“Mənə bir şapalaq vurdu, burnumdan qan
açıldı”
Məzahir Süleymanov: “Hər kəs öz sevdiyi peşədə çalışsa, mütləq nəsə alınacaq”
Uşaqlıq, gənclik illərinin çətin keçdiyini deyir. Amma eyni zamanda bildirir ki, bütün çətinliklərə dözmək, səbirli, təmkinli olmaq, öz işini sevmək lazımdır. O, 73 illik həyat yolunda məhz bu prinsipi əsas tutub, indi isə heç də peşman deyil. Müsahibimiz uzun illər Sumqayıt Dövlət Dram Teatrında çalışan, hazırda təqaüddə olan xalq artisti Məzahir Süleymanovdur. Səhnəyə qədəm qoyduğu ilk vaxtlardan rejissorların diqqətini cəlb edən, hər zaman teatr repertuarının ağırlığını daşıyan əsas aktyorlardan olan M.Süleymanovla bu dəfə teatrdan, oynadığı rollardan deyil, keçmişindən, gənclik illərindən danışdıq.
"Uşaqlıq dövrü hər halı ilə gözəldir”
Uşaqlıq illərindən danışanda, deyir ki, kənddə keçən o illər gözü önünə gəlir. Kənd uşaqları necə, o da elə: "1944-cü il yanvar ayının 29-da Zərdab rayonunun Məmmədqasımlı kəndində doğulmuşam. Lakin bizim öz kəndimiz Yuxarı Seyidlər adlanırdı. Məmmədqasımlı kəndinə atamın işinə görə müvəqqəti köçmüşdük. Kənd uşaqlarının uşaqlığı necə keçirsə, məndə də elə olub. Bəlkə də tam ifadə etmək mümkün olmasın, amma uşaqlıq dövrü hər halı ilə gözəldir. Məktəb illərimiz yadımdadır. İbtidai sinfi öz kəndimizdə oxusam da, yuxarı siniflər üçün təhsil bizim kənddəki məktəbdə yox idi. Bunun üçün arada 7 kilometr məsafə olan qonşu Bıçaqçı kəndinə gedirdik. İndiki kimi nəqliyyat da olmurdu, piyada getməyə məcbur olurduq. O məsafəni yayda piyada gedib-gəlməyimiz mümkün olsa da, qışda alınmırdı. Ona görə də, həftəlik azuqəmizi yığıb həmin kənddə qalır, məktəbə gedirdik. Uşaqlıq illərimdən ən çox çətinliklər yadımdadır. 10 yaşım olanda ev tikməyimizi unutmuram. Bir usta çağırmışdıq, amma qalan işləri ailəlikcə görürdük. Mən də gücü çatan qədər işləyirdim, o qədər yorulurdum ki, tikinti gedən yerdə başımı qoyub yatırdım”.
"Əsgərliyim maraqlı keçib”
Bakıya ilk gəlişi ali təhsil almaq üçün olur. Lakin ilk cəhdi uğursuz olur, buna görə də, peşə təhsilinə
yönəlir və bir müddət bu istiqamətdə çalışır:
"Orta məktəbi bitirəndən sonra sənədlərimi Xarici
Dillər İnstitutuna (indiki
Azərbaycan Dillər Universiteti) verdim. Amma ikinci
imtahandan kəsildim, sonra
sənədlərimi texniki peşə məktəbinə
verdim. İki il oxuyub,
çilingər peşəsinə yiyələndim. Bu təhsilimlə əlaqəli bir çox yerlərdə
işlədim. Amma institutda
oxumaq, aktyor olmaq istəyimi arxa plana atmaq
istəmədim. Bakıya gəldim və
sənədlərimi İncəsənət
İnstitutunun (hazırkı
Mədəniyyət və
İncəsənət Universiteti)
"Dram və kino aktyoru" fakültəsinə
verdim və daxil oldum”.
Bir il təhsil
alandan sonra isə hərbi xidmətə çağırılır.
Nə az,
nə çox, 4 il Həştərxan şəhərində hərbi
xidmətdə olur:
"1963-67-ci illərdə Hərbi Dəniz Donanmasında qulluq etmişəm. Hərbi xidmətin müddətinin
uzun olması o vaxtın qanunu idi. Çətin də olsa, qulluğumu başa vurmalıydım. Müddət uzun, çətinliklər
çox olsa da, əsgərliyim maraqlı keçib, Hərbi Dəniz Donanmasında qulluq etmək maraqlı oldu”.
"Komandirimizi suda batmaqdan xilas etmişdim”
Kişilərin hərbi xidmət hekayələri bitmir. M.Süleymanovun
da 4 il
ərzində maraqlı
xatirələri olub. Onlardan ən çox yadında qalanlarından biri komandirinin həyatını
xilas etməsidir:
"Bir dəfə öz komandirimizi suda batmaqdan xilas etmişdim, onu unutmuram. Deməli, bir dəfə biz dalğıc aparatını
sınaqdan keçirirdik.
Bir qurğu var, onun üstündə dayanmışdıq. Komandirimiz dalğıc
aparatını geyinib
suya düşdü.
Mən də sınağın necə olacağını
diqqətlə izləyirdim.
Amma birdən gördüm ki, nə sınaq,
komandir suyun altında hərəkətsiz
qalıb. Və onu sudan
çıxardım. Suda huşunu
itiribmiş, vaxtında
yardım etdik deyə, özünə gəldi”.
Hərbi xidmət dövrünün
davalarında o da iştirakçı olub. Bununla bağlı bir xatirəsini də bizimlə bölüşdü:
"Köhnə və
yeni əsgərlər
arasında davalar daha çox olur. Yeni gedəndə mənim
də köhnələrlə
davalarım olurdu.
Deməli, gəmidə belə
idi ki, yeməklərimizi
özümüz hazırlayırdıq,
qablarımızı növbə
ilə yuyurduq. Mən yeni getmişdim, gülərin birində növbə Ukraynadan olan yaşlı əsgərlərdən birində
idi. Amma o qabları yumaqdan
imtina etdi. Bir neçə dəfə onu çağırıb,
qabları yumalı olduğunu xatırlatdım,
amma gəlmədi.
Axırıncı dəfə kobud
şəkildə çağırdım.
O da qalxıb gəldi. Elə bildim qabları
yumağa gəlir, amma yaxınlaşıb mənə bir şapalaq vurdu, burnumdan qan açıldı.
Təbii
ki qayda-qanun vardı və o, cəzasını aldı.
Amma sonra zaman keçdi
və mən köhnənin əsgəri
oldum, Bosman vəzifəsinə keçdim,
yeni əsgərlər
mənim rəhbərliyim
altında işlədilər”.
"Maraqlı, yaddaqalan gənclik illərim olduğunu deyə bilmərəm”
Hərbi xidmətdən qayıdandan sonra təhsilini davam etdirir. Amma həm oxuyur, həm də maddi cəhətdən özünü təmin etmək üçün işləyir. Sonra tələbə ikən ailə də qurur deyə, məsuliyyəti daha da çoxalır: "Axşam növbəsində oxuyurdum, həm də zavodlarda çilingər işləyirdim. Oxuya-oxuya işləmək tələbə üçün elə də asan deyildi, üstəlik, tələbəlik illərində ailə qurdum, onun məsuliyyətini də çəkmək lazım idi. Zamanını dərs oxuyub, əylənməklə keçirən tələbələrdən olmamışam. Maraqlı, yaddaqalan gənclik illərimin olduğunu deyə bilmərəm. İşləri, problemləri həll etmək üçün çalışmışam, o illər də gəlib-keçib”.
Aktyor olaraq fəaliyyətə institutu bitirəndən sonra başlayır: "İnstitutu bitirəndən sonra təyinatla Naxçıvan teatrına göndərdilər. Amma səhər Naxçıvana düşdüm, axşam geri qayıtdım. Teatrda heç kim yox idi, hamı qastrola getmişdi. Sonra Sumqayıt teatrına gedib, öz təşəbbüsümlə işə düzəlmək istədiyimi bildirdim. Bəzi nüanslar oldu, ilk olaraq məni işə götürmək istəmədiklərini bildirdilər. Amma sonra götürdülər. 1972-ci ildən orda işləməyə başladım. 2014-cü ildə 70 yaşında təqaüdə çıxana qədər orda çalışdım”.
"Hansı işdən yapışdımsa, gərək ən yaxşı olum”
Ömrünün 42 ilini teatra verib.
Teatrdakı maaşların az olduğu zamanda belə, bu, onun işinə həvəsini
öldürməyib. Çünki ömrünü sevdiyi
işə həsr edib: "Az məvaciblə çalışmaq çətin
olurdu, amma xarakterimdə
şikayət etmək yoxdur. Heç vaxt kiməsə şikayət etməmişəm
ki, çətin yaşayıram və s. Şikayətlənmək lazım deyil, hər şey düzələcək,
səbir etmək lazımdır. İşə can yandıran adam olduğuma, obrazlar üzərində
ciddi işlədiyimə görə, teatrda işlərim yaxşı gedirdi. Bu, həm də
mənin xarakterimdən irəli gələn məsələdir.
Hansı işdən yapışdımsa, gərək ən
yaxşı olum. Ortabab
olmağı heç vaxt
istəməmişəm. Hər zaman
seçilməyə çalışmışam. Görünür, xarakterimdən irəli gələn
bu xüsusiyyət işimdə də inkişaf etməyimə, irəli getməyimə
kömək edib. Düzdür, gec oldu, amma
əməkdar, xalq artisti adı da verildi. 5-6 dəfə Prezident mükafatına layiq görülmüşəm”.
"Hər kəs öz sevdiyi peşədə çalışsa,
mütləq nəsə
alınacaq”
Deyir ki, zamanı geri qaytarmaq mümkün olsa, yalnız bir şeyi dəyişmək
istəyərdi: "Aktyor
kimi fəaliyyətimdən
narazılığım yoxdur.
Amma indiki ağlım o vaxt olsaydı, paytaxt teatrlarında çalışmağa
can atardım. Əyalət teatrlarında işləmək
ikiqat çətindir.
Çətin olmaqla yanaşı,
gözdən uzaqda olursan. Çox şeylərdən uzaq düşürsən”.
M.Süleymanovun gənclərə məsləhəti
isə bunlar oldu: "Hansı işi görürlərsə,
mütləq sevə-sevə
görsünlər. Olduqları
sahədə inkişaf
etmək, yüksəlmək
üçün daim çalışsınlar.
Bunun başqa yolu yoxdur. Hər kəs öz
sevdiyi peşədə
çalışsa, mütləq
nəsə alınacaq.
Bütün çətinliklərə dözmək, səbirli, təmkinli olmaq, öz işini sevmək lazımdır.
Sözdə yox, əməldə
sevmək lazımdır.
Bu sevgini isə
öz işində əməlinlə təsdiq
etməlisən”.
Aygün Asimqızı
Kaspi 2017.- 23 iyun.- S.12.