Facebook-da çalışan həmyerlimiz
Amerikada miqrant
qadınlara dəstək olur
Aytəkin Əliyeva: “Əsas məqsəd
insanların həyatında dönüş etmək və
yaşadığımız cəmiyyətə - Amerika cəmiyyətinə
fayda verməkdir”
Silikon Vadisində, daha dəqiq desək, Facebook (İnstagram) şirkətində çalışan həmyerlimiz Aytəkin Əliyeva (Ika Aliyeva) Amerikada yeni bir layihəyə imza atıb. Onun yaratdığı "Femigrants” adlı onlayn plaftorma Amerikada yaşayan miqrant biznesmen qadınları birləşdirən şəbəkə rolunu oynayır. Artıq iki aydır icra olunan layihəylə bağlı Aytəkin xanımla söhbətləşdik. Layihənin ideyasının yaranma səbəbindən, hazırda görülən və görülməsi planlaşdırılan işlərindən danışdıq.
- Amerikada
miqrant qadınlara dəstək olmaq ideyası necə yarandı?
- 7 ildir artıq burda yaşayırıq. Bu müddətdə bütün miqrantlar kimi bir çox çətinliklərlə üzləşmişik. Yeni gəldiyimizdə burada öz bizneslərini quran miqrantları görəndə düşünürdük ki, bu, bizim üçün əlçatmaz bir şeydir. Hər kəs bizə deyirdi ki, Amerika bir təcrübə məktəbdir və hər kəs bu yolu keçməlidir. Müəyyən müddətdən sonra bizim də burada öz işimizi qura biləcəyimizi deyirdilər. Amma bu, bizə inandırıcı gəlmirdi. Bütün miqrantlar kimi işsizliyin çətinliyini görmüşük, ağır işlərdə təcrübə keçməli olmuşuq. Amma zamanla istədiyimiz işi qurduq. Sonra sosial aktivlik cəhətdən özümdə bir boşluq hiss etdim. Çünki Azərbaycanda sosial sferada çox aktiv olmuşam. Ona görə hansısa əlavə işlə məşğul olmaq istəyirdim. İdeyanın yaranmasının isə çətinliklərimizə söykənən bir tarixçəsi var. Belə ki, iki il öncə həyat yoldaşımla bir yerdə burada biznes qurduq. Düzdür, hazırda o biznesi satmışıq. Amma o biznesi qurarkən çox çətinliklər gördük. Bir yaşında qızım varıydı, eyni zamanda ikinci dəfə ana olmağa hazırlaşırdım. Çox stressli vəziyyətdə olduğumuz üçün hamiləliyim ağır keçirdi. Demək olar ki, ayağımın biri işləmirdi. Divardan tuta-tuta gəzirdim. Heç bir ailə dəstəyimiz, qapısını döyəcəyimiz qohum, bacı-qardaş yoxuydu. Çətin biz vəziyyət yaşasam da, yoldaşımla çiyin-çiyinə çalışdım. Həmin müddətdə Amerikada biznes qurmağın, sıfırdan başlamağın nə qədər çətin olduğunu başa düşdüm. 2-3 ay bundan öncə Amerikadakı həyatımı göz önündən keçirdim. Çətinliklər yadıma düşəndə buradakı miqrant qadınlar haqda fikirləşdim. Sonra düşündüm ki, müəyyən karyera həddinə çatmaq üçün biz ailə olaraq bu qədər çətinliklər çəkmişiksə, gör tək yaşayan qadınlar hansı əziyyətlər çəkirlər. Nə maddi, nə mənəvi dəstəkləri olmur. Məlumatsız olduğumuz üçün bizim şirkət açmağımız iki ay yarım vaxt apardı. Amma bizdən sonra eyni tip şirkət açmaq istəyən tanışımıza yaxından kömək etdik və o, bu işi iki həftəyə gördü. Bu qənaətə gəldim ki, əgər məlumatlısansa, səni düzgün istiqamətləndirəcək şəxslər varsa, uğura daha qısa müddətdə nail ola bilərsən. Bu zaman məndə miqrant qadınlara dəstək olacaq bir layihə reallaşdırmaq ideyası yarandı. İdeyam olsa da, nədən və necə başlayacağımı tam mənada bilmirdim. Ailəvi dostumuz olan azərbaycanlı investor Məmməd Kərimə müraciət etdim. İdeyamı eşidəndə maraqlı olduğunu dedi. Mənə suallar verməyə başladı. Onun verdiyi hər sual mənə nə etmək istədiyimi artıq tam müəyyənləşdirməkdə kömək etdi. M.Kərim hazırda layihənin baş məsləhətçisidir. Layihənin mərhələlərinə keçid dövründə mütləq onunla məsləhətləşirəm.
- Layihə
hansı mərhələlərdən ibarətdir?
- Layihəni 3 mərhələyə bölmüşəm. Birinci mərhələ biznes quran, artıq uğur qazanan miqrant qadınların həyat hekayələrini bölüşmələrini təşkil etmək idi. O qadınlar ki, bizneslərini tanıtmağa ehtiyac yoxdur, artıq məşhurdur, amma uğur hekayələrini heç kəs bilmirdi. Bunu ona görə etmək istəyirdim ki, yeni gələn miqrant qadınlar uğurlu olanların da hansı əziyyətlərdən keçdiklərini görsünlər. Hər dəfə yeni qadını müsahibə etdikcə burada miqrantların çox ağır yollardan keçdiyini gördüm. Amma ələkdən keçən, dözümlülük göstərən, təslim olmayan, öz məqsədləri üçün mübarizə aparanlar müəyyən müddət sonra uğur qazanırlar. İkinci mərhələdə məqsəd biznes qurmuş, amma biznesi tanınmayan qadınlara kömək etməkdir. Onların reklamını pulsuz təşkil edirik, həyat hekayələrini paylaşırıq. Məqsəd onların biznesini tanıtmaq, müştəri cəlbində kömək etməkdir. Üçüncü mərhələdə isə ideyası olan, lakin biznes qurmayan qadınları təlimatlandırmaq, mentorlarla əlaqə yaratmalarına kömək etməyi planlaşdırmışıq. İşə cəmi 2 aydır başlamışıq, ona görə 3-cü mərhələyə hələ ki start verməmişik. Layihənin hər üç mərhələsi təkrarlanandır. Eyni zamanda, hər üç istiqamətdə fəaliyyətimiz olacaq.
- İki aylıq iş prosesi nə göstərir? Layihə uğurlu alınırmı?
- Biznesləri uğurlu olan qadınların həyat hekayələrini paylaşanda böyük rezonansa səbəb oldu. Bu, həmin xanımların tanınması üçün də yaxşıdır. Düzdür, onlar öz ətrafında tanınır, amma bizə qoşulmaqla həm də təşkilatın şəbəkəsində olan insanlar da onları görürlər. Müştəri sahibkarın hansı çətinliklərdən keçərək bu işi qurduğunu biləndə ona daha çox hörmət etmiş olur. Məsələn, ən son paylaşdığımız iranlı xanımın hekayəsi 11000 nəfər tərəfindən oxundu və ona dəstək olmaq, təşəkkür etmək üçün çoxlu sayda şəxsi müraciət edənlər oldu. Buna bənzər misallar çoxdur.
- Amerikada
miqrant xanımlara dəstək olan başqa təşkilatlar
var, yoxsa bu ilkdir?
- Layihəni reallaşdırmağa başlamazdan öncə belə bir işin olub-olmaması haqda müəyyən qədər araşdırma apardım. Çünki olan bir şeyi təkrarlamaq o qədər də əhəmiyyət verməyəcəkdi. Araşdırma nəticəsində bir neçə təşkilat qarşıma çıxdı, amma onlar fərqli formada və istiqamətdə fəaliyyət göstərirlər. Konkret hansısa ölkə üçün nəzərdə tutulanları olsa da, hamısını bir yerdə birləşdirən şəbəkə yoxdur.
- Azərbaycanlı
xanımlardan bu layihəyə qoşulanlar var?
- Həyat hekayəsini paylaşdığım
iki azərbaycanlı xanım var. Hər ikisi Amerikada biznes qurublar. Eyni zamanda, Aygün
Süleyman könüllü
olaraq marketinq tərəfdən tövsiyələrini
verir. Layihə ideyası yaranandan
bəri Məmməd bəydən sonra ideyanı paylaşdığım
ikinci şəxs məhz Aygün xanım idi. Hər hansı marketinq ideyası olanda birinci Məmməd müəllimlə məsləhətləşirəm,
sonra Aygünlə.
Hər ikisi mənə çox faydalı məsləhətlər və
layihə üçün
daha doğru istiqamətlər verir.
Mən o
məsləhətləri birləşdirib
yekun qərar formasında təqdim edirəm.
- Gəliri olmayan bir işə vaxt ayırmaq yorucu olmur?
- (Gülür) Könüllülük
yoldaşımla canımızda-qanımızdadır. Hazırda bütün
xərcləri özüm
qarşılayıram. Amma bir çox işlərdə mənə
könüllü dəstək
olan insanlar var. Təşkilatın veb saytının yığılmasında
Lənkəranda yaşayan
Raiq Aliyev adlı tələbəm kömək edir (Mən karyerama Lənkəranda müəllim
olaraq başlamışam
–A.Ə.). Amerika ilə Azərbaycana
arasında 12-13 saat fərqi var. O, Azərbaycanda
gecə saat 2-3-ə qədər oyaq qalıb mənə kömək edirdi, hətta indi də edir. İnsanların sənə inandığını,
təmənnasız kömək
etdiklərini görəndə
işin maddi tərəfini heç düşünmürsən. Bu layihəni quranda
da heç maddi gəliri fikirləşməmişdim. Həyat çox qısadır, hər günümüz ömürdən gedir.
Bəzən bizə elə
gəlir ki, hər hansı bir hadisə bir neçə gün öncə olub, amma sonra
görürsən ki,
sən heç hiss etmədən illər keçib. Bizə bəxş olunmuş
bu qısa həyatımızı dəyərli
və faydalı yaşamağı vacib bilirəm. Amerikadakı həyatımın boşa getməsini istəməzdim. Tanınmadan, heç bir mövqeyi olmayan bir insan kimi
həyatımı başa
vurmaq istəməzdim.
Heç olmasa 3-5, bilmirəm bəlkə 50 nəfər desin ki, bu şəxs
mənə ehtiyacım
olan vaxt kömək edib, həyatımda dönüş
edəcək nələrəsə
səbəb olub. Bilirsiniz, Amerikada qohum-əqrəba olmadığı üçün
yad insanlar artıq ən yaxın dosta çevrilir və əgər heç bir mənəvi dəstəyi olmayan insanların həyatında
müsbət dəyişiklik
etməyi bacarırıqsa,
niyə də bunu əsirgəyək?
Əsas məqsəd insanların həyatında dönüş
etmək və yaşadığımız cəmiyyətə
- Amerika cəmiyyətinə
fayda verməkdir.
- Hər işin maraqlı və çətin tərəfi olur. Miqrant xanımlarla işləməyin
maraqlı və çətin tərəfləri
nələrdir?
- Maraqlı tərəfi odur ki, hər
dəfə çox maraqlı insanlarla tanış olursan. Hər miqrant qadının
həyat hekayəsini dinlədikcə iki-üç
saat onun təsiri altında oluram. Düşünürəm ki, insanlar burada nə qədər ağır yollardan keçirlər.
Bu, mənim üçün
yeni təcrübə
olur. Məsələn,
bir xanımı müsahibə edəndə
öyrəndim ki, o, Amerikada 16 il
yaşayıb, ailəsini,
evini ziyarət edə bilməyib, xərçəng xəstəliyi
ilə mübarizə
aparmalı olub, iş icazəsi olmadığı üçün
çox ağır işlərdə çalışıb.
Belə hekayələri dinləmək
nə qədər ağır olsa da, onları öyrənmək və paylaşmaq bir təcrübədir. Sanki hər gün real hadisəyə əsaslanan
bir yeni kitab oxuyursan. Çətin tərəfi
odur ki, rəsmi işin, ailə və xüsusilə 2 körpə
uşağın olanda,
üstəgəl gündəlik
ev qayğıları,
vaxtı düzgün
bölüşdürmək xüsusi bacarıq tələb edir. Bəzən ailəvi harasa istirahətə gedirik, yolda "Femigrants”ın işləri ilə məşğul oluram.
Yoldaşım deyir ki, bu gün istirahət
elə, ətrafa bax. Deyirəm ki, çatanda
orada istirahət edərəm, yolda vaxtımı dəyərləndirim
və beləliklə
təbiətin gözəlliyindən
və dincəlməkdən
özümü "məhrum”
etmiş oluram. Bir də yuxu cəhətdən
çətinliyi olur.
Rəsmi iş rejimim olduğu üçün məcbur
olub gecələr işləyirəm, yuxumdan
kəsirəm. Bəzən 2-3 həftə dalbadal gecələr çox işləyəndə 4-cü həftə
görürəm ki, artıq tab gətirə bilmirəm, bədənim çökür. Bu zaman bir gün
hər şeydən uzaqlaşıram, istirahət
edirəm. Mənim üçüm
istirahət sosial şəbəkələrdən və əlavə layihələrdən uzaq olmaq deməkdir. Yəni, gündəlik qayğılar
öz yerində qalır. Sonrakı gün yenidən
aktiv işə başlayıram. Vaxtı düzgün
bölüşdürmək və istirahətindən keçmək işin çətin tərəfləridir.
- Düşünürəm ki, bu işi görməyi sosial aktivliyinizi təmin etməklə yanaşı, həm də daxilən çox istəyirsiniz. Çünki həvəslə danışırsınız...
- Amerikaya gəlməyimdə, burada yaşamağımda valideynlərimin böyük əməyi olub. Mən Lənkəranda elə mühitdə böyümüşəm ki, o vaxt Amerikaya gəlib burada oxuyan qızları o qədər də müsbət qarşılamırdılar. Mən Amerikaya təhsil üçün gəlmək istəyəndə qohumlar valideynlərimə deyirdilər ki, qız uşağını niyə xarici ölkəyə göndərirsən, filan. Hər iki valideynim təhsilli olduğu üçün cəmiyyətin reaksiyasını yaxına buraxmadı. Atam həmişə deyirdi ki, qız gərək oxusun, heç kimdən asılı olmasın. Bizim ailəmizdə xanıma verilən üstünlük bu layihəni yerinə yetirməyimdə müəyyən qədər rol oynayıb. Əgər mən qadının cəmiyyətdə rolu olmayan bir ailədə böyüsəydim, nəinki bu ideyanı reallaşdırmaq haqda düşünərdim, heç Amerikada ola bilməzdim. Düzdür, hazırda hər iki valideynim rəhmət edib. Onlar bu uğurun canlı şahidi olmasa da, düşünürəm ki, görürlər. Onların arzularını yerinə yetirmək mənim üçün bir övlad borcudur.
- Gələcəkdə daha hansı işləri görməyi planlaşdırırsınız?
- Planlar çoxdur, sadəcə realist biri olduğum üçün daha yaxın müddət ərzində nəzərdə tutulan planları paylaşmağı üstün tuturam. Layihənin əsas məqsədi Amerikada yaşayan immiqrant xanımlara biznes qurmaqda yardım etməkdir. Bu məqsəd ətrafında şəbəkəmizi genişləndirmək və daha qlobal işlər görmək, ayihənin münasib formatını Azərbaycanda həyata keçirtmək istərdim. Məsələn, regionda yaşayan xanımlara dəstək olmaq üçün müştərək layihə etməyi də düşünürəm. Bir neçə nəfərlə bu haqda danışmışam da. Sadəcə, maraqlı və konkret təklif gəlmədiyi üçün hazırda bu iş yubanır. Pilot layihə kimi Lənkəranda yaşayan xanımlara dəstək olmaq üçün layihə təkliflərinə açığam. Əgər uğurlu alınarsa, digər regionlarda da layihəni genişləndirmək olar.
Aygün Asimqızı
Kaspi 2017.- 21 iyun.-
S.9.