“Eyni millətə xidmət etməyin həyəcanını
yaşayırıq”
Səfir Erkan Özoral: “Kaş,
imkan ola, Türkiyə Cümhuriyyətinin hər bir vətəndaşı
gəlib Azərbaycanı ziyarət edə bilə...”
"Bizlər bir-birimizi çox yaxşı
tanıyır və sevirik. Hər ikimizin yeri bir-birimizin qəlbindədir. Bir-birimizə
ürəkdən bağlıyıq” - Türkiyənin Azərbaycandakı
fövqəladə və səlahiyyətli səfiri Erkan
Özoralın "Kaspi” qəzetinə müsahibəsində
söylədiyi bu fikirlər iki ölkə arasındakı
birliyin və ortaq dəyərlərimizi təbliğ etməyin
parlaq nümunəsi kimi səsləndi.
Öncüllük
verdiyim sahə - mədəniyyət
- Cənab səfir, siz Türkiyənin
Azərbaycandakı böyükelçisi təyin olunanda,
«Erkan Özoral ölkəmiz üçün yeni sima deyil» -
deyə mediada və sosial şəbəkələrdə
sevinclə paylaşımlar etdilər. Şübhə etmirik
ki, siz özünüz də xəbəri eyni sevinclə
qarşılamısınız. Bu
tanışlığın fəaliyyətinizə hansı təsiri
oldu?
- Azərbaycanı
tanımağımın mənə böyük faydası
oldu. Çünki bizim işimizdə ən çətin mərhələ
bir ölkəyə getdiyimiz zaman oranı öyrənmək,
oradakı insanlarla təmas yaratmaq və ondan sonra iş
qurmağa başlamaqdır. Ancaq mən Azərbaycanı
əvvəldən tanıdığım üçün bu
mənada böyük bir sıxıntı yaşamadım.
7 il əvvəl qoyub getdiyim yerdən vəzifəmə
davam etməyə başladım. Burda
keçmiş dostlarımla görüşdüm. Azərbaycan bizim ikinci vətənimiz olan ölkədir.
Ona görə də mən burada daha öncədən
çalışmağımın rahatlığını
yaşadım. Bu mənim işimi xeyli
asanlaşdırdı. Digər tərəfdən,
qarşımdakı insanların da məni tanımış
olması başqa bir avantaj oldu. Çünki
aramızda səmimiyyət var. Bir-birimizi tanımağa və
anlamağa ehtiyac olmadan dayandığımız yerdən
işə davam etdik.
- Türkiyə ilə Azərbaycan
arasında bütün sahələr üzrə əməkdaşlıq
sıxdır və get-gedə daha da inkişaf edir. Bu strateji əməkdaşlıqda təbii ki,
diplomatlar da həmişə yaxından rol oynayır. Bu baxımdan, sizin fəaliyyətinizin prioritet istiqamətləri
hansılardır?
- Sizin də
qeyd etdiyiniz kimi, ölkələrimiz arasında sıx əməkdaşlıq
var. Gediş-gəlişlər olur, hər kəs bir-birini
tanıyır, görüşür... Diplomatların
varlığına gərək qalmadan iki ölkə
arasındakı münasibətlər irəli gedir. Çünki bizim qurumlarımız da bir-biriləri
ilə gerçək ünsiyyət qururlar. Ankarada bir şey öyrənmək istədikdə,
Azərbaycandakı dostlarını arayıb «bunu necə edə
bilərik» - deyə soruşa bilirlər. Ancaq
mənim Azərbaycanda daha çox önəm verdiyim və
daha da inkişaf etdirmək istədiyim sahə mədəniyyətlə
bağlıdır. Bizlər bir-birimizi
çox yaxşı tanıyır və sevirik. Hər ikimizin yeri bir-birimizin qəlbindədir. Bir-birimizə ürəkdən bağlıyıq.
Amma bir-birimizin mədəniyyətini fikrimcə,
yetərincə bilmirik. Bu sahəni bir qədər
də tanımaq, tariximizi, ortaq xüsusiyyətlərimizi
araşdırıb ortaya çıxarmaq lazımdır.
Mənim öncüllük verdiyim sahə də
bu olacaq. İnsanlarımız
arasındakı mədəni münasibətləri inkişaf
etdirmək lazımdır. Kaş, imkan ola,
Türkiyə Cümhuriyyətinin hər bir vətəndaşı
gəlib Azərbaycanı ziyarət edə bilə... Buranı tanıyıb, görə bilsələr,
içlərindəki Azərbaycan sevgisi daha da böyüyəcək.
Eyni şəkildə Azərbaycanın hər
bir vətəndaşı Türkiyəyə getdiyi zaman, bilirəm
ki, bu sevgi eşqə dönür. Bizim
qardaşlığımızı daha da gücləndirməyimiz
və sıxlaşdırmağımız lazımdır.
- İki il əvvəl Ankarada Azərbaycanın
Türkiyədəki fövqəladə və səlahiyyətli
səfiri Faiq Bağırov "Kaspi” qəzetinə müsahibə
verərkən az öncə sizin də toxunduğunuz ortaq
türk xüsusiyyətləri ilə bağlı məsələlərdən
bəhs etdi. Ortaq türk tarixi, televiziyası, əlifbası
və s. layihələrlə
bağlı hansı addımlar atılır?
-
Bütün bu məsələlər mənim bəhs etdiyim
mövzuya aiddir. Cənab Faiq Bağırov da mənimlə
eyni şeyləri düşünür ki, o da bunları
söyləyib. Önəmli olan - bu istiqamətdə
birgə çalışmağımız, bir yerdən
başlamaq və daha sonra irəli getməkdir. Biz 25 il ərzində münasibətlərimizi bu səviyyəyə
gətirə bildik. Bundan sonra daha da irəli
aparmaq üçün çalışacağıq.
- Az
öncə mədəni layihələrin həyata
keçirilməsi və inkişafı istiqamətində
çalışacağınızı söylədiniz. Bu
istiqamətdə hansı işləri görməyi nəzərdə
tutursunuz: film festivalları, sərgilər, ədəbi
törənlər, konsertlər...
-
Hazırda gündəmimizdə olan Türkiyə filmləri
festivalının keçirilməsi əslində hər il təkrarlanan hadisələrdir. Bundan əlavə, gündəmimizdə
çeşidli konsert proqramları var. Payızda rəsm sərgiləri
təşkil etməyi fikirləşirik. Bunlarla
bağlı hazırlıqlarımız davam edir. Ancaq mənim mədəni müstəvidə əlaqələri
genişləndirmək hədəflərim daha
böyükdür. Xalqlarımızın
bir-birinin mədəniyyətini tanıması lazımdır.
Mənim dediyim hədəf də budur. Heç şübhəsiz, Türkiyədən Azərbaycana
gələcək sənətçilər bu mədəni əlaqələrin
daha da dərinləşməsinə töhfə,
xalqlarımızın bir-birini tanımasına fürsət
verəcəkdir. Bu tədbirləri, həmçinin
Türkiyədə də həyata keçirmək
lazımdır. Hər iki tərəfin
televiziyalarında Türkiyə və Azərbaycanın sənət
əsərlərinə və tədbirlərinə geniş
yer versək, xalqlarımızı daha çox
görüşdürmüş olarıq.
Barıt çəlləyini
xatırladan durum
- Cənab səfir, bu sualı verməyə
bilmərəm: son vaxtlar Türkiyə terrorla bağlı
ciddi tədbirlər həyata keçirib. Bizi də
narahat edən terror hadisələri ilə bağlı daha
effektiv mübarizənin nəticəsini nə vaxt görə
biləcəyik?
- Terrorla
mübarizə mövzusunda effektiv nəticəni artıq
Türkiyədə hiss etməyə başladıq. Terrorçularla mücadilə mövzusunda ciddi məsafələr
qət edildi. Son aylarda bu istiqamətdə əməliyyatlar
çox böyük sıxlıqla davam edir. Təbii ki, bu məsələdə Türkiyənin
içərisindəki xain təşkilatın
çökdürülməsinin də böyük rolu var. FETO
dövlətin içində olarkən terrorla mücadilə
mövzusunda əlimizi-qolumuzu bağlayacaq tədbirlər
görmüşdü. Terrorçulara
qarşı hərəkət etməyimizi əngəlləyən
işlər görmüşdülər. Hal-hazırda
Türkiyə bu yükdən qurtulmuş durumdadır. Allaha şükür ki, Türkiyədə meydana gələn
terror hadisələrinin sayında böyük azalma var.
- Türkiyənin sərhədləri
yaxınlığında son vaxtlar narahatedici hadisələr
baş verməkdədir. İraqla, Suriya ilə
bağlı hadisələr bütün bölgəyə təsir
göstərir. Ayrıca, Türkiyənin
də narahatlığı böyükdür. Bu təhdidlərin qarşısında Türkiyə
Cümhuriyyəti hansı addımları atmağı
planlayır?
-
Türkiyənin çevrəsi barıt çəlləyini
xatırladan bir durumdadır. Suriyada, İraqda
istiqlal hələ gerçəkləşməyib. İllərdir Suriyada savaş gedir. İraqın hansı gün necə olacağı bəlli
deyil. Hər gün yeni bir hadisə ilə
qarşılaşırıq. Təbii ki,
bu, Türkiyə üçün böyük
rahatsızlıq yaradır. Biz Suriyanın
tezliklə barışa qovuşmasını istəyirik.
Bunun üçün də əlimizdən gələn
hər şeyi edirik. Bu istiqamətdə
Cenevrə görüşləri var. Eyni zamanda, bu müzakirələr
Astanada davam edir. Türkiyə bu müzakirələrə
aktiv şəkildə qatılır və hadisələri
yaxından təqib edir. Bildiyiniz kimi, biz bu
mövzuda İraq və Rusiya ilə də müzakirə
içərisindəyik. Biz bu
danışıqlarda atəşkəs bölgələrində
sakitliyin bərqərar olması ilə bağlı müzakirələr
apardıq. Bütün bunlar Türkiyənin
güvənliyinə təsir göstərəcək və
bizim narahatlıqlarımızı azalda biləcək məsələlərdir.
Eyni şəkildə biz İraqda da
sülhün bərqərar olması, hökumətin düzəni
və ölkə üzərində suverenliyini saxlaması
üçün əlimizdən gələni sərf etməkdəyik.
Bir müddət əvvəl İraq
Kürdüstanında referendumun keçirilməsi gündəmdə
idi. Bununla bağlı
narazılıqlarımızı da açıqladıq.
Bu cür qərarların birtərəfli verilməsinə
qarşıyıq. Bu durumun səbəb ola
biləcəyi təhlükələrlə bağlı da
narahatlıq keçiririk.
"Yaxşı ki, bu məsləyi
həyata keçirirəm”
- Bir diplomatın öz ölkəsini
başqa bir ölkədə təmsil etməsi
üçün lazım olan keyfiyyətlər – peşəkarlıq,
taktika, analitik təfəkkür, dil bilgisi, ünsiyyət
bacarığı ilə yanaşı daha hansı xüsusiyyətlər
lazımdır?
-
Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər
baxımından söyləyim ki, əsas Azərbaycana sevgi ilə
yanaşmaqdır. Və bu işi ürəkdən
həyata keçirməkdir. Bu işi həyata
keçirdiyimiz zaman bu xüsusiyyətlərlə
yanaşı, diplomatik məsləyimizdə ən
böyük sevgini almış oluruq. İnsanlar
işlərini ləyaqətlə həyata keçirdikcə,
işləri ilə bir əsər ortaya qoyduqca, xoşbəxt
olurlar. Mən də öz diplomatik fəaliyyətimdə
qarşıya məqsəd qoyduğumuz işləri həyata
keçirdikcə, hədəflərə çatdıqca,
bunlardan zövq alıram. Bunlar bizə
«yaxşı ki, bu məsləyi həyata keçirirəm»
sözlərini dedirdən məqamlardır. Burada çalışan bütün türk
diplomatları Azərbaycana sevgi ilə yaxınlaşıblar.
Bu, bizim aramızdakı münasibətlərin
özəlliyindən qaynaqlanır. Çünki
biz qardaş ölkəyik. İki dövlət,
bir millətik. Biz eyni millətə xidmət
etməyin həyəcanını yaşayırıq. Əgər işdən zövq almağa geniş mənada
yanaşsaq, yenə də Türkiyə ilə
çalışdığın hər hansı ölkə
arasındakı əlaqələrə yönəlik bənzər
tarixlər olacaq. Ancaq burdakı qədər
güclü olmayacaq.
- Mən Türkiyənin bir çox bölgələrinə
səfər etmişəm. Hər yerdə fərqli
tarix, mədəniyyət, adət-ənənənə,
yaşam tərzi görmüşəm. Siz
necə, Azərbaycanın bölgələrini gəzirsinizmi?
Təəssüratlarınız necədir?
- Mən
keçən ilin qış aylarında Azərbaycana gəldim.
Bu baxımdan hələ çox yerləri gəzə
bilməmişəm. Əlbəttə,
getdiyim yerlər də oldu. Ancaq bundan əvvəl
çalışdığım illərdə Azərbaycanı
tamamilə gəzmişdim. Dediyiniz kimi, Türkiyənin
hər bölgəsində fərqli-fərqli mədəniyyətlər
var. Azərbaycana baxdığımız zaman bu ölkənin
də hər bir bölgəsinin, hər bir rayonunun
özünəməxsus keçmişi, zənginliyi, mədəniyyəti
var. Azərbaycanın hansı guşəsinə
gedirsiniz-gedin, bir-birindən fərqli mədəniyyətlərlə
qarşılaşırsınız. Məsələn,
Şəkinin yeməkləri ilə Lənkəranın yeməkləri
bir deyil. Bakının yeməkləri tam fərqlidir.
Naxçıvan dediyimiz zaman ağıla tam fərqli
şeylər gəlir. Oradakı mədəniyyət
Türkiyəyə daha yaxındır. Azərbaycanda
gəzdiyim hər yerdə eyni zənginliklə
rastlaşıram. «Ən çox
qarşılaşdığınız nədir?»
- deyə soruşsanız, deyərəm
ki, Azərbaycan xalqının Türkiyə sevgisi və qonaqpərvərliyidir.
Bizə hər yerdə bu müsafirlik göstərilir
və baş tacı edilirik. Bu, çox
gözəl duyğudur.
- Bəs
bizim musiqimizi dinləyirsinizmi? Muğamlarımızı
sevirsinizmi?
- Əlbəttə, muğam musiqinin təməlidir. «Qarabağ şikəstəsi»ni dinlərkən aldığımız həzzi
başqa heç nə ilə müqayisə etmək
mümkün deyil. Azərbaycan muğamı
böyük sənətdir – bunu da bizim
tanıtmağımız gərəkdir. Muğam
YUNESKO tərəfindən qorunur - bu, dünyanın zənginliyidir.
Muğam Azərbaycan mədəniyyətinin bir
parçası, eyni zamanda, Azərbaycan mədəniyyəti
böyük türk mədəniyyətinin bir
parçasıdır. Mən muğamı
böyük zövq alaraq dinləyirəm.
Hər
günümüz bayram kimi olsun!
-
Diplomatın bir iş günü maraqlıdır...
-
Diplomatın bir günü digərinə uyğun gəlmir. Hər gün başqa-başqa işlər
çıxır. Bu gün
yaşadığın bir hadisəni hər gün eynilə
yaşamaq mümkün deyil. Məsələn,
o gün Nobel mükafatının sahibi Aziz Sancarla
görüşdüm. Ertəsi gün
onun da qatıldığı bir konfransda iştirak etdim.
Daha sonra ciddi görüşlərim oldu. Diplomatın bir günü Azərbaycandakı
Türkiyə Səfirliyi üçün bir-birindən
çox fərqlidir. Bir-birindən gözəl
və zəngin günlər olur.
- Cənab
səfir, sizinlə görüşümüz Ramazan ayına
təsadüf etdi. Bu müqəddəs günlərdə
qarışıq dünyamıza nə diləyə bilərsiniz?
- Başlıcası, dünyamıza dilədiyimiz odur ki, Allah insanlara ağıl və fikir versin. Yəni bir-biri ilə sülh içində yaşasınlar. Çünki bizlər bir-birimizə yaxşı yaxınlaşdıqca, bir-birimiz haqda yaxşı şeylər düşündükcə, insanlıq daha da yaxşılığa doğru gedər. Allah bizi həmişə doğru yola yönəltsin. Ramazanın sonunda bayrama qovuşacağıq. Tanrı hər günümüzü bayram günləri kimi gözəl etsin! Xüsusən müsəlman aləmi bir-birinə arxa-dayaq olsun. Bu il prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanda İslam Həmrəyliyi İlidir. Müsəlman olaraq əslində ən çox ehtiyac duyduğumuz şey həmrəylik içində olmağımızdır. Bu il boyunca Azərbaycanda bir çox işlər həyata keçirilir və bunlar bizə nə etməyimizi göstərən gözəl tədbirlərdir. Ancaq bunlar sadəcə təkcə bu il deyil, bundan sonrakı illərdə də davam etsin və bütün İslam dünyasının bir-birimizə sahib çıxmasına, bir arada olmağımıza örnək olsun. Artıq Suriya ilə İraqı savaş halından çıxarmaq lazımdır. Hər iki ölkənin xalqları gözəl günlər yaşamağı haqq edirlər. Hazırda Qətərlə bağlı yaşadığımız sıxıntılar var. Bütün bunların ən yaxın zamanda düzəlməsini və bütün dünyanın insanlarının daha gözəl yaşamasını arzulayıram!
- Müsahibəyə görə təşəkkür edirəm!
- Sağ olun, "Kaspi” qəzetinə uğurlar arzulayıram!
Təranə Məhərrəmova
Kaspi 2017.- 20
iyun.- S.9.