Buna ehtiyac var
idimi?
Hətta 1990-cı illərdə də
erməni-müsəlman “dostluğundan”,
“qardaşlığından” dəm vuran, sovet
ideologiyasını təbliğ edən əsərlər
çap olunurdu
Qəribə və inanılmazdır ki, ölkəmizdə
1988-90, hətta 1991-ci ildə də sovet hökumətinə,
erməni millətçilərinə sədaqət hissini təbliğ
edən əsərlər çap olunub. Məsələn,
1988-1990-cı illərdə "ilk azərbaycanlı marksistlərdən,
"Hümmət” bolşevik təşkilatının rəhbərlərindən
biri olan, Azərbaycan bolşevik mətbuatının təşəkkülü
və nəşrində görkəmli rol oynayan” Sultan Məcid
Əfəndiyevin əsərləri Azərbaycan KP MK
yanında Qırmızı Əmək Bayrağı Ordenli
Partiya Tarixi İnstitutunun əməkdaşları tərəfindən
çapa hazırlanıb. Əsərdə
S.M.Əfəndiyevin hər bir məqaləsində,
çıxışında Oktyabra, Leninə, rus və erməni
qardaşlarına olan sevgisi, milli hökumətə nifrəti
açıq-aydın bəyan edilir.
Məsələn,
"...ən həyasız müsavatçı
istismarçılar”, "Lenin siyasəti xalqların birgə
yaşamasının tarixində görünməmiş qələbələr
əldə etdi”, "Aprel inqilabı Müsavat hökumətinə
birdəfəlik zərbə vurdu”, "azlıqda qalan millətlərə
kifayət qədər diqqət yetirilməsi təmin edilməlidir.
Türkiyədən gələn erməni
qaçqınlarının Azərbaycan Sovet Sosialist
Respublikası ərazisində yerləşdirilməsi sahəsində
tədbirlər hazırlanmalıdır” və s. Burada bir
faktı qeyd edim ki, bu əsər çap edilən zaman (1990)
Ermənistanda bir azərbaycanl belə qalmamışdı. Tədqiqatçılarımızın
"qardaş”, "dost” adlandırdıqları ermənilər
soydaşlarımızı doğma yurdlarından, ev-eşiklərindən
vəhşicəsinə qovmuş, öldürmüş, dəhşətli
işgəncələrə məruz qoymuşlar. Belə bir zamanda erməni-müsəlman
"dostluğundan”, "qardaşlığından” dəm
vuran, sovet hökumətinin ideologiyasını təbliğ edən
əsərlərin çapına nə ehtiyac var idi?
Və
yaxud 1991-ci ildə tarix elmləri namizədi, Qızıl qələm
mükafatı laureatı, publisist Sabir Gəncəlinin
(Məmmədov) Azərbaycan Dövlət Nəşriyyatı
tərəfindən "İşıqlı ömürlər,
kövrək talelər” adlı əsəri çap olunur.
Əsərdə "Böyük bir nəslin faciəsi”
adlı bölmədə bolşevik Həmid, Ayna
Sultanovaların və Qəzənfər Musabəyovun Azərbaycanda
Şura hökumətini qurmaq uğrunda apardıqları
mübarizədən bəhs edən müəllif sonda
onların bu inqilabi fəaliyyətinə haqq qazandıraraq,
repressiya qurbanı olduqlarını çox böyük təəssüf
hissi ilə qeyd edir. Doğrudur, hər bir azərbaycanlının
bu faciənin qurbanı olduğuna acıyırıq. Amma onu da qeyd edək ki, bir zaman onlar, sonradan onlara bu
faciəni yaşadan Şura hökuməti uğrunda cəkinmədən
yüzlərlə soydaşlarını qurban vermişlər.
Həmid
Sultanov 1920-ci ilin oktyabrında AK(b)P-nın
2-ci qurultayında çıxış edərkən Azərbaycan
Xalq Cümhuriyyəti Hökumətinə qarşı
çevrilişin təşkilatçılarından
olduğunu şəstlə belə qeyd etmişdir:
"Hakimiyyətin devrilməsində mən özüm şəxsən
iştirak etmişəm. Bu işdə Yalamada yerləşən
qırmızı süngülərə arxalanırdım...”. O, süngülər Sultanovların, Musabəyovların,
Qarayevlərin əlilə minlərlə günahsiz azərbaycanlını
qanına-qəltan etmədimi? Və yaxud Həmid
Sultanov Azərbaycan İnqilab Komitəsinin Gəncə quberniyasının
fövqəladə komissarı kimi Gəncə
üsyanını (1920) yatırdarkən "Gəncədə
bir başıpapaqlı varsa, çıxsın
qabağıma” deyərək, yüzlərlə
soydaşını məhv edərək evləri
başsız, uşaqları yetim qoymadımı?
Həmid Sultanovun ömür-gün yoldaşı Ayna
Sultanova və qaynı Qəzənfər Musabəyov
haqqında belə faktlardan yüzlərlə qeyd etmək
olar. O zaman
onların Şura sevgisi gözlərini elə tutmuşdu ki, nə
etdiklərini özləri də bilmirdilər. Belə
olmasaydı, Ayna xanım Leninə olan sonsuz məhəbbətinin
təzahürü kimi sonbeşiyinə VLADLEN adını
qoymazdı ki...
S.Gəncəli
yazır: "Onlar ömürlərinin ən gözəl illərini
xalqının azadlığı uğrunda mübarizəyə
həsr etmişlər”. Sabir müəllim, amma zaman sübut
etdi ki, əksinə, onlar xalqının azadlığı
uğrunda mübarizə aparanlara qənim kəsiliblər...
...Mərkəzdə
başlanan "yenidənqurma”, "aşkarlıq” siyasəti
bizə ya çox gec gəlib çatdı, ya da biz onu gec qəbul
etdik. Mərkəzdə Qarabağ məsələsinin
"xeyir-duası” verilən zaman biz hələ də Mərkəzə
sədaqətimizi bəyan etməkdə idik. Dövrün
"ən mötəbər mənbəyi” adlanan Azərbaycan
Sovet Ensiklopediyasında hələ də istedadlı alimlərimiz,
akademiklərimiz H.Z.Tağıyev haqqında həqiqətlərə
göz yumaraq, onu haqsız tənqid atəşinə tutaraq,
"milli burjuaziyanın mənafeyini güdən”, "fəhlələrin
əməyini istismar edən kapitalist” kimi təqdim edirdilər.
Bu ideoloji münasibət tədqiqatçı alim,
filologiya elimləri doktoru Firudin Hüseynovun da əsərlərindən
yan keçməyib. Zamanın "qanun-qayda”larına sədaqətini əks
etdirən alim 1982-ci ildə çap etdirdiyi "Satirik
gülüşün qüdrəti” adlı elmi əsərində
"Böyük Oktyabr sosialist inqilabına” sədaqətini
necə bəyan edirdisə, 1986-cı ildə işıq
üzü görən "Molla Nəsrəddin” və mollanəsrəddinçilər”
adlı əsərində də eynilə bunu davam etdirib.
Məsələyə
sovet ideologiyasına xas yanaşan alim bütün varlığı
ilə xalqına, millətinə bağlı olan, onun
azadlığı uğrunda sona kimi çalışan,
görkəmli qələm və əqidə sahibləri olan
Ə.Ağaoğlunu, Ə.Hüseynzadəni və
Ə.M.Topçubaşovu tədqiqatlarında birmənalı
olaraq "panislamist”, "pantürkist”, "istismarçı
burjua sinfinin ideoloqu” kimi tənqid edərək yazırdı:
"Bakının neft milyonçularına sədaqət
göstərən, mətbuatda mühafizəkar mövqe tutub,
mənsub olduğu istismarçı burjua sinfinin ideoloqu kimi
tanınan bir qrup ziyalı yetişmişdir. Ə.M.Topçubaşov,
Ə.Hüseynzadə, Ə.Ağaoğlu belə
ziyalılardan idi”.
Əsərin ilk cümləsindən son çümləsinə
kimi (baxmayaraq ki əsər 1986-cı ildə çap edilib,
artıq bu zaman ölkədə yenidənqurmanın ilk
rüşeyimləri görünməkdə idi. Amma bizim
ziyalılarımızın əksəriyyəti hələ də
proletar ideologiyasından azad ola bilmirdilər)
"proletariatın dahi rəhbəri V.İ.Lenin
qayğısı”, "qardaş millətlərin birliyi” (!),
"beynəlmiləl tərbiyədə S.Şaumyanın
rolu” və s. bu kimi fikirlərin dönə-dönə işlədilməsi
müəllifin uzun illər yazılan
yanlışlıqları bir daha təkrar etməsindən
başqa bir şey deyil. "Həyat”, "Füyuzat” və
"Kaspi” mətbu orqanlarını "milli burjuaziyanın mənafeyini
təmsil və müdafiə edən”, yazarlarını isə
"panislamist”, "pantürkisist” kimi təqdim edirdi
F.Hüseynov. Bu kimi faktlar təkcə
F.Hüseynovun əsərlərində deyil, 1980-cı ildən
sonra yazılan bir çox tədqiqat əsərlərində
davam etməkdə idi.
Bu proses
1990-cı illərin əvvəllərinə kimi davam etdiyi
üçün milli mətbuat və (xüsusən də Azərbaycan
Xalq Cümhuriyyəti dövrü) mətbuatşünaslıq
tariximizi obyektiv şəkildə əks etdirən əsərlər
demək olar ki, yox dərəcəsində idi. Obyektivlik bir
yana, bəzi tədqiqatçılarımız sovet rejiminə
o qədər aludə olmuşdular ki, bolşevik mətbuatının,
yazarlarının fəaliyyətini tədqiq etməklə
kifayətlənməyərək, milli ruhlu mətbuatı,
onun yazarlarını təhqir və tənqid etməkdən
sanki zövq alırlarmış. Məsələn,
bolşevik mətbuatının tədqiqatçısı
Xasay Vəzirov "Azərbaycan bolşevik mətbuatı sovet
hakimiyyətinin qələbəsi uğrunda mübarizədə”
adlı elmi əsərində az qala hər sözündə,
hər cümləsində milli hökuməti və onun liderlərini
təhqir etməkdən belə çəkinməyərək
yazırdı: "Azərbaycanda alman-türk süngüləri
ilə yaradılmış Müsavat hökuməti, bəylər,
xanlar, mülkədarlar və kapitalistlər Azərbaycan
xalqına böyük xəyanət edərək Azərbaycanı
əvvəlcə türk işğalçılarının,
sonra isə İngiltərə imperalistlərininin əsarəti
altına salmışdılar”.
Əslində
yalnız X.Vəzirovun əsəri deyil, sovet dövründə
yazılan, onun siyasi dəsti-xəttinə uyğun olan
sayız-hesabsız əsərlərdə bu mühüm
dövr "düzgün qiymətləndirilməmiş,
mürəkkəb,çoxşaxəli olan bu dövr kommunist
ideologiyasının prinsipləri baxımından dəyərləndirilmiş,
milli təzahürlər bolşeviklərin xeyrinə
saxtalaşdırılmışdır”. Ona
görə də sovet dövründə aparılan tədqiqatlar,
namizədlik, doktorluq dissertasiyaları, dərsliklər, ensiklopedik
mareriallar və digər araşdırmalar bir daha sübut edir
ki, onlarda zamanın amansız siyasi-metodoloji prinsiplərinə
əsaslanaraq söylənilən fikirlər bu gün
müasir tələblər baxımından qüsurludur.
Bu qüsurları aradan qaldırmaq
üçün xalqımız yenidən öz müstəqilliyini
bərpa etdikdən sonra mətbuat və mətbuatşünaslıq
tariximiz obyektiv olaraq, əsaslı şəkildə tədqiqata
cəlb edildi. Burada mətbuatşünaslıqla
yanaşı, tarixşünaslıq elmi də əsas
götürüldü. Bu gün zaman
tarixşünaslıq elimindən müstəqil dövlətimizin
inkişaf yolunun müəyyənləşdirilməsi
üçün Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik
təcrübələrindən bəhrələnməyi, səhvlərindən
ibrət götürməyi, onları təkrar etməməyi
tələb edir.
1990-cı illərdə Azərbaycanda ideoloji sahənin
bütün cəbhələrində olduğu kimi, mətbuatda
da yeniliklə köhnənin mübarizəsi, yaxud köhnənin
yeniyə müqaviməti getdikcə amansız şəkil
alırdı.
Bəzi hallarda partiya orqanlarının öz əməkdaşları
belə, redaksiyanın proqramına, platformasına əks
mövqedə durur, həmkarlarının iş üslubuna etiraz
edir, onları əsl vətəndaş olmağa sövq
edirdilər. Odur ki, Azərbaycanın müstəqilliyinin bərpası
ərəfəsində ölkəmizdə fəaliyyətdə
olan KİV-in həyatında bir kəmiyyət dəyişikliyi
baş verdi. Bu dəyişiklik
yuxarıda qeyd etdiyimiz kimi, ilk olaraq yeni yaranan mətbu
orqanlarında özünü əks etdirdi. "Səhər”,
"Meydan”, "Vətən səsi”, "Açıq
söz”, "Ədalət”, "Azadlıq”, "Azərbaycan”,
"Aydınlıq”, "Qarabağ” qəzetləri Azərbaycanın
azadlıq mücadiləsində yaxından iştirak edərək
onun yaxın tarixini öz səhifələrində yazdılar.
Onlar bu səpkili mövzulara tez-tez müraciət
edərək fərdin və millətin ən böyük sərvəti
olan azadlığı, istiqlalı uğrunda mücadilə
aparan tarixi şəxsiyyətlərin mətbu irsinə,
yaradıcılığına yeni həyat, nəfəs verir,
bununla da müstəqillik uğrunda mübarizə aparan hərəkat
iştirakçılarını mənəvi-ideoloji, siyasi
baxımdan qidalandırırdılar.
Dünənimizin, tariximizin, milli-mənəvi dəyərlərimizin
qorunub saxlanmasında, azadlıq arzularımızın
gerçəkləşməsində, ictimai fikrin, milli
şüurun formalaşmasında, milli ideologiyanın təşəkkülündə
bu yeni ruhlu mətbuatımız şərəflə
mübarizə aparmış və istəyinə nail
olmuşdur. Odur ki, Azərbaycan mətbuat tarixi tədqiqatçıları
bu mətbu orqanlarının hər birini geniş şəkildə
tədqiqata cəlb etməli, onların əldə etdiyi
müsbət nəticənin elmi əhəmiyyətini verməlidirlər.
Çünki həmin illərdə mətbuatımız
sadəcə yeni tarixi mərhələyə daxil olmur, həm
də yeni ruhlu mətbuat nümunələrini yaradaraq müstəqilliyimizin
yeni tarixini yaradırdılar. Elmi-ictimai,
siyasi, mədəni həyatımızın, istiqlal tariximizin
şərəfli və mürəkkəb zamanını əks
etdirən bu mətbu orqanlarının tədqiqi həm
istiqlal tariximizə, həm də müasir mətbuatşünaslığımıza
ən layiqli töhfə olardı.
Amma burada bir faktı da qeyd etmək yerinə düşərdi
ki, sovet dövrü mətbuatının fəaliyyətini
bütövlüklə inkar etmək də düz olmazdı. 20-ci
yüzilin 70 ildən artıq dövrü sovet mətbuatının
fəaliyyət göstərdiyi illərə təsadüf etsə
də, bu dövrün də xüsusi yeri var və bunları
danmaq ədalətsizlik olardı. Bu da bir
faktdır ki, sovet gerçəkliyində
yaşadığımız yetmiş ildə milli
düşüncənin yaranmasında, yaşanmasında və
təbliğində ədəbiyyatımızla yanaşı,
mətbuatımızın da böyük rolu olub. Xüsusən də son "30 il (1960-1990-cı illər)
bu mənada birmənalı təsdiq olunsa da, əvvəlki 40
ilin də üstündən keçmək olmaz”.
Məhz bu dövrdə mətbuatımızın
coğrafiyası və ifadə vasitələri genişlənərək
respublikanın ictimai-siyasi həyatının demək olar ki,
bütün sahələrini əhatə etmişdir.
Qərənfil
Dünyamin qızı
Əməkdar
jurnalist
Kaspi 2017.- 22 iyun.- S.15.