““Qırxlı uşağın
üstünə getməzlər” fikri tibbi cəhətdən
tam əsaslandırılıb”
Nəsib Quliyev: “Bu gün
uşaqların qayğısına qalmaq, onların
üstündə əsməyin birinci şərti təbii
şəraitdə böyümələrinin təmin
olunmasıdır”
Tikilən binanın möhkəm olması üçün birinci vacib faktor bünövrənin yaxşı olmasıdır. Çünki dayaq möhkəm olanda, külək-boran ona çox da təsir edə bilmir. İnsan orqanizmini də bir binaya bənzətsək, sağlamlığın qeydinə uşaq vaxtından qalınmalıdır. Uşağın sağlamlığının diqqətdə saxlanması isə valideynlərdən asılı olur. Son vaxtlar isə illər öncə ilə müqayisədə uşaqların tez-tez xəstələndiyini görürük. Uşaqların sağlamlığı ilə bağlı məsələ ətrafında K.Fəracova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, baş pediatr Nəsib Quliyevləsöhbətləşdik.
- Əvvəllər
uşaqlar ayaq açandan sonra qardaş-bacılarının
yanında böyüyürdülər. İndi valideynlər
uşaqların üstündə "əsir”lər. Amma indi
uşaqlar əvvəlkindən daha çox xəstələnirlər.
Səbəb nədir?
- Bu "əsmək” ifadəsini bir az obrazlı hesab edirəm. Biri var məntiqli olaraq uşağın sağlamlığını diqqətdə saxlayasan, bir də var sadəcə, göstəriş xətrinə uşağın üstündə əsdiyini nümayiş etdirəsən, reallıqda isə elə olmasın. Valideynin uşağın üstündə əsməsi o ola bilər ki, dünyaya gətirdiyi övladı təbii mühitdə yaşasın, təbii məhsullarla qidalanıb böyüsün. Bunu indiki zamanda tətbiq etmək xeyli dərəcədə çətinləşib. Çünki insan cəmiyyətinin inkişaf istiqaməti heç də həmişə qənaətbəxş istiqamətə getmir və təbiətin də elə qanunları var ki, canlılar ona riayət etmədikdə, təbiət onlardan qisas alır. Bu gün uşaqların qayğısına qalmaq, onların üstündə əsməyin birinci şərti təbii şəraitdə böyümələrinin təmin olunmasıdır. Əslində bunun üçün nə böyük vəsait tələb olunur, nə də xüsusi şərait. Amma doğru yolu tutmaq lazımdır.
- Yəqin ki, doğru yoldan çıxmaq üçün atılan ilk addım uşağa ana südünün verilməməsi olur...
- Gələcəkdə uşaq dünyaya gətirəcək ana hamiləlik dövründə, hətta ondan da qabaq körpəsini təbii yolla qidalandıracağını yəqin etməlidir. Canlı aləmdə yarananların əşrəfi insan sayılır. Amma insandan başqa təbiətdə elə bir canlı yoxdur ki, dünyaya gətirdiyi balasına başqasının qidasını versin. Heç görmüsünüz ki, şir, pələng öz balasına dovşan südü versin? Amma insanlar şüurlu surətdə heyvan südü və yaxud süni qidalarla uşaqlarını rahat şəkildə qidalandırırlar. Bunu uşağı dünyada hamıdan çox istəyən, onu dünyaya gətirən ana edir. Biz şüurlu insan olsaq da, təbiətin qanununu pozuruq. Təbiətin qanununu kimlər pozurlarsa, təbiət ən azı onlardan qisas alır.
- İndi də keçi südünün uşaqlara verilməsi dəbə düşüb. "Ana südünü ən yaxşı o əvəz edir” – deyirlər...
- Təəssüf ki, insanların arasında səhv olaraq belə bir fikir yayırlar. Əslində bilməlidirlər ki, keçinin südü ana südü ilə müqayisədə inək südündən də çox uzaqdır. Bəzən pasientlər deyirlər ki, mənim südüm su kimidir, amma keçinin, inəyin südü ağdır, daha yaxşıdır. Fərq nədir? Bunu pasientə elmi cəhətdən izah etmək bəzən çətin olur. Amma ən sadə variantla deyim. İnsan, keçi və inək yanaşı dayansınlar. Onların bir-birinə oxşarlığı nə dərəcədədirsə, südləri də bir o qədər bənzəyəcək. İnsan südünün tərkibində qan zülalı, heyvanınkında isə ağlıq yaradan kazeyn zülalı var. Kazeyn zülalı başqa sözlə, keçi zülalı deməkdir. Bu heyvanlara məxsus olan qida maddəsidir. Biz də onu özümüzə doğma hesab edirik. Hər bir ana uşağını öz südü ilə bəsləməli, daim onu açıq havada gəzdirməli, tibb işçilərinin verdiyi məsləhətlərə qulaq asmalıdır. Mühitlə, iqlimlə asılı elə məsələlər var ki, orada tibb mütəxəssisinin məsləhəti lazımdır. Necə gəldi uşaq böyütmək olmaz.
- Uşaq
vaxtı ana südü ilə normal şəkildə qidalanan
bəzi insanlar bu səbəbdən gec-gec xəstələndiklərini
deyirlər. Bu səbəbdirmi?
- Dünyada bununla bağlı təcrübələr aparılır. Məsələn, süni qida qəbul edənlərdə ishal xəstəlikləri ana südü ilə qidalananlardan 17 dəfə çox olur. Yaxud, bütövlükdə süni qidalarla qidalanan uşaqlar arasında bu və ya digər xəstəlikdən ölüm hadisələri təbii qidalananlardan dörd dəfə çoxdur.
- Uşaqları
çox zaman həkimə aparanda qoyulan ilk diaqnoz immun sisteminin
zəif olması ilə bağlı olur. Uşaqların immun
sistemi niyə zəif olur?
- Uşaqlar dünyaya gələndə
onların immun sistemi hələ tam formalaşmır. İmmun sisteminin yetişməsi
üçün orta hesabla iki il vaxt tələb olunur. İki
yaşdan sonra uşaq orqanizminin özündə immun proseslər
fəaliyyətə başlayır və özünü idarə
edə biləcək səviyyəyə
çatır. Amma öncəki iki il ərzində
immun sisteminin qoruyucuları ana südü vasitəsi ilə
uşaqlara passiv yolla hazır şəkildə gəlir. Bu da təbiətin qoyduğu tələbdir. Uşaq doğulandan iki yaşına qədər
immun sistemi ananın südündən çox
asılıdır. Əgər bunu etmiriksə,
immun sisteminin formalaşması pozulur, uşaqları xəstəlikdən
qoruyan faktor çatışmır. Obrazlı
desək, infeksiyanın qapıları açıq olur,
uşaqlar da ardıcıl olaraq xəstəliklərə tutulurlar.
Ona görə immun sistemi zəif olanda
uşaqlar yoluxucu xəstəliklərə daha tez tutulurlar.
İmmun sistemi
çatışmazlığına uşaqlar arasında iki
variantda rast gəlinir – onlardan birincisi, anadangəlmədir, ona
birincili immunodefisit deyilir. Bir də var ikincili
immunodefisit. Bu zaman isə bu və ya digər
xəstəliyin yaranmasından dolayı immun sistemi zəifləyərək,
çatışmazlıq vəziyyətinə gəlib
çatır. Bir də dünyada ən
qorxulu xəstəliklərdən sayılan
qazanılmış immun çatışmazlığı
sindromu var. İmmun sisteminin zəifləməsinin
qarşısını almaq üçün birinci yol hər
şeyin təbii yolla baş verməsidir.
İnsanların, xüsusilə də uşaqların
yaşlarına uyğun olaraq ən təzə
hazırlanmış qidalarla və təbii mühitdə, ağ işıqda, günəş, dəniz
havası, qum vannası və s. kimi vasitələrdən
istifadə edərək uşaqların yaşamasıdır. Yanaşma sadədir. Əgər
uşaqlar təbii mühitdə böyüyüb inkişaf
edəcəklərsə, onların immun sistemləri də tam
şəkildə güclü formalaşmış olacaq.
- Son vaxtlar uşaqların həkimə
müraciəti ən çox hansı problemlərlə
bağlı olur?
-
Dünyanın praktikası da belədir ki, uşaqların bizə
müraciət etdikləri problemlər sırasında birinci
yerdə tənəffüs üzvlərinin problemləri durur.
O da təbiidir. Çünki tənəffüs
sistemi qədər xarici mühitlə açıq kontaktda
olan sistem yoxdur. Ona görə təbii ki,
burada xəstələnmə əlamətləri daha çox
görünür. Azərbaycanda hazırda
uşaqlar arasında ikinci yerdə neanotal dövrün
(çağalıq, yenidoğulma) xəstəlikləri durur.
Təsadüfi deyil ki, Azərbaycanda bununla
bağlı 2005-ci ildən başlayaraq indiyə qədər
çoxsaylı dövlət proqramları qəbul edilib, 7
regionda perinatal mərkəz yaradılıb. Bu gün də Ana və uşaqların
sağlamlığının
yaxşılaşdırılmasına dair 2014-2020-ci illəri
əhatə edən Dövlət Proqramında neonatoloji xidmətə
xüsusi önəm verilməkdədir. 2015-ci
ilin yanvarından Azərbaycanda diridoğulmanın yeni beynəlxalq
meyarlarına keçildi. Bizdə artıq bədən
kütləsi 500 qr və ondan çox, hestasiya yaşı 22
həftə və ondan çox olan bütün dünyaya gələn
uşaqlarda həyat əlaməti görünürsə,
onları yardım edərək yaşatmaq üçün
bütün tədbirlər həyata keçirilir. Əvvəllər
isə bu göstərici bədən kütləsi 1 kq,
hestasiya yaşı 28 həftədən az
olmayaraq dünyaya gələn körpələrə aid
edilirdi. Bütün bunların həyata
keçirilməsi Azərbaycanda körpə
ölümünün ilbəil azalmasına gətirib
çıxarıb. 1992-93-cü illərdə körpə
ölümü göstəricisi 30 promilliyə yaxın idi,
indi bu rəqəm 10,2 promilli əhatəsində
dəyişir. Amma dünyanın ən çox
inkişaf etmiş ölkələri var ki, orada bu rəqəm
4-5-ə qədər azalıb. Məqsədimiz
gələcəkdə körpə ölümü göstəricisini
minimum səviyyəyə çatdırmaqdır.
- Uşaq ölümü əsasən
hansı yaş dövründə daha çox olur?
- Uşaq
ölümü ən çox uşaq anadan olduğu ilk həftə,
sonra ilk 40 gün və bir yaşa qədər olan dövrdə
olur. Sonrakı illərdə ölüm göstəricisi
azalmağa başlayır.
- 1 yaşa qədər olan
ölümlərin səbəbi nələr olur?
- Təbiətə
uyğunlaşma məsələsidir. "Dünyaya
uşaq gəldi”ni elə belə demirik. Uşaq
ana bətnində olduğu 9 ay ərzində də dünyada
olur, amma doğulmayıb, nəfəs almır. Doğulub dünya ilə uyğunlaşmağa
başlayanda artıq dünyaya gəlir. Bizim elin gözəl
adəti var ki, uşaq doğulanda onu anası ilə bir otaqda
saxlayırlar, tapşırırlar ki, üstünə
heç kim getməsin. "Qırxlı
uşağın üstünə getməzlər”,
"Zahının üstünə getməzlər” kimi adətlərimiz
qoruyucu faktorun biridir. Tibbi-nöqteyi nəzərdən
tam əsaslandırılmışdır. Təbiətin
qanunu belədir ki, uşaq dünyaya gələndə onun
orqanizmində olan bütün mikrob florası ananınkı
ilə oxşar olmalıdır. Bu halda ana
südü onu tam qoruyur. Uşağın
ağzında, nəfəs yollarında, dəri səthində,
hətta bağırsaqlarında olan bakteriya ananınkı ilə
eyni olmalıdır. Ona görə ana və
uşağı hamıdan ayırırlar ki, uşağın
bədənində saprofit və digər mikrob
floralarının formalaşması 40-45 günə başa
çatır. Sonra uşaq kimin yanına
getsə qorxusu yoxdur.
- Əvvəllər
böyüklərin problemi olan piylənmə indi uşaqlarda
da aktuallaşıb. Hansı səhvlər
edilir?
-
Uşaqlar arasında bir qisim piylənmə ya irsi olur, ya da
hansısa xəstəliklə bağlı. Bir də
uşaqların qidalanmasının düzgün təşkil
olunmaması ilə bağlıdır. Yenə
təbiətin qanunlarına gəlirəm. Təbiət heç zaman bizə indiki kimi hər
şeyi hazır verməyib. İş o yerə
çatıb ki, yediyimiz çörək məhsullarının
unu da bir neçə növdən ibarətdir. Halbuki bizim üçün effektli olan odur ki,
buğda dəyirmanda üyüdüldükdən sonra ondan
çörək bişirilsin. Amma biz ən
yüksək növdə kağız rəngində əldə
edilən undan çörək bişiririk. Bu o deməkdir ki, qida məhsullarını o vəziyyətdə
orqanizmə daxil edirik ki, həzm prosesindən çox
asanlıqla keçərək, bədəndə
depolaşmaya başlayır. Bu
depolaşmanın də üstünə gəlir
uşaqların hipokineziya və hipodinamiya problemləri. Uşaq orqanizmi yeyib-yatır. Həm
lazım olan miqdarda hərəkət etmir, eyni zamanda qapalı
mühitdə yaşayır. Evin içində
nə qədər hərəkət edə bilər ki? Ayaq üstü yeməkləri, konsentrantları, yağlı
qidalar və s səbəblər daxil olmaqla, axırda belə
bir problem meydana çıxır.
- Uşaq
kök olmayanda sağlam olmadığını deyirlər...
- Təbii ki tibb işçisi, həkim olmayan insanlar bəzən belə dərk edirlər ki, hansı uşağın yanaqları ətlidirsə bədənində depolaşma daha yaxşı gedir, sağlamlıq əlamətdir. Tibb dilində biz ona paratrofiya deyirik. Bu qidalanma pozğunluğunun bir növüdür. O normal hal deyil. Uşağının çəkisinin çox olması sağlamlıq deyil, xəstəlik əlamətidir. Valideynlər bu halla qarşılaşmamaq üçün birincisi, təbii qidalanma mövqeyində dayanmalı, uşaqlarını təbiətin yaratdığı qida ilə bəsləməlidirlər. Əgər bunu edə bilmirlərsə, uşaqların qidasını, xüsusilə körpə uşaqların qidasını seçəndə mütləq mütəxəssislə məsləhətləşməlidirlər. Rayonlardan birindən uşağı yanıma gətirmişdilər. Maşının yük yerinə də keçi qoyub gətirmişdilər. Mənə deyirlər ki, keçi südü veririk, dedik birdən uşaq Bakıda qalar. İki dəfə belə hadisə ilə qarşılaşmışam. Valideyn bunu qəsdən etmir, belə dərk edir. Məlumatsızdırlar, ona görə də deyirəm ki, mütəxəssislə məsləhətləşsinlər.
Aygün
Asimqızı
Kaspi.-2017.-4-6 mart.-S.6.