O qala, bir də bizim
qala...
Məşhur türk
seriallarının möhtəşəm qala gecələri
kimi mərasimlər bizdə niyə keçirilmir?
19 iyunda Türkiyədə, eləcə də qonşu
ölkələrdə sevilərək izlənilən
"İçerde” serialının final bölümü
yayımlandı. Uzun müddətdir ki, gözlənilən
həmin gündə final seriyasının nümayişi
üçün möhtəşəm qala gecəsi
keçirildi. Canlı yayımla
nümayiş olunan gecədə layihənin bütün
yaradıcıları, aktyorlar və aktrisalar iştirak edirdi.
Çağatay Ulusoy, Aras Bulut İynemli, Çetin Tekindor,
Bensu Soralın baş rollarda çəkildiyi ekran işi
sonuncu seriyası ilə sosial mediada ən çox müzakirə
edilən mövzu oldu. Qala gecədən gələn
bütün gəlir "Minik Kalpler İçerde” uşaq
fondunun hesabına köçürüldü. Eyni zamanda, veriliş bütün reytinqlərdə
birinci yerdə qərarlaşdı. Türkiyədə
olduğu kimi, Azərbaycanda da sözügedən filmin kifayət
qədər izləyicisi ekran qarşısında əyləşərək
final bölümünü izlədi.
Qardaş ölkə kinematoqrafiyasının əldə
etdiyi uğurlara sevinməyə bilmirik. Türkiyədə istehsal
olunan nəinki "İçerde”, eləcə də
"Kara Sevda”, bir neçə il əvvəl yayımlanan
"Muhteşem Yüzyıl”, "Aşkı Memnu” kimi
seriallar ərəb ölkələrində, Avropada dublyaj
olunaraq nümayiş edilirdi. Bəli, bu gün əminliklə
demək olar ki, Türkiyə film və serial çəkilişlərinə
görə dünyaya meydan oxuyan ölkələrdən
biridir. Türkiyədə çəkilən
seriallar insanların marağını özünə cəlb
edir, sözün məcazi mənasında nəfəs kəsir.
İnsanlar hər bölüm üçün
ekran qarşısına keçib, bu dəfə hansı hadisələrin
şahidi olacaqlarını gözləyirlər.
"İçerde” serialının qala gecəsindən
çəkilən foto və videoları izləyərkən
bir anlıq düşündüm ki, görəsən o
cür mərasimlərdən bizdə niyə yoxdur. Niyə bizim yerli
kinoteatrlarımızda yalnız xaricilərin gətirdikləri
filmlərin, ya da ayda-ildə bir dəfə çəkilən filmlərimizin
qalası baş tutur? Niyə bizim serialların
ilk və son bölümlərinin qala gecələri
keçirilmir? Açığı,
öz-özümə verdiyim bu suallar ətrafında çox
düşündüm. Düşündüm,
düşündüm, amma tutarlı bir cavab tapa bilmədim.
Qərara aldım ki, bu sualla film və serial
çəkən rejissorlara və ssenaristlərə müraciət
edim. Qoy bir az da onlar
düşünsünlər ki, "niyə o əjdahadan bizdə
yoxdur”. Niyəsini onların özlərindən
eşidək.
Ötən
il bu təcrübədən
yararlanmışdıq
Xəzər
televiziyasında yayımlanan "Qaynana”, "Aramızda
qalsın”, "Səndən sonra”, "Bir ailəm var”,
hazırda nümayiş olunan "Cehizsiz gəlinlər”
seriallarının baş ssenaristi Valeh Əhmədov deyir ki, ötən
il "Bir ailəm var” və
"Həyat, sən nə qəribəsən”
seriallarının komandaları və mətbuat nümayəndələri
arasında kiçik bir şou proqram təşkil ediblər:
"Ötən ilə nəzər salsaq, bizim serialların
arxivində belə hallara rast gəlmək
mümkündür. Hətta ötən il
Xəzər televiziyasında yayımlanan "ArtStar”
verilişinin bir bölümü də məhz bu gecəyə
həsr olunmuşdu. Bu gecəyə jurnalistlər,
televiziya nümayəndələri, rejissorlar, aktyorlar dəvət
olunmuşdular. Çox maraqlı bir tədbir
keçdi. Belə ki, həmin gecədə
qırmızı xalıdan tutmuş, şou, əyləncəyə
qədər hər şey var idi. Ötən il Azərbaycanda ilk dəfə olaraq hər iki
serialımızın finallarını canlı yayımla
tamaşaçılara təqdim etdik. İldən-ilə
bu cür yeniliklər və layihələr etməyə
çalışırıq. Bu mövzu ilə
bağlı bizim rəhbərlik hər zaman bizə dəstək
olur. Gələcəkdə də fərqli
ideyalarımız və fikirlərimiz olacaq. Çünki bizim rəhbərliyimiz yeniliyin tərəfdarıdır”.
V.Əhmədov
qala gecəsində tamaşaçıların bilet alıb,
sevdiyi qəhrəmanı ilə bərabər serialın
sonunu izləməsinin Azərbaycanda sınanmamış bir
hal olduğunu xatırlatdı: "İnanıram ki, elə
bir qala gecəsi keçirilərsə, xeyli sayda
tamaşaçı kinoteatra üz tutar. Çünki
hər bir tamaşaçı sevdiyi serialın qəhrəmanını
canlı şəkildə görmək və onun final səhnəsini
qəhrəmanı ilə birlikdə seyr etmək istəyər.
Ötən il biz seriallarda olan sevgi hekayələrini
"Facebook” sosial şəbəkəsində səsverməyə
qoyduq. Orxanla Səma yüksək səs topladı və
Bakının ticarət mərkəzlərinin birində
onların tamaşaçılarla görüşünü təyin
etdik. Həmin görüşə 400-ə
yaxın tamaşaçı gəlmişdi. Bu, sadəcə "Facebook” sosial şəbəkəsi
vasitəsi ilə olunan bir dəvət idi. Əgər
biz onun PR-nı, reklamnı, anonsunu da etsək,
tamaşaçıların sayı daha da çox ola bilərdi. Film səviyyəsində
olmasa da, ancaq tamaşaçılar gəlib buna baxa bilər”.
Bu
maraqlı bir addımdır
ATV
telekanalında yayımlanan "Qız atası”, "Eks
Bacanaqlar”, "Qardaşlar” seriallarının rejissoru Ramin
Hacıyev serialların final səhnələrinin təmtəraqla
keçirilməsini büdcə ilə əlaqələndirdi:
"Sizin qeyd etdiyiniz "İçerde” serialı olduqca
maraqlı və reytinq toplayan bir serialdır. Türkiyənin
80 milyon əhalisi var, Azərbaycanın isə cəmi 10
milyon. Bunlar arasında çox
böyük fərq var. İzləyici sayı da böyük
rol oynayır. Serialın reytinqini
qaldırmaq və tamaşaçıların diqqətini
çəkmək üçün bu, maraqlı bir
addımdır. Ola bilər ki, biz də nə
vaxtsa bundan bəhrələnək. Bu həm
də və reytinqə görə sərf olunan məbləğlərdir.
Türkiyədə normal hesab edilir. Bizdə isə o qədər məbləğ yoxdur.
Bizim tamaşaçılar da ola bilər
ki, sevdikləri serialın final səhnəsini izləmək
üçün kinoteatrlara üz tutsunlar. Misal
üçün, "Vicdan haqqı” serialının qala gecəsi
olsaydı, mən ailəmi də götürüb, məmnuniyyətlə
həmin serialın final səhnəsini izləməyə gedərdim”.
Qala gecəsi
keçirməyə nə var ki...
Kinorejissor,
ssenarist Elşən Zeynallı bizimlə söhbətində
serial və film sektorunda qeyri-peşəkarlar
üstünlük təşkil etdiyi üçün nəinki
qala gecələrə, hətta keyfiyyətli seriallara həsrət
qaldığımızı bildirdi: "Serialların
sponsorluğunu turşu, kolbasa istehsal edən, ağla gələ
bilməyəcək şirkətlər edir və serialın
taleyi onlardan asılı vəziyyətə düşür. Hətta prodakşınlar bir müddət serialda
çalışan yaradıcı heyətin qonorarını
ödəyə bilmədikləri üçün
sponsorların məhsullarını qonorarın bir hissəsini
olaraq aktyorlara verirlər. Özfəaliyyət
şəklində çalışan və özlərinə
rejissor adı verən insanlar serial çəkirlər. Hansı ki, onların yazı, söz qabiliyyəti
yox, ssenaristlik bacarığı sıfır səviyyədədir.
Çəkilən seriallarımızın əksəriyyətində
hadisələr elə uydurulub ki, insan düşünür,
görəsən, mən bu cəmiyyətdə
yaşayıram? Onların
danışdıqları və göstərdikləri mənim
yaşadığım cəmiyyətdə baş verir? Açığı, heyrətlənməyə
bilmirsən. Biri var yaradıcılıq uğuruna heyrətlənəsən,
baxıb təsirlənəsən, psixoloji durum o qədər
təsirli ola ki, bir müddət
özünü o serialda hiss edəsən, biri də var
baxıb təəssüf hissi keçirəsən. Vaxtı ikən M3 video kameraları var idi.
Əlinə hər kamera alan insan toylara
rejissor adı ilə çəkilişə gedirdi. İndi eyni vəziyyət serial aləmindədir, bu
sahəyə böyük bir axın var. Kimin haradan gəldiyi
bəlli deyil. Onlara ciddi nəzarət də
yoxdur. Amma bütün bunlar keçib gedəcək”.
Televiziyanın
hər bir insanın evində
çağırılmamış bir qonaq olduğunu deyən
E.Zeynallı ölkəmizdə nümayiş olunan
serialların tərbiyəvi əhəmiyyətinin az olmasından gileyləndi: "Seriallarda
nümayiş olunan mövzular heç də arzulanan deyil. Onlar Azərbaycan mənəviyyatında fəsadlar
yaradır. Bizim cəmi bir-iki normal şəkildə
çəkilən seriallarımız var. Hansı serialın
başında peşəkar komanda var, o seriala baxılır və
reytinq toplanır. Reytinq də
tamaşaçı sevgisi sayəsində toplanır. Ümumiyyətlə isə, Türkiyə ilə
bizim serailları müzakirə etmək düzgün deyil.
Onlar Şərqi Avropa ilə Ərəb
dünyasının film və serial bazarını ələ
alıblar. Rusiyanın "Domaşnıy”
kanalında ildə iki-üç dəfə türk
seriallarını tərcümə etdirib nümayişə
verirlər. Polşa, Çexiya, Slovakiya, Bolqarıstan,
Ərəb ölkələri türk seriallarını
nümayiş etdirir. Serial çəkmək
çox ciddi bir işdir. Bizdə bir məsəl var,
toya az pul xərcləyərsən, toy
gözəl olar, çox pul xərcləyərsən, toyun səviyyəli
olar. Serial da onun kimi”.
Serial
çəkməyin ilk növbədə peşəkar komanda
tələb etdiyini deyən müsahibimiz çox az rejissorların bu sahədən başı
çıxdığını iddia edir: "O, insanlar serial
çəkər ki, onların bu sahədən başı
çıxır. Görün nə qədər peşəkar
rejissorlar bu işlə məşğul ola
bilmirlər. Onlar öz sənətlərindən
kənar qalıblar. Nə
üçün? Çünki onlar öz
işlərinə peşəkar yanaşdıqlarına
görə bəzi işbazlar bu şərtlərlə
razılaşa bilmirlər. Əgər biz
bir sahənin inkişaf etməyini istəyiriksə, onu öz
bilicilərinə həvalə etməliyik. Ancaq yenə də gələcəyə ümidimiz
böyükdür. Bir neçə serialımız
var ki, tamaşaçıların rəğbətini
qazanıb. İnsan seriyala baxanda ilk
növbədə orada özünü, öz problemlərini
görmək istəyir. Bütün
günü seriallarda atışmadır, qadın alveri ilə
məşğuldurlar. Serial qəhrəmanları 3-4 dəfə
arvad alıb boşayırlar... Ölkəmiz
müharibə şəraitindədir. Görün,
bu barədə serial çəkilirmi? Xırda-para
filmlər çəkilir. O filmi çəkən
rejissorların özləri belə hərbi xidmətə getməyiblər.
Əsgər çəkməsi geyinib bir saat o baş bu
başa getməyən insanın milli hissi, bayraq sevgisi, vətən
məfkurəsi ola bilməz. Onların daxilində o yük varmı ki, bu millətin
şəhidlərindən, ordusundan bəhs edən filmlər
çəksinlər? Eləcə də, nə şərəfli
Azərbaycan polisini təqdim edən bir filmimiz var, nə
uşaqların diqqətini cəlb edən uşaq filmimiz, nə
də Azərbaycan dilini yüksəldən, ona şərəf
gətirən, qəhrəmanlar yaradan filmlərimiz”.
Serial aləmindəki
problemləri dilə gətirən kinorejissor qala gecəsini təşkil
etməyin adi bir şey olduğunu deyir: "Qala gecəsi
keçirməyə nə var ki. Kiçik bir dəstə
yığılıb, özümüz çalıb,
özümüz də oxuyarıq. Şərt
bu deyil. Türkiyədə ordu, millət,
tarixlə bağlı film çəkən insanların şəxsiyyətinə
nəzər yetirin. Bu, hər adamın
işi deyil. Arzu edirəm ki, vaxt gəlsin,
biz də elə filmlər çəkək, bizim də
ekranlara elə filmlər çıxsın”.
Xəyalə Rəis
Kaspi 2017.- 21 iyun.- S.12.