkt siyasi baxışlarından asılı olmayaraq cəmiyyətin
bütün təbəqələrini yeganə ümid ətrafında
birləşmək üçün sonuncu cəhdə səfərbər
edir. Yenə də bir qayda olaraq, yeganə
ümid rolunda toplumun ən müdrik şəxsiyyəti
çıxış edir və cəmiyyətin bir müdrik
şəxs ətrafında kütləvi səfərbərliyi
həlledici gücə çevrilir.
Belə bir monolit güc o zamanadək qeyri-mümkün
görünən bütün sədləri aşır,
çıxılmazlıqdan çıxış yolları
tapır, cəmiyyətin və dövlətin
varlığını təhdid edən ən böyük təhlükəni
bir an içində böyük məsafəyə
uzaqlaşdıra bilir. Dünya tarixində buna bənzər bir sıra ibrətamiz
hadisələr var. Məsələn, birinci dünya
müharibəsində didilib parçalanmış və
tamamilə məhv olmaq təhlükəsi
qarşısında dayanan Türkiyə ən çətin
sınaq məqamında öz ümidini türk
dünyasının böyük şəxsiyyəti Mustafa
Kamal Atatürkün zəkasına və məharətinə
bağladı və məhz onun şəxsiyyəti üzərində
səfərbər olan ümummilli mübarizə əzmi
Türkiyəni qələbəyə apardı.
İkinci dünya müharibəsində ingilis
xalqının alman faşizminə qarşı mübarizə
ruhu Uinston Çörçilin şəxsiyyəti üzərində
öz təcəssümünü tapdı. Yenə də
İkinci dünya müharibəsində işğal
altında olan Fransada fransız xalqının azadlıq
mübarizəsinin nüvəsində Şarl de Qoll şəxsiyyəti
dayandı.
1990-cı illərin əvvəllərində Azərbaycanda
yaranmış hərbi- siyasi vəziyyət
sadaladığım hadisələrdən daha gərgin və
daha təhlükəli idi. Zaman da dəyişmişdi.
Mürəkkəb siyasi texnologiyaların təşəkkül
tapdığı, ifrat dərəcədə
differensiallaşmış çoxqütblü qlobal siyasi məkanda
hadisələrin axarını istənilən səmtə
yönəltmək artıq o qədər də asan deyildi.
Belə bir mürəkkəb vəziyyətdə
ölkəmizdə xalqın azadlığını və
dövlətin müstəqilliyini qoruyub saxlamaq missiyası
Heydər Əliyevə nəsib oldu. Bu
dövrün mürəkkəbliyi ondan ibarət idi ki,
dünyanın təşkil olunduğu iki qütblü qlobal
siyasi sistem özü dağılmışdı. Bu dağıntılar içərisində
xalqların öz azadlığına qovuşmaq və öz
dövlət müstəqilliyini əldə etmək
arzularıyla o zamanadək dünya siyasətində
aparıcı rol oynayan güc sahiblərinin məqsədləri
bir-birinə tərs mütənasib idi. Böyük
güc sahibləri üçün dünya siyasi xəritəsində
çoxsaylı xırda dövlətlərin meydana gəlməsi
və onlarla ayrı-ayrılıqda işbirliyi qurmaq və ya
mübarizə aparmaq məcburiyyətində qalması
böyük dövlətlərin marağında deyildi.
Bir tərəfdən, xalqların azadlıq ideallarını,
onların müstəqilliyə qovuşmaq arzularını təqdir
edərək onların demokratik dünya birliyinə can
atmasını alqışlasalar da, digər tərəfdən
gündən-günə sayı çoxalan milli dövlətləri
öz təsir dairələrində saxlamağın çətin
olacağını bilərək böyük dövlətlər
bu prosesləri dəstəkləməyə o qədər də
tələsmirdilər. Digər tərəfdən,
sovet imperiyası hələ özünün dağılma
prosesinin içində ikən özündən qopan milli
dövlətin yenidən hansı yolla itaət altına
salınmasının yollarını
düşünürdülər. Bu məqsədini
heç olmasa gələcəkdə həyata keçirmək
üçün son nəfəsində olan imperiya müstəqilliyə
qovuşmaq arzusunda və ərəfəsində olan gənc
milli dövlətlər arasında süni ziddiyyətlər
yaradır, onları imperiyadan asılı saxlaya biləcək
bütün ipləri əlində saxlamağa
çalışırdı. Bu ziddiyyətlər
özünü SSRİ-nin bütün periferiyasında
baş verən lokal müharibələr şəklində
göstərirdi. Sovet imperiyasının
perifieriyasında yenicə yaranmaqda olan milli dövlətlərdə
imperiya siyasətinin bütün bu incəliklərini anlayacaq
qədər zəngin təcrübə, dərin siyasi
düşüncə və siyasi iradə sahibləri isə
çox az idi.
Moldovada,
Gürcüstanda, Qazaxıstanda və Baltikyanı ölkələrdə
baş verən hadisələrlə yanaşı, Azərbaycanda
cərəyan edən dərin hərbi-siyasi böhran daha
mürəkkəb, daha çoxgedişli və müstəqilliyimizi
önləmək baxımından daha təhlükəli idi.
Dağlıq Qarabağ ərazisinin tamamilə itirilməsi, ətraf
rayonların mühasirə şəraitində hər cür
kömək göstərilməkdən məhrum olduğu bir
şəraitdə, xarici qüvvələr tərəfindən
ölkənin müxtəlif hissələrində
separatçılıq fəaliyyətinin
qızışdırılması və dəstəklənməsi,
qeyri-müəyyənlik məngənəsində imperiya cəsuslarının
ölkəni vətəndaş müharibəsinə
sürükləməsi Azərbaycan dövlətçiliyinin
mövcudluğunu ciddi sual altına qoymuşdu.
Məhz belə bir təhlükə qarşısında
bütün xalq və eləcə də bir-birinə kəskin
müxalifətdə dayanan siyasi qüvvələr nəzərlərini
xalqın yetişdirdiyi ən müdrik şəxsiyyətə
- Heydər Əliyevə yönəltdilər. Xaosun
miqyasından dəhşətə gələn və
xalqın yekdil tələbi qarşısında başqa
çıxış yolu qalmayan o zamankı hakimiyyət
israrla Heydər Əliyevi hakimiyyətə dəvət edərək
daşıya bilmədikləri yükün məsuliyyətindən
yaxalarını qurtarmaq üçün hakimiyyəti
buraxıb qaçdılar.
Beləliklə,
möhtəşəm Qayıdış baş verdi.
Əslində, 1993-cü ildə ümummilli
lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsi
bir qədər gecikmiş qayıdış oldu.
İdeal vəziyyət o ola bilərdi ki,
Heydər Əliyev sovet hökumətində tutduğu yüksək
vəzifədən istefa verdiyi an Azərbaycan hakimiyyəti tərəfindən
milli siyasətə - müstəqil Azərbaycan dövlətinin
quruculuq proseslərinə cəlb olunardı. Təəssüf
ki, o zamankı Azərbaycan hakimiyyəti həmin dövrdə
dünya siyasətinin nəhəng simalarından biri hesab
olunan Heydər Əliyevin hadisələrə lap
başlanğıcında ikən müdaxilə etməsinə
şərait yaratmadılar. Əksinə,
siyasət nəhəngi Heydər Əliyevin Azərbaycanda
aktiv siyasətə qayıtmasına əngəllər törətmək
fikrinə düşdülər.
Lakin hadisələrin sonrakı gedişi onu göstərdi
ki, belə bir mürəkkəb hərbi-siyasi şəraitdə
hadisələri idarə etmək və ən
başlıcası, Azərbaycanın yenicə bərpa
olunmuş müstəqilliyini qoruyub saxlamaq xalqı birləşdirəcək
yeganə şəxsiyyət Heydər Əliyevsiz
mümkün olmayacaq. Məhz bunun dərk olunduğu bir zamanda
ölkənin müxtəlif hissələrə parçalanaraq
öz dövlətçiliyini itirmək təhlükəsi
qarşısında Azərbaycan xalqı yekdil şəkildə
Heydər Əliyev şəxsiyyəti ətrafında birləşdi.
O zamankı hakimiyyətin Heydər Əliyevi Bakıya dəvət
edib siyasi hakimiyyəti ona təhvil verməkdən başqa
yolu qalmadı.
Bu prosesin özü də rahat keçmədi. Heydər
Əliyevin qayıdışından sonra onun hakimiyyətinə
qarşı xarici və daxili qüvvələr tərəfindən
törədilən təxribatlar, planlaşdırılan sui-qəsdlər
diqqəti yayındırır, gərginlik vəziyyətini
aradan qaldırmağa və ölkəni kritik vəziyyətə
salan səbəblərin çözülməsinə ciddi
maneə yaradırdı. Bütün
bunlara baxmayaraq, Heydər Əliyev zəkası Azərbaycanın
müstəqilliyinə qarşı yönəlmiş xarici və
daxili təzyiqlərin, hərbi müdaxilənin
qarşısını ala bildi. Xalq da məhz
bunu gözləyirdi və buna inanırdı.
Bu inamı yaradan Heydər Əliyevin Azərbaycan
xalqının gözləri qarşısında keçən
həyatı və fəaliyyəti olmuşdu. Hələ
1969-cu ildə Heydər Əliyev Azərbaycanda hakimiyyətə
gələnə qədər Azərbaycan Sovet
İttifaqının tənəzzül içində
boğulan geridə qalmış əyalətlərindən
biri idi. Həmin ildən başlayaraq Azərbaycana rəhbərlik
edən Heydər Əliyevin fəaliyyəti nəticəsində
cəmi on il ərzində ölkə
iqtisadi, mədəni, sosial inkişafına görə
İttifaq daxilində ən yüksək pilləyə qalxa
bildi. Məhz o dövrdə İttifaq çərçivəsində
olsa da Azərbaycanın milli dövlətçilik
strukturlarının təşəkkül tapması, Azərbaycan
vətəndaşının sovetlər birliyi çərçivəsində
yüksək mədəni, intellektual potensiala yiyələnməsi
baş tuturdu.
Bütün bunları zamanında həyata keçirən
Heydər Əliyevin siyasi təcrübəsi yeni və
çox mürəkkəb bir şəraitdə Azərbaycanı
sonrakı inkişaf yoluna düzgün istiqamətləndirmək
üçün kifayət qədər zəngin potensial
yaratmışdı. Həmin dövrdə Azərbaycan
xalqının və dövlətinin mövqeyini
doğru-düzgün müəyyənləşdirib ortaya qoymaq
və bunu lazımi şəkildə dünya birliyinin diqqətinə
təqdim etmək və dünya dövlətlərinin
yaranmaqda olan Azərbaycan dövlətçiliyinə dəstəyini
təmin etmək başlıca vəzifə idi.
Belə
bir vəzifənin öhdəsindən ancaq Heydər Əliyev
gələ bilərdi və 1993-cü ildə Heydər
Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan
xalqına bu nadir fürsəti verdi. Bu imkandan məharətlə, zərgər dəqiqliyi
ilə istifadə edən Heydər Əliyev bu vəzifənin
öhdəsindən layiqincə gəldi. O, qısa bir
müddət ərzində atəşkəsin əldə
olunmasına, qüvvələrin səfərbər edilməsi
üçün zəruri olan təşkilatlanma fəaliyyətinin
həyata keçirilməsinə, iqtisadi tənəzzülün
dayandırılmasına və ölkənin davamlı
inkişafına yol açan sabitliyin təmin edilməsinə
nail oldu.
Böyük siyasi mütəfəkkir kimi, Heydər
Əliyevin keçdiyi həyat yolu və bütöv bir
xalqın gələcəyini müəyyən edən
uğurlu siyasi kursunun kökündə dayanan səbəblər
haqqında çoxsaylı dəyərli əsərlər
yazılır.
Bu araşdırmalarda Heydər Əliyev yeni
tarixdə xalqımızın yetişdirdiyi ən
böyük düha sahibi kimi xarakterizə olunur və bu,
şəksizdir. Lakin Heydər Əliyev
şəxsiyyətinə təkcə Azərbaycan kontekstində
deyil, daha geniş miqyasda - XX əsrin qlobal siyasi aynasında
baxmaq, dünya siyasətinin formalaşmasında mühüm
rol oynamış siyasi xadimlərlə bir sırada nəzər
salmaq onun siyasi portretini daha önəmli cizgilərlə zənginləşdirmiş
olar.
Məhz bu rakursda biz Heydər Əliyevi bütün
ömrü boyu müasir dünya siyasətinin qaynar məkanında,
onun yaradıcıları və yönləndiricilərinin
ön sıralarında görürük. Xüsusən, sovet
dövrünün son illərində, kommunist
ideologiyasının tənəzzülü fonunda
yürüdülən Qorbaçov siyasətinə
qarşı çıxması və heç kim
tərəfindən anlaşılmayan qeyri-müəyyən
bir siyasəti dəstəkləməkdən imtina etməsi
onu dövrün pozitiv siyasi perspektivlərini düzgün
müəyyən edə bilən yeganə sovet siyasətçisi
kimi tanıdır.
Hadisələrin sonrakı inkişafı da göstərdi
ki, sovet liderləri arasında postsovet məkanında müstəqilləşmə
epoxasının zərurətlərini duyan və siyasətdə
yeni yolun trayektoriyasını dəqiqliklə cıza bilən,
yeni dövrün qüsursuz siyasi-ideoloji kursunu ərsəyə
gətirən yeganə siyasətçi məhz Heydər
Əliyev oldu.
Məhz bu baxımdan, öz dövrünün ən
xarizmatik dövlət xadimi və ən praqmatik siyasətçisi
kimi tanınan Heydər Əliyev ümumbəşəri dəyərlərin
daşıyıcısı missiyasına yüksələn
universal şəxsiyyət kimi regionun coğrafi sərhədlərinə
sığmayaraq ümumdünya kontekstinə
çıxır.
Heydər Əliyevin siyasi fəaliyyəti, əsasən,
XX əsrin ikinci yarısı ilə bağlıdır. Bütövlükdə, XX əsr
bəşər tarixində bir çox təlatümlü
hadisələrin baş verdiyi, iki dünya müharibəsinin
od ələdiyi, çoxsaylı milli dövlətlərin
meydana gəldiyi, siyasi və iqtisadi böhranların
qaçılmaz olduğu və eyni zamanda, dünya
inkişafına təkan verən proseslərin
yaşandığı qlobal ziddiyyətlərlə dolu
dramatik yüzillik kimi tarixə düşdü. Baş verən bütün bu proseslər
dünyanın bugünkü mənzərəsini ərsəyə
gətirməklə yanaşı həm də siyasətdə
aparıcı şəxsiyyətlərin dövlətlərin
və bütövlükdə bəşəriyyətin
taleyində nə qədər önəmli rol
oynadığını göstərdi.
Məhz buna görə Azərbaycanın üzləşdiyi
təcavüz və ermənilər tərəfindən milli
ayrı-seçkilik zəminində etnik təmizləmə
siyasəti artıq sadəcə milli təhlükəsizliyimizi
deyil, eyni zamanda, bəşəri dəyərləri təhdid
edən, beynəlxalq hüquqa zidd olan təhlükəli
tendensiya xarakteri almışdı. Belə bir məqamda
erməni faşizminə qarşı ümummilli cəbhəni
formalaşdıra bilməsi məhz Heydər Əliyev şəxsiyyətinin
qüdrəti idi. Xüsusilə,
1994-cü ilin aprelində düşmən
hücumlarının kəskinləşdiyi məqamda Heydər
Əliyevin xalqa müraciətini xatırlamaq yerinə
düşər. Ağdam, Tərtər, Füzuli
rayonları istiqamətində erməni qoşun birləşmələrinin
aramsız hücumlarını dəf etmək ümummilli səfərbərliyin
ən yüksək şəkildə təşkili zərurətini
yaratmışdı. Belə bir anda Heydər
Əliyevin soyuqqanlı və bir o qədər də qətiyyətli,
xalqın vətənpərvərlik hisslərini
alovlandıran müraciətindən sonra qısa zaman ərzində
cəbhədə əhəmiyyətli dönüş
yarandı, düşmən tapdağında olan bir neçə
qəsəbə və kəndlərimiz işğaldan azad
olundu. Cəbhədə yaranan
dönüş tez bir zamanda düşməni atəşkəs
sazişi imzalamağa məcbur etdi. Məhz
bu tarixdən başlayaraq, Azərbaycanda daha sistemli və vahid
mərkəzdən idarə olunan ordu quruculuğuna start
verildi.
Zaman-zaman
Azərbaycan dövlətçiliyinə qarşı qəsdlərin,
dövlət çevrilişi cəhdlərinin müstəqilliyimizin
və gənc dövlətimizin məhv olması təhlükəsini
ortaya çıxardığı anlarda Heydər Əliyevin
fövqəladə çevikliklə öz qətiyyətli
mövqeyini birbaşa xalqa ünvanlaması və bir anda
bütün xalqı təhlükəyə qarşı birləşdirməyə
nail ola bilməsi də onun siyasi cəsarətinin və xalqla
rəhbər arasında qarşılıqlı inamın nadir
nümunəsidir.
Heydər Əliyev şəxsiyyətinin özünəməxsusluğu
da xüsusi əhəmiyyət kəsb edir. O, bir çox siyasətçi
müasirlərindən fərqli olaraq təkcə öz
dövrünün deyil, daha geniş zaman çərçivəsində
baş verən ictimai-siyasi proseslərin axarını müəyyən
edə bilən güclü siyasi iradə sahibi, yeni dünya
tarixinin rasional siyasətçisi, uzaqgörən bir dövlət
xadimidir. Heydər Əliyev təkcə Gələcəyi
görmür, həm də o Gələcəyi
yaradırdı: Sabaha doğru gedən yolu açır və
insanları o yolla getməyə səfərbər edirdi.
Bütün siyasi karyerası boyunca Heydər Əliyevə
qarşı qısqanc münasibətin, zaman-zaman edilən xəyanətlərin
kökündə də məhz onun öz zəhməti ilə
qazandığı böyük nüfuzun “təhlükəsi”
dayanırdı. SSRİ-nin sonuncu rəhbəri olmuş
Mixail Qorbaçovun Heydər Əliyevə qarşı qərəzli
münasibəti bunun bariz nümunəsidir. Malik
olduğu keyfiyyətlərlə tutduğu siyasi vəzifənin
məsuliyyəti arasında dərin uçurum olan bu şəxsin
parlaq zəkaya malik bir şəxsiyyətə - Heydər
Əliyevə qarşı qərəzli münasibəti də
məhz o “təhlükə” nin duyğusundan
qaynaqlanırdı.
Nahaq yerə
deyilmir ki, zaman tarix boyunca əsl həqiqətləri üzə
çıxaran, kimin kim olduğunu tam
çılpaqlığı ilə göstərən ən
dürüst mizan-tərəzidir. Tarixin üzə
çıxardığı ədalət və reallıq isə
bundan ibarətdir: Qorbaçov öz adını tarixə
böyük bir dövləti dağıdan, əli qana
bulaşmış cinayətkar bir şəxs kimi, Heydər
Əliyev isə Azərbaycan adlı məmləkəti yenidən
quran, onun müstəqilliyini əbədi və sarsılmaz edən
şəxsiyyət kimi yazdırdı. Bu da tarixin mizan-tərəzisi!
Sovet İttifaqının süqutundan sonra müstəqilliyini
bərpa edən dövlətlərin bugünkü
siyasi-iqtisadi durumu, regional və qlobal miqyasda tutduqları yer həmin
dövlətlərə rəhbərlik etmiş şəxslərin
seçdikləri siyasi xətlə birbaşa
bağlıdır. Bunu post-sovet ölkələrinin
keçmiş rəhbərlərinin fəaliyyətinə və
həmin ölkələrin bugünkü siyasi-iqtisadi durumuna
nəzər saldıqda daha aydın görmək
mümkündür. Belə bir müqayisədə
də Heydər Əliyev siyasəti öz möhtəşəmliyi
ilə üzə çıxır. Həm
də bir faktı nəzərdən qaçırmaq olmaz ki,
Azərbaycanın yerləşdiyi geopolitik məkan digər
postsovet ölkələrindən öz mürəkkəbliyi
və həssaslığı ilə fərqlənir.
Heydər Əliyevdən başqa vaxtilə Sovet siyasi
bürosunun tərkibində olmuş bütün siyasətçilərin
adlarını Əlahəzrət Tarix qısa müddət ərzində
yaddaşlardan sildi. Onlardan heç birinin siyasi irsi və
siyasi kursu yeni, müstəqil bir dövlətin həyat yoluna
çevrilmədi. Dünya
inkişafının perspektivini aydın görən, ona
doğru addımlayan və ölkəsini, xalqını ona
doğru istiqamətləndirən Heydər Əliyevin
uzaqgörən siyasəti isə müasir Azərbaycanın
dünya birliyinə təbii inteqrasiyasını təmin edərək
onun müstəqilliyini əbədi və dönməz etdi.
Bu siyasət, hər şeydən əvvəl uzunmüddətli
sabitliyin bərqərar olunmasına yönəlmişdir. Bu siyasət
zaman çərçivəsi ilə məhdudlaşmır -
gələcəyə hədəflənmişdir. Bu siyasət geopolitik maraqları toqquşdurmur, əksinə,
həmin maraqların Azərbaycanın milli mənafeləri ilə
uzlaşan ideal harmoniyasını yaradır. Məhz bu siyasət hələ uzun illər Azərbaycanın
daxili və xarici siyasət doktrinasının özəyini,
milli inkişafımızın təməlini təşkil edəcəkdir.
Məhz bu cəhətləri Heydər Əliyev
siyasətini qlobal siyasət səviyyəsinə yüksəldir
və onun özünü isə dünya miqyaslı şəxsiyyətə
çevirir.
Heydər Əliyev Azərbaycan xalqının
rifahını, milli dövlətçiliyimizin daha da güclənməsini
hər şeydən üstün tutan vətənpərvər
lider idi. Xüsusilə, ömrünün son on ilində Heydər
Əliyevin fəaliyyəti hətta bir insan ömrünə
sığmayacaq qədər zəngin oldu. Xarici ölkələrə etdiyi davamlı səfərlərlə,
daxili və xarici siyasətimizin dayaqlarını yaratmaqla,
ümumən, bütün ölkənin yenidən
qurulmasına rəhbərlik etməklə, Heydər Əliyev
Yeni Azərbaycanın əsasını qoydu. İstənilən
xarakterli böhrandan sabitliyə keçidin uzunmüddətli
və ağrılı proses olduğu şübhəsizdir. Heydər Əliyevin siyasi dühasının
böyüklüyü isə onda idi ki, uzaqgörən siyasi
gedişləri ilə bugünkü sürətli
inkişafımızın kökündə dayanan sabitliyi
qısa zaman kəsiyində bərqərar etməyə nail
oldu.
Gərgin
iş rejiminin səhhətində problemlər yaratmasına
baxmayaraq, Azərbaycan uğrunda yorulmaz fəaliyyətini bir an belə dayandırmadı. Yalnız
Heydər Əliyevin güclü qətiyyəti, ölkəmizin
maraqlarına xələl gətirə biləcək məsələlərdə
tutduğu prinsipial mövqeyi Azərbaycana beynəlxalq miqyasda
yanaşmanı dəyişdi. Məhz onun
yorulmaz səyləri nəticəsində Azərbaycan
konservativ, tipik postsovet ölkəsi kimi deyil, beynəlxalq və
regional müstəvidə sabit və davamlı inkişaf vəd
edən bərabərhüquqlu tərəfdaş kimi
tanınmağa başladı.
Heydər Əliyevin Azərbaycan xalqı
qarşısında xidmətləri, regionda sabitliyin bərqərar
olunmasında oynadığı rol bir çox
tanınmış dövlət adamları tərəfindən
də aydın şəkildə ifadə olunmuş və
yüksək qiymətləndirilmişdir. ABŞ-ın keçmiş
Prezidenti Corc Buş onun haqqında deyirdi: “Heydər Əliyev Cənubi
Qafqazda uzun müddət ərzində ən əsas şəxsiyyət
olmuşdur. Onun mövqeyi və göstərdiyi
səylər Azərbaycanın iqtisadi inkişafını
möhkəmləndirən böyük həcmli xarici sərmayələrin
cəlb olunmasında əsas rol oynamışdır. Bu nailiyyətlər milyonlarla azərbaycanlının
həyatını yaxşılaşdırmış və Azərbaycanın
XXI əsrə müasir dövlət kimi daxil olmasına şərait
yaratmışdır”. Bu fikirlər Heydər
Əliyev tərəfindən yürüdülən siyasətin
ölkə daxilində sabitliyə və iqtisadi inkişafa təkan
verdiyini ifadə etməklə yanaşı, həm də onun
bütövlükdə regional müstəvidə
sülhyaradıcı və qlobal inteqrasiyaya yol açan fəaliyyətinin
əhəmiyyətini bir daha təsdiqləyir.
Böyük
Britaniyanın keçmiş Baş naziri Toni Bleyer də Heydər
Əliyev haqqında fikirlərini bölüşərkən
sabitlik faktorunu xüsusilə vurğulayır: “Heydər
Əliyev Azərbaycanın böyük lideri idi. O,
böhranlar dövründə öz ölkəsinə sabitlik
gətirdi. Azərbaycan xalqı onun qoyduğu
irs ilə fəxr edə bilər”.
Türkiyə
Prezidenti Rəcəb Tayyib Ərdoğan Heydər Əliyev
şəxsiyyətinə Azərbaycan, region və
ümumdünya kontekstində yanaşaraq bildirir: “Heydər
Əliyev Azərbaycanın xoşbəxtliyi və
firavanlığı, bölgədə və dünyada
sülh naminə göstərdiyi fövqəladə xidmətlərlə
türk və dünya tarixində şərəfli yer
tutmuşdur.” Doğrudan da, Heydər Əliyev
öz xalqının tarixi köklərinə bağlı olan
elə bir şəxsiyyətdir ki, o, bütün siyasi fəaliyyəti
ərzində türk dünyasının birliyinə,
bütövləşməsinə və vahid güc mərkəzinə
çevrilməsinə böyük inam bəsləmiş və
bu prosesin davamlı inkişafına
çalışmışdır.
Son 25 il ərzində
Azərbaycanın həm beynəlxalq siyasətdə və həm
də ölkənin iqtisadi, mədəni, sosial və humanitar
inkişafında əldə etdiyi nailiyyətlər həmin
dövrdə Heydər Əliyev tərəfindən atılan
addımların yeganə düzgün çıxış
yolu və bu yolun da ən uğurlu yol olduğunu göstərir.
Bu gün Azərbaycan qlobal siyasətdə
öz müstəqil siyasətini yeridən, bütün
istiqamətlərdə öz xalqının milli
maraqlarını təmin edə bilən müasir tipli mükəmməl
bir dövlətdir. Bu dövlətin izlədiyi
siyasi kurs məhz 1993-cü ildə Heydər Əliyev tərəfindən
təməli qoyulmuş siyasi kursun - dövlət müstəqilliyimizin
əbədiliyi və dönməzliyi kursunun davamıdır.
Heydər Əliyev şəxsiyyəti o qədər zəngindir
ki, istənilən aspektdən yanaşdıqda onun intəhasız
fəaliyyətinin geniş okeanına çıxa bilirsən. Öyrənildikcə
öyrənilən, heç zaman tükənməyən Heydər
Əliyev irsi, onu müasiri olduğu digər dünya siyasətçilərindən
fərqləndirən siyasi dühası, onun yaradıcı zəkası
hələ uzun illər çoxtərəfli araşdırmaların
mövzusu olacaq. Bu şəxsiyyətin
tarixdə oynadığı əhəmiyyətli rol həmişə
daha dərin və daha geniş məzmunda, daha konseptual şəkildə
açılacaq. Amma bir həqiqət heç zaman dəyişməyəcək:
Heydər Əliyev müasir Azərbaycanın qurucusu olmaqla
yanaşı, tərəqqi və ədalət, sülhpərvərlik
və humanizm ideyalarına, bəşəri dəyərlərə
əsaslanan geniş spektrli fəaliyyəti ilə bəşər
tarixinin yetişdiriyi nadir şəxsiyyətlərdəndir.
Heydər Əliyevin adı qələbə simvoludur. O, özünün bütün yaş dövrlərində öz zəkası və əməksevərliyi ilə içərisində olduğu cəmiyyətin ön sıralarında addımlayan, həmin cəmiyyətin qayğı və ehtiyaclarına həssaslıqla yanaşıb, cəmiyyət qarşısına çıxan problemlərin həllini öz üzərinə götürən fədakar bir Lider idi. Bu fədakarlıq onun öz xalqına olan məhəbbətindən və öz dövlətini və xalqını həmişə qaliblər sırasında görmək arzusundan irəli gəlirdi. Onun həyat missiyası məhz bu qalibiyyəti təmin etməkdən ibarət idi.
Zamanın sınaq anında Heydər Əliyev bu missiyanı şərəflə və ləyaqətlə yerinə yetirdi. Məhz onun sayəsində bu gün dövlətimizin müstəqilliyi dönməz və sarsılmazdır. Ümummilli lider Heydər Əliyevin Şəxsiyyət obrazı isə Azərbaycanın əbədi Qələbə simvoludur.
Kaspi 2017.- 15 iyun.- S.5.