"Kitabi-Dədə Qorqud" poetikasına giriş"in elmi müzakirəsi

 

Dünən AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda görkəmli yazıçı alim, akademik Kamal Abdulla ilə görüş-dialoq onun yeni çapdan çıxmış "Kitabi-Dədə Qorqud" poetikasına giriş" kitabının elmi müzakirəsi keçirilib.

 

Görüşdə tanınmış alimlər, ziyalılar, gənc filoloqlar, institutun əməkdaşları media nümayəndələri iştirak ediblər.

 

Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov giriş nitqində K.Abdullanın bədii, elmi ictimai fəaliyyəti, "Kitabi-Dədə Qorqud" dastanı ilə bağlı araşdırmaları, Azərbaycan dilçilik elminin nəzəri məsələlərinə dair tədqiqatları barədə məlumat verib: "Tarix boyunca "Kitabi-Dədə Qorqud" çox alimlərimizin, folkloşünaslarımızın diqqət mərkəzində olub. Ancaq Kamal Abdulla bu abidənin tədqiqat müstəvisini dəyişib. O, diqqəti elə məqamlara çəkir ki, həmin məqamlarda hələ mif formalaşmayıb, bunu tarixəqədərki dövr adlandırırıq. O müstəvidə dastanı araşdırmaq, oxucunu inandırmaq çətindir. Ancaq Kamal müəllim tutarlı faktlarla, dastanın içindən çıxarılmış özündən əvvəlki bir sıra alimlərin tədqiqatlarından götürülmüş nümunələrlə bu çətin işin öhdəsindən gələ bilir. Burada mübahisələrə səbəb olan "Dünya mağarası" anlayışı da araşdırılır. Hansı ki, bütün dünya xalqlarının, dünya mədəniyyətinin başlanğıcı məhz "Dünya mağarası"dır. Zərdüştlə Dədə Qorqud arasında aparılan müqayisələr yerində tapıntıdır. Buradakı "Dan sökülən" variant tarixəqədərki dövrün ab-havasıdır".

 

AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli dastan janrının formalaşmasından inkişaf mərhələlərindən, ədəbiyyatımızda "Kitabi-Dədə Qorqud"un ilk tədqiqatlarından söz açıb, kitabla bağlı təəssüratlarını bölüşüb. O, "Kitabi-Dədə Qorqud" poetikasına giriş" kitabını Azərbaycan ədəbiyyatında dastan nəzəriyyəsi tədqiqatlarının yeni mərhələsi hesab edib: "Azərbaycan eposşünaslığında dastan poeziyası böyük yer tutur. Bu sahədə ilk geniş araşdırmalar professor Məhəmmədhüseyn Təhmasibin adı ilə bağlıdır. Sonradan Ümummilli lider Heydər Əliyevin fərmanı ilə Dədə Qorqud dastanlarının 1300 illik yubileyi keçirilən zamanlarda dastan haqqında çox yazılar yazıldı, araşdırmalar aparıldı. Dastan öz tədqiqatının ən yüksək mərhələsini həmin zamanlarda yaşadı. Kamal Abdullanın tədqiqatı isə "Kitabi-Dədə Qorqud" dastanlarının araşdırılmasında yeni mərhələ idi. O, dastanın poetikası, mifoloji qatı haqqında geniş tədqiqatların müəllifidir. Bu, Kamal müəllimin Dədə Qorqud poetikası ilə bağlı yazdığı dördüncü kitabdır. Burada sistemli konkret şəkildə poetika haqqında danışılır. Kamal Abdulla dastanın mifoloji qatını indi daha sistemli dərin görür".

 

Akademik Teymur Kərimli kitabdakı bir neçə məsələ haqqında öz fikirlərini səsləndirib: "Kitabda termin seçimi diqqətəlayiqdir. Elə ifadələr, fikirlər var ki, onları oxucu anlamaqda çətinlik çəkə bilər. Bunu izah etmək üçün bir neçə söz ifadəyə ehtiyac duyulur. Kamal Abdulla isə həmin fikri bir sözlə, terminlə elə sərrast ifadə edir ki, orada bir neçə fikir öz əksini tapır. Dastanda xaosdan kosmosa keçid dövrü böyük ustalıqla əsaslandırılıb. Hiss olunur ki, müəllif bu dastanı, bu dövrü tam mənası ilə mənimsəyəndən sonra bu əsəri yazıb. Kitabın ən böyük uğurlarından biri "kahin - şaman - müəllim" konsepsiyasıdır. Bu, milli-mentalitetin yüksələn xətlə inkişafının göstəricisidir".

 

İqtisad Universitetinin müəllimi Rəsmiyyə Abdullayeva bu kitabın filoloqlardan əlavə iqtisadçılar üçün maraqlı gərəkli olduğunu deyib: "Mən dastanı oxuyarkən özümə sual verib cavab tapa bilmədiyim nüanslar var idi. Kamal Abdullanın monoqrafiyası mənim cavabsız suallarıma işıq tutmağı bacardı. Burada miflə reallığın qarşılıqlı vəhdəti verilir. Ancaq bu, hələ başlanğıcdır. Mənim hələ cavabsız qalan suallarım var. Ümid edirəm ki, gələcək tədqiqatlarda bu suallarıma da cavab tapacağam".

 

AMEA Rəyasət Heyətinin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Sərxan Xavəri qeyd edib ki, təqiqatın ən mühüm cəhəti dastanın metodoloji kontekstinə ənənəvi etnik-milli deyil, ümumbəşəri, universal antropoloji kontekstdə yanaşmasıdır.

 

Fəlsəfə elmlər doktoru Füzuli Qurbanov, AMEA İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim İmanov, akademik Möhsün Nağısoylu, AMEA-nın müxbir üzvü Kamran Əliyev, professor Tahirə Məmmədli, fəlsəfə doktorları Hikmət Quliyev, Səfa Qarayev başqaları da çıxış edib, əsərlə bağlı suallarını müəllifə ünvanlayıblar.

 

Daha sonra görüş diskussiya şəklində davam etdirilib. Qeyd edilib ki, bu görüşdə müzakirə olunan məsələlər gələcəyin filoloqları üçün dissertasiya mövzusu ola bilər.

 

Sonda Kamal Abdulla akademiyanın rəhbərliyinə, tədbir iştirakçılarına, çıxışçılara təşəkkürünü bildirib, kitabdakı bəzi məqamlara aydınlıq gətirib.

 

Şahanə MÜŞFİQ

525-ci qəzet 2017.- 21 may.- S.3.