"Sıradan biri olmaq istəmirəm"

 

Çinarə Məlikzadə: “Ağlıma gəlməzdi ki, evdə çəkdiyim kiçik bir video ilə bu qədər məşhurlaşaram”

 

Bəzən deyirlər ki, incəsənət aləminə gəlmək, az da olsa tanınmaq üçün yaxşı pulun, sponsorun, bir də gözəl xarici görkəmin olmalıdır. Bu üçü olduqdan sonra səsə də önəm vermək olar. Paradoksal olsa da, zaman-zaman deyilənlərin reallaşdığının şahidinə çevrilmişik. Ancaq indi elə bir dövrdə yaşayırıq ki, istedadı heç cür basdırmaq və kölgəyə salmaq olmur. Ona görə də bu gün öz gücünə, yalnız səsi ilə tanınan və insanların qəlbində taxt quran ifaçılarımız da var. Onlardan biri də "Gedək üzü küləyə” deyərək insanların qəlbinə yol tapan istedadlı ifaçı Çinarə Məlikzadədir.

 

Çinarə xanım söhbəti zamanı qeyd etdi ki, bu gün mətbuat nümayəndələri, radiolar, televiziyalar ona kifayət qədər dəstək olurlar. Özü də heç bir təmənna güdmədən.

 

- Müsahibələrinizin birində qeyd etmisiniz ki, bir daha mahnı müsabiqələrində iştirak etməyəcəksiniz. Bu qərar nə ilə bağlıdır?

- Müsabiqədə iştirak edərkən çox həyəcanlanıram. Gördüyünüz kimi, son dönəmlər müsabiqələrdə həyəcan keçirdiyim üçün həmin layihələrdə yaxşı yerlər tuta bilməmişəm. Düzdür, uşaq yaşlarımda qatıldığım müsabiqələrdə laureat olmuşam, birinci yerə də çıxmışam. O zaman belə şeyləri önəmsəmədiyim üçün həyəcan keçirmirdim. Böyüdükcə daha çox həyəcanlanmağa başladım. Gördüm ki, özümdən asılı deyil, alınmır. Müsabiqədə iştirak edərkən mənə qəribə bir titrəmə gəlir. Sanki boğazımı tuturlar və oxuya bilmirəm. Bu özümdən asılı səbəblərdən qaynaqlanmır. Ancaq paylaşımlar etdiyim videolarda özümü çox rahat hiss edirəm. Çünki telefon qarşısında heç kim olmur, oturub rahat oxuyuram.

 

- Son dövrlər efirə tez-tez çıxırsınız. Yəqin bu sizin həyəcanınıza az da olsa təsir edər.

- Yenə də efirə çıxanda az da olsa həyəcan keçirirəm. Ancaq müsabiqələrdəki qədər deyil. Müsabiqəyə çıxanda münsiflər qarşısında məsuliyyət hiss edirəm və bu da mənə həyəcan gətirir.

 

- Bəzən deyirlər ki, sosial şəbəkələrdə izlənmə sayı televiziya və radiolarla eynilik təşkil edir. Bu fikirlərlə razısınızmı?

- Razıyam. İndi texnologiya əsridir. Çox adam televiziyaya baxmır. Gənclərimizin əksəriyyəti vaxtının çoxunu sosial şəbəkədə keçirir. Daha çox orta və yaşlı nəsil televizora baxır. Misal üçün, mənim nənəm televizora çox baxır (gülürük).

 

- Yaradıcılığınızın debütü olan "Gedək üzü küləyə” klipiniz çox baxımlı və maraqlı olsa da, heç də birmənalı qarşılanmadı.

- Klipin rejissoru Ərtoğrul Kamalovdur. Onunla bir yerdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil almışıq. Əslində bu klipi çox bəyəndim. Ümumiyyətlə, ortalığa nəsə iş qoyanda mənfi və müsbət fikirlər səslənir. Mən bunlara normal yanaşıram. Rejissor klipdə mənim özümü təqdim etdi. İstədik ki, klipdə əsas səs və görüntü yadda qalsın. Klip haqqında müsbət fikir bildirənlər, bəyənənlər də çoxdur. Hətta həmin klipdən sonra Ərtoğrula bir çox klip təklifləri də gəlib. Əgər klip pis alınmışdısa, nə üçün onunla işləmək istəsinlər ki?

 

- İkinci klipinizi də Ərtoğrula çəkdirəcəksiniz?

- Böyük məmnuniyyətlə.

 

- Klip üçün nə qədər xərc çəkmisiniz?

- Bu klipimi Ərtoğrul mənə hədiyyə etdi. Mən sənətə yeni başlamışam, onun üçün klip çəkdirməyə büdcəm kifayət qədər deyil. Sağ olsun, Ərtoğrul mənə kömək etdi.

 

- Xalq artisti Alim Qasımovun sevilən mahnılarından olan "Xatirədir”i ifa etdiniz. Ancaq hər gənc Alim müəllimin mahnısını oxumağa ürək etmir.

- "Xatirədir” mahnısını çox sevirəm. Bu mahnını çox sevdiyimdən oxudum. Mən çox nadir hallarda mahnıya bağlanıram. Bu mahnıya bağlanmışdım. İndinin özündə də o mahnını dinləməkdən doymuram. Oxudum və yaxşı da qarşılandı. Alim müəllim bizim böyük sənətkarımızdır. İddia etmirik ki, ondan daha yaxşı oxuyacağıq. Çox adam deyir ki, Şövkət Ələkbərova, Alim Qasımovun mahnıları toxunulmazdır. Mən bu fikirlə razı deyiləm. Biz özümüz oxumuruq, başqaları da oxuyanda acığımıza gəlir. İstəyirəm ki, dahi sənətkarlarımızın mahnılarını özümüz oxuyaq, onların mahnılarını özümüz yaşadaq. O qədər gözəl mahnılarımız var ki, düşünürəm, onlar unudulmamalıdır, yaddaşlardan çıxmamalıdır. Halbuki zaman-zaman gənclər belə mahnıları unudurlar.

 

- Şou-biznesdə amansız rəqabət var. Rəqabətdə sizə qarşı paxıllığın olduğunu hiss edirsinizmi?

- Şou-biznesə o qədər də yaxın biri deyiləm. Şou nümayəndələrindən yaxından dostluq etdiyim rəfiqələrim demək olar ki, yoxdur. Heç kimdə özümə qarşı paxıllıq hiss etməmişəm. Mən yaradıcı insanam. Fərqi yoxdur, şou-biznesdə oldum, ya olmadım. Şou-biznesi söz atmaq, nəyisə göstərmək kimi nəzərdə tutursunuzsa, mən belə şeylərdən uzaqdayam. Heç zaman qalmaqalla gündəmə gəlməyi xoşlamamışam.

 

- Əgər kimsə bostanınıza daş atsa?

- Mən təbiətcə çox sakit insanam, dalaşqan biri deyiləm. Üzü küləyə gedən bir  xasiyyətim var (gülürük). Ancaq üzümü də yumşaq görüb söz atmasınlar.

 

- Çinarə Məlikzadənin uğurunun sirri nədədir?

- O sirri mən də bir bilsəydim... çoxdan uğur əldə edərdim. Heç zaman ağlıma gəlməzdi ki, bir gün kiçik bir video çəkərəm, həmin video bu qədər məşhurlaşar. Bəlkə də insanlar təbiilik və sadəlik üçün darıxmışdılar. Mən o mahnını ev halında oxumuşam. Bəlkə də bəzənib-düzənib salondan çıxmış şəkildə ifa etsəydim, o qədər marağa səbəb olmazdı.

 

- Davamlı olaraq sosial şəbəkədə paylaşımlar edirsiniz, bu sizin çox vaxtınızı almır ki?

- Yox. Sadəcə olaraq bir çəkiliş edirəm, həmin vaxt paylaşmağa vaxtım olmur, bir az gec paylaşıram. Günün 24 saatı "Facebook”um açıq, olur ancaq vaxt tapdıqca girib yazılanlara baxıram. "İnstagram”da, "Facebook”da izləyicilər çoxsaylı mesajlar göndərirlər. Təəssüf ki, zaman qıtlığından onların hamısına cavab yaza bilmirəm. Yazmayanda deyirlər ki, məşhurlaşandan sonra bizə cavab yazmırsan. Ancaq onlara deyə bilmirəm ki, mən tək, siz çoxsunuz. Ona görə hamıya çatdırıb cavab yaza bilmirəm.

 

-  Bildiyimiz qədər, sizin "İnstagram” səhifənizdə problem yaranmışdı. Hətta yeni profil də yaratmalı olmuşdunuz. Nələr baş vermişdi?

- "İnstagram” profilim artıq 2-ci dəfə idi ki, sındırılırdı. Bezdim. Gördüm ki, o profilə dikilən gözlər çoxdur (gülür).

 

- Öyrənə bildinizmi, o profil kim tərəfindən sındırılıb?

- Onu dəqiq bilmədik. Profili özümüz yığışdırdıq. Sındıranlardan səhifəni geri almışdıq. 22 minə qədər izləyicisi də var idi. Biz onu bağladıq. Hər kəsə sübut etmək istəyirik ki, yeni bir səhifə açırıq, yenə də həmin səhifədə 20-25 min izləyici olacaq. Hələ daha çox gələcək, nəinki o qədər. Ancaq məni narahat edən bir məsələ var. Tez-tez şəbəkələrdə adımdan səhifələr açılır. Artıq mənə də inanmırlar, yazırlar ki, dəqiq bilək, hansı səhifəni işlədirsiniz. Yeni səhifəni sanki bilərəkdən açırlar. Bir neçə dəfə videogörüntü vasitəsilə həmin səhifələrin mənə məxsus olmadığını paylaşmışam. Artıq bezirəm. İnsanlar düşünəcəklər ki, bu da təzə çıxıb.  Son vaxtlar çox müğənnilərin "İnstagram” səhifələri sındırılır. Deyəsən bu, dəb halını alıb.

 

- Deyəsən sizin məşhurlaşmağınızda xüsusi rolu olan dostlarınızla problemləriniz yaranmışdı. O problemi həll edə bildinizmi?

- Bu, hamının həyatında olur. İnsanın ən yaxın dostu ilə də problemləri olur. Aramızda heç bir problem yoxdur. Münasibətlərimiz hələ də yaxşıdır. Mən onların xətrini çox istəyirəm, onların mənim üçün etdiyini də itirə bilmərəm. Əslində ciddi problem də yoxdur. Mən kin saxlayan biri deyiləm.

 

- Çinarə xanım, gələcəyə doğru hədəfləriniz nələrdir?

- Unudulmuş mahnılarımızı yeni versiyada ifa etmək istəyirəm. Müğənni nə istəyə bilər?

 

- Sizcə, müğənnini siması, yoxsa mahnısı tanıdır?

- İfaçı üçün ilk növbədə onun səsi və seçdiyi repertuar çox önəmlidir. Baxır ifa etdiyin mahnını insanlara necə təqdim edirsən. Hər bir ifaçı mahnıya yanaşmasında öz fərqli tərzini ortaya qoymalıdır. Bəzən olur ki, insan təkrarçılıqdan, monotonluqdan bezir, fərqli, dəyişik bir şeylər görmək istəyir. Çox zaman mahnını dinləyirik, ancaq seçə bilmirik ki, bu mahnını kim ifa edib. Bir də mənim üçün əsas xalqın səni, mahnını qəbul etməyidir. Xalq dəstək vermirsə, istəmirsə, sənin nə qədər sponsorun olsa da, bu, mümkün deyil. Misal üçün, mənim səsləndirdiyim "Gedək üzü küləyə” mahnısını izləyicilər paylaşdılar. İnsanlar bəyəndilər və beləliklə, bu mahnı yayıldı. Mən heç kimə zəng edib demədim ki, bu mahnını paylaşın. Mənə zənglər gəlirdi və deyirdilər ki, hamı sənin mahnılarını paylaşır, o vaxt mənə heç nə çatmırdı.

 

- Bəs sizi sevdirən nə oldu?

- Məncə, təbiiliyim. Orijinal olmaq lazımdır. Pis də olsam, özüm olum. Təbiilik hər zaman gözəldir.

 

- Siz uğursuzluğu da, uğuru da gördünüz. Ola bilərdi ki, qatıldığınız müsabiqədə qalib olardınız, ancaq bu qədər tanınmazdınız.

- Elədir. O qədər ifaçılar var ki, müsabiqələrdə 1-ci yer tutublar, ancaq tanınmayıblar.

 

- İnsan bərkə-boşa düşdükcə dostlarını tanıyır, deyirlər. Bəs siz necə?

 - Müsabiqə ərəfəsində mən dostlarımı daha yaxından tanıdım. Bütün günü dərdlərimizi bölüşdüyümüz insanlar müsabiqəni yarımçıq tərk etdikdən sonra məni tanımadılar. Belə şeylərin çox şahidi olmuşam. Ancaq o qədər də önəmsəmirəm. İndi də gözləmədiyim qohumlarım, dostlarım ortaya çıxıb.

 

- İfaçılar tanınandan sonra özlərinə ləqəb götürürlər. Siz də belə edəcəksinizmi?

- Mən hər işdə sadəliyi sevirəm. Elə Çinarə Məlikzadə kimi tanınmağım mənə kifayət edir. Əvvəllər adımı o qədər də bəyənmirdim. Türkiyədə bir müddət yaşayandan sonra fikirlərim dəyişdi. Orada mənə deyirdilər ki, çox gözəl adınız var. Onlar adımı mənə daha çox sevdirdilər.

 

- Çinarə Məlikzadə toylara gedirmi?

- Dəvət olanda gedirəm. Çalışıram öz mahnılarımı oxuyum. Hər zaman sıradan biri olmaqdan qaçıram.

 

- Aktrisa kimi seriallardan dəvətlər necə, alırsınızmı?

- Əlbəttə. İndi də gəlməkdə davam edir, ancaq hələ ki çəkilmək istəmirəm. Yerli serialların çoxundan təklif almışam. Bir filmə də dəvət almışam, hələ ki, düşünürəm. Daha çox ifaçı kimi tanınmaq istəyirəm.

 

- Çəkilsəniz, necə bir obraza çəkilərsiniz?

- Bir az oğlan xasiyyətim var. İstəyirəm ki, mənə polis, mərd bir insan rolunu versinlər. Misal üçün, detektiv janrlı bir filmə sevinərək çəkilərəm.

 

 Xəyalə Rəis

Kaspi.-2017.-1 mart.-S.12.