Azərbaycan - etibarlı tərəfdaş,
kommunikator və multikulturalizm
mərkəzi kimi
Dövlətimiz qloballaşan
dünyaya inteqrasiya etməklə yanaşı, öz milli
maraqlarını qoruyur, dövlətçilik ənənələrini
yaşadır
Dünyada soyuq müharibənin başa çatması bir çox dövlətlər, o cümlədən Azərbaycan üçün müsbət nəticə verdi. Çünki SSRİ-nin sonunun gəlməsi 70 il əsarətdə yaşayan Azərbaycanın müstəqilliyinin başlanğıcı demək idi. 1991-ci ildə müstəqilliyini əldə edən Azərbaycan iqtisadi çətinliklər, ərazi bütövlüyünü itirmək təhlükəsi ilə üzləşdi. Dövlətimiz haqq səsini dünyaya ucaltmaq, Dağlıq Qarabağ və ətraf ərazilərdə ermənilərin törətdiyi cinayətləri dünya birliyinin diqqətinə çatdırmaq, qlobal iqtisadi layihələrə qoşulmaq üçün qonşu dövlətlər, beynəlxalq təşkilatlarla münasibətlərini gücləndirməyə başladı. Artıq müstəqilliyinin 26-cı ilini yaşayan Azərbaycan 30-dan çox beynəlxalq və regional təşkilatın üzvüdür. Xarici siyasətinin əsas konsepsiyasını milli müstəqilliyini, ərazi bütövlüyünü qorumaq və gücləndirmək təşkil edən dövlətimiz digər dövlətlərlə qarşılıqlı maraq doğuran əlaqələri genişləndirir. Azərbaycan tək qonşu dövlətlər və MDB ilə deyil, həmçinin dünyanın aparıcı dövlətləri, islam və türk dünyası ilə münasibətlərini möhkəmləndirməyə çalışır. Müstəqilliyinin ilk illərində BMT-yə üzv olan Azərbaycan hazırda ATƏT, Avropa Şurası, İƏT, kimi beynəlxalq təşkilatların üzvü olmaqla yanaşı Avropa İttifaqı, NATO-nun bir çox proqramlarına qoşulub.
Azərbaycan beynəlxalq təşkilatlarla çoxlu sayda müqavilə və anlaşmalar imzalayıb, Uşaq Hüquqları, "Qadınlara Qarşı Ayrı-Seçkiliyin Bütün Növ Formalarının Ləğv Edilməsi Haqqında” Konvensiyalara qoşulub. Həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin dünyanın müxtəlif ölkələrinə səfərləri uğurlu xarici siyasətin tərkib hissəsidir. Prezidentin NATO-nun sammitlərində, Münhen Təhlükəsizlik Konfransında iştirak etməsi, dünya liderləri ilə keçirdiyi görüşlər Azərbaycanın dünyaya inteqrasiyası prosesində atılan uğurlu addımdır.
NATO: "Azərbaycanın əməliyyatlarımıza aktiv və davamlı dəstək verməsini yüksək qiymətləndiririk”
1994-cü ildə Azərbaycan postsovet məkanında NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramına qoşulan ilk dövlətlərdən idi. Hazırda ölkəmiz NATO-nun etibarlı tərəfdaşı hesab edilir.
Alyansın Azərbaycanla münasibətlərinin hazırkı vəziyyəti və gələcəyi barədə suallarımıza cavab almaq üçün NATO-nun mətbuat xidmətinə müraciət etdik. Mətbuat xidmətindən bildirildi ki, Azərbaycanın NATO-nun apardığı əməliyyatlara aktiv və davamlı dəstək verməsi alyans tərəfindən yüksək qiymətləndirilir. Həmçinin qeyd edildi ki, alyans Azərbaycanla birgə davam edən dialoq və əməkdaşlığa baxış keçirib: "Bu müzakirələrə əsaslanaraq, NATO və Azərbaycan Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planını inkişaf etdirəcək. Həmin plan hazırkı tərəfdaşlıq sahələri üzrə reallaşdırılacaq. Bu plana müdafiə və təhlükəsizlik sektorunda əməkdaşlıq da daxil olmaqla, mülki fövqəladə planlaşdırma, elmi əməkdaşlıq, Azərbaycan daxilində partlamamış hərbi sursatların təmizlənməsi və s. aiddir”. Alyansın mətbuat xidmətindən bildirildi ki, Azərbaycan NATO-nun əfqan təhlükəsizlik qüvvələri və institutlarına təlim keçirilməsi üçün nəzərdə tutulan Qətiyyətli Dəstək Missiyasına kömək etməkdə və Əfqan Milli Ordusu Etimad Fonduna maliyyə yardımı etməkdə davam edir.
"Azərbaycan Rusiya, İran və Mərkəzi Asiya arasındakı regionun aparıcı ölkəsidir”
Azərbaycanın dünya birliyinə inteqrasiyasında onun iqtisadi potensialı da böyük rol oynayır. Ölkəmizin zəngin neft və qaz yataqları xarici iqtisadi əlaqələrin getdikcə genişlənməsinə imkan yaradır. Belə ki, Azərbaycanın Avropa ilə iqtisadi əməkdaşlığı enerji, investisiya, ticarət və s. sahələri əhatə edir. Həmçinin ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynayır. Xüsusilə Cənub Qaz Dəhlizi layihəsi enerji sahəsində əməkdaşlığımızın gözəl nümunələrindəndir. Sözügedən layihə Avropa İttifaqının prioritet layihələri sırasına daxil edilib.
Vaşinqtondakı "Gulf State Analytics”in məsləhətçisi, siyasi şərhçi Teodor Karasik də hesab edir ki, Azərbaycan Avropa dövlətləri ilə münasibətlərini qurmaqda və genişləndirməkdə davam edir. Karasik bizimlə söhbəti zamanı bildirdi ki, bu, təkcə energetika sahəsində özünü göstərmir, Azərbaycan həmçinin Avropanın aparıcı dövlətlərinə inteqrasiya etmək məsələsinə də diqqət yetirir: "Azərbaycan Rusiya, İran və Mərkəzi Asiya arasındakı regionun aparıcı ölkəsidir. Hesab edirəm ki, Azərbaycanın mərkəzdə olması onun strateji istiqamətdə irəliləməsinə kömək edir”.
Azərbaycanın Türkiyə-Rusiya münasibətlərini bərpa edilməsində vasitəçiliyi onun önəmini daha da artırıb
Ölkəmiz təkcə nüfuzlu beynəlxalq təşkilatlarla deyil, həm də qonşu dövlətlərlə dostluq münasibətləri qurur, regional layihələr həyata keçirir. Qafqazın lider dövləti statusunu qazanan Azərbaycan qonşu Türkiyə, Gürcüstan, İran, Rusiya kimi dövlətlərlə bir sıra formatlarda əməkdaşlıq edir. Bura Azərbaycan-Türkiyə-Gürcüstan XİN rəhbərləri və müdafiə nazirləri səviyyəsində yaradılan formatları aid etmək olar. Həmçinin Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan-Rusiya-İran üçtərəfli əməkdaşlıq formatı yaradılıb. Regionun digər dövləti Ermənistanın Azərbaycan torpaqlarında davam etdirdiyi işğalçı siyasətindən əl çəkməməsi onun iqtisadi layihələrdən kənarda qalmasına səbəb olur. Beynəlxalq məsələlər üzrə türkiyəli ekspert Mehmet Emin Erendor açıqlamasında bildirdi ki, Azərbaycan öz müstəqilliyini qazandıqdan sonra müxtəlif dövlətlər və beynəlxalq təşkilatlarla əməkdaşlıq edərək yaşadığı çətinliklərin öhdəsindən gəlib və vəziyyəti öz xeyrinə dəyişib. Ekspert qeyd etdi ki, Azərbaycan öncə Türkiyə ilə münasibətlərini inkişaf etdirib və "bir millət, iki dövlət” şüarı ilə hərəkət edərək, türk xalqının da rəğbətini qazanıb. Azərbaycan davamlı olaraq Türkiyənin dəstəyini alıb və Dağlıq Qarabağ məsələsində Azərbaycanın haqları Türkiyə tərəfindən daim müdafiə olunub”.
Erendor vurğuladı ki, Azərbaycan digər tərəfdən Rusiya ilə münasibətlərini inkişaf etdirərək, Ermənistanla yaşanan münaqişə məsələsində vəziyyəti balanslaşdıra bilib.
Ekspertin fikrincə, Azərbaycanın dəyişən dünya şərtləri və beynəlxalq münasibətlərlə ayaqlaşması, Türkiyə-Rusiya münasibətlərini bərpa edilməsində vasitəçilik etməsi bu dövlətin Türkiyə və Rusiya prizmasından önəmini daha da artırıb. O, vurğuladı ki, Azərbaycanın enerji qaynaqları xüsusilə Qərb üçün böyük əhəmiyyət kəsb edir: "Hesab edirəm ki, Azərbaycanın Qərb ölkələri ilə münasibətlərinin inkişafında enerji də əhəmiyyətli rol oynayıb”.
"Azərbaycan Qərb və Şərq qütbü arasında kommunikator rolunu oynayır”
Azərbaycan təkcə beynəlxalq təşkilatlarla deyil, regional təşkilatlarla da münasibətlərinə xüsusi önəm verir. Ölkəmiz regionda kifayət qədər nüfuz sahibi olan bir neçə təşkilatın üzvüdür. 53 üzvü olan İslam Əməkdaşlıq Təşkilatında Azərbaycan söz sahibidir. Politoloq İlqar Vəlizadə hesab edir ki, buna səbəb Azərbaycanın İƏT-in müxtəlif forumlarına ev sahibliyi etməsidir. Məsələ ilə bağlı fikirlərini bizimlə bölüşən İ. Vəlizadə əlavə etdi ki, regional təşkilatlardan biri – İqtisadi Əməkdaşlıq Təşkilatı bir çox ölkələri özündə birləşdirir: "Bura Mərkəzi Asiya, Pakistan, İran, Türkiyə və s. daxildir. Bakı 2013-cü ildə həmin təşkilatın iqtisadi beyin mərkəzlərinin forumuna ev sahibliyi edib”.
Politoloq qeyd etdi ki, Azərbaycanın mövqeyi elədir ki, bütün dövlətlərlə əməkdaşlıq edir və bu gün ölkəmizin iştirakı ilə nəqliyyat dəhlizləri yaranır: "Bu da həm Azərbaycan, həm də digər ölkələr üçün önəmlidir. Ölkəmiz MDB üzvüdür və onun layihələrində iştirak edir. Həmçinin Azərbaycan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üzvüdür və kordinator rolunu oynayır”.
İ. Vəlizadə vurğuladı ki, Azərbaycan və Türkiyə türkdilli ölkələrin qərb qütbünə aiddir, Mərkəzi Asiya ölkələri isə şərq qütbünə daxildir. Azərbaycanın mövqeyi elədir ki, Qərb və Şərq qütbü arasında Xəzər dənizi vasitəsilə kommunikator rolunu oynayır.
Politoloq qeyd etdi ki, bir çox maraqlı təşəbbüslər barədə çox az adam məlumatlıdır: "Məsələn, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə var və o, 1992-ci ildən fəaliyyət göstərir. Müşavirə 22 ölkəni, Rusiya, Çin, Türkiyə və digər ölkələri əhatə edir. Bu müşavirə Qazaxıstanın təşəbbüsü olsa da, ona Çin sədrlik edir. Müşavirənin XİN rəhbərləri Bakıda görüşüb terrorizmlə mübarizə, üzv dövlətlərin ərazi bütövlüyünün qorunması və s. kimi məsələləri müzakirə ediblər”.
Müsahibimiz sonda vurğuladı ki, Azərbaycanın Avropa təşkilatlarındakı fəaliyyəti göz qabağındadır, bundan başqa ölkəmiz adı çəkilən təşkilatlarda təmsil olunmaqla tək beynəlxalq təşkilatlarda deyil, regional səviyyədə də öz təşəbbüslərini irəli sürür və rəğbətlə qəbul edilir.
Beləliklə, bu gün Azərbaycanın dünya birliyinə inteqrasiyası onun beynəlxalq aləmdə mövqeyinin güclənməsinə, iqtisadiyyatının inkişaf etməsinə, həmçinin xarici investorların, turistlərin diqqətini cəlb etməsinə səbəb olar. Dövlətimiz qloballaşan dünyaya inteqrasiya etməklə yanaşı, öz milli maraqlarını qoruyur, dövlətçilik ənənələrini yaşadır. Digər tərəfdən, Azərbaycan təkcə iqtisadi və siyasi təşkilatlarla əməkdaşlıq etmir, həm də müxtəlif dinlərin, mədəniyyətlərin qovuşduğu ölkə kimi dünyanın multikulturalizm mərkəzinə çevrilir.
Leyla Məhərrəmova
Kaspi.-2017.-1 mart.-S.10.