Vüsal Mehrəliyev: “Teatr həmişə yeni söz deməyə hazırdır”

 

Dövlət Gənc Tamaşaçılar Teatrının gənc  və sevilən aktyoru Vüsal Mehrəliyev Moskvada Boris Şukin adına Teatr İnstitutunda təhsil alır. Aktyor təhsil müəssisəsinin "teatr rejissorluğu” fakültəsində öz biliklərini daha da təkmilləşdirir. Açığı onun yeri hələ də Gənc Tamaşaçılar Teatrında görünür. Biz onun bu səhnədə tamaşalardakı rolları üçün darıxmışıq. Bəzən də hazırlanan yeni tamaşaların məşq proseslərində onun xareoqraf kimi aktyorlara məsləhətlər və göstərişlər verdiyinin şahidi olmuşam.  Qısası, kollektivin sevimlisi olan Vüsal Mehrəliyevin teatrda və sənət aləmində yoxluğu çox hiss edilir. Çünki onun öz dəsti xətti və səhnədə oyun tərzi var. Bizaktyorun axtarışına çıxdıq, səsi Moskvadan eşidilən V.Mehrəliyevlə müasir texnologiyanın bizə yaratdığı şəraitdən yararlanaraq əlaqə saxladıq. Gələn ay vətənə gələcəyini deyən aktyor hazırda rejissorluğun sirlərinə yiyələnir. Deyir ki, aktyorrejissor olmaq üçü təhsil mütləqdir. Beləliklə, suallarımızı cavablandırır Vüsal Mehrəliyev.

 

- Bir ildir ki, Bakıda yoxsunuz. Buralar sizin üçün darıxır.

- Gələn ay inşallah vətənimə gələcəm. Açığı mən darıxmışam.

 

- Moskvada təhsil alırsız. İstərdik ki, oradakı təhsil prosesi ilə bizi tanış edəsiniz.

- Bir ildir ki, Moskva şəhərində Boris Şukin adına Teatr İnstitutda əyani şəkildə rejissor təhsili alıram. Burada  tələbələrə keçirilən dərslər çox maraqlıdır, həm faydalıdır. Biz bu dərs prosesindən çox şey öyrənirik. Bu İnstitutda peşəkar müəllimlər dərs keçir. Boris Şukin adına Teatr İnstitutun öz yolu sistemi var. Burada  Vaxtanqov sistemi hələ qüvvədədir. Bu məktəbin özünün ənənələri var həmin ənənələrə uyğun dərs sistemi mövcuddur. Əslində bu sistem məni qane edir. Ümumiyyətlə hər bir sistem maraqlıdır. Hər birinin öz yeri var. Burada təhsil aldığım üçün özümü şanslı hesab edirəm. Bunun üçün ilk növbədə mənə burada yaratdıqları şəraitə görə Mədəniyyət Turizm nazirliyinə, onunla bərabər Teatrımızın direktoru Mübariz Həmidova təşəkkürümü bildirirəm. Burada aldığım təhsildə onların çox böyük dəstəyi var.  Mən burada dövlət hesabına təhsil alıram. Belə ki, təhsil haqqım, qaldığım yer digər xərcləri məhz bizim dövlətimiz tərəfindən ödənir.

 

- Bu tədris ocağında kimlərdən dərs alırsınız?

- Bədii kurs rəhbərimiz Mixayıl Borisoviç Borisovdur. Tanınmış rejissorlar teatr camesinin nümayəndələri bu İnstitutda dərs deyir.

 

- Bəs, tələbələr hansı ölkələrin nümayəndələridir?

- Dünyanın müxtəlif ölkələrindən bu təhsil ocağına gələn tələbələr var. Belə ki, Amerikadan, Yaponiyadan, Avropa ölkələrindən, Türkiyədən, Yunanıstandan digər ölkələrdən. Biz onlarla birgə təhsil alırıq. Hər bir tələbə bu məktəbdə  öz teatr ənənəsi ilə seçilir. İnstitutda müxtəlif teatr studiyaları var biz Azərbaycan studiyası olaraq fəaliyyət göstəririk. Bizdən əlavə İnstitutda Rus, Qafqaz, Dağıstan digər millətlərin studiyaları mövcuddur.

 

- Azərbaycan studiyasında neçə tələbə təhsil alır?

- Biz burda 11 nəfərik. Onların 2 si rejissor, 9-u isə aktyorluq fakültəsində təhsil alır. Bizi Azərbaycanda seçib göndəriblər. Biz ikinci kursun sonundan tamaşalardan parçalar hazırlamağa başlayacağıq.

 

- Hazırlanacaq olan tamaşalar arasında bizim dramaturqların əsərləri yer alacaqmı?

- Əlbəttə. Biz burada öz müəllimlərimizə Azərbaycan dramaturqlarının əsərlərini təqdim etmişik. Belə ki, Mirzə Fətəli Axundzadədən başlayaraq müasir yazarlarımız Anara, Elçinə qədər, onların əsərlərinin rus dilində tərcüməsini təqdim etmişik. Bizim müəllimlərimiz Azərbaycan dramaturqlarının əsərləri ilə tanışdırlar. Əlbəttə ki, burada hazırlanan tamaşaların içərisində Azərbaycan dramaturqlarının əsərləri  olacaq.

 

- Qeyd etdiniz ki. dünyanın müxtəlif ölkələrindən gələn tələbələrlə birlikdə təhsil alırsınız. Yəqin ki, onlar da öz teatr ənənələrini sizinlə bölüşüblər. Maraqlıdır Bu gün dünya  teatr camesində hansı proseslər gedir?

- Teatr həmişə cavandır, yenidir. İllər ötdükcə o da zəmanəyə addım atır, dəyişir müasirləşir. Azərbaycanda teatr prosesi necə gedirsə dünya teatr prosesində vəziyyət eynidir. Teatr həmişə yeni söz deməyə hazırdır. Dünya teatr proseslərində axtarışlar edilir. Yeniliklər tapılır, araşdırılır.  Ancaq sizə onu deyim ki, dünya teatrı bir qədər bizdən öndədir. Təbii ki, bizdə müəyyən  proseslər gedir. Teatrlarımız beynəlxalq festivallarda iştirak edir, dünyaya inteqrasiyası ildən ilə artır.  Dünyanın müxtəlif ölkələrindən Azərbaycana rejissorlar, aktyorlar gəlir. Teatrlar arasında mübadilələr baş verir. Aktyorların, rejissorların xaricdə təhsili, elə bizim burada təhsil almağımız dünya teatr prosesi ilə ayaqlaşmaq deməkdir.

 

- Sizcə xarici İnstitutlar rejissorlarımıza, aktyorlarımıza nələr verir? Yəni orada öyrənilənləri buradakı müəllimlərdən öyrənmək mümkündürmü?

- Burada keçirilən təhsili Azərbaycanda da almaq mümkündür. Çünki bizim özümüzün çox peşəkar müəllimlərimiz mütəxəssislərimiz var. Mən onların hamısına hörmətlə yanaşıram. Ancaq buradakı təhsil ayrı bir sistemdir. Bu yeni bir nəfəsdir. Azərbaycanda bu sistemə təhsil  verilmir. Mən bildiyim qədərilə bizdən əvvəl bu sistemlə təhsil verən olmayıb. Düzdür bu sistemdə təhsil alırsansa bu o demək deyil ki, sistem aktyora istedad bəxş edir. Sadəcə, bu, təhsil sisteminin bir metodudur.  Onlar tələbələrini bir başqa cür öyrədirlər. Bu gün Rusiyanın üzdə olan aktyorları Şukin adına İnstitutun tələbələridir. Rusların özləri bu İnstitutu

yüksək qiymətləndirirlər.

 

- Oradakı təhsildən, dostlarınızdan danışmışkən heç Gənc Tamaşaçılar Teatrında oynadığınız rollar üçün darıxırsınızmı?

- Əlbəttə. Gənc Tamaşaçılar Teatrında oynadığım obrazlar üçün darıxıram. Azərbaycanım, yaradıcı kollektivim, dostlarım, doğmalarım üçün darıxıram. Mən burda olsam da özümü hələ Gənc Tamaşaçılar Teatrının bir üzvü hesab edirəm. Çünki mən hələ orada çalışıram. Teatr bir ailədir biz onun üzvləriyik. Moskvada dostlarım, yaradıcı kollektivim, xüsusən   teatrınızın direktoru Mübariz müəllim baş rejissorumuz Bəhram Osmanov məni tək qoymur. Mütəmadi olaraq danışırıq. Burda özümü teatrdan kənar hiss etmirəm.

 

- Siz öz istedadınızla sübut etdiniz ki, təhsil almadan da istedadlı aktyor olmaq mümkündür. Sizcə belə bir təhsil almağa ehtiyac var idimi?

-  Təhsil aktyor üçün çox önəmlidir. Aktyor mütləq təhsil almalıdır. Təhsilsiz mümkün deyil. Aktyor bilməlidir ki, bu sənət haradan başlayır hara gedir. O qədər təhsil ocağına gedib, təhsil almayan tələbələr var ki... Aktyor sənəti elə bir sənət növüdür ki, burada təhsil mütləqdir. Mən Bakı Mədəni Maarif texnikumunda təhsil almışam. Təhsilmi   Gənc Tamaşaçılar Teatrında davam etdirmişəm. Teatrın özü bir məktəbdir. Burada müəllimlərim mənim haqqımda hansısa bir xoş söz deyəndə ilk növbədə teatrımıza minnətdarlığımı bildirirəm.

 

- Vüsal bəy, siz həm gözəl qiraətçisiniz. Ancaq tamaşaçılar sizin bu istedadınızdan o qədər məlumatlı deyil. Günah kimdədir?

- Mən qiraətçi deyiləm, aktyoram.  Heç zaman özümü qiraətçi hesab etməmişəm.  Düzdür tamaşaçılar bu barədə məlumatlı deyillər. Amma olsun. Mən heç zaman çalışmamışam ki, tamaşaçılar məni qiraətçi, aktyor kimi tanısınlar. Tanınmağa o qədər meylli biri deyiləm. Başımı aşağı salıb işimlə məşğul olmuşam. Əsas işdir. Bütün  enerjimi işimə verirəm. Teatra yeni gələn kadrlara da deyirəm ki, işləmək, işləmək yenə işləmək lazımdır. İş enerjidir, enerji isə heç vaxt itmir. Əgər sən tanınmalısansa, səni tanıyacaqlar. Bunun üçün artıq enerji sərf etməyə ehtiyac yoxdur. O enerjini sənətdə öz işimizdə xərcləsək daha yaxşı olar.

O ki, qaldı sualınızın cavabına yəqin ki, günahkar mənəm. Baxmayaraq ki, İctimai radioda hələ şerlərimi səsləndirirlər.

 

- Vüsal bəy, ölkənizə döndükdən sonra hansı layihələri həyata keçirmək istəyirsiniz?

- Ölkəmizə döndükdən sonra  yenidən var gücümlə işləməyə davam edəcəm. Yəqin ki, dövlətimizin bizimlə bağlı layihələri olacaq. Teatr sahəsində çalışan insan daim yenilik axtarışında olurbunu öz yaradıcılığında tətbiq etməyə çalışır.  Hazırda yeni pyeslər oxuyuruq, yeni üslublarla tanış oluruq. Bütün bunlar  yəqin ki öz bəhrəsini verəcək. Biz burada bacardığımız qədər yeniliklərlə tanış olmağa çalışırıq ki, vətənimizə qayıdanda teatrımız üçün nəsə yeni bir şey verə bilək. 

- İnşaallah, bu yolda sizə uğurlar arzu edirik.

 

 Xəyalə Rəis

Kaspi 2017.- 15 iyun.- S.11.